Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
- 56 - 
 
 
 
 
 
 
 
 
 
FƏLSƏFƏ VƏ FƏLSƏFƏ TARİXİ 
MİLLİ VƏ ÜMUMBƏŞƏRİ KONTEKSTDƏ 
 
 
Müasir  fəlsəfi  düşüncənin  mənimsənilməsi  və  inkişaf  etdirilməsi  üçün 
klassik fəlsəfi irsin nə dərəcədə önəmli olduğunu geniş izah etməyə ehtiyac yoxdur. 
Biz  sadəcə  bu  məsələyə  iki  fərqli  yanaşmanın  mahiyyətini  aydınlaşdırmağa 
çalışacağıq. 
Birinci yanaşmanın əsasında fəlsəfənin keçdiyi tarixi inkişaf yolu haqqında, 
ayrı-ayrı filosofların həyat və yaradıcılığı haqqında məlumat vermək, onların hansı 
mövzularda və nə kimi əsərlər yazdığını sistemli şəkildə şərh etmək dayanır. Belə 
yanaşma fəlsəfi düşüncədən daha çox elmi-tarixi düşüncənin məhsuludur. Burada 
ideyalar qəliblərə salınmış şəkildə verilir və təsnif olunur. Fəlsəfi fikrin cərəyanlara 
bölünməsi və müxtəlif filosofların bu və ya digər cərəyana daxil edilməsi əslində 
şərti  xarakter  daşıyır.  Artıq  məlum  ideyaların  kiminsə  tərəfindən  təkrar  edilməsi 
ona  «filosofluq  statusu»  vermir.  Bu  mənada  hər  bir  filosof  tarixə  özünün  fərdi, 
təkrarolunmaz düşüncələri ilə və ya yaratdığı yeni sistemlə düşməlidir. Daha ciddi 
təsnifat  zamanı  «davamçılar»  və  «tərəfkeşlər»  sıradan  çıxır  və  yalnız  ideya 
müəllifləri önə çəkilir.  
İkinci  yanaşma  ideyaların sistemləşdirilməsinə  əsaslanır.  Burada  hansı  ide-
yanın nə vaxt  və kim tərəfindən söylənməsi deyil, ideyanın özü önə çəkilir. Belə 
olduqda min il bundan əvvəl söylənmiş ideya ilə, yüz il bundan qabaqkı və ya ən 
müasir  ideya  eyni  qrupa  düşə  bilər.  Qədimdə  irəli  sürülmüş  bir  fikir,  çağdaş 
tədqiqatçı  tərəfindən  yenidən  canlandırılır  və  müasir  fəlsəfi  araşdırmaların 
strukturuna daxil edilir. Bu zaman tarixilik elə bir önəm daşımır, fəlsəfə tarixi elə 
fəlsəfənin özü olur.  
Bəzən eyni bir ideya müxtəlif dövrlərdə, fərqli coğrafi məkanlarda müstəqil 
surətdə irəli sürülür və bu zaman tarixi ilkinlikdən daha çox məhz hansı ideyanın, 
hansı  fəlsəfi  fikrin  sonrakı  inkişaf  prosesinə  təsir  göstərməsi  daha  önəmli  olur. 


 
- 57 - 
Daha  doğrusu,  hər  hansı  ideya  yalnız  dünya  fəlsəfi  fikrinin  strukturuna  daxil 
olarkən  zaman  oxunda  bütöv  proses  kimi  götürülən  fəlsəfə  tarixinin  tərkib 
hissəsinə  çevrilmiş  olur.  Lakin  bu  ümumbəşəri  fəlsəfi  yaradıcılıq  prosesindən 
kənarda  qalmış  bir  çox  fərdi  fəlsəfi  sistemlər  də  vardır  ki,  fəlsəfə  tarixinin  əsas 
məqsədlərindən  biri,  zaman-zaman  geriyə  dönərək  onları  da  bu  ümumi  prosesin 
kontekstinə daxil etməkdən ibarətdir. Bu axırıncı deyilənlər daha çox dərəcədə bir 
sıra  orta  əsr islam  filosoflarının  yaradıcılığına  aiddir ki,  onlar  neçə əsrlər ərzində 
filosofların diqqət mərkəzindən kənarda qalsa da, öz dəyərini itirməmiş və onların 
bu  gün  də  orijinal  bir  tədqiqat  olaraq  ümumi  fəlsəfi  prosesə  qatılmasına  böyük 
ehtiyac vardır. 
 
Tarixi  gedişatdan  kənarda  qalmış  belə  tədqiqatların  üzə  çıxarılması,  müasir 
fəlsəfi  dildə  yenidən  şərh  olunması  təkcə  bu  böyük  filosofların  xatirəsini  əbə-
diləşdirmək  və  ya  ədaləti  bərpa  etmək  baxımından  deyil,  həm  də  müasir  fəlsəfi 
fikrin inkişafına yeni impuls vermək baxımından önəm daşıyır. Belə ki, İbn Sina və 
Ş.Sührəvərdi  kimi  böyük  mütəfəkkirlərin  bir  sıra  ideyaları  Q.Dekart,  İ.Kant, 
E.Husserl  və  s.  tərəfindən  yenidən  deyilibsə,  bu  heç  də  o  demək  deyildir  ki,  indi 
bizim  vəzifəmiz  tarixi  ədaləti  bərpa  edərək  onların  xidmətlərini  fəlsəfə  tarixinə 
daxil  etməkdən  ibarət  olmalıdır.  Məsələ  burasındadır  ki,  heç  kim,  heç  kim 
tərəfindən  tam  təkrar  olunmur.  Ş.Sührəvərdinin  dedikləri  Kantda  tamamilə  başqa 
bir  kontekstdə  deyilir  və  başqa  bir  nəzəri  sistemin  tərkib  hissəsi  kimi  təqdim 
olunur. Sührəvərdinin isə öz sistemi vardır və bu sistem çağdaş ideya müstəvisinə 
gətirildikdə  tamamilə  yeni  məqamların  üzə  çıxmasına  imkan  açır.  Yəni  bizim 
vəzifəmiz heç də yalnız təsadüfdənmi, yaxud məqsədyönlü surətdəmi dünya fəlsəfi 
fikir  tarixindən  kənarda  qalmış  (saxlanmış)  Şərq  filosoflarına  «bəraət 
qazandırmaq», onların haqqını özünə qaytarmaqdan ibarət olmayıb, həm də onların 
ideyalarını  çağdaş  problematika  və  terminologiya  kontekstində  yenidən 
canlandırmaq  və  müasir  fəlsəfi  axtarışların  strukturuna  daxil  etməkdən  ibarətdir. 
Nə  vaxtsa  söylənmiş  fikirlərin,  konsepsiyaların  bu  gün  aktuallığını  saxlayıb-
saxlamadığı, fəlsəfi baxımdan dəyərini hələ də itirmədiyi ancaq bu zaman məlum 
olur.  Əks-təqdirdə  keçmiş  təlimlər  fəlsəfi  baxımdan  yox,  ancaq  tarixi  baxımdan 
maraqlı ola bilər. Beləliklə min illər boyu yaranmış və «fəlsəfə tarixi» adı altında 
toplanmış  müxtəlif  ləlimlərin  sinkretik  toplusu  bu  günün  elmi-fəlsəfi  meyarları 
baxımından nəzərdən keçirilib diferensiallaşdıqda onların böyük bir qismi zamanın 
təsiri ilə köhnələrək məhz tarixə aid olsa da, bəlli bir qismi hələ də müasir fəlsəfi 
fikrin simasını müəyyən etməklə tarixə deyil, fəlsəfəyə aiddir.   
 
Açıq demək lazımdır ki, Avropada və Rusiyada çıxan fəlsəfə tarixi dərslik-
ləri əsasən Qərb fəlsəfəsini əhatə edir. Bunun da səbəblərindən biri odur ki, hətta 


 
- 58 - 
böyük  fəlsəfə  klassiklərinin  (Hegel,  Feyerbax,  Rassel  və  s.)  fəlsəfə  tarixinə  dair 
mühazilərində  və  kitablarında  əsasən  Qərb  fəlsəfəsi  əhatə  edilmişdir.  Onlar  bunu 
açıq deməkdən də çəkinmirlər ki, fəlsəfə elə Qərb fəlsəfəsindən ibarətdir. Avropa 
ölkələrinin  fəlsəfə  tarixi  dərsliklərində  adətən  «ərəb  fəlsəfəsi»  adı  ilə  cəmi  2-3 
səhifə material verilir.
1
  
Hətta ayrıca orta əsrlər fəlsəfəsi adı altında çıxan kitablarda da çox vaxt orta 
əsr «islam» fəlsəfəsinə demək olar ki, yer verilmir. Məsələn, Avropada çox geniş 
yayılmış  olan  F.Ç.Koplstonun  irihəcmli  «Orta  əsrlər  fəlsəfəsi  tarixi»  kitabında
2
 
islam fəlsəfəsinə cəmi 25 səhifə yer ayrılmışdır. Halbuki, həmin dövrdə Avropada 
fəlsəfə,  hətta  dini-fəlsəfi  fikir  məhz  müsəlman  filosoflarının  təsiri  ilə 
formalaşmışdır. 
Görünür,  tək-tək  tədqiqatçıların  səmimi  etirafına  baxmayaraq,  bütövlükdə 
Qərb  ictimai  fikri  (dərsliklərdə,  ensiklopediyalarda  aparılan  və  geniş  kütlələrə, 
gənc  nəslə  təqdim  olunan  prioritet  fikir)  bundan  ibarətdir  ki,  fəlsəfə  elə  Qərb 
fəlsəfəsidir; onu əvvəlcə qədim yunanlar yaratmış, müəyyən fasilədən sonra yenə 
də  avropalılar  davam  etdirmişlər.  Şərqdə  isə  fəlsəfənin  əvəzinə  həmişə  mistika 
yayılmışdır.
3
  Qərb fəlsəfəsi və Şərq mistisizmi. Ənənəvi olaraq Şərqlə bağlanan və 
«Şərq müdrikliyi»  kimi  yayılan hikmət dünyası da nə isə fəlsəfədən fərqli bir şey 
kimi qəbul olunur. Təsadüfi deyildir ki, müsəlman filosofları və islam dünyasında 
yaranmış  fəlsəfi  cərəyanlar  haqqında  fəlsəfi  kontekstdə,  fəlsəfə  tarixinə  dair 
əsərlərdə  deyil,  daha  çox  dərəcədə  şərqşünaslıq  istiqamətindəki  əsərlərdə  bəhs 
olunur. Yəni Şərq, o cümlədən müsəlman dünyası hansı isə sahələrdə ixtisaslaşmış 
şəkildə yox, inteqrativ, hətta sinkretik şəkildə öyrənilir. Motiv isə, görünür, budur 
ki,  Şərqdə  heç  ixtisaslaşma  getməmiş,  düşüncə  özü  sinkretik  olmuşdur.  «Şərq 
müdrikliyi»  də  nəzəri  təfəkkür  müstəvisində  yox,  əməli  düşüncə,  praktik  ağıl 
müstəvisində  nəzərdən  keçirilir.  Burada,  əlbəttə,  həqiqət  də  vardır.  Müdriklik 
həyatla,  əməli  işlə  sıx  surətdə  bağlıdır.  Avropada  Şərqin  simvolları  kimi  tanınan 
Nizami,  Mövlana,  Sədi  Şirazi,  Hafiz  və  s.  məhz  həyat  hikmətlərini  tərənnüm 
edirdilər. Sufizmə də Qərbdə ən çox ona görə maraq vardır ki, burada mənəviyyat 
fəlsəfəsi  həyat  tərzi  ilə  birləşir.  İslam  özü  bir  dünyagörüşü  olmaqla  yanaşı,  ilk 
növbədə müəyyən həyat tərzini, mənəvi prinsipləri ehtiva edir. Bütün bu məsələlər 
inteqrativ  şəkildə  –  «şərqşünaslıq»  (bəzən  daha  konkret  –  «islamşünaslıq»)  adı 
                                                 
1
  Məsələn,  Skandinaviya  universtitetləri  üçün  dərslik  kimi  buraxılmış  800  səhifəlik 
fəlsəfə tarixi kitabı; rusca tərcümə: Гуннар Скирбекк, Нилс Гилье. История философии. 
М., 2000. стр. 250-255. 
2
 Коплстон Фредерик Чарлз. История средневековой философии. М., 1997.– 512 с. 
3
 Bax,  məs.:  Тор Андре. Исламские мистики. С-П.: 2003.  А.Д.Кныш. Мусульман-
ский мистицизм: краткая история – Спб.: 2004. – 464 с. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə