Allah`ın isimləri


TƏVVAB Tövbələri qəbul edib günahları bağışlayan



Yüklə 1,04 Mb.
səhifə15/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   ...   9   10   11   12   13   14   15   16   17

TƏVVAB

Tövbələri qəbul edib günahları bağışlayan

Yalnız tövbə edənlər islah edənlər və bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, rəhmliyəm! (Bəqərə surəsi, 160)

Allah’ın ayələrində də bildirdiyi kimi, insan cahil və nankor olaraq yaradılmışdır. Hər an səhv edə, günah işləyə, zəiflik göstərə bilər. Həm də özünü daim Allah’a üsyan etməyə sövq edən, vəsvəsə verməyə çalışan düşməni - şeytan - var. Ancaq insana bu mənfi xüsusiyyətlərə görə edəcəyi səhvləri düzəltmək üçün yol göstərilmişdir: tövbə etmək...

Yuxarıda da ifadə etdiyimiz kimi, insan hər an səhv edə, günah işləyə və ya vəsvəsəyə qapıla bilər. Ancaq nə qədər böyük səhv etsə də, özü üçün dönüş yolu var. Allah səmimi olaraq tövbə edən qullarının tövbələrini qəbul edir və onları bağışlayır. Buna görə, insan keçmişində nə qədər qafil olsa belə, ümidsizliyə qapılması doğru olmaz. Allah Quranda belə xəbər verir:

De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah’ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, bağışlayandır, rəhmlidir!” (Zumər surəsi, 53)

Ancaq bütün bunlarla birlikdə unudulmamalı çox əhəmiyyətli bir həqiqət var:



Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah biləndir, müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, Allah ancaq səmimi qullarının tövbələrini qəbul edir. Çünki tövbə həqiqi peşmanlıq və eyni günahı bir daha təkrar etməmək qərarı ilə məna qazanır. Əks halda, bütün həyatını Allah’ın əmrlərinə üsyan edib, şeytana aldanaraq keçirmiş birinin ölümlə qarşılaşdığı anda gerçəyi anladığından ötrü davranışlarını dəyişdirməsinin mənası olmayacaq. Belə ki, bu haqda Quranda fironun səmimiyyətsiz tövbəsindən bu cür bəhs edilmişdir:



Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun”. (Yunis surəsi, 90-91)

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah’dan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə, onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 118)

Əgər Allah’ın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və müdrik olmasaydı, (yalan danışanlar Allah’ın lənətinə gələrdilər). (Nur surəsi, 10)


VAHİD

Tək olan, şəxsində, sifətlərində,

işlərində, adlarında, hökmlərində,

əsla ortağı və ya bənzəri, tayı olmayan

Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhimdir. (Bəqərə surəsi, 163)

Allah’ın böyüklüyünü qavramayan insanlar Allah’a bərabər güclər tapmağa çalışmış və bunun nəticəsində gözlərində böyütdükləri şeylərə ibadət etmişlər. Bəzisi çox parlaq və güclü gördüyü üçün Günəşi daha üstün tutmuş və ona ibadət etmiş, bəzisi də ulduzların qarşısında əyilmişdir. Hətta bəziləri bütün acizliklərinə baxmayaraq, özlərinin də güc sahibi olduqlarını iddia etməyə cəsarət etmişlər. Quranda hz. İbrahimlə Allah’ın gücü və birliyi mövzusunda mübahisə edən adam bu mövzuya veriləcək ən əsas nümunədir. Hz. İbrahim isə Allah’a kimsənin ortaq ola bilməyəcəyini belə bir örnəklə isbat etmişdir:



Allah’ın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin (əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə: “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)

Allah’dan başqa ilahlar tapmaq yalnız keçmişdə yaşayan insanlara məxsus olan ağılsızlıq deyil. Bu dövrdə də bir çox insan Allah’a ortaq qoşaraq, Onun yoldaşının və bənzərinin ola bilməyəcəyini inkar edir. Bu şəxslər bəlkə ətrafda Günəş, ulduzlar və s. kimi bütlər seçməmişdir, amma onlar da özləri kimi aciz olan digər insanlara və ya dəyər verdikləri əmtəələrə (zənginlik, gözəllik, güc və s.) sitayiş edirlər. Məsələn, bütün həyatlarını zənginlik, mal-mülk əldə etmək üçün keçirir və bu zaman Allah’ın özlərindən razı olub-olmadığını heç düşünmürlər. Allah’ı insanlarla, digər varlıqlarla bərabər tuturlar ki, bu da açıq-aşkar şirkdir.

Allah yaradandır. Heç kim Günəşi qərbdən gətirə bilməz, heç kim kosmosda fövqəladə bir sürətlə genişlənən kainatı dayandıra bilməz, heç kim göyü və yeri tuta bilməz və heç kim yoxdan bir insan yarada bilməz. Bunları ancaq kainatda tək olan və tayı-bənzəri olmayan Allah edə bilər. Yaradanla yaradılan isə əsla bənzər deyil. Quranda şirk qoşanların acizliyindən belə bəhs edilir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

Yoxsa onlar Allah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, 16)



... Məryəm oğlu İsa Məsih ancaq Allah’ın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən bir ruhdur. Allah’a və Onun elçilərinə iman gətirin və: “(İlah) üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu,) sizin üçün xeyirli olar. Həqiqətən, Allah tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)

VARİS

Sərvətlərin həqiqi sahibi

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs surəsi, 58)

İnsanlar dünyadakı həyatları boyunca daima qazanmağa, zənginliklərini, mal və mülklərini artırmağa çalışırlar. Hətta bəzi insanlar həyatı boyunca başqa heç bir məqsəd axtarmadan, varlığının gerçək səbəbini heç düşünmədən səhər-axşam daha çoxunu əldə etmək uğrunda çalışırlar. Ancaq bu insanların qulaqardı etdikləri bir həqiqət var:



De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)

Bəli, bu insanlar həyatları boyu boş bir məqsəd uğrunda səy göstərirlər. Lakin bir gün bəlkə də heç gözləmədikləri bir anda ölüm mələkləri gəlir və Allah’ın əmri ilə onların canlarını alır. Hamının qibtə etdiyi böyük sərvətə sahib olan bu insanlar yalnız bir bezə sarılaraq torpağın bir neçə metr altına basdırılır və axirətə gedərkən ömürləri boyu qazandıqları heç nəyi özləri ilə apara bilmirlər. Torpağın içinə çılpaq bədənlərindən başqa heç nə qoyulmur. Onlar istəsələr də evləri, avtomobilləri, bütün malları, torpaqları və övladları geridə qalır. Axirətdə yanlarında olan isə yalnız təqvaları və Allah’a olan yaxınlıqlarıdır.

Onlardan sonra yer üzünə varis olan isə yalnız Allah və Onun zəngin etdiyi səmimi qullarıdır. Yuxarıda da ifadə etdiyimiz kimi, insan nə qədər istəsə belə, mal-mülkünə, dünyadakı etibarına, zənginliyinə sonsuza qədər sahib ola bilməz. Əlindəki hər şey ona qısa bir müddət istifadə etməsi üçün dünyada verilən nemətlərdir. Ancaq bu nemətləri verən Allah dilədiyi zaman adamın canını alar və malı dünyada, bədəni də torpaqda buraxılaraq Allah’ın hüzuruna çıxarılar...

Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və varis olan da Bizik. (Hicr surəsi, 23)

Zəkəriyyanı da (yada sal!) Bir zaman o, yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya surəsi, 89)

Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır. (Məryəm surəsi, 38-40)

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs surəsi, 58)

VASİ

Hər şeyi əhatə edən, geniş olan

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah’ın lütfüdür, onu istədiyinə verər. Allah əhatə edəndir, biləndir. (Maidə surəsi, 54)

Allah’ın genişliyi bütün kainatı əhatə etmişdir. Yoxluqdan varlığı yaradan Allah məkana tabe deyil, bütün məkanlardan münəzzəhdir. Çünki məkanı da yaradan Allah’dır. Bəzi cəmiyyətlərdə Allah’ın göylərdə olduğu düşüncəsi hakimdir. Allah’a dua etdiklərində insanlar üzlərini göyə çevirərək batil bir inanca yönəlirlər. Həqiqət isə Quranda bildirilmişdir:

Məşriq də, məğrib də Allah’ındır! Hansı səmtə yönəlsəniz, Allah’ın üzü orada olar. Həqiqətən, Allah əhatə edəndir, biləndir”. (Bəqərə surəsi, 115)

Halbuki, Allah Quranda göylərin və yerin Rəbbi olduğunu bizlərə bildirir. Bütün genişliyə sahib olanın da Özü olduğunu söyləyir. Allah hər yeri əhatə etmişdir. Allah’ın mülkü genişdir. Nemətləri tükənməz, rəhmətinin sərhədi yoxdur, bağışlaması da çox geniş olandır. Qullarının bütün ehtiyaclarını onlar heç bir şey etmədən qarşılayan Allah’ın rəhməti və mərhəməti sonsuzdur.

“Qəyyum” sifəti xüsusilə möminlər üzərində çox təcəlli edir. Yuxarıda da ifadə etdiyimiz kimi, Allah’ın rəhməti və mərhəməti son dərəcə genişdir. İnanan qullarını rəhməti ilə əhatə etmişdir və dünyada onları bütün düşmənlərdən qoruyur. Məsələn, insanlardan bəziləri dinə zərər vermək qəsdi ilə möminlərə nemətlərin gəlməsinə mane olmağa, onlara çətinlik yaratmağa çalışırlar. Münafiqlər: “Allah’ın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!“ (Munafiqun surəsi, 7) - deyərək inananlara zərər verə biləcəklərini zənn edirlər. Halbuki, münafiqlərin görməzlikdən gəldikləri bir gerçək var: Allah dilədiyi qulunu geniş rəhmət xəzinəsindən zəngin edər. Çünki göylərin və yerin xəzinələri Onundur. Allah’ın geniş rəhmət sahibi olduğu bir ayədə belə bildirilir:

Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allah’ın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allah’ın əlindədir və onu istədiyinə verir! Allah əhatə edəndir, biləndir”. (Ali-İmran surəsi, 73)

Göylərdə və yerdə nə varsa, Allah’ındır. (Bu, Allah’ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 31-32)


VƏDUD

Yaxşı qullarını sevən, onları rəhmət və

razılığına çatdıran, yaxud sevilməyə və

dostluğu qazanılmağa layiq olan

O, çox bağışlayandır, çox sevəndir. (Büruc surəsi, 14)

Allah insanları Özünə qulluq etmələri üçün yaratmışdır. Lakin buna baxmayaraq, bəziləri Allah’ı inkar edir, bəziləri də ölənə qədər tam səmimiyyətlə Ona sadiq qalır. Allah Özünə vəfa göstərən qullarına çox yaxındır, dua etdikləri zaman onları eşidir və qarşılıq verir, bir çətinliklə qarşılaşdıqları zaman daim onların yanındadır. Allah iman edənləri həyatlarının hər dövründə köməyi ilə dəstəkləyir.

İnsanın dünya həyatında qazana biləcəyi ən böyük nemətlərdən biri Allah’ın dostluğudur. Allah’ın sevdiyi qulları son dərəcə şərəfli və seçkin həyat yaşayırlar. Belə insanlar hər zaman heyranlıq və təqdir qazanan üstün əxlaqa sahib olurlar.

Allah sevimli qullarını Öz rəhmətinə qovuşdurur, onların cənnətə girmələrinə izn verir. Peyğəmbərlər və saleh möminlər Allah’ın sevgisini qazanmış çox qiymətli insanlardır. Onlar da Allah’ı çox sevir və yalnız Onun məmnuniyyətini qazanmaq üçün həyatlarını davam etdirirlər. Şübhəsiz, Allah’ın bir insanı sevməsi və onu dost olaraq seçməsi insana verilən ən böyük nemətlərdən biridir.



Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhmlidir, sevəndir. (Hud surəsi, 90)

VƏHHAB

Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən

Yoxsa güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı? (Sad surəsi, 9)

Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə, səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allah’a yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükür etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə hz. Süleymanın duasıdır. Bir ayədə hz. Süleymanın: “Həqiqətən, mən mal sevgisini Allah’ı zikr etməkdən ötəri seçdim” (Sad surəsi, 32) - dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:



O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən bəxş edənsən. (Sad surəsi, 35)

Yuxarıdakı ayədə göründüyü kimi, hz. Süleyman Allah’dan heç kimə nəsib olmayan səltənət istəmiş və Rəbbimizi Vəhhab sifəti ilə anmışdır. Çünki bilir ki, Allah səmimi qullarına dünyada və axirətdə qarşılıqsız olaraq hədiyyə edən, işlədikləri saleh əməllərin qarşılığını qat-qat artırandır. Bir ayədə belə buyurulur:



Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən bəxş edənsən. (Ali-İmran surəsi, 8)

VƏKİL

Özünə təvəkkül edənlərin işini düzəldib, onların edə biləcəyindən daha yaxşısını təmin edən

Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allah’a təvəkkül et! Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 81)

Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir. Necə ki, bütün peyğəmbərlər Allah’ın dinini izah edərkən bir çox çətinliklə qarşılaşmış, xitab etdikləri birliklər çox vaxt onlara düşmənliklə qarşı çıxmışlar. Ancaq elçilər Allah’ın birliyini, Onun əmr və qadağalarını izah etmə mövzusunda hər zaman cəsur və qərarlı olmuşlar. Həmişə Allah’ı vəkil tutmuş, yalnız Onun məmnuniyyətini axtarmışlar.

Allah dininə kömək edənlərə kömək edəcəyini Quranda bizlərə bildirmişdir. Əlbəttə ki, möminlərin qarşısında onlara qarşı mübarizə aparan, şeytanı izləyən birliklər daim olur. Bu birliklər möminlərə mane olmaq üçün geniş əhatəli planlar qura bilirlər. İncidən sözlər və böhtanlarla möminlərin şövqlərini qırmağa çalışırlar. Amma heç bir zaman istədikləri olmur. Onların güvəndiyi şeylər Allah’ın gücü və sonsuz ağlı yanında etibarsızdır. Allah qurduqları hər planı ən incə detalına qədər bilən və görəndir. Allah küfrün tələlərini pozur. Allah Özünü dost etmiş, səbirli və qərarlı möminlərə kömək edir. Ən gözəl nəticə ilə möminləri müvəffəqiyyətə qovuşdurur. Bu, son dərəcə metafizik, əsla inkarçıların anlaya bilməyəcəyi və sahib ola bilməyəcəyi böyük bir gücdür. Mütəvəkkil möminlər bu sayədə maddi və mənəvi cəhətdən böyük qüvvət qazanmış olurlar. Allah Quranda yalnız Özünə yönələn qullarının qazandığı güclə əlaqədar ayələrdə belə buyurur:

Yaxşı əməl sahibi olub özünü Allah’a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah’a qayıdır. (Loğman surəsi, 22)

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)

Allah’ı vəkil tutmalarının qarşılığı isə hər zamankı kimi zəfər olmuşdur. Ayələrdə belə buyurulur:

Onlar özlərinə heç bir pislik toxunmadan Allah’ın neməti və mərhəməti sayəsində geri döndülər və Allah’ın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 174)

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu himayəçi götür! (Müzzəmmil surəsi, 9)

De: “Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah’a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

VƏLİ

İman gətirənlərin dostu

Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

İnsanın həm dünyada, həm də axirətdə yeganə həqiqi dostu var. Bu dost onu heç vaxt buraxıb getmir, əsla tərk etmir, hər çətinlikdə yanındadır və ona kömək edir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. Onu düşmənlərinə qarşı qoruyur. Onun üçün hər kəsdən daha etibarlıdır, daim qarşılıqsız bəxş edəndir. Şübhəsiz, bu dost Rəbbimiz olan Allah’dır. Allah möminlərin ən çox güvəndiyi, ən yaxın dostudur. Özünə inanan insanları hər cür əskiklikdən və səhvdən təmizləyir, onlara çox seçkin həyat və axirətdə də heç tükənməyəcək olan mülk vəd edir.

İnsan ömrü boyu həqiqətən güvənəcəyi, hər vəziyyətdə çətinliyini aradan qaldıran, zəngin və müqtədir insan, ya da güc axtarışı içindədir. Lakin bunu axtararkən onsuz da özünü yaratmış, həyatını davam etdirməsini təmin edən böyük qüvvət sahibi, hər şeyi etməyə qadir olan Rəbbimizi unudur. Özünə pislikdən başqa heç bir xeyri olmayan, axirətdə də cənnətdə mülk sahibi olmasına mane olan şeytanı dost seçir, bu, onun üçün qaranlıq dünyanın başlanğıcıdır.

Allah’a iman edən, imanında da səmimi olan insanlar isə artıq heç məğlubiyyəti olmayan şərəfli və xeyirli həyat yaşayırlar. Çünki Allah inananlara dininə və sözlərinə sadiq olduqları müddət ərzində zəfər nəsib edəcək. Əsl böyük qarşılığı isə axirətdə onlara verəcək. Allah inananların dünyada və axirətdəki tək gerçək dostudur. Allah’ın vəli sifəti ayələrdə belə xəbər verilir:



Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər. (Nisa surəsi, 45)

O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allah’a təvəkkül etsinlər. (Ali-İmran surəsi, 122)

(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir. (Şura surəsi, 28)

Yoxsa onlar: “O, Allah’a qarşı yalan uydurdu”, – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları biləndir. Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O, Öz qullarından xəbərdardır, görəndir. (İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir. (Şura surəsi, 24-28)


ZÜLCƏLALİ-VƏL-İKRAM

Həm böyüklük sahibi,

həm kərəm və ikram sahibi olan

Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır. (Rəhman surəsi, 78)

Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allah’ın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.

Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuqdur. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növbənöv incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək.

Möminlər cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar. Həm də cənnətdə inananları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Bu köşklərin altından çaylar axır. Qızıl-gümüş, ləl-cavahiratla bəzənmiş taxtlar üstündə oturacaq və ətraflarına tamaşa edəcəklər. Bu zaman edilən ikram da son dərəcə ehtişamlıdır. Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Bu xidmətlər əsnasında möminlərin geyimləri də son dərəcə göz oxşayandır. Quranda belə buyurulur:



... Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)

Şübhəsiz, Qurandakı cənnət təsviri yuxarıda izah edə bildiyimizdən çox üstündür. Aşağıdakı ayələr Allah’ın cənnətdəki sonsuz kərəmini və ikramını açıq şəkildə bildirir:



... Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)

(Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən. (İnsan surəsi, 20)

O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 10-13)

(Allah) iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 17-30)

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə