Allah`ın isimləri



Yüklə 1,04 Mb.
səhifə3/17
tarix02.01.2018
ölçüsü1,04 Mb.
#19309
1   2   3   4   5   6   7   8   9   ...   17

O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, nəfsinizi öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!” - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır. (Bəqərə surəsi, 54)

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Bunun səbəbi Allah’ın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 5-6)

BASİR

Yaxşı görən

Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir! (Mülk surəsi, 19)

İnsanın görüş sahəsi, şübhəsiz, çox məhduddur. Sadəcə gözlə görə biləcəyimiz məsafə ən çoxu bir neçə kilometrdir. Üstəlik, bu da ancaq açıq havada, yüksək bir yerdən baxılsa, mümkün olur. Ancaq şərtlər nə qədər uyğun olsa da, görə bildiyimiz ən uzaq yer dumanlı görüntüdən başqa bir şey deyil.

İnsan bəzi vəziyyətlərdə (xüsusilə də tək qaldığı zaman) özünü heç kimin görmədiyini zənn edir. Gizli iş görərkən, gizlənərkən, ətrafında heç kim olmadıqda özünü heç kimin görmədiyindən əmindir. Bu cür mühitlərdə insanlar istədikləri hər şeyi edə biləcəklərini, heç kimə qarşı məsul olmayacaqlarını, etdikləri səhvlərin əsla qarşılarına çıxmayacağını zənn edirlər.

Halbuki, bu, səhvdir. Çünki insanın unutduğu çox əhəmiyyətli bir həqiqət var: Allah hər an hər şeyi bütün detalları ilə görəndir.

İnsan gözləri ilə ancaq müəyyən bir sahəni gördüyü halda, Allah o adamın olduğu otağı, onun xaricindəki digər otaqları, o evin hamısını, o evin yerləşdiyi şəhəri, şəhərin içində olduğu ölkəni, onları əhatə edən qitəni, bütün bunların hamısını əhatə edən dünyanı, bütün planetləri, kosmosu və onun da kənarındakı sərhədləri eyni anda görür. Quranda Allah’ın hər şeydən xəbərdar olduğu belə bildirilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın! (Yunis surəsi, 61)

Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! (Bəqərə surəsi, 110)

Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir. (Ali-İmran surəsi, 163)

Ayələrimizi inkar edənlər Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O, nə etdiyinizi görəndir. (Fussilət surəsi, 40)

Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. Allah’ın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allah’ın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən! Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Fəth surəsi, 22-24)

Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə surəsi, 22)

BASİT

Açan, genişlədən, bollaşdıran

Allah yolunda yaxşı borc verən kimdir ki, onun mükafatını qat-qat artırsın?! Allah daraldar, genişlədər. Siz Onun hüzuruna qaytarılacaqsınız. (Bəqərə surəsi, 245)

Allah Özünə iman edən, ürəkdən itaət edənlərə dünyada maddi və mənəvi bolluq, genişlik verir. Onların qarşılarındakı çətinlikləri açır. İman edənlər qarşılaşdıqları hər cür çətinlikdə, darlıq və xəstəlikdə yalnız Allah’a sığınırlar və Onu vəkil edirlər. Bunun qarşılığı olaraq Allah inkar edənlərin işlərini çətinləşdirərkən, möminlərin işlərini asanlaşdırır.

Bu mövzuda Quranda verilmiş bir çox nümunə var. Məsələn, hz. Musa və ona tabe olan İsrail oğulları fironun zülmünə görə yurdlarından çıxmaq məcburiyyətində qalmışdılar. Ancaq firon onları təqib etmiş və tutmaq üçün ordusu ilə birlikdə onları izləmişdir. Bu qaçış əsnasında fironun ordusu ilə dəniz arasında qalan İsrail oğulları həqiqətən tutulduqlarını zənn etmişdilər. Lakin Allah hz. Musanın duasını qəbul etmiş, möcüzə göstərərək dənizi yarmış və İsrail oğullarını fironun zülmündən qurtarmışdır. Üstəlik, bunun ardından fironu və ordusunu yox etmiş, onların çıxdıqları yerlərə İsrail oğullarını varis etmişdir. “Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik tapar. Kim evindən çıxıb Allah’a və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!” (Nisa surəsi, 100) ayəsi də təcəlli etmişdir.

Şübhəsiz, Allah’ın vədi bütün inanan qulları üçün hər dövrdə etibarlı olub və olacaq. Bir ayədə belə xəbər verilir:



Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O, Öz bəndələrinin halından xəbərdardır, görəndir! (İsra surəsi, 30)

De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir”. (Səba surəsi, 26)


BATİN

Gizli

Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)

Hal-hazırda olduğunuz otaqda ətrafınıza baxın. Gözlərinizlə görə bildiyiniz hər şeyin hazırlanmış olduğunu görərsiniz. Qapı, stolun üzərindəki maqnitofon, divara asılmış şəkil, pəncərə... Bütün bunların kimsə tərəfindən hazırlanıb, oraya yerləşdirildiyindən əminsiniz. İndi də pəncərədən çölə baxın. Gördüyünüz mənzərədə böyük ehtimalla dəniz, ağaclar, Günəş, səma, uçan quşlar, bəlkə ada və ya bunlara bənzər şeylər olacaq. Əgər gecədirsə, səmada parıldayan ulduzları və Ayı da görə bilərsiniz. Bəs oturduğunuz otaqdakı əşyaların kimsə tərəfindən hazırlanmış olduğuna əmin olduğunuza görə, çöldə gördüklərinizin də hazırlandığı dəqiq deyilmi?

Əlbəttə, dəqiqdir. Əgər divardakı şəkilin təsadüfən meydana gəlib oraya gəldiyini iddia edə bilmirsinizsə, Günəşin, ulduzların və Ayın da təsadüfən meydana gəlib səmadakı yerlərini aldıqlarını əsla iddia edə bilməzsiniz. Yerdə və göydə gördüyünüz hər şeyin hazırlayanı, istehsalçısı, yaradıcısı var. Belə ki, hər şeyi üstün sənətlə var edən Rəbbimiz yaratdığı şeylərlə Özünü bizə tanıdır.

Pəncərədən çölə baxdığınızda Onu görə bilməzsiniz, çünki Allah’ın varlığı, gücü və sənəti yaratdığı şeylərlə açıq-aşkar görünməsinə baxmayaraq, Şəxsi gizlidir.

Allah’ın yuxarıdakı ayədə bildirilən Batin sifətinin mənası budur. Onun varlığı və hakimiyyəti kainatdakı hər nöqtədə açıq-aşkar görülür, ancaq insanlar Onun Şəxsini görə bilməz. Onu (Allah’ın diləməsi xaricində) heç kim görə bilməz, amma O, hər yeri əhatə etmişdir. Aşağıdakı ayədə bildirildiyi kimi:

Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, Lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)

BƏDİ

Nümunəsiz olaraq yaradan

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol !” –deyər, o da olar. (Bəqərə surəsi, 117)

Ən qabiliyyətli, ən ağıllı insanın kəşf edə biləcəyi yenilik, düşünə biləcəyi fərqli fikir, ancaq o günə qədər öyrəndikləri və ətrafında gördükləri ilə məhdudlaşır. İnsan yer üzünə beş hiss ilə gəlmişdir və bu hisslərdən başqa altıncı hissi təxəyyül etməsi belə mümkün deyil. Üstəlik, sahib olduğu hisslərdən də ancaq müəyyən çərçivədə istifadə edə bilir. Məsələn, müəyyən rəngləri görür, müəyyən tezliklərdəki səsləri eşidir. Buna görə də yer üzündə olmayan bir şeyi düşünməsi, kəşf etməsi, ağlına gətirməsi əsla mümkün deyil.

Necə ki, bu gün elmi kəşflərin bir qismini araşdırdığımız zaman insanların təbiətdə gördükləri canlıları və bunların arasındakı qüsursuz sistemləri özlərinə nümunə götürdüklərini görürük. Məsələn, delfinlərin burun çıxıntısı müasir böyük gəmilərin hazırlanmasında istifadə edilir. Radarların iş prinsipi yarasaların səs dalğaları yayaraq çalışan qəbul etmə sistemi ilə eynidir. Bunlar kimi daha bir çox nümunə də verilə bilər. (Baxın Harun Yəhya, Düşünen İnsanlar İçin)

Halbuki, Allah’ın elmi sonsuzdur. İnsanın ətrafında gördüyü və görə bilmədiyi hər şeyi Allah nümunəsiz yaratmışdır. Kainatın, qalaktikaların, planetlərin, canlıların, hətta sadəcə bir hüceyrənin belə olmadığı zamanda Allah’ın diləməsi və: “Ol”, -deməsi ilə atomlardan, molekullardan, hüceyrələrdən, canlılardan, planetlərdən, ulduzlardan, qalaktikalardan ibarət olan qüsursuz bir sistem meydana gəlmişdir. İnsanların minlərlə il sonra kəşf etdikləri mikrodünyadan, ancaq 20-ci əsrdə xəbərdar olunan göy cisimlərinə qədər hər şey Allah’ın hazırladığı sistemlərdir və Onun təyin etdiyi qanunlara tabedir. Allah heç bir nümunə yox ikən kainatı və içindəki hər detalı meydana gətirmişdir. Allah’ın hər şeyi yaradan olduğu ayələrdə belə xəbər verilir:



De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü (Ona) tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!” (Əraf surəsi, 29)

O, göyləri və yeri var edəndir. Allah’ın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! (Ənam surəsi, 101)

Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki, O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)


BƏRR

Qullarına qarşı yaxşılığı çox olan

Biz bundan əvvəl Ona ibadət edirdik. Şübhəsiz ki, O, kərəm sahibidir, rəhm edəndir! (Tur surəsi, 28)

Allah insanı yaratmış və onu yaşaması üçün hər cəhətdən əlverişli olan məkana yerləşdirmişdir. Bu məkanda var olan hər şeyi insan üçün xüsusi yaratmış və onun xidmətinə vermişdir. “Nəhl” surəsində Allah insanlara təqdim etdiyi nemətlərin bir qismini belə xəbər verir:



Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı (O yaratdı). (Allah) hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allah’a aiddir. Ondan kəc olan yol da vardır. Əgər (Allah) istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar da içər. (Allah) onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Allah’ın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükür edəsiniz! Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını ulduzlar vasitəsilə taparlar. (Nəhl surəsi, 4-16)

Şübhəsiz, yuxarıda sayılan nemətlərdən sadəcə biri belə insanın öz imkanları ilə əldə etməsi, meydana gətirməsi, sahib olması mümkün olan şeylər deyil. Bunların hamısı Allah’ın insana lütf etdiyi gözəlliklərdir. Yuxarıda ard-arda sıralanan nemətlər Allah’ın qullarına qarşı yaxşılığının çox olduğunun açıq-aşkar dəlilləridir.

Bəs bu qədər yaxşılıq qarşısında insan nə etməlidir?

Allah yuxarıdakı ayələrin davamında verdiyi nemətlərin qarşılığında qullarının nəsihət alıb düşünməli və Özünə qulluq etməli olduqlarını belə bildirir:



Heç yaradan yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?! Əgər Allah’ın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 17-18)

CAMİ

İstədiyini, istədiyi zaman, istədiyi yerdə toplayan

Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan Sənsən. Allah Öz vədəsindən əsla dönməz! (Ali-İmran surəsi, 9)

Dağınıq şeylərin bir yerə toplanması mənasını verən “cəm” sözü Allah’ın bütün kainatdakı sistemlər üzərində hakimiyyətini göstərən sifətini ifadə edir. Kainatı və içindəkiləri yaradan Allah canlı və cansız bütün varlıqlara dilədiyini etdirmə, istədiyi yerdə və istədiyi şəkildə toplama qüdrətinə malikdir. Quranda Allah dünyada möminləri bir yerə yığacağını belə vəd etmişdir:



Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir! (Bəqərə surəsi, 148)

Ancaq həqiqi toplanma günü qiyamətlə reallaşacaq. Özünə şübhə olunmayan qiyamət günündə Allah’ın bütün qulları Onun hüzurunda toplanacaqlar. Dünyada Özünü və elçilərini yalanlayanların inkarlarını və bu inkarlarından qaynaqlanan bütün hərəkətlərini bilən Allah, elçiləri ilə bütün insanlığa xəbər verdiyi böyük hesab günündə gəlmiş-keçmiş bütün cəmiyyətləri bir yerə yığacaq. Sura üfürüldüyü gün günahkarların hamısı bir yerə yığılacaq və etdiklərindən hesaba çəkiləcəklər. İnkar edənlər üzüaşağı cəhənnəmə sürüklənəcək, layiq olduqları cəzanı yenə yoldaşları ilə birlikdə alacaqlar.

Allah Özünə iman edənləri isə etdiklərinə qarşılıq olaraq cənnətdə də -dünyada olduğu kimi- birlikdə mükafatlandıracaq. Allah təqva sahiblərini də rəhbərləri ilə birlikdə hüzuruna gətirəcək. Onlar nurları önlərində və yanlarında Allah’ın izni və rəhməti ilə cənnətə girəcəklər. Özünü inkar edən insanları isə dünyada da bir-birlərinə dəstək olub qruplaşdıqları kimi, cəhənnəmdə də həmişə bir yerdə saxlayacaq, bir-birləri ilə dalaşıb mübahisə etmələrinə izn verəcək. Zülm edənlərin yoldaşları və ibadət etdikləri həmişə bir yerdə olacaqlar, işlədikləri günahların cəzasını cəhənnəmdə həmişə birlikdə çəkəcəklər. Çox arxalandıqları yoldaşları və dostları ilə birlikdə cəhənnəmə sürüklənmənin əzabını yaşayacaqlar. Allah dünyada şeytana itaət edən insanları axirətdə bir yerə yığaraq cəhənnəmə atacağını aşağıdakı ayəsi ilə bildirmişdir:

Allah kitabda sizə nazil etmişdir ki, Allah’ın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını cəhənnəmdə bir yerdə toplayacaqdır! (Nisa surəsi, 140)

De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. O, ən ədalətli Hakimdir, biləndir”. (Səba surəsi, 26)

Ey Rəbbimiz! Həqiqətən, şübhə edilməyən bir gündə insanları Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz! Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar cəhənnəmin yanacağıdırlar. (Ali-İmran surəsi, 9-10)

CABBAR

Dilədiyini zorla etdirməyə qadir olan

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Allah’a qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında insanın özünü Allah’dan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə mənlik verməsi dayanır. Halbuki, bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsi ilə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimi ilə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla, sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.

İnsanın bütün bu gerçəklər qarşısında özünü yaradan Rəbbinə qarşı böyüklənməyə cəhd etməsinin nə qədər ağılsız hərəkət olduğu aşkardır.

Halbuki, insan Allah’ın böyüklüyünü, hər şeyi yoxdan yaratdığını, insanların sahib olduqları bütün imkan və xüsusiyyətləri verənin Allah olduğunu, dilədiyi anda da hamısını geri ala biləcəyini, bütün canlıların ölümlü olduğunu, tək baqi olanın Allah olduğunu qəbul edib, gerçək sahibinə təslim olmalıdır. Çünki Allah Özünə qarşı haqsız yerə böyüklənən, acizliyini bilməyən və üz çevirən hər kəsə dilədiyi zaman məcburən boyun əydirməyə qadir olandır.

Quranda sahib olduğu şeylərdən ötəri qürurlanan və sonunda da Allah’ın Cabbar sifəti ilə acizliklərini görən və səhvlərini qəbul edən bağça sahiblərinin vəziyyəti ibrət olaraq izah edilmişdir. Sabahısı gün bağçalarını erkəndən yığacaqlarına dair and içən bağça sahiblərinin başlarına gələnlər belə bildirilmişdir:

... Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. Və o, (yanıb) qapqara qaraldı. (Qələm surəsi, 19-20)

(Bağı) bu vəziyyətdə gördükdə dedilər: “Yəqin ki, azmışıq! Xeyr, biz məhrum olmuşuq!” Onların ən ağıllısı dedi: “Məgər mən sizə (Allah’ı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər. Onlar bir-birini danlamağa başladılar. Və dedilər: “Vay halımıza! Biz azğınlıq edirdik. Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını) diləyirik!” Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! (Qələm surəsi, 26-33)

Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)

DAİ

Çağıran, dəvət edən

Ey iman gətirənlər! Peyğəmbər sizi sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allah’ın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz! (Ənfal surəsi, 24)

İnsan həmişə ən doğru olanı düşündüyünü, həyatı ilə əlaqədar ən məqsədəuyğun qərarları özünün qəbul etdiyini zənn edir. Özünə görə təyin etdiyi bəzi qaydalar var; əgər o qaydalar çərçivəsində bir həyat yaşasa, özü üçün ən yaxşı olanı təmin etmiş olacağını düşünür. Halbuki, bu, bir çox insanın yaşadığı səhv düşüncə tərzidir.

İnsanı Allah yaradıb və ona şahdamarından daha yaxındır. İnsan bəzən özü ilə əlaqədar olan bir çox mövzunu bilmir, amma insan özü ilə əlaqədar olan məlumatlardan xəbərsiz ikən Allah bunların hamısını bilir. Çünki onun daxilinə, xaricinə, düşüncələrinə, şüur altına tamamilə hakimdir. Hətta insan bir an sonra nə ilə qarşılaşacağını bilmir və ya keçmişdə qarşılaşdığı bəzi hadisələri unuda bilər. Amma Allah unutmur və yanılmır. İnsanın keçmişdə yaşadığı və gələcəkdə yaşayacağı hər hadisəyə də hakimdir. Buna görə, insan üçün ən xeyirli olanı bilən ancaq onu yaradan və həyatda yaşadığı hər anın məlumatına sahib olan Allah’dır.

Necə ki, Quranda “...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz” (Bəqərə surəsi, 216) ayəsi ilə bu həqiqətə açıq-aşkar diqqət çəkilmişdir.

Buna görə, insanın vəzifəsi Allah’ın özünə bildirdiyi, dəvət etdiyi haqq yola, yəni özünə həyat verəcək şeylərə təslim olmaqdır. Allah bu doğru yolu Peyğəmbərimizə (s.ə.v.) vəhy etdiyi Quran vasitəsilə insanlara bildirmişdir. Hamının həyatı boyunca nə etməli olduğu, necə həyat yaşamalı olduğu, necə hərəkət etdikdə qurtulacağı Allah’ın ayələri ilə bir-bir bildirilmişdir.

DAFİQ

Bəlaları dəf edən, uzaqlaşdıran

Nəhayət, onlar Allah’ın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. (Bəqərə surəsi, 251)

Möminləri maddi-mənəvi hər cür təhlükədən qoruyan Allah onlara kafirlərə, münafiqlərə, müşriklərə qarşı da böyük bir qüvvət, məğlub edilməz güc verir. İnkar edənlər hazırladıqları hiyləgər tələlərin, təşkil etdikləri sui-qəsd və hücumların hələ planlarını qurarkən Allah onlar üçün başqa bir tələ qurur. Beləliklə, vermək istədikləri zərəri möminlərdən dəf edərək tələlərini öz başlarına keçirər.

Digər tərəfdən, Allah inkarçıları öz aralarında da ayrılığa salaraq, bir-birləri ilə mübarizə etdirir və bu şəkildə gücdən salır. Müsəlmanlara kin saxlayanları onlardan uzaq saxlayır, öz canlarının dərdinə düşəcək bəlalar göndərir. Bu ilahi kömək Quranda belə bildirilmişdir:

O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allah’dır”, - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah’ın adı çox zikr olunan sovməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər…(Həcc surəsi, 40)

Bununla yanaşı, bir çox çətinliyi, xəstəliyi, vəsvəsəni, şeytanın şərini və bəlasını da möminlərin üzərindən dəf edən və daha bilmədikləri nə qədər müsibəti onlardan geri çevirən yalnız Allah’dır. Şübhəsiz, bunların hər biri Allah’ın möminlərə gizli və açıq şəkildə göstərdiyi köməkləridir. O, qullarına qarşı çox şəfqətli, Özünə sığınanlara, Özündən kömək istəyənlərə qarşı da əsirgəyənlərin ən xeyirlisidir.



Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)

Yaxud onlar Allah’ın hiyləsindən ehtiyat etmirdilərmi? Allah’ın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər. Məgər yer üzünün sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər Biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər? Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədirlər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir. (Əraf surəsi, 99-101)

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə