Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə70/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

 
230 
Səbr daşı 
(Nazim Hikmətin xatirə günü münasibətilə) 
 
Son  dəfə  həmişəlik  gəldiyi  Moskvadan  geriyə  -  Türkiyəyə  yolu  bağlı  idi. 
Sovetlərdə  yaşadığı  mühit  onu  alqışlara,  gül-çiçək  dəstələrinə  bürüsə  də,  sonralar 
o,  bu  zahiri  dəbdəbənin  arxasında  cəmiyyətin  eybəcərliklərini  apaydın  görə 
bilmişdi.  Sadəlövh,  günahsız  türk  inqilabçılarının,  o  cümlədən  Nazimin  dostu 
Affan  İkmekin  Azərbaycanda  yaşadığı  dövrdə  Sibirə  sürgün  edilməsinin, 
Müşfiqin,  Cavidin  faciəsinin  köklərini  araşdırır,  araşdırdıqca  da  dəhşətə  gəlirdi. 
Belə  müdhiş  duyğularla  yaşayır,  səbr  edirdi.  Günlərin  birində  bu  səbr daşı  çat-çat 
oldu...  
Gənclik  illərində  Moskvaya  məftun  olmuş  Nazim  Hikmət  50-ci  illərin 
sonunda  bağlandığı  ideala  inamını  itirmişdi.  İnamı  itirmək  isə  onun  üçün  bütün 
faciələrin ən dəhşətlisi idi.  
Anlamağa çalışıyorum inanmayı yitirmenin pahasına.  
Bir söz söyleyecektim sana söyleyemedim.  
Dünyamda sabahleyin aç karına içilen cıgaramın tadı,  
ölüm kendinden önce bana yalnızlığını yolladı…  
 (“Kocalmağa alışıyorum,” 12. I. 1963) 
Nazim  sosializm  cəmiyyətinin  eybəcərliklərini  gördükdən  sonra  buna  dözə 
bilmirdi.  Bir  yandan  da  məmləkət  həsrəti.  Oğluna  göndərdiyi  oyuncaqların  geri 
qayıtması  acısı.  Varnadan  oğluna  səslənməsi,  tək-tənha,  hər  əzaba  qatlaşan 
Münəvvərini  xatırlayarkən  çəkdiyi  vicdan  əzabı,  dərin  peşimançılıq  hissi, 
əsərlərinin Türkiyədə işıq üzü görməməsi, Nazimi sevənlərin təqib edilməsi,-bütün 
bunlar  Nazimi  sarsıtdı  və  şairin  gənclik  dostu  Vala  Nurəddinin  sözləri  ilə  desək: 
“Bu dünyadan Nazim geçdi”. 
Bu  yerdə,  Moskvada  yaşayan  həmyerlimiz,  görkəmli  türkşünas,  professor 
Tofiq  Məliklinin  məşhur  türk  şairi  Fazıl  Hüsnü  Dağlarcaya  həsr  etdiyi  yenicə 
çapdan çıxmış çox dəyərli kitabındakı bir məqamı  oxucuların nəzərinə çatdırmaq 
istəyirəm.  Tofiq  Məliklinin  “Siz  Nazim  Hikmətlə  görüşdünüzmü?”  sualına 


 
231 
F.H.Dağlarca belə cavab vermişdi: “Təəssüf ki, yox. Mən orduda xidmət edirdim. 
İstanbulda  nadir  hallarda  olurdum.  Onunla  çox  görüşmək  istəyirdim,  ancaq 
alınmırdı.  1937-ci  ildə  onu  həbs  etdilər.  Bundan  sonra  hökümət  Nazimin  bütün 
kitablarını yasaq etdi. Və tez bir vaxtda bizə təcili olaraq Nazimin bütün kitablarını 
toplayıb təhvil vermək əmri verildi. Ancaq mən Nazimin kitablarını əldən vermək 
istəmirdim.  Hərbi  hissədə  saxlaya  bilməzdim,  evə  poçtla  göndərmək  də  təhlükəli 
idi.  Bax,  o  vaxt  mənim  Nazimlə  dəhşətli  bir  “vidalaşmam”  oldu.  Mən  səhərəcən 
onun  bütün  kitablarını  bir  daha  oxudum,  sonra...  yandırdım.  Bu  mənim  üçün  heç 
vaxt unutmayacağım müdhiş, əzablı bir günah oldu.” 
Nazim  Hikmət  ilk  şeirini  qələmə  alan  gündən  özünü  təsdiq  edən  şairlərdən 
olub  və  həmin  andan  etibarən  də  yaradıcılığı  birmənalı  qarşılanmayıb.  İstər 
məfkurəsinə  görə,  istərsə  də  türk  poeziyasına  yeni  ideya,  yeni  vəzn  gətirdiyinə 
görə.  Amma  bu  bir  həqiqətdir  ki,  dövrünün  Əbdülhəqq  Hamid  kimi  nəhəng 
sənətkarı  Nazim  Hikməti  bəyənmişdi.  Özü  də  təkcə  Əbdülhəqq  Hamid  yox, 
yaşadığı  dövrün  əksər  qüdrətli  ədəbi  simaları  Nazim  Hikmətin  sənətini  yüksək 
qiymətləndirmişdi.  Amma  şairin  kommunist  ideyalarına  sədaqətini  bəyənməyib 
onu tənqid, hətta təhqir də etmişdilər.  
Nazim  Hikmət  ilk  dəfə  Moskvaya  gəldiyi  vaxt  sovet  cəmiyyətini  ideal  bir 
quruluş  kimi  görmüşdü.  Türkiyədə  həbsxanada  yatdığı  illərdə  “Zoya”,  “Moskva 
simfoniyası”  kimi  əsərlərində  Sovetlər  ölkəsini,  faşizmə  qarşı  sovet  xalqlarının 
mübarizəsini  gur  səslə  vəsf  etmişdi.  Sovet  yazıçıları  da  Nazimin  müdafiəsinə 
qalxmışdılar.  Azərbaycanın  söz  ustaları  da  Nazim  Hikmətin  məhbəsdən  azad 
edilməsi uğrunda öz səslərini dünyanın mütərəqqi insanlarının səsinə qatmış, şairin 
zindandan azad olunmasını tələb etmişdilər.  
Ömrünün  son  illərində  Nazim  Hikmət  kommunizm  ideyalarının,  sosializm 
cəmiyyətinin mahiyyətini başa düşmüşdü.  
Moskvada  yaşadığı  illərdə  şairin  ümid  yeri  ancaq  Azərbaycandı.  Mikayıl 
Rəfili,  Süleyman  Rüstəm,  Rəsul  Rza  kimi  şairlərlə,  Əkbər  Babayev  kimi 
tədqiqatçılarla  olan  dostluğu  ona  dayaqdı.  Bu  dostluq  qardaşlıq  zirvəsində  idi. 
Xüsusən Rəsul Rza ilə olan dostluğu onun üçün aman eviydi .  


 
232 
Nazim məmləkətinə bütün varlığı ilə bağlı idi. Əgər bir gün Nazimin Vətən 
həsrətinə  həsr  olunmuş  şeirləri  ayrıca  kitab  şəklində  nəşr  olunsa,  o  zaman  şairin 
çəkdiyi iztirablar daha aydın şəkildə gözlərimiz önündə canlanar. Həmin şeirlər bir 
deyil,  beş  deyil.  "Ağcaqayın  meşəsində",  "Yeni  il",  "Gəmi",  "Balkon",  "Ceviz 
ağacı",  "Mavi  liman",  "Münəvvərə  məktub  yazdım,  dedim  ki...",  "Sağ  əlim", 
"Sebastyan  Baxın  bir  nömrəli  Dominor  konserti",  "Dunay  çayı",  "Məmləkətim 
haqqında", "Bir Üsküdar balkonunda", "Faustun evi" və s. sənət nümunələri buna 
sübutdur.  Bu  şeirlərdə  qürbət  eldə  yaşayan  Nazimin  böyük  həsrəti,  ürək  ağrısı 
bütün incəliklərinə qədər duyulur. 
Nazimin bir gün, yəqin ki, "Məmləkətim" adlı bir kitabı çapdan çıxar. Və o 
kitabda  Nazimin  təkcə  şeirləri  deyil,  Türkiyə  haqqında  düşüncələri,  uca 
kürsülərdən  Türkiyə,  Türk  xalqı,  Türk  dili  haqqında  dediyi  dəyərli  sözlər, 
dostlarına,  yaxınlarına  yana-yana  açıb  söylədiyi  ürək  duyğuları  da  öz  əksini 
tapar… Məsələn bu sözləri: “Dünyanın ən yaxşı insanlarından olan Türk xalqının 
və dünyanın ən gözəl dillərindən biri və bəlkə də ən başda gələnlərindən olan Türk 
dilinin  yabançı  diyarlarda  tanınmasına  vəsilə  ola  bilmək,  ömrümün  ən  böyük 
sevinci  və  şərəfi  olur.  Bir  kəndli  torpağını  və  öküzünü,  bir  dülgər  taxtasını  və 
rəndəsini necə sevirsə, mən də türk dilini elə sevirəm.” 
3  iyun  1963-cü  il.  Nazimin  qəfil  ölümü  onu  tanıyanları,  sevənləri  qəlbən 
sarsıtdı. Onun ölümünə ağılar deyildi, şeirlər  yazıldı. Bu ağıların, şeirlərin böyük 
bir  qismi  Nazimi  həmişə  yaşadan,  heç  zaman  unutmayan  Azərbaycanın  payına 
düşdü. “Bakıya gəldim, dünyalar mənim oldu” deyirdi şair. Nazim Hikmət həmişə 
Bakıdadır, Azərbaycandadır, xatirəmizdədir, ürəyimizdədir. 
 
“525-ci qəzet, 22 may 2014-cü il. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə