______________Milli Kitabxana_______________
144
bənzədirəm. Mən bu tədqiqata başlayanda Mehdini
araşdırmaların, təhlillərin adi obyekti kimi fikirləşmişdim,
amma onu monoqrafiyamın qəhrəmanına çevirirəm. Mən bu
tədqiqata başlayanda ağlıma belə gətirməzdim ki, Mehdini
dedi-qodulardan, şayələrdən, cəfəng lətifələrdən bu qədər
müdafiə edəcəyəm, onu axmaqların yersiz rişxəndlərindən
qoruyacağam, buna Mehdinin ehtiyacı olmasa da. Əlbəttə ki,
buna Mehdinin ehtiyacı yoxdur. Sadəcə, mən gərək hər şeyi
haqqına danışım.
Yenə Solmaz xanım Həmzəyeva deyir ki, biz A.Bakıxanov
küçəsindəki mənzildə yaşayanda stolun üstü elə həmişə
kitablarla, vərəqlərlə dolu olardı və Mehdi düşünəndə qaşısına
bir ağ kağız qoyardı, kimlərinsə asta-asta şarjını çəkərdi.
Solmaz xanımın yadına gəlir ki, Mehdi onun da, anasının da,
hətta aktyorların da, Ədilin özünün də şarjlarının müəllifi olub.
Rejissor şarjlarda Barat xanımı pişiyə, Solmazı dovşana, Ədili
fil balasına oxşadırdı. Nə ilə cəlb elədi bu fakt məni özünə?
Birinci, Fransanın mədəniyyət naziri Andre Malronu
xatırladım: o, yazıçı idi, yorğun olanda, fikirləri qarışıq olanda,
nəyisə çözə bilməyəndə şəkil çəkirdi. İkinci: mütəxəssislər
söyləyirlər ki, rejissorun öz peşəsinə qeyri-rəsmi vəsiqəsi onun
rəssamlıq qabiliyyətidir. Təsviri sənət (xüsusilə, qrafika)
dünyanın ən tanınmış teatr və kino rejissorlarının hobbisi olub.
Mehdi də bunu bacarıb və sevib. Deməli, Elçinin rəssamlıq
istedadı genetikdir: bir tərəfdən Barat Şəkinskayanın qardaşı
Süleyman Hacıyevin nümunəsi var, digər tərəfdən isə rejissor
Mehdi öz şəxsi personası ilə...
1949-cu ildə Mehdi Məmmədov dahi ispan Lopeni yenidən
Azərbaycan səhnəsinə qaytarır. Bu dəfə növbədə onun “Rəqs
müəllimi” əsəridir. Pyesin gülməli vəziyyyətləri Aldemaronun
xarakterilə, onun davranışı ilə diktə edildiyindən bu, daha çox
xarakterlər komediyasıdır. Ancaq “Rəqs müəllimi” öz
strukturuna və qayəsinə görə vəziyətlər komediyasına da
yaxındır. Bir daha imitasiya faktoru. Nədən ki, 1948-ci ildə
______________Milli Kitabxana_______________
145
Moskvada 75 illik yubileylə əlaqədar qastrolda olarkən Mehdi
həmin bu “Rəqs müəllimi”ni Moskvanın Qızıl Ordu Teatrının
səhnəsində görür, tamaşadan xoşhallanır və beyninə batır ki,
bunu Milli Teatrda da gerçəkləşdirmək pis olmaz.
Azərbaycan teatrının mövcudluq və inkişaf impulsları
həmişə Moskvadan gəlib... Ah, əyalət, əyalət, əyalət...
Məkanda əyalət olmur. ƏYALƏT psixologiyanın, düşüncə
tərzinin səciyyəsidir. Əyaləti əyalət eləyən imitasiyadır: o
özünü Mərkəzə oxşatmaqla tanıyır, özünü Mərkəzə oxşadıb
dərk edir. Əyalət ideyaları və fikirləri Mərkəzdən bəzəkli
oyuncaqlar qismində və ya təzə paltarlar kimi sevinə-sevinə
“alır”, amma onları necə özünküləşdirməyi, necə əyninə
“geyməyi” bilmir və daha çox “pırpızlaşır”.
Nümunə Moskva teatrlarından görülüb, fiksə edilib, başqa
sözlə, tiraja çıxarılıb. Yəni onun formasını, üslubunu və hətta
ideyasını əyalətlərə aparmaq olar. Özü də Lope de Veqa
Mehdiyə uğur gətirmiş müəllifdir... Özü də əyləncəli sevgi
macəralarını məzəli səhnə oyununa çevirməkdən onun bir
sənətçi kimi xoşu gəlir. Özü də bu pyes Mehdinin
rejissurasında əla sıra yaradır: “Nə yardan doyur, nə əldən
qoyur”, “On ikinci gecə”, “Rəqs müəllimi”. Mən o vaxt
yaşasaydım və teatrşünas olsaydım bu sıranı dəyərləndirib də
belə bir məqalə yazardım: “İntibah dövrünün pyes və
gözəllərinin “ovçusu”. 1949-cu ildə Mehdinin “Rəqs müəllimi”
tamaşası ilə bağlı mətbuatda cəmi bir məqalə
118
dərc olunur: bu
resenziyanın da müəllifi Hüseyn Mehdidir. Hərcənd
respublikanın teatr ictimaiyyəti M.Məmmədovun bu
quruluşunu, mən deyərdim ki, hədsiz soyuqqanlılıqla
qarşılayır. Elə bil ki, Lopeni Azərbaycan teatrının kandarından
qovurlar, osa pəncərədən girir içəri. Halbuki Mehdi
Məmmədov “Rəqs müəllimi”ni Milli Teatrın səhnəsinə
gətirməklə tarixi-kulturoloji, sosial-kulturoloji hadisəyə imza
atıb. Eybi yox, nə olardı, kaş ki, bu tamaşanı kimsə tənqid
eləyəydi, bəyənməyəydi. Amma izah eləyəydi ki, nə üçün
______________Milli Kitabxana_______________
146
bəyənmir və Mehdinin günahı nədir, qüsuru nədir, nöqsanı
nədir. Hər halda beləsinə mən rast gəlmədim. Azərbaycan teatr
tarixi C.Cəfərovun, İ.Kərimovun simasında bu tamaşada rəqs
müəllimi Aldemaro rolunun ifaçısı Əjdər Sultanovun (Mehdi
Hüseyn mətninə istinadən: “Ə.Sultanov - Aldemaro həm gözəl
rəqqas, həm ehriraslı bir aşiq, həm də cəngavərdir”
119
)
peşəkarlığını, səhnədə oyun yaratmaq, möcüzə yaratmaq,
fantastik bacarıq göstərmək şövqünü tərifləyib gəzir və bunu
M.Məmmədov rejissurasının pozitivi kimi təqdim edir;
söyləyir ki, aktyoru “kəşf etmək”də Mehdinin misli yoxdur.
Yazıçı Mehdi Hüseyn isə tamaşanı uğurlu hesab edir,
Ə.Sultanovla yanaşı B.Şəkinskayanın (Florela), M.Əliyevin
(Alberiqo), A.Gəraybəylinin (Tebano), A.Rzayevin (Rikardo),
S.Tağızadənin (Vandalino), Fatma Qədrinin (Felisiya) ifalarını
yüksək qiymətləndirir. Rejissuraya gəldikdə isə bunu
vurğulayır ki, “Mehdi Məmmədov “Rəqs müəllimi”
komediyasının ictimai məzmununu (insanın yaşamaqdan zövq
almaq hüququnu heç nə ilə çərçivələmək mümkün deyil - A.T.)
aydın cizgilərlə açıb göstərməyə xüsusi diqqət yetirmiş, bu iki
zidd qüvvənin dramatik mübarizəsini ifadə üçün inandırıcı və
realist boyalar tapmağa müvəffəq olmuşdur. Quruluşun
müvəffəqiyyəti, hər şeydən əvvəl, böyük dramaturqun yaratdığı
insan surətlərini birinci plana çəkib göstərməkdir. Bu surətlər
əsasən qabarıq çıxdığı üçün də komediyanın lirik xəttilə yanaşı
satirik ünsürləri də dərin məna kəsb edə bilmişdir”.
120
Mən bu
qısa yazı fraqmentindən belə başa düşdüm ki, Mehdi səhnədə
bir daha həyat bayramı qurmaq həvəsində bulunubmuş, bu
bayramın çoxsaylı “jestlər”indən rəngbərəng fişəng düzəltmək
istəyibmiş.
Tamaşanın mərkəzi fiquru bu dəfə də Barat Şəkinskayanın
personajı Florela idi. Aldemaro məhz onun sevgisinə yetmək
üçün rəqqaslığı öyrənirdi, rəqs müəllimi olurdu. Mən Mehdi
Hüseynin məqaləsindən onu da oxudum ki, tamaşa səhnədə
dinamik tərzdə gerçəkləşən bir sevgi rəqsi kimi düşünülübmüş
Dostları ilə paylaş: |