Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
- 41 - 
 
 
 
 
 
 
 
 
FƏLSƏFƏ VƏ TƏHSİL 
 
 
Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə 
bir  neçə  il  ərzində  yiyələnmək  imkanı  verir.  Yaşadığı  zamanın  tələbləri 
səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin 
işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.  
Yeni  biliklərin  əldə  edilməsi  təhsilin  yox,  elmin  funksiyasına  aiddir. Təhsil 
isə artıq məlum olan bilikləri geniş kütlələrə və ya məqsəddən asılı olaraq əhalinin 
müəyyən qrupuna çatdırmaq (öyrətmək, mənimsətmək) üçün təşkil olunmuş geniş 
miqyaslı ictimai prosesdir.  
Xüsusi  tətbiqi  məqsədlər  üçün  gizli  saxlanan  ən  yeni  biliklər  istisna 
olunmaqla əvvəlki  nəsillərin  əldə etdiyi  bütün  biliklər  –  bəşəriyyətin  ümumi  bilik 
xəzinəsi  bütün  xalqlar  və  millətlər  üçün  açıqdır.  Məsələn,  avropalılar  üçün  ayrı, 
afrikalılar  üçün  isə  ayrı  bilik  bazaları  mövcud  deyil.  Habelə  milli 
xüsusiyyətlərindən  asılı  olaraq uşaqların  qavrama  qabiliyyəti  arasında  böyük  fərq 
yoxdur.  Əsas  fərq  bu  biliklərin  yayılması,  mənimsədilməsi  prosesini  necə  təşkil 
etməkdədir.  
Təhsil öz səviyyə və yönümündən asılı olaraq üç müxtəlif məqsədə xidmət 
edə bilər.  
Birincisi,  bilik  və  təcrübə  bu  və  ya  digər  fəaliyyət  sahəsində  istifadə 
olunmaq,  praktikada  tətbiq  edilmək  üçün  əldə  edilir.  Həkimlərin,  mühəndislərin, 
bəstəkarların  və  s.  tətbiqi  fəaliyyəti  (yaradıcılıq  fəaliyyətindən  fərqli  olaraq  hazır 
bilik və vərdişlərə əsaslanan fəaliyyət) bu qəbildəndir.  
İkincisi, bilik və təcrübə başqalarına öyrətmək üçün əldə edilir. Müəllimlik 
sənəti  qarşısına  heç  bir  başqa  praktik  məqsəd  qoymadan,  yalnız  təhsil  sisteminin 
kadrla  təmin  olunmasına,  başqa  sözlə,  onun  öz  inkişafına  xidmət  edir.  Fənn 
müəllimləri əslində fizik, riyaziyyatçı yox, məhz fizika müəllimi, riyaziyyat müəl-
limi  olduğu  kimi,  müəllim  mühəndis,  müəllim  həkim  də  peşəsinə  görə  məhz 
müəllimdir.      


 
- 42 - 
Üçüncüsü,  bilik  və  təcrübənin  səviyyəsini  yüksəltmək  üçün,  yeni  biliklər 
əldə  etmək  üçün  lazım  olan  fəaliyyət  sahəsi  –  elmi  iş  də  ilkin  təhsil  mərhələsini 
tələb  edir.  Yəni  ancaq  əvvəlki  nəsillərdən  miras  qalan  bilik  və  təcrübə 
öyrənildikdən  sonra  hər  bir  nəsl  öz  payını  bura  əlavə  edə  bilər.  Yeni  biliklərin 
alınması  istiqamətində  fəaliyyət  nəzəri  yaradıcılıq  –  alimlik,  yeni  təcrübə  əldə 
etmək sahəsində fəaliyyət isə əməli yaradıcılıq (yaradıcı həkim və ya alim həkim, 
ixtiraçı mühəndis və s.) adlanır.    
Birinci  –  bilik  və  təcrübənin  tətbiqinə,  ikinci  –  yayılmasına,  üçüncü  – 
artırılmasına xidmət edir. Lakin bu fərqlər təhsilin məqsədində və yüksək mərhə-
ləsində özünü  göstərən fərqlərdir. İlkin mərhələdə isə hər üç istiqamət eyni geniş 
yoldan  ayrılır,  üst-üstə  düşür.  Yəni  bütün  hallarda  əvvəlcə  keçmiş  nəsillərin  əldə 
etdiklərini öyrənmək, mənimsəmək lazımdır. Bu isə sözün dar mənasında, məxsusi 
mənada təhsildir. Bu mərhələdə təhsil hələ başqa fəaliyyət sahələri ilə çarpazlaşmır 
və xalis təhsil sahəsi kimi mövcud olur.  
Bünövrədə  və  ilk  mərtəbələrdə  daxili  bölgü,  şaxələnmə  yoxdur.  Yalnız 
məqsədə (müxtəlif məqsədlərə) yaxınlaşdıqca ümumi təhsil prosesində şaxələnmə 
başlanır və getdikcə dərinləşir. Hansı sahə üçün kadr hazırlanmasından asılı olaraq 
təhsil bu və ya digər ictimai fəaliyyət sahəsi ilə sıx surətdə əlaqələnmiş olur.     
Müstəqil  dövlət  quruculuğu  şəraitində  həmçinin  müstəqil  təhsil  siyasəti 
yeridilməsinə, sovet təhsil sisteminin stereotiplərindən uzaqlaşaraq ölkəmizin yeni 
miqyası,  daxil  olduğu  yeni  ictimai-iqtisadi  münasibətlər  sistemi,  habelə  milli  və 
regional xüsusiyyətləri əsasında müstəqil təhsil konsepsiyası hazırlanmasına böyük 
ehtiyac vardır.  
Dünyada  nüfuz  qazanmış,  qərarlaşmış  və  bəzən  artıq  tarixin  səhifəsinə 
çevrilmiş bir sıra ənənəvi təhsil sistemləri mövcuddur. Bunlara ilk növbədə müasir 
Qərb  təhsil  sistemi,  rəqabətə  tab  gətirmədiyindən  artıq  unudulmaqda  olan  Şərq 
təhsil sistemi və yenə də xarici təsirlərlə sıxışdırılan, lakin bir çox ölkələrdə əsasən 
saxlanmaqda  olan  sovet  təhsil  sistemi  aiddir.  Əlbəttə,  bu  sistemlərin  özünə 
diferensial  surətdə  yanaşdıqda  çoxlu  daxili  qatlar, forma  müxtəlifliyi  ortaya  çıxır. 
Lakin böyük miqyasda götürdükdə bu cür bölgü tamamilə məqbuldur.  
İstər Avropada, istər hər hansı Şərq ölkəsində, istərsə də MDB ölkələrində 
qəbul  olunmuş  təhsil  strukturu  bu  gün  bizi  qane  edə  bilməz.  Biz  Avropa  stan-
dartlarını,  xarici  ölkələrin  müsbət  təhsil  ənənələrini  nəzərə  almazdan  əvvəl  öz 
müstəqil mövqeyimizi müəyyənləşdirməliyik.  
Əgər Azərbaycan müstəqil təhsil siyasəti yeridirsə, təhsilin təşkilati strukturu 
onun  məzmununa,  məzmun  isə  məqsədə  uyğunlaşdırılmalıdır.  Deməli,  müstəqil 
təhsil sistemi ilk növbədə məqsəd müəyyənliyi tələb edir.  
Doğrudan da, təhsil nə üçündür?  


 
- 43 - 
–  Sadəcə  bilikləri  mənimsətmək  üçünmü?  Əgər  belədirsə,  onda  hansı 
bilikləri, hansı səviyyədə və hansı yolla? 
– Gəncləri şəxsiyyət kimi formalaşdırmaq, kamil mənəviyyatlı, vətənpərvər 
və  humanist  insan  nəsli  yetişdirmək  üçünmü?  Əgər  belədirsə,  bunun  yolları 
hansılardır və buna necə nail olmaq mümkündür?  
–  Sərbəst  düşüncə,  əməli  fəaliyyət,  praktik  quruculuq  vərdişləri  aşılamaq 
üçünmü?  Əgər  belədirsə,  onda  hansı  vərdişləri  və  necə?  Bu  zaman  bilik  və  əməli 
vərdişin əlaqəsi və nisbəti necə olur? Buna uyğun təşkilati struktur necə seçilir?  
Bu  üç  istiqamətdən  hansına  üstünlük  verilməsi,  biliyin,  əməyin,  yoxsa 
tərbiyənin əsas tutulması, habelə tərbiyənin yönümündən asılı olaraq təhsilin Şərq, 
yoxsa Qərb dəyərlərinə əsaslandığını söyləmək mümkündür.  
Böyük miqyasda yanaşdıqda Şərq təhsili ikinci istiqamətə – insan mənəviy-
yatının  kamilləşdirilməsinə,  onun  əxlaq  və  şəriət  normalarını  mənimsəməsinə, 
Qərb təhsili üçüncü istiqamətə – praktik iş qabiliyyəti olan və bunun üçün şübhəsiz 
ki, həm də müəyyən ixtisas biliyinə yiyələnmiş olan kadrlar yetişdirilməsinə, sovet 
təhsili isə birinci istiqamətə – oxumaq və biliklərə yiyələnməyə (ancaq hafizə və ya 
hətta əzbərçilik hesabına da olsa) üstünlük verir. 
Sovet  təhsili,  bir  tərəfdən,  dünyəvi  biliklərin,  fundamental  elmlərin  əsasla-
rını, uşaq üçün çox çətin də olsa, mürəkkəb proqramlar əsasında öyrətməyə çalışır, 
verilən informasiyanın həcminə görə hətta Qərb standartlarını arxada qoyurdu. Bu 
ən  çox  Qərbdəki  sərbəstliyi  və  könüllülüyü  icbariliklə  əvəz  etmək  hesabına  əldə 
edilirdi. Digər tərəfdən, şagirdlərin və tələbələrin dünyagörüşü də icbari yolla ideo-
loji  çərçivələrə  salınırdı  ki,  bu  da  təhsildə  ifrat  şərqçiliyin  təzahürü  idi.  Beləliklə, 
sovet  təhsil  sistemi  əslində  yeni  bir  şey  olmayıb,  ifrat  Qərb  və  ifrat  Şərq  mövqe-
lərinin eklektik qatışığından ibarət idi. Bu ifrat təzahürlərdən vəhdətə keçmək isə 
mümkün olmamışdı.  
Sovet  paytaxtında  müəyyənləşdirilən  və  milli  xüsusiyyətlərindən,  inkişaf 
səviyyəsindən asılı olmadan bütün regionlara tətbiq olunan standart təhsil siyasəti 
neçə  onilliklər  ərzində  ölkəmizdə  mütəxəssis  hazırlanması  işinə  böyük  ziyan 
vurmuşdur.  Təəssüf  ki,  Sovetlər  dağılsa  da,  onun  qalığı  olan  bu  bürokratik 
mərkəzləşmə sistemi indi də davam edir.  
Təhsildə  qarşısına  insanı  kamilləşdirməyi,  onun  mənəvi  zənginliyinə, 
paklığına nail olmağı məqsəd qoyan və ona görə də, təbii ki, fərdi miqyasda təlimi, 
ustad-şagird  münasibətlərini  rəhbər  tutan,  əsasən  öyüd-nəsihətə  üstünlük  verən 
Şərq modeli ilə insanı ictimai mühitin məhsulu hesab edən və ona görə də, mühitin 
özünü,  cəmiyyəti  təkmilləşdirməyi  qarşısına  məqsəd  qoyan,  diqqətini  sosial-
iqtisadi  islahatlara  yönəldən  və  təhsili  cəmiyyətin  üzvi  tərkib  hissəsi  kimi  qəbul 
edən Qərb modeli arasında fərq, əlbəttə, böyükdür.   


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə