Alma z pərdəli şəkilli pyes



Yüklə 405,5 Kb.
səhifə3/6
tarix11.09.2018
ölçüsü405,5 Kb.
#67989
1   2   3   4   5   6

ÜÇÜNCÜ PƏRDƏ

 

“Yeni yol”un açdığı yunbirliyi. Bir-birinin yanında bir neçə dəzgah qoyulmuşdur.

Gün batmaq üzrədir. Uzaqdan oxumaq səsi gəlir.

Ancaq bircə dəzgahın yanında bir arvad işləyir.

 

Y a x ş ı.



Gərək günəş dağları aşıb sönməyəydi!

Gərək mənim dönmüş taleyim dönməyəydi!

Gərək mənim istədiyim gidi fələk

Açılmadan qara torpağa gömməyəydi!

Göydəki aya deyim, dərdimi qoy yarə yetirsin,

Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.

 

 

Xanımnaz içəri girir, halı çox pozğundur, sanki öz qızına baxmaqdan utanır.



 

A l m a z. Nə var?

X a n ı m n a z. Heç nə.

A l m a z. Kimi gördün?

X a n ı m n a z. Heç kəsi. Günortadan bəridir durmuşam qapı ağzında, bu qədər arvaddan birisini də görə bilmədim. Heç bu küçədən də keçmirlər.

 

Sükut.



 

A l m a z. Yəqin mənimlə üz-üzə gəlməkdən utanırlar.

X a n ı m n a z. Bütün kənd əhli də yığışıb elliklə ərizə veriblər ki, biz xahiş eləyirik. Şura hökumətindən ki, ya bu kənddə biz kənd camaatı sağ qalaq, ya da Almaz. Hamılıqnan qol qoyublar, möhür basıblar. Bircə, deyir, Şərif, aqibətixeyir, qol çəkməyibdir ki, bu heç kişilikdən deyil.

A l m a z. Şərif çox yaxşı adam imiş, ana. Mən heç gözləməzdim. İşlək, çalışqan, xeyirxah.

X a n ı m n a z. O gün o olmasaydı, Allah eləməmişkən, sənə hələ bir sədəmə toxundurardılar. Dedim sənə qatışma. İndi heç kəs bizə bir çöp də satmaq istəmir. Salaməleyk də etmək istəmirlər. Aftil üçün də belə bir tədbir töküblər ki, ölüsü ölsə, heç kəs basdırmağa getməsin. Deyir, nə üçün hamısı öz arvadını kolxozdan çıxardıb apardı, o çıxartmadı.

A l m a z. Amma yenə də aparmır ki... Görürsən, min cür söz deyirlər, amma arvadını aparmır ki, aparmır. Bu az iş deyildir ki. Kənddir, bir-bir göz açır.

X a n ı m n a z. Ay qızım, istəyirəm sənə bir söz deyəm. Mən deyirəm, gedim bir Hacı Əhmədin yanına. İstəyirsən elə bir yerdə gedək, deyək daha bir işdir düşübdür.

A f t i l (gəlir). Almaz xanım evdədir?

A l m a z. Evdəyəm, ay Aftil dayı, buyur, otur. Eşitdim səni yaman sıxırlar?

A f t i l. Həri, balam. Deyir, arxalı köpək qurd basar.

A l m a z. Aftil dayı, hamıdan möhkəm yenə də axırda sən çıxdın.

A f t i l. Bu saat kənddə bir çaxnaşmadır ki, gəl görəsən. Bayaq selsovetin əliylə ərizə yazmışdılar ki, Almaz intriğandır. Kəndə vəlvələ salır. Onu kənddən çıxartsınlar. Savsim qulluqda qoymasınlar. Bir də o məscid məsələsi işi çox korladı. İki gündür salamımı da almırlar, deyirlər ki, Almaz ilə çaşqa-loşqa olmuşsan. Əvam adamıq da, neyləyək.

A l m a z. Nə var ki, Aftil dayı. Sən bilirsən ki, mən sənin xatırını nə qədər istəyirəm.

A f t i l. Mən, bacıqızı, gəlmişəm arvadı aparım.

A l m a z. Eh, Aftil dayı, axırda sən də təslim oldun.

A f t i l. Yox, bacıqızı, iş orasındadır ki, bir anam var, səhərdən axşamacan əlində Quran yalvarır. Molla Sübhan da deyib ki, o qızla alver haramdır. Selsovet də deyir ki, müəllimə kəndə ləxləxə salır. Biz də elik, bir mən hamıdan ayrıldım, sabah ölümü yerdən götürən olmaz. Bir də, məscid məsələsindən bir növ xoflanıram. Mən, hələ, ona da baxmazdım, ancaq, vallah, bacıqızı, arvadım ki, bura gəlir, elə baxırlar ki, guya, Allah eləməmişkən, bir yava yerə gəlir. Gərək bir növ bağışlayasan də.

A l m a z. Deyir:

Yaxşı gündə düşmən dönər, dost olar.

İgid odur yaman günə dayansın.

 

X a n ı m n a z (gələrək). Uşağı göndərmişəm nöyüt üçün; gedib, qabı boş qaytarıb.



A f t i l. Bizim də, vallah, nöyütümüz qurtarıb.

A l m a z. İstəməz, Aftil dayı. Biz nöyütsüz də keçinə bilərik. Göyün ayı, gecənin aydınlığı bizə işıq verər.

X a n ı m n a z. Qızı göndərmişdim Yaxşıgilə süd üçün. Yolda İbad boğazı qurumuş rast gəlib ona, alıb qabı əlindən, elə ki, çırpıb divara, az qalıb qabın parçaları qızın gözünü çıxartsın.

A f t i l. Nə isə, arvad, axşamdır, daha gedək. Sağ olun, Almaz xanım! Daha nə edək? Deyir, biz ki, varıq, başımız icmaya bağlıdır. Sağ olun!

A l m a z. Sağ ol, Aftil dayı! Mən səni təqsirləndirmirəm, yenə də sən hamıdan hünərlisən.

A f t i l. Vallah, neyləyim? Aşağı tüpürürəm saqqaldır, yuxarı tüpürürəm bığ.

A l m a z. Aftil dayı, bəlkə mən səninlə yenə danışmalı oldum. Evinizə gəlmək olarmı?

A f t i l. Evimizə deyəndə ki... gəlmək olar deyəndə ki... Neynək, gəlsən, gəl də. Sağ ol!

 

Çıxırlar. Sükut. Bir azdan Aftil qayıdır.



 

A f t i l. Almaz xanım!

A l m a z. Buyurun.

A f t i l. Heç, heç (Gedir).

X a n ı m n a z. O da öz arvadını apardı?

A l m a z. Apardı (Sükut) Dəzgahların hamısı dayandı. Bir ana öz uşağının ayaq atmasına nə qədər sevinirsə, mən də bu çarxların hər dönüşünə o qədər sevinirdim. Indi isə hamısı susdu, dayandı.

X a n ı m n a z. Dedim, ay bala, qatışma, nəyinə gərəkdir, dərsini de, otur səninçin. Odur, Mirzə Səməndər. Bayaq mən gələndə Hacı Mürsəlqulunun nökəri bir səbət yumurta gətirirdi. Bir yük də almaarmud. Amma sən, buyur, ac-acına oturmuşsan.

A l m a z. Ana, Mirzə Səməndər ancaq öz xoş gününü düşünür. Mən isə ümumi iş üçün çalışıram. O, satqın adamdır. Sən istərsən ki, mən də onun kimi hər şeyi bir qarın çörəyə satım. Hə? İstəyirsən?

X a n ı m n a z. Istəmərəm, ay balam, istəmirəm. Ancaq nə edim? Borcumuz da çoxdur. Bunları da hələ nisyə aldım ki, Almaz qulluq elər, verərik. Köynəyim də ki, o gün ilişib çırılıb, bu da sənin xeyrin. Mən də istəyirəm yaxşılıq eləyəsən. Ancaq heç kəs ki, anlamır. Qulluqdan da çıxartdılar, sonra nə olar?

A f t i l (gəlir). Almaz xanım, bağışlagilən, kor qız kimi gedib, gedib, qayıdıram.

A l m a z. Buyur, buyur Aftil dayı.

A f t i l. Almaz xanım, siz gecələr, bağışla ha, bir növ yöndəmsiz də çıxır, siz gecələr harada yatırsınız?

X a n ı m n a z. Nə olmuş ki?.. Nə var ki, başuva dönüm?

A l m a z. Nə üçün soruşursunuz, Aftil dayı?

A f t i l. Heç, bacıqızı, ürəyinə bir şey gəlməsin, nə var, Allaha şükür, ancaq mən onu demək istəyirəm ki, açıq yerdə yatmayasan. Bir də, ey ana, adamdır, işdir, gecə qapını döyən oldu, məbada açasınız.

X a n ı m n a z. Ay balam, nə xəbər var, nə eşitmişsən ki?

A f t i l. Elə bir şey yoxdur, ay ana! Ancaq elə ehtiyat üçün deyirəm də. Ehtiyat igidin bəzəyidir.

A l m a z. Aftil dayı, sən bir şey bilirsənsə açıq de.

A f t i l. Bilirsən, bacıqızı, bu adam var, bir cürdür. Hürkütdün, daha qabağını saxlamaq olmaz. Nə ağına baxar, nə bozuna. Bir də, insane ki var, çiy süd əmibdir. Nə lazım. Mən deyərdim ki, lap, əgər mümkünsə, hələ bir neçə vaxt, lap köç şəhərə. Sonra, ara seyxaş olar, yenə də gələrsən.

A l m a z. Yaxşı, Aftil dayı, çox sağ ol! Fikirləşərik görək nə olur. Deməli, sən deyirsən qaçaq?

A f t i l. Almaz xanım, vallah, billah, bağışla ha, işdir də, nə lazım. Sağ ol!

A l m a z. Sağ ol, Aftil dayı! (Almaz geyinib bayıra çıxmaq istəyir).

X a n ı m n a z. Hara gedirsən?

A l m a z. Barata dəymək istəyirəm.

X a n ı m n a z. Bu tar vaxtı sən getmə. Qaranlıqdır, sən dayan, mən gedim.

 

Bu aralıq qapı açılır. Almaz geri çəkilir, qapıda Hacı Əhmədin saqqalı görünür.



 

A l m a z (diksinərək). Kimdir?

H a c ı Ə h m ə d. Qorxma, bizik (İçəri girir). Baloğlan, içəri gəl! (O da gəlir). Ibad gəlmədi?

B a l o ğ l a n. Yox.

X a n ı m n a z. Mən qorxuram...

A l m a z. Nə istəyirsiniz?

H a c ı Ə h m ə d. Heç, elə belə, gəldik, baş çəkək. Oturmaq olar?

A l m a z. Olar.

H a c ı Ə h m ə d. Biz eşitdik azuqə sarıdan korluq çəkirsiniz. İşləriniz necə gedir?

A l m a z. Hər iş öz qaydası ilə gedir.

H a c ı Ə h m ə d. Şükür Allaha, şükür Allaha!

B a l o ğ l a n. Əlbəttə, yaxşı getsə yaxşıdır. Prizidumun qərarını, yəqin ki, eşitmişsiniz.

A l m a z. Eşitmişəm.

B a l o ğ l a n. Qərar belədir ki, Almaz, hansı ki, məğlətə salır kəndə və camaat arasına, hansı ki, bir neçə bidət işlərdə olub və kəndə dava salır, hökumət onu müəllimlikdən çıxartsın və bir də, Mirzə Səməndərdən razılıq kağızı yazsın və onu həmişəlik müdir eləsin. Nə üçün ki, o can yandırır. Nə edəsən, camaatdır da, başa düşmür ki...

A l m a z. Yaxşı qərardır.

H a c ı Ə h m ə d. Yaxşı deyəndə ki, daha bunun yaxşı harası oldu?

A l m a z. Hər halda sizinçin ki, yaxşıdır.

H a c ı Ə h m ə d. Bilirsən, bacıqızı, sən oxumuşsan. Allah başacan eləsin. Biz avamıq. Olmuyub da bizim vaxtımızda, olmuyub, oxumamışıq. Ancaq mən bu boş başımnan başa düşürəm ki, indiki zəmanədə hər kəs oxumadı, nəüzənbillah, heyvan kimi bir şeydir.

B a l o ğ l a n. Bəli, bəli ya.

H a c ı Ə h m ə d. Odur ki, sənin ayağın biləni bizim başımız da bilə bilməz.

Belədir, Baloğlan, ya qeyri-belədir?

B a l o ğ l a n. Elə böyüklər də deyiblər: yüz dənə qanmaz dostun olunca, bir dənə qanacaqlı düşmənin olsun.

H a c ı Ə h m ə d. Belədir, bacıqızı, ya qeyri-belədir?

A l m a z. Bilmirəm.

H a c ı Ə h m ə d. Yox, bacıqızı, məsələdən boyun qaçırtma. Doğrudur, biz avamıq, amma bu xaraba dünyada əlli il ömür eləmişik. Ancaq, bacıqızı, uzun sözün qısası: biz səndən incimişik. Çox bərk rəncidə olmuşuq. Dostluqdan ha! Elə mən də, Baloğlan da. Mən ölüm, Baloğlan, belədir, ya qeyri-belədir?

B a l o ğ l a n. Bəli, bəli ya, dostluqda, yoxsa başqa niyyətlə yox.

H a c ı Ə h m ə d. Biz dedik sən gələrsən, türk demişkən, bizim dalımıza dirək olarsan, amma sən gəldin, başladın bizimçin öküzü öləndən. Mənə, bacıqızı, Hacı Əhməd deyərlər. Mən bir adamam ki, iş düşmənçilik məqamına gələndə, yamanlığa gələndə, gözümə patron sıxsalar, ayaq geri basmaram. Bir iynəmə kimi sataram, işi yeridərəm. Aşağı oynamaq üçün yığarlar. Amma indi baxıb görürəm, yamanlığı kimə eləyim. Elə sən də mənimkisən də. O bir balamın ölmüşünə ki, dünən camaat o qərarı çıxaranda mənim içim içimi kəsirdi. Canunçun, Baloğlan, yenə qoymazdım, amma baxırsan görürsən ki, iş bir növ yöndəmsiz düşübdür. Danışasan, nə danışasan? Yamanlıq eləyəsən, kimə eləyəsən. Yaramaz axı. Hər adamın öz yeri var. Mirzə Səməndər nədir ki, onun dərsi nə olsun? Amma di gəl ki, bu yandan da belin bağlı deyil. Qoy Almaz xanım bir kəlmə hə desin, elə vurum şillaxtanı o Mirzə Səməndərə ki, elə vurum ona lingi ki, min il də özünə gəlməsin. Canunçun, Baloğlan, eləmək olar, olmaz?

B a l o ğ l a n. Bəli, bəli ya, göydə.

H a c ı Ə h m ə d. Ancaq iş gərək yoluynan getsin, yoxsa Şərif haranın adamıdır ki, mən dura-dura, mənim adamıma əlaltı ling vursun. Özünü də ona tərəfdar göstərsin, o yandan da Mirzə Səməndəri irəli çəksin. Belədir, bacıqızı, ya qeyribelədir? Vallahi, o Şərifə elə bir ling gəlləm ki, lap əlləzinəni əzbər oxuyar. O nə adamdır ki, mənim adamıma dolaşsın?

B a l o ğ l a n. Belə, bilirsən, Hacı, mən onun əsl ölümünü bilirəm.

H a c ı Ə h m ə d. Onun öldüyü odur ki, birdən Hacı Əhməd, ya Baloğlan dil elərlər, Almaz xanımı onun yerinə şuraya katib keçirərlər. Onun ölümü budur.

B a l o ğ l a n. Elə budur ki, var, vəssalam, şüdtamam.

H a c ı Ə h m ə d. Amma, Baloğlan, canunçun ki, eləyəcəyəm. Bu gündən sənə deyirəm: eləməsəm, atam Hacı Mürsəlqulu uşaqlarını görüm...

B a l o ğ l a n. O nəyə lazımdır? Şura sədri mən deyiləm? Mən elə sabah düzəldim, qurtarsın getsin də. Ancaq özü söz versin ki, razıyam.

A l m a z. Yaxşı, bunların hamısının əvəzində mən nə etməliyəm?

H a c ı Ə h m ə d. Necə ki, yəni nə etməliyəm! Hi-hi... O elə bilir ki, guya bizim ondan bu barədə bir təmənnamız var.

B a l o ğ l a n. Yox, canım, yox, yox, yox, yox.

H a c ı Ə h m ə d. Nə var, Allaha şükür. İntihası bir sözdür. Ya səhv olub, ya elə-belə demişsən, keçib gedib, canın sağ olsun. Heç dibindən o bağ olmasa, nə olar? Ya elə dedin, bəyəm nə oldu, ancaq biz deyirik ki, oğrunun yadına daş salmayasan. Eh, belə... Yoxsa canunçun, Baloğlan, yüz elə bağ ola, mülk ola, qulağıma girməz, ancaq biz deyirik ki, məxluq bizə gülməsin. Odur, bulaq altında mülküm var, elə dibindən bağışlayıram sənə. Qoy bir-iki ay keçsin, lap köç gəl, otur. İstəyirsən məktəb elə, istəyirsən artel elə.

A l m a z. O mülk nə məktəb üçün yarar, nə də artel üçün.

H a c ı Ə h m ə d. Yaramaz, yaramaz, özün otur. Mən onu sənin özünə bağışlayıram. İstəyirsən çölə tulla. Daha o mənim borcum deyil. Bu da onun kağızı. Bax, mülkdür, verirəm ki, ləzzət eləyir mənimçün. Nə üçün ki, öz rizaməndliyimlə verirəm. Özümünkünə verirəm. Lap onun qiyməti milyon da olsa, eyni nəzərimə gəlməz. Mənim xasiyyətim bir cürdür. Belədir, Baloğlan, ya qeyribelədir?

B a l o ğ l a n. Belədir də, yoxsa başqa bir cəhətdən, yox, yox.

H a c ı Ə h m ə d. O ki qaldı məsciddir, canım sənə desin, o başqa işdir. Neynək, danışarıq, məsləhətləşərik, elə mən də sənnən bir bina qoyaram. Elə Molla Sübhana da deyərik ki, məscidi məktəb eləyirik, sən də orada dərs de. Qabaq molla deyildin, demirdin, indi də başqa bir cür ilə de. Gərək yoluynan da, hər şeyin bir yolu var axı. Molla Sübhan da elə öz məsələsinə arif adamdır.

B a l o ğ l a n. Bəli ya, təki məvacibi gəlsin, göydə razı olar.

H a c ı Ə h m ə d. Nə deyirsən, rinddir köpək oğlu, hikmət oxuyub axı.

A l m a z. Vətəndaş Hacı Əhməd və vətəndaş şura sədri, mən sizing bütün sözlərinizi çox diqqətlə dinlədim. Deyə bilərəm ki, onların hamısı boşdur. Mən orada özüm üçün böyük bir həqiqət tapdım; mən onu anladım ki, mən hələ doğrudan da uşaqmışam.

H a c ı Ə h m ə d. Barakallah, barakallah, fərasət! Canunçun, Baloğlan, mən neçə kərəm də demişəm: aşiqəm Almaz xanımın danışmağına. Maşallah, kəlamda duz var ey, duz...

X a n ı m n a z. O bir Allaha and olsun ki, elə bir az bundan qabaq istəyirdik bir yerdə gələk sizə. Elə özü də peşman olubdur. Deyir: ana, daha bir işdir düşübdür, indi getməyə də utanıram.

A l m a z. Ana, sən get o biri evdə otur və bir kəlmə də danışma.

X a n ı m n a z. Mən ki, balam, bir söz demirəm.

A l m a z. Mən indi bilirəm ki, dünyada yüz doğrudansa, bir oğruya kömək etmək daha faydalı imiş. Bu gün sən ona yol açarsan, sabah o sənə.

B a l o ğ l a n. Bəli də, əl əli yuyar, əl də üzü.

X a n ı m n a z. Rəhmətlik atan deyərdi ki, eşşək eşşəyi borc qaşıyar.

A l m a z. Qulaq asın, kəndimizin mötəbər adamları! İndi mən size çox gözəl anlayıram. Bu vaxtadək mən kənddə azadlığa, yeniliyə, mədəniyyətə düşmən adamlar olacağına bir o qədər də inanmırdım. Lakin, bax, bu sağ əlimdən dəyən ilk daş mənə böyük tarixi bir dərs verdi. Mən ilk dəfə olaraq qarşımda əsl düşməni, onun iti dırnaqlarını, bərəlmiş gözlərini, qıcırdayan dişlərini gördüm.

H a c ı Ə h m ə d. Yaxşı, bağışla ha, yersiz sualdır. Yenə də olsun də. Düşmən, düşmən deyəndə, aya, o düşmən kim olmuş ola?

A l m a z. Kim? Siz.

X a n ı m n a z. Qızım!..

H a c ı Ə h m ə d. Biz?

A l m a z. Siz, işıqdan qaçan yarasalar! Kəndin qan damarlarını sorub gəmirən bütün parazitlər! Sən dayan, ana! Siz mədəniyyətə, yeniliyə, kəndli yüksəlişinə zidsiniz. Çünki mədəniyyət sizin cibinizə toxunur, mədəniyyət sizin üçün ölümdür, ölüm.

H a c ı Ə h m ə d. Sən mənə deyirsən bu sözləri? Neynək, çox sağ ol! Dur ayağa, Baloğlan! Qalsın qulluğunda. Mənə də Sərkər oğlu Hacı Əhməd deyərlər. Qoy elə bu yerdə qalsın, bir daş altda, bir daş üstdə. Gedək, Baloğlan! Biz dedik ki, biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. İş ki, bu çilləyə mindi, gedək!

A l m a z. Dayan! Dedim ki, mən doğrudan da uşaqmışam. Dolu başdansa, dolu cib yaxşıdır. Siz mənə çox şeylər vəd etdiniz, ancaq nisyə yox, nağd nə verə bilərsiniz? Çıxardın!

H a c ı Ə h m ə d. Bir daş altda, bir daş üstdə?

A l m a z. Bir daş altda, bir daş üstdə.

H a c ı Ə h m ə d. Çox gözəl. Onda beş dəqiqə gözlə, gedək, sözgəlişi, evdən gələk.

A l m a z. Buyura bilərsiniz.

 

Çıxırlar.



 

X a n ı m n a z. Ay qızım, qurban olum sənə, ürəyim əsirdi.

A l m a z (kağızı yazır). Al bunu, Barata, ya Şərifə ver. Ancaq, ana, sən bir kəlmə də danışma və mənim işlərimə heç qarışma. Eşitdin?

X a n ı m n a z. Eşitdim (Gedir).

 

Bu aralıq Şərif kəmali-vüqar ilə içəri girir, əlindəki süd bardağını,



kasanı və iki fətiri stol üstə qoyub, Almaz ilə çox səmimi görüşür.

 

Ş ə r i f. Əssəlam, ey adı Almaz, özü qönçə-dəhən, zülfü-səmən, gözləri ahuyixətən, yenilik toxumu səpən!.. Xoş gördük, Almaz xanım, inci xanım, zümrüd xanım...



A l m a z. Xoş gördük, Şərif. Haradasınız? Çoxdandır görünmürsünüz? Bu saat elə sizi görmək istəyirdim. Çox yaxşı vaxtında gəlmişsiniz. Tək evdə ürəyim elə döyünürdü ki. Bunlar nədir?

Ş ə r i f. Bu bir az qaymaqdır, bu da yağ. Bu da ki, yağlı fətir, kömbəsi çağ.

A l m a z. Belə sursat tədarükündən müharibəyə hazırlaşana oxşayırsınız.

Ş ə r i f. Elə bu saat özüm müharibədən gəlirəm. Zalım uşağını başa salmaq olmur ki! Hamısı qurbağa kimi verib ağız-ağıza. Mən olmasaydım, çox böyük işlər olardı. Elə ki, vurmadım əlimi yerə, çernilqabı cingim-cingim oldu.

A l m a z. Eşitmişəm, Şərif, eşitmişəm. Mətbuata verilməlidir.

Ş ə r i f. Hamısını, əlbəttə ki, subutalni, dakumentalni yazarıq. Yazarıq deyəndə ki, cikini həm bikini mən yazmışam, atalarını yandırmışam, işləri qafil etmişəm, ancaq tazə xəyalə düşmüşəm, qaşı-hilali görmüşəm, meyli cəmalə düşmüşəm. Nə qədər ki, mən şura katibiyəm, sənə zaval yoxdur. Almaz xanım, mənim sizdən bir xahişim vardır: bir az o zadı çalın.

A l m a z. Ürəyim çox rahatsızdır. Şərif, bəlkə çala bilmədim.

Ş ə r i f. Siz tərənnüm etdikcə, mənim ruhi-məcruhum cilalanır, üfüqlər mənə gülümsünür, göylər mənə ilham göndərir və deyir ki:

 

Eşqinlə bir atəş yaxılırsa,



Pərvanəsi məndən.

Aşiqlərə zülfün teli zəncirə dönürsə,

Divanəsi məndən.

Yox qorxu ürək yansa, kabab olmalı olsa,

Vay ol ki, əməl dönsə, sərab olmalı olsa,

Dünya kədəri eşqə kitab olmalı olsa,

Əfsanəsi məndən.

Gözlərdəki, gözlərdəki...

Əcəb ol gözlərinin can alıcı qarəsi var;

Heç bilirsənmi mənim tək neçə avarəsi var?

Düşməyən eşqinə bilməz nə yaman dərddir bu,

Nə təbibi, nə əlacı, nə də bir çarəsi var.

Hicrin ilə, hicrin ilə...

 

Zəhrimar yadımdan çıxdı (Dəftərini çıxardır).



A l m a z. Mən bu şeri harada isə oxumuşam.

Ş ə r i f. Mən bu şeri özüm inşad eləmişəm.

A l m a z. Yox, Şərif, mən bu şeri ya Füzulidə görmüşəm, ya da...

Ş ə r i f. Onda yəqin Füzuli məndən oğurlayıb.

 

Bu aralıq yavaşca qapı açılır. Hər ikisi maraqla qapıya baxır.



Kiçik bir uşaq dalında özündən yekə bir torba içəri girir.

Ardınca daha bir neçə uşaq dallarında bir bağlı soğan, bir banka yağ, pendir içəri doluşurlar. Bir balacanın kisəyə gücü çatmır, yıxılır, kisənin altında qalır,

kisənin içindən kartoflar evin içinə diyirlənir. Almaz gülərək, onu ayağa qaldırır.

 

A l m a z. Bu nədir? Sürmə, hə, bu nədir? Bunları haradan gətirirsiniz?



S ü r m ə. Müəllimə, evimizdən gətirmişik.

A l m a z. Bunları kim verdi?

S ü r m ə. Biz özümüz gətirmişik.

A l m a z. Nə üçün? Sizə kim dedi?

S ü r m ə. Müəllimə, deyirlər müəlliməmizə çörək vermirlər. Biz də yığışdıq, hamı yatdı, götürdük, gəldik.

Ş ə r i f. Deməli, oğurlayıblar!

S ü r m ə. Yox a!

A l m a z. Sən mənim gülümsər Sürməm! Bəs necə oldu, danış görüm. Yox, uşaq oğurlamayıb. Elə hamı yatandan sonra gizlindən götürüb gəlib. Hə, Sürmə, elədir?

S ü r m ə (başı ilə). Elədir. Nehrəni qoydum ayağımın altına, çaxçadan götürdüm.

A l m a z. Bəs anan görmədi?

S ü r m ə (başı ilə). Yox, anam elə atamnan yatmışdılar.

A l m a z (o birilərə). Siz də gizlindən götürmüşdünüz?

U ş a q l a r. Biz də, müəllimə.

A l m a z. Uşaqlar, belə iş etmək olmaz. Bu saat aparın.

S ü r m ə. Muəllimə, mən daha yorulmuşam, apara bilmərəm.

Ş ə r i f. Eybi yoxdur, qoy qalsın, onların bu il kartofu çox gəlmişdir.

A l m a z. Yox, yox, Sürmə, mənim gözəl qızım, mənim yeməli qızım, apar.

U ş a q l a r. Müəllimə, biz aparmarıq.

A l m a z. Uşaqlar, mənim gözəl uşaqlarım, mənim göyərçin balalarım, qulaq asın! Adam ata-anadan gizlin bir iş görməz. Sıraya düzül! (Hamı düzülür). Hər kəs öz şeyini dalına alsın! (Hamı alır). Adam anasından gizlin çaxçaya əl vurmaz! Hamı bir yerdə. Bir...

U ş a q l a r (bir yerdə). Adam anasından gizlin çaxçaya əl vurmaz.

A l m a z. Sola dön! (Hamısı dönür). İrəli, marş! (Hamı çıxıb gedir).

Ş ə r i f. Sən nahaq qaytardın. Uşaqlar həvəs etmişdilər.

A l m a z. Yox, Şərif, belə iş etmək olmaz. Ancaq bu məni çox sevindirdi. Budur, onlar da öz səmimi, təmiz ürəkləri ilə bizim köməyimizə gəlirlər. Qoy  biriki il də keçsin, onlar böyüsünlər, onda bütün kənd başqalaşacaq. Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir. Köhnəliyə elə bir divan tutulacaqdır ki, gəl görəsən. Bax, indi bu gücsüz görünən xırdaca əllər vaxtın gedişindən böyüyüb güc bulacaqdır, gənc qollarına qan dolacaqdır, tarix ona təslim olacaqdır. Eh, kim deyir ki, bizim köməyimiz yoxdur? Nə oldu mənim tarım? Neft yoxluğundan getdikcə lampanın işığı azalır, bir azdan otaqda ancaq ay işığı qalır.

Ş ə r i f. Almaz xanım indi bizə bir tar çalacaqdır, bu çalan kimdi çalır, çaldıqca can alacaqdır, zülfünü bas yarama, qoyma, məni qan aparacaqdır. Almaz xanım, mən səninçin bir şeir demişəm.

A l m a z. Şərif, siz şeir demək də bilirsiniz?

Ş ə r i f. Mən çox abdar şeirlər yazmışam.

A l m a z. Çox gözəl, mən heç bilməmişəm.

Ş ə r i f. Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin!

A l m a z. Siz nə üsulla yazırsınız?

Ş ə r i f. Nə üsulla? Mən elə üsulsuz da yazıram. Sədi həngində də yazıram, Hafiz həngində də yazıram, yeni üsulda da. Budur, birini sizinçin yazmışam, qoyun oxuyum.

A l m a z. Yaxşı, oxuyun.

Ş ə r i f (vəziyyət alaraq).

Şeyda bülbül oxuyur şerini avand,

İstəyirsən içim səninçin qurana and,

Yarımın əlində dəmirdən bir şand...

 

A l m a z. Şand nədir, Şərif? Azərbaycan dili leksikonunda mən heç belə söz görməmişəm.



Ş ə r i f. Bircə spakoys ol. Şand da elə bir növ, qafiyə üçündür. Yoxsa avanda, anda başqa qafiyə yoxdur.

A l m a z. Sapand.

Ş ə r i f. Aha, sapand. O, ağlıma gəlməyib, o daha yaxşıdır. Onda belə yazarıq.

Yarımın əlində kəndirdən sapand,

Atdı daşı gicgahıma dəgayi.

 

A l m a z. Dəgayi nədir?



Ş ə r i f. O, gərayi sayağıdır (Almaz gülür). Yarın qaşları kaman, kirpiyi patron kimi batdı ürəyə.

A l m a z. Şərif, kirpik patrona oxşamaz ki.

Ş ə r i f. Niyə oxşamır? Qədimlərdə kirpiyə ox deyirdilər, indi daha ox yoxdur, patron demək lazımdır. Bu, təzə obrazdır.

A l m a z. Aha, demək, siz sənayeləşdirmişsiniz. Onda bəs qaşları nəyə oxşayar? O da, yəqin, tapançaya oxşar da.

Ş ə r i f. Hə, neynək, tapança olsun. Düzəldərik.

A l m a z. Deməli, necə oldu: qaşların tapança, kirpiyin patron...

Ş ə r i f. Yox, yox, qafiyə düz gəlmək üçün axırı olmalıdır ki, keçdi ürəyə.

Oxarta dəydi, ürəyim döndü aşsüzənnən ələyə,

Yaman yerdə başım düşdü kələyə.

Hər patronu ürəkgahimə dəgayi.

 

A l m a z. Ürəkgahimə nədir?



Ş ə r i f. Yuxarıda gicgahdır, burada ürəkgah. Bu köhnə üsul ilədir. Bunu da, bax, təzə üsul ilə yazmışam:

Hey,


Hey,

Dalğalı dənizlərdən.

Geniş düzlərdən,

Dizlərdən

Aşan sevda ulduzu,

İşıqlandırdın bizi.

Bizi,

Bizi,


Yanımda oturan

Sevdalı tar çalan

Gözəl qızı işıqlandırdın

Gecənin qaranlığilə.

Ey sevdalı ulduzlardan

Birər-birər uçub gələn

İşıqlar!

A l m a z. Dayan, dayan, necə yəni işıqlandırdın gecənin qaranlığı ilə? Gecənin qaranlığı ilə adam işıqlanmaz ki?

Ş ə r i f. Yox də, bunun üsulu belədir.

A l m a z. Yəni gərəkməz ki, bir mənası da olsun?

Ş ə r i f. Nə qədər mənası olmasa, elə yaxşıdır. Deyərlər dərindir. Qayda belədir.

A l m a z. Axı, Şərif, sən bir qulaq as.

Ş ə r i f. Yox a, sən dayan, mən sənə subutalni, dakumentalni göstərim. Budur, gecənin qaranlığı səni işıqlandırır, sən də mənim ürəyimi işıqlandırır, mənə ilham verirsən.

A l m a z. Deməli, sən bu şeri mənimçün yazmışsan?

Ş ə r i f. Səninçin, Almaz xanım. Almaz xanım, mən sənə bir söz demək istəyirəm.

A l m a z. De, Şərif. Sən bilirsən ki, mən səni nə qədər sevirəm.

Ş ə r i f. İş odur ki, Almaz xanım, mən də səni sevirəm.

A l m a z. Şərif, siz nə danışırsınız? Mən sizi bir yoldaş kimi sevirəm.

Ş ə r i f. Mən sizi şey kimi... Məcnun kimi, Fərhad kimi sevirəm. Ruhum kimi sevirəm.

A l m a z. Şərif, sənin ki, arvadın var.

Ş ə r i f. Əh, arvad, arvad. Cəhənnəmə olsun arvad! Arvadı boşamışam. Mən səni sevirəm. Öldür məni. Bu ulduzlardan, bu aylardan, bu dünyadan səni çox sevirəm. Bütün həyatım sənindir.

A l m a z. Şərif, əzizim, sevgi hər kəsdə ola bilər. Mən səni təqsirləndirmirəm. Ancaq mən səni, sən deyən kimi sevə bilmərəm. Mənim nişanlım vardır.

Ş ə r i f. Yox də. Almaz xanım, siz bir spakoys olun, axı mən size sevirəm. Çox sevirəm.

A l m a z. Şərif, əzizim, anla ki, mən də onu sevirəm. Onsuz bir gün belə yaşaya bilmərəm.

Ş ə r i f. Almaz, axı mən səni ölümdən qurtardım. İndi sən mənim yaxşılığıma görə mənimlə belə rəftar edirsən. Almaz xanım, vallah ürəyim səni istəyir, sən mənim olmalısan (Pəncərəyə yaxınlaşıb, birdən onun qolundan öpür).

A l m a z (çəkilərək). Şərif!

Ş ə r i f. Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam. İnsafsız!

A l m a z. Şərif, bir utan! (Almaz Şərifin əlindən çıxıb üz-üzə durub, diqqətlə üzünə baxır və bütün qüvvətilə ona bir şillə endirir. Lakin Şərif dişlərini bir-birinə sıxıb Almazı bərk qucaqlayır. Almaz onun qolları arasında çırpınaraq).

Ş ə r i f. Sən bir dur, mən subutalni, dakumentalni göstərim ki, səni sevirəm.

A l m a z. Burax! (Şərifi qüvvətlə itələyir. Şərif kəlləsi üstə aşır. Tam bu sırada bayırdan)

H a c ı Ə h m ə d. Baloğlan, olar elə qalsın.

 

Şərif durur. Hacı Əhməd, Baloğlan, Barat, Xanımnaz girirlər.



Şərif durub paltarını düzəldir. Almaz çox həyəcanlıdır.

Gələnlərdə şübhəli bir heyrət, hamı mənalı baxışlarla bir-birinin üzünə baxır.

 

H a c ı Ə h m ə d (Baloğlana eyham ilə). Hə?



B a l o ğ l a n. Hə!

Ş ə r i f (Barata baxıb, onun da acıqlı baxışlarını tutaraq). Yaxşı, görüşərik (Qapını çox hiddətlə çırpıb gedir).

X a n ı m n a z. Ay balam, nə olmuşdur?

A l m a z. Gətirdiniz?

H a c ı Ə h m ə d. Sonra.

A l m a z (qəti və əsəbi bir səslə). İndi lazımdır.

 

Hacı Əhməd əlilə Baratı işarə edir, yəni onun yanında vermək olmaz deyir.



 

A l m a z. Ondan eybi yoxdur (Yerdən dəftəri götürür). Barat, başına dönüm, onun bu dəftərini dalınca at.

 

Barat dəftəri alıb çıxır. Baloğlan tez dalınca çıxıb zənbildə bəzi şeylər gətirir.



 

H a c ı Ə h m ə d. Bu iki min, bir azını da Molla Sübhan məscid pulundan verib. Bərəkətli olar. Baloğlan, onları da gətirdin?

B a l o ğ l a n. Bəli ya... maşın kimi.

H a c ı Ə h m ə d. Bu da bir az xırda-mırdadır.

A l m a z. Ana, çıx Baratı da çağır.

X a n ı m n a z. Ay qızım, əvvəlcə əlindəkiləri qoy bir yana, bunları da qoy aparım, sonra gedib onu çağıraram.

A l m a z (acıqlı). Ana, get Baratı da çağır.

 

Xanımnaz çox darılmış bir halda çıxır, Baratla qayıdır.



 

Gəldiniz? Barat, sən necə bilirsən? Bunlar kəndin möhtərəm ağsaqqalları və şura sədri mənə, dilimi kəsmək üçün iki min manat pul verirlər. Bəsdir, ya azdır? Yarısı da məscid pulundandır. Deyir bərəkətli olar.

B a r a t. Bilmirəm, sən özün bilən yaxşıdır.

A l m a z. Məsləhət gör.

B a r a t. Vallah, Almaz xanım, yenə də elə özün bilən yaxşıdır.

A l m a z. Mən bilən, mən bilən belə yaxşıdır: belə, belə, belə! (Kəskin bir hərəkətlə pulları çırpır). Və belə! İndi gedə bilərsiniz! Pilləkən uçubdur, gözləyin, yıxılmayasınız.

H a c ı Ə h m ə d. Neynək, çox sağ ol, görüşərik.

 

Çox acıqlı halda çıxırlar.



 

B a r a t. Sağ ol, Almaz xanım, sən məni sevindirdin.

A l m a z. Barat, onun şeylərini də dalınca at.

B a r a t. Dayan, adə, bunları da apar. Bu, bu, bu da bu, bu da bu! (Zənbili və xırda-mırdanı da yığıb pəncərədən dallarınca atır. Bayırda şüşələrin qırıldığı eşidilir).



 

P ə r d ə

Yüklə 405,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə