Az Book Library downloaded from KitabYurdu org Sevgi MƏktublari sigmund Freud



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2231
1   ...   24   25   26   27   28   29   30   31   32

Biz yaşamaq istəyirik və yox olmaqdan qorxuruq, ona görə də, bütün

diləklərimizin çin olacağı gözəl nağıllar uydurmağa başlayırıq. Bizi irəlidə gözləyən

bəlli olmayan məqsədlər, ruhun bədəndən çıxıb göyə uçması, cənnət xülyası,

ölümsüzlük, tanrı, ruhun başqa canlılara keçməsi – bütün bu illüziyalar ölüm acısına

az da olsa şirinlik qatmaq üçündür.

Elmdə illüziya yoxdur. İllüziya ən çox bizim inamlarımızdadır, inam – gerçəklikdə

əlimiz çatmayan umacaqlarımızı illüziyalar şəklinə salıb bizə verir.

İnsanın MƏNİ onu amansızlıqla tapdalayıb yox eləmək istəyən gerçəkliyin

əlindən qaçıb öz körpəsinə sığınır, bununla da ölümsüzlüyünü qoruyub saxlayır.

Mazoxistin istəyi, başqalarının onunla köməksiz, asılı bir körpə kimi

davranmasıdır, ancaq o, bu körpənin çox yaramaz olmasını da istəyir.

İstənilən filosof, yazıçı və memuarçı özünün fərdi psixoloji baxışlarını yaradır,

insanın psixoloji fəaliyyəti ilə bağlı qanunauyğunluqlar üçün özünün hipotezlərini

qurur. Psixoloji baxışlarla bağlı olan oblastda heç kim bütünlüklə sayğılı və yetkili

(mötəbər) sayıla biləcək qaynaqlar tanımır. Bu, elə bir ovlaqdır, burada kim istəsə, öz

istəyinə uyğun olaraq, oğurluqca ovçuluq (brakonyerlik) eləyə bilər.

Elmdə heç vaxt mütləq doğru sayıla biləcək ilahi vəhylər olmur, elm insan

düşüncəsinin, çılğın bir istəklə, onda görmək istədiyi açıq-aydınlığı, dəyişməzliyi,

yanlışsızlığı ortaya qoya bilmir.

Şüurdışılıq “yox” sözünü tanımır. Şüurdışılıq diləməkdən başqa bir şey bacarmır.

Yuxugörmə – yuxunu pozan çağırılmamış qonaq deyil, o, yuxunun keşikçisidir.

Bir insanın şüurdışısı, şüurun iştirakı olmadan, başqa bir insanın şüurdışısını duya

bilər. Hər bir insanın şüurdışında başqa bir insanın öz şüurdışı ilə göndərdiyi

informasiyanı yoza bilmək imkanları vardır.

Bədii yaradıcılıq, xülyalar üzərində qurulan uşaq oyunlarının davamıdır. Öz uşaq

oyunlarını oynayan istənilən balaca, bu zaman özünün fərdi dünyasını yaratmaqla,

özünü şair kimi aparır, bir az da doğrusu, o, əlinin altında olan predmetlərdən özünün

bəyəndiyi kimi bir dünya qurur.

Mədəniyyətin inkişafının gedişində seksuallıqdan olduqca çoxlu ilahi və

müqəddəs dəyərlər atıldığından, seksin bugünə gəlib çatan qalığı çox yarımçıq

görünür.

İnsanın psixi yaşamı ilə dərindən tanış olanlar bunu yaxşı bilirlər, insan ən azı bir

dəfə həzz aldığı nəsnələri çox çətinliklə unudur, onlardan çox böyük ağrılar

yaşamaqla ayrılır.

Nevrozlar – incəsənət, din və fəlsəfə kimi böyük sosial məhsulların karikaturası

kimi yaranır. Burada isteriya – incəsənət əsərlərinin karikaturası, düşkünlüyə

qapılmaq – dinin karikaturası, öz-özünə sayıqlama isə (paranoid), fəlsəfi sistemlərin

karikaturasıdır.

Milli özəllik – xalqın keçmiş tarixindən qalan qatılaşmış qalıqlardır.

Hamı öz düşüncəsində tanrını doğma atasına oxşar olaraq yaradır.

İstənilən uşaq, öz ata-anasının gözündə çox böyük bir insan olmaq üçün

doğulmuş varlıqdır: oğlan uşağı gərək atasının istəyib ola bilmədiyi çox böyük bir

kimlik, adlı-sanlı bir igid olsun, qız isə, kral oğluna ərə gedib anasının əli yetməyən bu

diləyini, heç olmasa belə bir qayınanalığa çata bilməklə, ovuda bilsin.

downloaded from KitabYurdu.org



Yumoristin üstünlüyü onun yaşlı birisinin roluna girməsindədir, o haradasa özünü

atalıq ucalığına qaldırır, qarşısındakı izləyicilərini isə öz uşaqları yerinə qoyur.

Fərdlərin çoxusu qazandığı üstünlükləri, öz içərilərindəki aqressiv və öcəşkən

duyğuları üzərində ağalıq eləyə bilməklə qazanmışlar; toplanan bu üstünlüklərdən

isə, maddi və ideal baxımdan yararlı sayılan dəyərlər yaranmışdır. Öz ehtiraslarını

cilovlaya bilməyərək toplumla uyuşmayanlar isə, birdən, toplumun yüksək qatında

doğulmayıblarsa və özlərinin hansısa üstün bacarıqları ilə “qəhrəman” kimi

tanınmayıblarsa, onda topluma qarşı olduqları üçün onları “cinayətkar”, yaxud da

“dönük” saymışlar.

İnsanların heç biri həzzə qapılmaqdan boyun qaçırmağı bacarmır; görün iş nə

yerdədir, din də bu dünyadakı həzlərdən əl çəksələr, o dünyada qat-qat böyük həzlər

alacaqları, ölçüyəgəlməz sevinc duyacaqları ilə insanların başını tovlamağa çalışır.

Mən heç vaxt yararsız və yarımçıq baxışlarımı yararlı və bütöv adı ilə ortaya

çıxarmağa çalışmıram, habelə, indiyədək doğru saydıqlarımdan nələrsə məndə

inamsızlıq doğurmağa başlayan kimi onları yenisi ilə dəyişirəm.

Doğrusuna qalsa, mən alim, araşdırıcı və düşünər (mütəfəkkir) deyiləm.

Temperamentimə görə mən, olsa-olsa, konkistadoram – macəra axtaranam, arasanız,

bu sayaq adamlarda olan bütün özəllikləri: öyrənməyə canatmanı, utanmazlığı və

tərsliyi, məndə də görə bilərsiniz.

İstənilən texniki qurğuya uyğunlaşmaq insan fərdiyyətinin hansısa kəsiminin

ölümü deməkdir.

İnsanın texniki araclara arxalanaraq özgürlüyə çatmağa çalışması, sadizmin

işəyarar mədəni formalar almasıdır.

Hər şeyin çox yüksək ağlabatanlığı belə, bizi yanlışa qapılmaqdan qoruya bilmir;

baş sındırmaqla hansısa problemin bütün kəsimlərinin aydınlaşdırıb bir yerə

toplandığını sandıqda belə, doğruya oxşayanın həmişə gerçəkdən doğru ola

bilməyəcəyini də unutmaq olmaz, doğru olan şeylər isə çox vaxt ağlabatan olmur.

İnsanlar arasında maraqların toqquşmasını aradan qaldırmaq gücə arxalanaraq

yoluna qoyulur. Elə heyvanlar arasında da bu belədir, ona görə də, insan gərək

özünün heyvanlardan bütünlüklə ayrıldığını sanmasın; düzdür, insanlar arasında yeni

tipli bir qarşıdurma da vardır, burada, çox yüksək abstraktlığacan gedib çıxan, rəylərin

toqquşması baş verir və bu qarşıdurma artıq gücə arxalanaraq həll edilməli deyildir.

Ancaq bu mürəkkəbləşmə insanın yaşamında çox-çox sonralar ortaya çıxmışdır.

Məncə, insanlığın qarşısında belə bir ölüm-dirim sorusu dayanır: mədəniyyətin

inkişaf yolunda gəlib çıxdığı aqressiya və özünüyoxetmə ehtiraslarını cilovlamaq

olacaqmı, olacaqsa, haracan və necə olacaqdır? Bugünümüzdə bu ən önəmli bir soru

kimi önümüzdə dayanmaqdadır. İnsanlar təbiətin gücləri üzərində ağalıq eləyə

bilməkdə çox uzaqlara gedib çıxdıqlarından, indi onlardan yararlanmaqla bütün

insanlığı yer üzündən silib atmaq olar. İnsanlar artıq bunu anlayırlar və onların

ruhunda yer alan çaşqınlıqlar, bədbəxtliklər və qarğaşaların yaranmasında bu

durumun çox böyük rolu da gözə çarpmaqdadır.

Mədəniyyətin insanlığın ən böyük uğuru olması və mədəniyyət yolunu tutanların

görünməmiş bir ucalığa çatacaqları ilə bağlı yürüdülən məntiqsiz düşüncələri

bölüşmürəm. Mən mədəniyyətin məqsədi və ona çatmaq araclarına baxıb onu

downloaded from KitabYurdu.org



bəyənməyən və belə bir sonuca gələn kimsələrin dedikləri bu sözləri azacıq da olsa

acıqlanmadan dinləyirəm: mədəniyyətin qazandıqları onun üçün çəkilən əməyə

dəymir, sonucda o, fərdləri olduqca dözülməz bir duruma salacaqdır.

Hər bir fərdin daxilində iki istək biri-biri ilə toqquşur, bunlar: öz xoşbəxtliyinə

canatmaq ilə başqa insanlarla doğmalaşmağın qarşıdurmasıdır; elə bunun kimi də,

toplumda fərdi inkişaf ilə mədəni inkişafın qarşıdurması yaranır.

Vicdan öz ehtiraslarından əl çəkməklə yaranır; bizə qıraqdan aşılanan

ehtiraslardan özümüzü çəkindirməyimizdən yaranan vicdan, bundan sonra da, daha

yeni-yeni ehtiraslardan çəkinməyi tələb eləməyə başlayır.

İnsanlar heç də həmişə, ürəklərinə yatan yamanlıqlara qapılmaqdan çəkinmirlər,

onlar üçün ən başlıcası bunun başqalarından gizlin qalmasıdır.

Təbiət insanlara bədəncə və ruhca çox qeyri-bərabər bacarıqlar vermiş və

bununla da, heç bir üsulla aradan qaldırıla bilməyən bir ayrı seçkilik yaratmışdır.

Bizə verilmiş ömrü yaşamaq çox ağırdır, o bizlərə çoxlu ağrı-acılar, sıxıntılar,

çıxılmaz problemlər gətirir. Ömrün bu ağırlığına dözmək üçün hansısa yüngülləşdirici

araclar olmadan keçinmək olmur. Belə araclar, göründüyü kimi, üç yerə bölünür:

bizim düşüncələrimizi öz qaragünlüyümüzdən yayındıra bilən güclü təsiri olan

əyləncələr; gerçək həzlərimizə oxşayan ötəri sevinclərə qapılmaq; bir də bizə öz

bədbəxtliyimizi unutduran narkotik.

Saya insanların dini – ehkamlardan və şirnikdirici vədlərdən qurulmuş bir

sistemdir, bütün bunlar isə bu saya insanlara, gözüaçıq insanların həsəd apara

biləcəyi, bir toxtaqlıq gətirir, onlar bu bayağı inancları ilə yaşadıqları dünyanın bütün

anlaşılmaz tapmacalarına cavab tapırlar, başqa yandan da, bu inancları onlara, ilahi

bir varlığın onların talelərinin keşiyində dayandığını, habelə bu dünyada çəkdikləri

ağrı-acıların qarşılığını o dünyada sonsuzlaradək sürəcək gözəl bir yaşamla

ödəyəcəyini aşılayır.

Hansısa sayda canlı varlıqlar bir yerə yığışanda – bunun heyvan sürüsü, yaxud

insan kütləsi olması önəmli deyil – onlar instinktiv olaraq kiminsə böyüklüyünə boyun

əyməyə yönəlik olurlar. Kütlə – kiminsə ağalığı olmadan yaşaya bilməyən üzüyola

sürüdür. Kütlə, kiməsə boyun əyməyə çox qatı bir şəkildə yönəlik olduğundan, kimsə

özünü ağa elan eləyən kimi, instinktiv olaraq ona boyun əyir.

Çoxlu sayda insanları sevgi telləri ilə biri-birinə bağlamaq asandır, ancaq bunun

üçün gərək onların ayrıldığı və aqressiyalarının yönələcəyi başqa insanlar da olsunlar.

Dini sorulardan söz düşüncə, insanların çoxu, bilərəkdən, iki suça batmaqdan

çəkinmirlər, bunlar: iyrənc bir şəkildə ikiüzlülük eləmək və özünü anlamaz yerinə

qoymaqdır.

Özünü yetkinləşdirmək istəyi “narsizmdən” qaynaqlanır, daha doğrusu, belə

çalışmaların özülündə özünü yetkinləşdirməklə başqalarından üstün olmaq istəyi

dayanır.

Biz, çox vaxt, özümüzü uzun bir müddət üçün çəkindirməli olduğumuz, hansısa

həzlərə çatmağa səadət deyirik.

Utancaqlığın nə demək olduğunu bilmədiyimiz körpəlik çağlarımızı cənnət

sanırıq, elə kütlənin qapıldığı cənnət fantaziyası da, insanlığın çox-çox keçmişlərdə

yaşadığı körpəlik çağlarının örnəyi üzrə yaranmışdır.

downloaded from KitabYurdu.org



Fərdlərin psixi inkişafı, insanlığın keçdiyi psixi inkişaf yolunun qısa təkrarıdır.

Narkotiklə səadətə çatmağı və ağrı-acılardan qurtulmağı çox yüksək

dəyərləndirdiklərinə görə, çoxlu fərdlər, habelə, bir sıra xalqlar öz həzzləri ilə bağlı

sferada ona olduqca sayğılı bir yer ayırmışlar. Narkotik ondan yararlananlar üçün

təkcə həzzvericiliyinə görə dəyərli deyil, həm də onları dünyadan ayıra bildiyinə görə

dəyərlidir. “Qayğı yükündən qurtaran” bu aracın yardımı ilə istənilən vaxt gerçəkliyin

sıxıntılarından yayınıb, öz dünyana sığına bilərsən və burada duyduğun həzlər

dünyada olanlardan yaxşıdır. Bax elə bu özəlliyinə görə də, narkotik çox qorxulu və

ziyanlıdır.

Sosial ədalətin anlamı budur: insan, başqalarının da bunu eləməsi üçün, öz istəyi

ilə, çoxlu sayda nələrisə eləməkdən əl çəkir və ya, özünün eləmədiyi nəyisə

başqalarının eləməsini tələb eləmir. Sosial vicdanın və borc duyğusunun kökündə bu

tələb dayanır.

Bütün dinlərin özülündə öz ətrafında birləşdirdiyi insanlara olan sevgi dayanır;

ancaq istənilən din onun buyuruğuna boyun əyməyən və onun ətrafında birləşmək

istəməyən bütün yerdə qalan insanlara qarşı qaniçən və dözümsüz bir münasibət

göstərir.

Nəyəsə toxunmaq ona yiyələnmək anlamındadır, bu toxunuşda, istər insanı,

istərsə də hansısa nəsnəni öz buyuruğuna salmaq istəyi vardır.

Sınaqların göstərdiyi kimi, insanların çoxu, öz yaranışlarına (təbiətlərinə) görə,

mədəniyyətin tələblərini ancaq bəlli hədlərə kimi yerinə yetirə bilirlər, daha artıq

tələbləri yerinə yetirməkdən isə boyun qaçırırlar. Onları yaxşılığa yönəltmək istəyən,

ancaq təbiətlərinin qəbul eləmək istəmədiyi nə varsa, hamısı, onlarda nevroz

yaratmağa başlayır; qarşılarında, bacara bildiklərindən artıq mədəni tələblər

qoyulmayanda, ürəklərincə olan aşağı səviyyədə qalmağa yol veriləndə, bu adamlar

özlərini çox yaxşı hiss eləyirlər.

Əski çağ insanlarının sevişməyə yanaşması ilə bizim yanaşmamız arasındakı

önəmli fərq bundadır: onlar burada başlıca vurğunu ehtirasın üstünə salırdılar, biz isə

vurğunu ehtirası doğuran obyektin üstünə salırıq. Əski çağ insanları ehtirasa çox

böyük dəyər verirdilər və onu doğuran obyektə də, elə buna görə, qayğı ilə yanaşır,

ancaq onu az dəyərləndirirdilər, biz isə, tərsinə, ehtirasın yaranmasını özü-özlüyündə

az dəyərləndirir, onu yaradan obyekti isə yüksək dəyərləndiririk.

Qadının qulluğunda durmaq da, hərbi qulluqda olmaq kimidir, burada da gərək

heç nəyi unutmayasan, hər şeyi yerli-yataqlı və vaxtında eləyəsən.

Belə bir önəmli fakt göz özündədir: insanlar öz bugünkü yaşamlarını çox böyük

bir anlamazlıq içində yaşayırlar və onun anlamını dəyərləndirə bilmirlər; onlar gərək

bugündən bir az qırağa çəkilsinlər, başqa sözlə desək, gərək bu gün keçmişə çevrilsin,

yalnız bundan sonra onu dəyərləndirə və gələcəyə apara biləcək düzgün yönünü

aydınlaşdıra bilsinlər.

İnsanın günü yaxşı keçəndə vicdanında bir boşluq yaranır və o, insanın eqoizmini

başlı-başına buraxır, onun bütün şıltaqlarına və yanlışlarına dözür; insanın qara

günləri başlayan kimi, o özünə qapılır, özünün suçlarını boynuna almağa başlayır,

vicdanının tələbləri kəskinləşir, özünü çox şeylərdən çəkindirir və özünü tövbələrlə

downloaded from KitabYurdu.org




cəzalandırmağa çalışır. Xalqların bir çoxu da özlərini belə aparmışlar və elə bugün də

aparmaqda davam eləyirlər.

Yüzillər keçdikcə, elm insanın sadəlövh özünəvurğunluğunu iki dəfə, çox böyük

bir ölçüdə, alçaltmışdır. Elm – yerin dünyanın mərkəzi olmadığını, qalaktikanın

ölçüyəgəlməz dərəcədə kiçik bir tozcuğu olduğunu bildirəndə, insan özünü alçaldılmış

sandı. Bu alçaldılma Kopenikin adı ilə bağlıdır, ancaq bunu elə çox əski çağlarda

İsgəndəriyyədə yaşamış alimlər də bilirdilər. Sonra elm insanı ikinci dəfə, bu sözləri

deməklə, alçaltmış oldu: sən demə insan heç də tanrı tərəfindən onun özünə

bənzədilərək, üstün bir varlıq kimi yaradılmayıbmış, deməyəsən, insan heyvanat

aləminin təkamülündən yaranıbmış və bu gün də o öz təbiəti ilə bu aləmlə qırılmaz

tellərlə bağlıdır.

Yoxsul ailədən olan bir qız, illüziyaya qapılaraq, haçansa bir şahzadənin onunla

evlənib özü ilə dəbdəbəli saraya aparacağını düşünə bilər. Bu mümkündür, axı az da

olsa, belə hallar baş vermişdir. Ancaq qeybdən bir xilaskarın gəlib dünyada qayda-

qanun yaradacağı, qızıl çağlara yol açacağını düşünmək bundan qat-qat az inandırıcı

və baş tutmayacaq bir illüziyaya qapılmaqdır.

Mədəniləşən insan özünün xoşbəxt olmaq imkanını təhlükəsiz yaşamaq imkanı

ilə başa-baş dəyişdi.

Necə acınacaqlı olsa da, bu özəlliyimi boynuma alıram: mən də bir sıra yaramaz

adamların sırasındayam və buna görə də, ruhlar mən olduğum yerdə insanlarla

danışmaqdan boyun qaçırırlar, habelə, başqalarının yanında göyün yeddinci qatından

soraq verən insanların ruhları, məni görüncə, uçub gözdən itirlər, elə buna görə də,

haçansa, məni möcüzəyə inandıracaq bir güclə qarşılaşa bilməmişəm.

Sözün qısası, insanların çox geniş yayılmış iki çatışmazlığı mədəniyyətin

qorunmasının, bəlli ölçülərdə, zorakılığa arxalanmasına gətirib çıxarmışdır, bunlardan

birincisi, insanların könüllü olaraq əməyə qatlanmaq istəməməsidir, ikincisi isə, əqli

dəlillərin onların ehtiraslarına üstün gələ bilməməsidir.

Bizə belə bir düşüncə aşılamağa çalışırlar: bu deyilənlərə babalarınız inanıbsa,

deməli sizlər də inanmağa borclusunuz. Ancaq babalarımızı bizlə tutuşduranda

onların olduqca geridüşüncəli olduğunu da hamı bilir və onların inandığı çoxlu

nəsnələrə inanmaq mümkünsüzdür. Bu düşüncələrin sonucu olaraq, elə dini

təlimlərin də bu sıradan olduğu şübhəsi yaranır. Dini təlimlə bağlı bilgiləri bizə

çatdıran kitablarda yazılanlar, harasına baxırsansa, inandırıcılıqdan çox uzaqdır.

Onlarda çoxsaylı dolaşıq yerlər var, habelə, onların zaman-zaman dəyişdirildiyi və

yenidən qondarıldığı da açıq-aydın

duyulur.


Dini təlimin illüziyalar üzərində qurulduğunu anlayandan sonra, o andaca belə bir

soru da ortaya çıxır: yoxsa, bizim yuxarı başa çıxarıb, yaşamımızı yönətməyi

tapşırdığımız mədəniyyətin başqa bölmələri də elə illüziyalardan yaranıbdır?

Görəsən, insanlığın qurduğu dövlət idarəçiliyi də bir illüziyadırmı? Habelə, cinslərarası

ilişkilər də, mədəniyyətin uydurduğu erotik bir illüziya, özü də çoxçalarlı bir illüziya

ola bilməzmi?

İnsan təklikdə qalanda, həmişə özünə, ya çox şit, ya da çox qanmazcasına

yanaşır.


downloaded from KitabYurdu.org


Mədəniyyət anlayışı – bizim yaşamımızı heyvan kökənli ulularımızdan ayıran

bütün insani uğurların və sosial quruluşların toplusuna verilən addır, onun iki

məqsədi vardır: insanı təbiətin basqılarından qorumaq və insanların biri-biri ilə yola

getməsinə çalışmaq.

Rusların psixikası öz inkişafında belə bir sonuca gəlib çıxmışdır: günah işlətmək –

tanrının bağışlayan və mərhəmətli olduğunu sınamaq zərurətindən yaranır, ona görə

də, günah işlətmək tanrının böyüklüyünü təsdiq eləməklə, onun bəyəndiyi -

əməllərdəndir.

İllüziyaların gözəlliyi bizi ağrı-acılarımızdan ayırmasında və onların yerinə həzlər

verməsindədir. Ona görə də, birdən, illüziyalar gerçəkliyin hansısa kəsimi ilə yaranan

kəskin qarşıdurmadan çiliklənəndə bunu ürəyimizə salmamalıyıq.

Yaşasaydı, mənim vaxtsız ölən qızımın bugün otuz altı yaşı olacaqdı... Yaşamda

itirdiyimiz doğmamızın ruhumuzdakı yeri həmişəlik qalır. Düzdür, bu ağır itkidən

doğulan sarsıdıcı kədər sonradan itib gedir, ancaq biz heç vaxt sonacan ovuna bilmirik

və bu itkinin yerini dolduracaq başqa birisi tapılmır. Ruhumuzdakı bu boşluq

həmişəlik olur və onun yerini doldurmaq istədiyimiz şeylərdən heç biri itkimizin yerini

verə bilmir. Belə də olmalıdır. İtirdiyimiz doğmamıza bəslədiyimiz sevgini yaşatmağın

başqa yolu yoxdur.

İnsan mədəniyyəti – təbiət güclərini yenə bilmək, onları özünə qulluq eləməyə

qoşmaq üçün, biliklərin qazanılması prosesidir və bu biliklər insanın öz gərəklərini və

çoxyönlü yararlarını ödəmək işinə yarayır. Habelə, bu proseslərin, insanların qarşılıqlı

ilişkilərini sistemləşdirmək kimi bir özəlliyi də vardır. İnsanlar bu birliklərin

yaradılması üçün özlərinin hansısa istəklərindən keçməli, bir sıra ehtiraslarını boğmalı

olurlar; ancaq buna baxmayaraq, insanlar, demək olar, təklikdə yaşamağı

bacarmasalar da, bu birliklərin yaranması üçün itirdikləri nəsnələrə görə üzülürlər.

Onlar, mədəniyyətin yaratdığı bu insani birliklərin zorakılığına və basqısına

düşdüklərini düşünürlər.

İnsan – insanlığı siniflərə bölən və bu bölgünü qoruyan yasaqlara çox pis yanaşır.

Bu bölgüdə üstünlüklərə yiyələnmiş siniflərə qarşı bir gözügötürməzlik duyğusu

yaranır və insan, bütün yollara əl ataraq, özünün də bu üstünlüklərə yiyələnə

bilməsinə çalışır. İnsan mədəniyyətində özünü göstərən bu çatışmazlıq gec-tez

qarşısıalınmaz sonuclara gətirib çıxarır. Toplumda çoxluqda olan və oturuşmuş

durumu görməyə gözü olmayan sinif, azlıqda qalan sinfin əldə elədiyi üstünlükləri

ona da verməyi bacarmayan mədəniyyəti yaşatmaq üçün işləməkdən boyun

qaçırmağa başlayır, bu mədəniyyətin yükünü çəkməyi istəməyərək, onu devirir.

Mədəniyyətin hansısa bir toplumda qoyduğu yasaqların yaratdığı boşluq, çox

vaxt, başqa toplumların mədəniyyət ideallarına yağılıq bəsləməklə doldurulur.

Mədəniyyətin əldə elədiyi üstünlükləri, onun daşıyıcıları öz üstünlükləri saymağa

başlayırlar. Beləliklə də, mədəni özəlliklər və fərqliliklər bu mədəniyyətin daşıyıcılarını

başqa mədəniyyətlərə yuxarıdan aşağı baxmağa gətirib çıxarır.

İnsanlar istənilən biliyi yoxlamadan keçirib sonra onun doğruluğuna inanırlar.

Soruşmaq olar: onda insanın tanrıya, dünyanı yönətən gücə olan inamı nəyə

arxalanır? Bu inancın özülündə dayanan ən başlıca nəsnələrdən biri, ulu

babalarımızın kimliyinə bəslənən sayğı, onların yalan danışmamasına olan inamdır;

downloaded from KitabYurdu.org



daha sonra, keçmişdən bugünə gəlib çıxmış dini inancla bağlı maddi və mədəniyyət

abidələri, habelə, toplumda tanrının varlığını sübut eləyən dəlillər axtarmağa qoyulan

yasaqlar bizi inancla bağlı deyilənləri yoxlamaqdan çəkindirir.

Sevənlər, bacardıqca, toplumdan ayrılmağa çalışırlar, sevgi duyğuları gücləndikcə

onlar daha çox yalqızlığa çəkilməyə can atırlar. Sevgi duyğusu ilə yanaşı olaraq

yaranan güclü qısqanclıq duyğusu isə, sevənlərdə, ehtiraslarının yönəldiyi obyekti

toplumun qıraqdan ola biləcək basqılarından qorumaq üçündür.

Dinə arxalanmayan insan özünü qoruyan, yaşadan və dolandıran bir yenilməz,

gizlin və böyük gücün olduğunu danmağa gəlib çıxır, o özünün dünyanın seçilmiş

yaradılışı olmadığını da anlayır. Bu andan başlayaraq, insan özündən uydurduğu –

qoruyucu-atası üçün darıxmaqdan əl çəkir, öz körpəliyindən ayrılmağa başlayır,

habelə, anlaqca da yaşa dolmağa başlayır.

İnsanlıq insan mədəniyyətini şərtləndirən yasaqların ilahi mənşəli olması

inamından əl çəksə, onların yerdə, elə insanların özü tərəfindən yaradıldığına inansa,

onda çox ola bilsin, bu yasaqlar həmişəlik qalmaqda olduqları donuqluğundan çıxar,

daha əzmək və sıxışdırmaq vasitəsi kimi anlaşılmazdılar və insanlıq onları öz marağına

qulluq eləyən vasitə kimi qavramağa başlayardı. Onda hamı da onların gərəkliyini

anlayardı.

İnsan ağrı-acılardan qaçmağa çalışır və bu təbiidir. Ağrı-acılara tuş gəlməməyin

sınanmış yollarından biri öz istəkləri üzərində nəzarətdir. Doğuda (Şərqdə) bunu

eləyə bilmək üçün öz ehtiraslarını öldürmək kimi kəskin bir yola əl atmaq təcrübələri

olmuşdur. Ancaq belə kəskin yanaşma insanı dünyadan və yaşam qayğılarından

büsbütün ayırır. Belə bir xoşbəxtliyin dəyəri – insan toplumunun yox olması ilə

ölçülür.


İnsanın özünü xoşbəxtliyə çatdırmaq metodlarından biri, gerçəklikdə çevriliş

eləməyə çalışmasıdır. Çevirilişçi, dünyanı öz istəklərinə uyğun qurmağa çalışır. Belə

bir metod, bəlli olduğu kimi, uğur gətirmir. İnsan öz illüziyalarında ağılsızlığa kimi

gedib çıxır. Ancaq ən maraqlısı, bizim hamımızda gerçəkliyi öz diləklərimizə uyğun

dəyişmək aşırılığının olmasıdır. Belə bir illüziyaya çoxluğun qapılması örnəyi isə, dini

icmalardır.

22 İnsent – ata ilə qızının, qardaş ilə bacısının, oğul ilə ananın arasında olan cinsi

yaxınlığa deyilir.



downloaded from KitabYurdu.org

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə