Aydin talibzadə



Yüklə 2,19 Mb.
Pdf görüntüsü
səhifə57/114
tarix19.07.2018
ölçüsü2,19 Mb.
#57160
1   ...   53   54   55   56   57   58   59   60   ...   114

______________Milli Kitabxana_______________ 
180 
    
     
Bax, elə bu siyahıya  əsasən mən müəyyənləşdirdim ki, bu 
məktublar yalnız 1954-cü ildə yazıla bilər, yəni o ərəfədə ki, 
Mehdi Məmmədov aktiv şəkildə  Nəcəfbəy Vəzirovun 
“Yağışdan çıxdıq, yağmura düşdük”  komediyasını 
mənimsəyirdi, pyesin eksplikasiyası ilə  məşğul idi; və balaca 
Elçin də bu adları atasından həddən ziyadə eşitdiyindən onları 
öz məktubunda refleksiya eləmişdi. Hər  şarj-şəkildə onun 
personaja konkret reaksiyası, konkret uşaq münasibəti var. 
Nədənsə Hacı  Qəmbər maymaqdır və  tər içindədir. Hacı 
Salman isə  xəbərçidir, ağzından xəbər fışqırır. Aşıq Vəliysə 
məktubda  ən kiçik fiqur kimi təsvir edilib, dəyirmançı, yəni 
Qıdı Kirvə isə  əksinə. O, Elçinin rəsmində son dərəcə diri, 
ədabaz və lotu görünür. Bu müşahidələr Mehdinin evdə 
danışdıqları əsasında formalaşıb, yoxsa Elçinin özünün gəldiyi 
qənaətlərdir? Görünür, o da var, bu da var. Digər bir məqam: 
məktubda Fikrət  Əmirovun qızı  və yazı texnikası ilə bağlı 
informasiya da onu bildirir ki, bu məktub 1953-cü ildən sonra
özü də birinci sinif şagirdi tərəfindən qələmə alınıb. Deməli, 
Elçin 1953-cü ildə, düz 7 yaşında ikən, məktəbə gedib ki, 
1954-cü ildə sərbəst məktub yazmağı bacarıb.
145
 Məktublardan 
o da aydınlaşır ki, Elçin atasından daha çox ata nənəsinin 
yanında qalıb; amma buna baxmayaraq anası ilə  də  sıx  əlaqə 
saxlayıb. Elçinin üç məktubundan bir an da sezilmir ki, Barat 
xanımla Mehdi boşanmış  vəziyyətdədirlər. Hətta  əksinə, belə 
bir təəssürat yaranır ki, Elçin ideal bir ailənin övladıdır. Təbii 
ki, bu, Mehdinin və Baratın yüksək davranış  mədəniyyətinin 
nəticəsində bu cür formalaşıb.  Əgər məsələ  mən deyən kimi 
olmasaydı, Mehdi Məmmədov “Hacı  Qəmbər”də Yetər 
obrazını Barat xanıma verərdimi?  
     1955-ci  il  martın 26-da Milli Teatrın səhnəsində Mehdi 
Məmmədovun quruluşunda N.Vəzirovun “Yağışdan çıxdıq, 
yağmura düşdük” (“Hacı  Qəmbər”) adlı komediyası  əsasında 
hazırlanmış tamaşanın premyerası oynanılır. Tərtibatçı  rəssam 
Bədurə  Əfaqanlıdır. M.Vəlixanlı Milli Teatrın Hacı 


______________Milli Kitabxana_______________ 
181 
Qəmbəridir. Mehdi Məmmədovun rejissor yozumunda 
M.Əliyev tamaşanın Vəlisi,  İ.Osmanlı  Cəbisi, M.Şamxalov 
Qıdı Kirvəsi, A.Qurbanov Əşrəfi,  Ə.Məmmədova Dilbəri, 
L.Bədirbəyli Cəvahiri olmuşdu. Mehdi Məmmədov elə bu 
tamaşada Baratı  Nəcəfbəyin Yetəri kimi səhnəyə  çıxarmışdı. 
1955-ci ildə Baratın yaşı, qeyri-rəsmi məlumatlara istinadən, 
qırxı
146
 ötmüşdü. Pyesdə isə müəllif Yetərin 16 yaşı olduğunu 
göstərir. Yenə  həmin “Gənc qvardiya” tamaşasındakı  əhvalat: 
aktyorlar öz personajlarından yaşca qat-qat böyükdürlər! 
Xüsusilə də Barat Şəkinskaya! Amma 1955-ci ildə seyrçilər və 
teatr ictimaiyyəti bu şərtiliyi sakitcənə qəbul eləyir və heç bir 
etiraz-filan bildirmir. Tənqidçilər də bir söz demirlər,  əksinə, 
yer-yerdən tamaşanı da, Yetər rolunun ifaçısını da tərifləyirlər. 
Mən teatrşünas  Ədilə  Əliyevanın yazdığı resenziyadan özüm 
üçün aydınlaşdırdım ki, Mehdi Məmmədov “Yağışdan çıxdıq, 
yağmura düşdük” komediyasını yox, pyesdə yaşanılan 
hadisələrin kontekstini tamaşaya qoyubmuş: “Rejissor Mehdi 
Məmmədovun xidməti bundadır ki, o, Hacı  Qəmbərin evinin 
qapılarını geniş açaraq komediya vasitəsilə dövrü, mühiti 
qırmanclamış, onu bütün çılpaqlığı ilə göstərmək istəmişdir. 
Bu isə rejissora dövrümüzlə  səsləşən bir quruluş verməyə 
imkan yaratmışdır”.
147
  Hərçənd bu məqalədən dəqiq 
aydınlaşmır ki, tamaşanın ideyası (“ideya” sözü işlədilsə  də), 
rejissorun məqsədi nə olub. Amma kifayət qədər dəqiq oxunur 
ki, Mehdi “Yağışdan çıxdıq, yağmura düşdük” pyesini səhnədə 
əxlaq komediyası (janrdan söhbət aparılmasa da) kimi həll 
edibmiş. Görünür ki, resenziya müəllifi rejissor və rəssam işini 
də mahiyyətcə bir-birindən fərqləndirə bilmir, evin ortasından 
çəkilən pərdəni, qapı üstündən asılmış tüfəngi, qramafonu 
rejissorun tapdığı detallar cərgəsinə aid edir; halbuki bu 
detallar məkanın tərtibiylə bağlı rəssam işinin real təzahürüdür. 
Cəfər Cəfərovun tamaşaya verdiyi təhlildən isə mən belə başa 
düşdüm ki, səhnənin mərkəzi fiquru Hacı  Qəmbər yox, Yetər 
olub və tamaşanın bütün enerjisi bu qız ətrafında dövr eləyib. 


______________Milli Kitabxana_______________ 
182 
Haradasa Baratın Yetərini Mirandolina variantı kimi də 
yozmaq mümkündür. Nəcəfbəy komediyasının Yetəri tacir 
evinin qulluqçusudur: bu qız ağıllıdır, diribaşdır, amma 
kasıbdır, kimsəsizdir, tənhadır. Barat Yetəri elə bu cür də 
səhnədə ifa eləyirdi. Hərçənd mən teatrşünas yazılarının 
fraqmentlərindən bunu kəsdirdim ki, Barat son dərəcə  qəşəng 
və aqressiv Yetər oynayıb, təbii ki, Mehdinin rejissor 
konsepsiyasına görə. Həqiqətən, N.Vəzirovun Yetəri nə  qədər 
hüquqsuz olsa da, axırda qələbə onundur. Məhz 16 yaşlı Yetər 
Hacı  Qəmbərlə  Cəbinin axmaq iddiaları qarşısında sarsılmır, 
alçalmır və  hətta  əksinə, Hacı  Qəmbərlə  Cəbini “barmağına 
dolayır”, fürsət düşən kimi Cəbini öz qapazaltısına çevirir. Bu 
mənada Mehdi Yetər obrazını onun rəftarları kontekstindən 
çıxış edərək yozmuşdu: Yetərin yeniyetmə olmasına 
baxmayaraq o, heç də “az aşın qatığı deyil”. Diananın, 
Violanın, Florelanın, Mirandolinanın “şəcərəsi” burada aydın 
“oxunur”. Mehdi Məmmədov bu tamaşanı hücum və müdafiə 
prinsipi üzrə qurmuşdu. Hacı Qəmbər və Cəbi qulluqçu Yetərə 
qarşı bacarıqcasına, özlərinə arxayın-arxayın, fərsiz hücuma 
keçirdilər və 16 yaşlı “od parçası”nın (mənim Mirandolina 
barədə söylədiklərimi xatırlayın)  əla müdafiəsilə qarşılaşıb 
gülünc vəziyyətə düşürdülər. Odur ki, Hacı  Qəmbərin 
dəliliyinin birinci stadiyası 
(barama göndərdiyi gəminin batması 
ucbatından) 
onun dəliliyinin ikinci mərhələsinə 
(Hacı  Qəmbərin 
özündən 34 yaş balaca bir qıza aşiq olması səbəbindən)
 nisbətən Mehdi 
Məmmədovu daha az maraqlandırırdı. Kliniki baxımdan tam 
sağlam olub özünü dəli kimi aparmaq: bu ki fantastikadır; həm 
hamletsayağı olum tərzidir, həm də başdan-ayağa məsxərədir, 
şəbədədir.  Əbəs deyil ki, Yetər Hacı  Qəmbərin hücumlarını 
zaman-zaman dəf edib ona şəbədə eləyir, onu lağa qoyur. Barat 
xanım Yetəri məhz bu cür qıvraq, çevik, temperamentli, 
enerjili oynayırdı. Ona görə  də Yetərin tənhalıq, yalqızlıq 
qüssəsi Baratın ifası fonunda daha qabarıq, daha təsirli 
görükürdü. 


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə