Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 2,54 Mb.
səhifə11/13
tarix08.09.2018
ölçüsü2,54 Mb.
#67391
1   ...   5   6   7   8   9   10   11   12   13

Daosizmin feminin

xüsusiyyətləri

Oşoya görə fəlsəfə kişi, din qadındır. Eyni məntiqlə Qərbi kişi, Şərqi qadın hesab edənlər də çoxdur.

Görəsən, fəlsəfə və din, eləcə də Qərb və Şərq hansı xüsusiyyətləri, fərqlilikləriylə qadına və kişiyə bənzədilir? Sualımızı tərsinə də çevirə bilərik: Qadın və kişinin hansı xüsusiyyətləri var ki, fəlsəfə və dinlə, həmçinin Qərb və Şərqlə belə paralellər aparmaq mümkün olur?

Burada vurğu daha çox bənzətmə obyektlərinin üzərinə düşdüyünə görə sualımızın ikinci hissəsindən başlayaq.

İnsanların dünyagörüşündə, gerçəkliyi qavrama üsulunda, təfəkkür tərzində davranış və fəaliyyətlərində, problemlərə yanaşma metodunda, qadın və kişi cinslərinə xas olan müəyyən fərqliliklər mövcuddur. Bütün bu fərqliliklərin məcmusunu feminin və maskulin şüur, yaxud feminin və maskulin təfəkkür dixotomiyası kimi ümumiləşdirmək mümkündür.

Latın dilində “femin” – qadın deməkdir. “Femininlik” qadın cinsinə mən­­sub olan psixoloji xüsusiyyətlərin, əlamət və davranışların mə­na­landırılmasıdır. (“Femininlik” anlayışının “feminizm”lə əlaqəsi yoxdur.)

Daosizmin əsasını təşkil edən Yin-Yang kosmologiyası (in-yan) hər şeydən öncə feminin xarakteriylə idealist-platonik Qərb dünyagörüşündən və həyat tərzindən fərqlənir.

Matriarxatlıq zamanında meydana gəldiyi güman edilən Yin-Yang tə­li­minə görə feminin ünsür Yin maskulin ünsür olan Yangdan daha təsiredicidir.

Yin-Yang təliminin femininliyiylə Çin mədəniyyətinin bütün sahələ­rin­də qarşılaşmaq mümkündür. Bu təlimin inikası özünü gündəlik praktik hə­yatda, ev quruculuğunda (fen-şuy sənətində), təbabətdə, idmanda, mü­da­fiə və döyüş sənətində, musiqi, rəqs kimi sənət sahələrində, memarlıqda, hət­ta sevgi sənətındə də göstərir.

Çin mentalitetinin, dünyagörüşünün təməllərini aydınlaşdırmaq üçün, həm din, həm də fəlsəfə kimi gəbul edilən daosizmdə Yin-Yanq kosmolo­gi­ya­sının izahından başlayaq.



Dao hər şeyin qaynağı olan heçlikdir. Bu heçlik ikili obyektiv dünyanın, əksliklər dünyasının mənbəyidir. Bu obyektiv əksliklər feminin Yin və maskulin Yanq anlayışları ilə ifadə olunur. Yin və Yanq kosmologiyasının ehtiva etdiyi mənalar aşağıdakılardan ibarətdir:

Yin

Yanq

Qadın

Kişi

Qara



Gizli

Açıq

Qeyri-müəyyənlik

Müəyyənlik

Qaranlıq

Aydınlıq

Soyuq

İsti

Su

Od

Yumşaq

Bərk

Passiv

Aktiv

Zəif

Güclü

Şəfqət

Qəzəb

Torpaq

Göy

Daxili

Xarici

Qış

Yay

Dərə

Dağ

Dairəvi

Xətti

Ay

Günəş

Nəm

Quru

Yavaş

Cəld

Sakit

Səs-küylü

Həssas

Qeyri-həssas

Güzəştli

İnadkar

Hamar

Kələ-kötür

Gecə

Gündüz

Stabillik

Dinamiklik

Sədaqət

Dəyişkən

Praktika

Nəzəriyyə

İrrasionallıq

Rasionallıq

İntuitivlik

Ağıl

Anarxiya

Nizam

Sülh

Müharibə

Kök

Budaq və yarpaqlar

Hərəkətsizlik

Hərəkət

Kölgə

İşıq

Sirlilik

Sirsizlik

Təbiilik

Sünilik

Müqavimətsizlik

Müqavimət

“Bütün mövcudatın anası” (1, 26) olan Daonu, Lao Tszıya görə heç cür definisiyalaşdırmaq olmaz, onu nə adlandırmaq, nə də göstərmək mümkündür. Lakin Lao Tszı onu “bütün mövcudatı” doğan anaya – qadına bənzədir və onun femininliyini təsdiq etmiş olur.

Daonun əsas keyfiyyətlərinə nəzər salaq: 1. Dao gizlidir, “ona baxarsan üzünü görməzsən, dalınca gedərsən izini görməzsən”. 2. Dao passivdir, fəaliyyətsizdir. 3. Dao “wu-wei-wu”-dur, heç nə etmədən edir. 4. Dao “syuan”dır, sirli, qaranlıq və dərkedilməzdir. Göründüyü kimi, Daonun sadalanan bütün keyfiyyətləri Yinə aid feminin keyfiyyətlərdir.

Dao De Çinq” də deyilir:

Vadi ruhu olümsüzdür.

Deyirlər ki, qaranlıq bir dişiymiş o

qaranlıq dişinin qapısı

köküymüş göyün, yerin.

Durmadan, yorulmadan

Təsir edər dörd bir yana” (1, 31)

Ömər Tulqan yuxarıda yazılanları belə şərh edir: “ “Qaranlıq dişi” həm mistik, sirr dolu qadınlığı, başqa sözlə Yini, batiniliyi, daxililiyi simvollaşdırır, həm də, Çin dilində eyni zamanda “ana bətni”, “ana rəhmi” mənasına gəlir. “Qaranlıq dişinin qapısı” da həm hər cür mövcudatın doğuluşunun tablosunu rəsm edir, həm də “sirlər sirri” olan “bütün möcüzənin qapısını” – Daonu assosiasiya edir.” (1, 104-105)

Daoistlərin kamil insan konsepsiyası – “doğmaq və bəsləmək”, “mə­nim­­kidir demədən yaratmaq”, “işini bitirincə çəkilib getmək”, “dəyərliyə də­­yər verməmək”, “savaşmayıb zərərsiz olmaq”, “(heç nə etmədən) et­mə­dən (nə isə etmək) etmək”, “əksiyini əksiltmək”, “dünyanı ələ keçirtmə eh­ti­ra­­sından uzaq olmaq”, “savaşda zəfər qazananda ölü evi kimi davranmaq” (yə­­ni yasa batmaq), “bilik nümayiş etdirməmək”, “özünü bilmək”, “istəyi az ol­maq” – daosizmin təbiriylə desək, “De”yə yüksəlmiş insan idealına əsas­la­­nır. Bu konsepsiya Daonun feminin prinsiplərinə uyğun olan təməllər üzə­rin­də qurulub. Bu prinsiplər aşağıdakılardır: təbiilik, təvazökarlıq, fə­da­kar­lıq, acıqsızlıq, müqavimətsiz olmaq, sülhsevərlik, sezgi, həssaslıq, sakitlik, so­yuqqanlılıq və s.

Daosizmdə feminin prinsiplər təkcə insani keyfiyyətlərlə deyil, eyni za­manda ayrı-ayrı təbiət hadisələri ilə də, məsələn su, kölgə, qaranlıq, tor­paq və s. simvolizə edilir. Bunlardan Dao fəlsəfəsində, xüsusilə Lao Tszının “Dao De Çinq” əsərində tez-tez müraciət edilən “su” simvolu üzərində da­ya­naq. Su simvolu Yinə aid anlayış kimi bir çox feminin atributları özündə eh­tiva edir: Su yumşaqdır, elastikidir, mahiyyətini, məzmununu dəyişmədən is­tənilən formaya düşə bilir. Hansı qaba, hansı yerə dolur dolsun, hansı öl­çü­də axır axsın, bir stəkan su olanda da, nəhəng bir okean olanda da, göl olan­da da, sel olanda da, çay olanda da, arx olanda da, o – sudur. Hansı for­ma­da olsa da, buxar kimi, duman kimi, yağış kimi, qar kimi, dolu kimi, buz kimi, onun sonrası – sudur.

Su bütövlüyə meyillidir, dama-dama, damla-damla yığışıb göl ola bilir.

Daş – Yanqın, yəni maskulin gücün simvoludur. Su daş kimi eqoist, özü kimilərə belə daş olan, daim quma çevrilmək qorxusuyla (qum daşın damla halıdır, amma daş nə qədər xırdalansa da öz fərdiyyətini itirmədən heç bir özü kimisilə birləşmir) yaşayan, sərt, acıqlı deyil, su damlaları bir-birinə can atır, bir-birinə qovuşur, bir-birində itməkdən qorxmur. Daş daşla birləşməkdənsə, xırdalanıb qum olmağı üstün tutar. Dağlar xırdalana-xırdalana daş olurlar, damlalar birləşə-birləşə okean.


Daş “mənəm-mənəm” deyir, su “bizik-bizik”.

Su çox “mənəm-mənəm” deyən daşları udub:

Qöylərin altında ən yumşaq olan su,



Yenər qöylərin altında ən sərti.” (1, 56)
Daşın böyük halı olan dağın ucalığı varsa, suyun böyük halı olan okeanın da dərinliyi var. Ucalıq – Yanqın, kişinin, göyün rəmzidir, dərinlik – Yinin, qadının, yerin rəmzidir.

Su birlikçidir, barışçıdır, sülhçüdür, tolerantdır.

Su təvazökardır, yuxarıya can atmır, dərinə axmağı yuxarı dırmaşmaqdan üstün tutur. Su ucalıq görməmişi də deyil, bulud halında o, çox ucalıqlar görüb, su, ucalıqlardan gəlir. Suda qalib ədası yoxdur:

Çay kimi aşağıdan axan böyük ölkə,



ana olur dünyaya.

Qadın – sükunətiylə üstündür kişidən.

Sükunətiylə aşağıda qalaraq,

çatır hər kəs hədəfə. ” (1, 71)

Və yaxud:

Çaylar və göllər nədən hökmdarıdır

sellərin, dərələrin?

Hər zaman altda qaldıqlarından,

bunlar hökmdarıdır

sellərin, dərələrin.” (1, 76)

Su sevgiçidir, sevəndir, yoxsa su suya qovuşmazdı...

Su təvazökar olmayanları, özünü sevənləri xoşlamır, güzgü kimi onları özlərinə göstərib Narsisə çevirir, öz-özünə qovuşa bilməyən Narsisə.

Su daşdan güclüdür, o, daşı deşə bilir. Su sığallaya-sığallaya daşı yum­şalda bilməsə də onu istədiyi formaya sala bilər. Əlavə olaraq suda daşlıq da var, su donanda daşdan da bərk olur. O, donanda, buza dönür, daşlaşır, əvvəlki yumşaq, elastiki, fağır sudan əsər-əlamət qalmır.

Dünyada su qədər aydın, su qədər sirli heç nə ola bilməz. Suyun sirliliyi onun aydınlığındadır. O, öz sirrini öz aydınlığında gizlədib.

Su qaranlıq kimi gizlədir, əslində onun rəngi qaradır. Məsələn, duman ağ qaranlıqdır.

Suyun əksi kimi verilən od Yanqın simvollarından biri kimi maskulindir.

Su oddan güclüdür, odu söndürə bilir. Əlavə olaraq, suda odluq da var. Buxar halında o, bəzən oddan daha pis yandırır. O, qızanda daha su ol­mur, od olur. (Amma ən qızğın halında belə, yenə odu söndürəcək qədər güclü olur).

Od suyu olsa-olsa buxara çevirə bilir, su – odu kömürə. Kömür suya təslim olmuş oddur. Buxar Oda qalib gəlmiş Sudur:

Su qədər yumşaq və zəif şey yoxdur,



amma sərt və güclü olanı yenməkdə

ona tay olan yoxdur” (1, 85)

Su candır, canlılıqdır, ana balasını doğub bəsləyən kimi canlıları da su doğub bəsləyir. Suyun femininliyi həm də bu səbəbdəndir. Ana balasında itən kimi su da bəslədiyində itir. “Dao De Çinq” əsərində deyilir :

Su kimidir uca xeyir.

Yaxşıdır ki, su

hər şeyi bəsləyir zor etmədən.

O, bu səbəbdən yaxındır Daoya” (1, 32)

Daosizmdəki Yin-Yanq əkslikləri idealist-platonik əksliklərdən və zərdüştçülükdəki xeyir-şər əksliklərindən fərqlənir. Daosizmin əksliklərindən fərqli olaraq buradakı əksliklərdə maskulin münasibətlər dominantlıq təşkil edir. Bu, o deməkdir ki, həmin əksliklər daim bir-birilə ziddiyyət halında, bir-birilə döyüşərək düşmən vəziyyətindədir.

Hegeldə əksliklərin mübarizəsi sonda vəhdətlə nəticələnsə də, bu vəhdəti təşkil edən ünsürlər hər zaman bir-birini inkar edir. Hegeldə inkişaf maskulin dəyərlər və keyfiyyətlər üzərində qurulub. Sanki varlığın hər sahəsində mübarizə və müharibə gedir. Lakin kamil sintez ustası olan Hegel, burada da məharətlə femininliyi maskulinliklə birləşdirib: Təzadların bir-biriylə münasibəti formaca maskulin (mübarizə, aktivlik mənasında), məzmunca feminindir (birləşmə, vəhdət mənasında).

Zərdüştçülüyün Əhrimən-Hörmüzd ikiliyi də Daosizmin Yin-Yanq ikiliyindən fərqli məqamlara malikdir. Əhrimən-Hörmüzd dualizmi Xeyir-Şər və İşıq-Qaranlıq təzadı üzərində qurulub. Zərdüştə görə, Əhrimən Şərin və qaranlığın səbəbidir. Yin-Yanqdan fərqli olaraq, onların arasında kəskin və barışmaz mübarizə gedir. Dünya, həyat, tarix Xeyirlə Şərin, aydınlıqla qaranlığın mübarizəsindən ibarətdir

Yin-Yanq ikiliyi Xeyi-Şər mübarizəsi deyil, hətta Yin-Yanqda bir çox əksliklər olduğu halda Xeyir-Şər ziddiyyəti yoxdur.

Zərduştçülükdə hansı ziddiyyətdən söhbət gedir getsin, mütləq onun bir tərəfi xeyir, digər tərəfi isə şərlə əlaqədar olacaq: işıq-qaranlıq, çalışqanlıq-tənbəllik, təmizlik-natəmizlik və s.

Daosizmdə əksliklər ontoloji xarakter daşıyır. Burada Yin-Yanq ara­sın­da döyüş yoxdur, digər tərəfdən isə onların arasındakı ziddiyyət feminin-mas­kulin xarakterlidir: işıq-qaranlıq, açıqlıq-sirlilik, bərklik-yumşaqlıq, ak­tivlik-passivlik və s.

Göründüyü kimi, zərdüştçülük, bütünlüklə maskulin anlayışların və münasibətlərin dominantlığı altındadır, lakin buradakı Əhrimən-Hörmüzd dualizmində qadın-kişi bölgüsü yoxdur, daosizmin Yin-Yanqında isə Xeyir-Şər tərəfi yoxdur. Daosizm nöqteyi-nəzərindən baxsaq, zərduştçülükdə qaranlıq, fəaliyyətsizlik, çalışqan olmamaq kimi feminin anlayışlar şəri təmsil edir, od, günəş, işıq, aydınlıq kimi maskulin anlayışlar isə xeyirin ifadəsidir. Beləliklə, burada vurğu maskulin anlayışların üzərinə düşür.

Daosizmdə qadının şər sayılması hadisəsi yoxdur, bu daosizmin mahiyyətini inkar etmək demək olardı.

Daosizmin əkslikləri bir-birinə keçən əksliklərdir. Heç bir əkslik xalis öz əksliyindən ibarət deyil, hər biri digərinin bir hissəsini özündə daşıyır. Yin-Yanq simvolundan göründüyü kimi Yində Yanq,Yanqda Yin var, qa­dında kişi, kişidə qadın var, gecədə gündüz, gündüzdə gecə var, qarada ağ, ağda qara var. Bir sözlə, xalis əkslik yoxdur, hər bir əkslikdə öz əksliyindən az da olsa var. Ona görə də, əksliklər bir-birinə münasibətdə yumşaq və elastikidirlər. Daosizmdə əksliklərin bir-birilə münasibəti feminindir.

Çin mədəniyyəti harmoniya prinsipinə əsaslanır: harmoniyanın təbiətdə təcəssümü (daosizm), cəmiyyətdə təcəssümü (konfutsiçilik), səsdə təcəssümü (musiqi), rəngdə təcəssümü (rəssamlıq), hərəkətdə təcəssümü (idman), qidada təcəssümü (kulinariya), ev quruculuğunda təcəssümü (fen-şuy) və s. Harmoniya – uymaq, uyğunlaşmaq, güzəştə getmək, yumşaq, tolerant, yarışcıl, sakit və rahatlıq içində olmaq, mənəmliyin və eqonun ölümü və s. feminin keyfiyyətləri özündə birləşdirir. Bir sözlə, harmoniya femininlikdir. Çinin başlıca dini-fəlsəfi dünyagörüşünə, yəni konfutsiçiliyə və daosizmə uyğun olaraq iki cür harmoniya mövcuddur: konfutsian harmoniya və daoist harmoniya. Konfutsian harmoniya şaguli, daoist harmoniya isə üfüqidir. Konfutsiyə görə, harmoniya o zaman yaranır ki, cəmiyyət iyerarxik sistemlə nizamlansın, yaşca, vəzifəcə, rütbəcə və s. böyük olanlara itaət edilsin, çünki “Dövlət hakimin hakim, təbəənin təbəə, atanın ata, oğulun oğul olduğu halda çiçəklənir”. (2, 345) Göründüyü kimi, konfutsian harmoniya formaca feminin olsa da, məzmunca maskulindir.

Daoist harmoniya isə təbiətə uyğunluq nəticəsində yaranır, burada yu­xa­rı insanla, aşağı insanın, varlı ilə kasıbın, əxlaqlı ilə əxlaqsızın elə bir fərqi yoxdur: “Göylərin altında bir imperatorla bir qarışqanın fərqi yoxdur” (3, 135). Ən əsası burada harmoniya təbiətə uyğun yaşamağın nəticəsində yaranır, sosial normalara itaət etməyin deyil. Daoist harmoniya həm formaca, həm də məzmun etibarilə feminin harmoniyadır.


İstifadə edilmiş ədəbiyyat
1. Lao Tse, Tao Te Ching, 1994, Yol ve erdem kitabı: Söz Söz ve can kitabı. Ankara: Yol yayınları. 158

2. Быков, Ф.С., Зарождение общественно-политической и философской мысли в Китае. М., 1966, 378 c.

3. Дао. Гармония мира, М., Эксмо-Пресс, 2000, 860 c.

4. Конфуций, Уроки мудрости, М., Эксмо «Фолио» Харков, 2008, 958 с.



Dr. Şirinxanım EYVAZOVA


Tərcümələr

Dhammapada1



  1. Qoşa bəndlər fəsili

1

Dhammalar ağılla şərtlənmişlər, onların ən yaxşı hissəsi – ağıldır, onlar ağıldan yaradılmışlar. Əgər kimsə nəyisə çirkli ağılla (sağlam düşüncə ilə) danışır və edirsə, onu bədbəxtlik təqib edir, arabanı dartan öküzün izi ilə təkər gedən kimi.



2

Dhammalar ağılla şərtlənmişlər, onların ən yaxşı hissəsi – ağıldır, onlar ağıldan yaradılmışlar. Əgər kimsə təmiz ağılla danışır və iş görürsə, səadət onu izləyir, geri qalmaq istəməyən kölgə kimi.

3

“O məni təhqir etdi, o məni vurdu, o mənim üzərimdə üstünlük qazan­dı, o məni heç nəsiz qoydu”. Daxilində bu cür fikirlər daşıyanlarda nifrət tükənmir.



4

“O məni təhqir etdi, o məni vurdu, o mənim üzərimdə üstünlük qazan­dı, o məni heç nəsiz qoydu”. Daxilində bu cür fikirlər daşımayanlarda nifrət tükənir.

5

Zira bu dünyada nifrət heç zaman nifrətlə durdurulmur, nifrətin yox­lu­ğu ilə durdurulur. Budur əzəli dhamma.



6

Axı bəziləri bilmir ki, biz hökmən burda öləcəyik. Bunu bilən kəslərdə isə mübahisələr dərhal kəsilir.

7

O kəs ki, ləzzətlərin seyrində yaşayır, hisslərini ram edə bilmir, yeməkdə hədd tanımır, tənbəl və qətiyyətsizdir, – məhz onu Mara1 sarsıdır, gücsüz ağacı külək sarsıdan kimi.



8

O kəs ki, ləzzətlərin seyrinə qapılmadan yaşayır, hisslərini nəzarətdə saxlayır, yeməkdə həddini bilir, iman və qətiyyətlə doludur, – məhz onu Mara sarsıda bilmir, külək daş-qayanı sarsıda bilmədiyi kimi.

9

Sarı libas2 geyən, özü isə çirkabdan təmizlənməyən, həqiqəti, özünü məhdudlaşdırmağı bilməyən kəs sarı libasa layıq deyil.



10

Lakin çirkabdan azad olmuş, fəzilətlərdə möhkəm olan, həqiqət və özünü məhdudlaşdırma ilə dolan kəs məhz o sarı libasa layiqdir.

11

Həqiqəti həqiqətsizlikdə görənlər və həqiqətsizliyi həqiqət sayanlar heç zaman həqiqətə yetişə bilməyəcəklər, zira onların nəsibi – yalançı istəklərdir.



12

Həqiqəti həqiqət və həqiqəqtsizliyi həqiqətsizlik kimi qəbul edənlər həqiqətə yetişəcəklər, zira onların nəsibi – həqiqi istəklərdir.

13

Pis damı olan evə yağış necə daxil olursa, pis inkişaf etmiş ağıla da şəhvət eləcə daxil olur.



14

Yaxşı damı olan evə yağış daxil ola bilmədiyi kimi, yaxşı inkişaf etmiş ağıla da şəhvət daxil ola bilmir.

15

Bu dünyada da şikayətçidir o biri dünyada da. Zülm törədən hər iki dünyada şikayətçidir. O, əməllərinin zülmünü görərək şikayət edir, əzab çəkir.



16

Bu dünyada da sevinir o biri dünyada da. Saleh əməl sahibi hər iki dünyada sevinir. Əməllərinin qüsursuzluğunu görərək sevinir, sevinib qurtara bilmir.

17

Bu dünyada da əzab çəkir, o biri dünyada da. Hər iki dünyada əzab çəkir zülm törədən. “Bu zülmü mən elədim,”– deyə əzab çəkir. Bəlaya düşəndə isə daha çox əzab çəkir.



18

Bu dünyada da şadlanır, o biri dünya da. Hər iki dünyada şadlanır saleh əməl sahibi. “Bu xeyiri mən elədim!”– deyə o şadlanır. Səadətə yetişəndə isə daha çox şadlanır.

19

Insan daim Kitabı təsdiq etsə belə, əgər özü qafildirsə, ona riayət etmirsə, o, başqasının inəklərini sayan çobana bənzəyir. Onun Müqəddəsliyə aidiyyəti yoxdur.



20

Hətta insan Kitabı az təkrarlasa belə, əgər dhammaya uyğun yaşayırsa, ehtirasdan, nifrətdən və cəhalətdən azaddır, həqiqi biliyə və azad ağıla malikdirsə, nə bu dünyada, nə də o biri dünyada bağlılığı yoxdursa, – onun müqəddəsliyə aidiyyəti var.




  1. Ciddilik haqqında fəsil

21

Ciddilik – ölümsüzlüyə aparan yoldur. Yüngüllük – ölümə aparan yoldur. Ciddilər ölmürlər. Yüngüllər ölülər kimi bir şeydirlər.



22

Bunu aydın anlayaraq müdriklər – ciddidirlər. Onlar sevinclərini ciddilikdən alırlar. Onlar nəciblərin zəmisində sevinirlər.

23

Düşüncəli, inadkar, daima dəyanətli və müdrik olanlar bağlılıqdan azad və bənzərsiz Nirvanaya yetişənlərdir.



24

Fəal, fikirlə dolu, ehtiyatla iş görən, özünə hədd qoyan, ciddi olan – o kəs ki, əməlləri təmizdir və dhamma əsasında yaşayır, – onun şöhrəti artmaqdadır.

25

Qoy müdrik səylə, ciddiliklə, özünə hədd qoymaqla və nəfsinə sahib olmaqla özünə bir ada düzəltsin ki, onu sel dağıda bilməsin.



26

Cahillər, axmaq adamlar yüngüllüyə meyllidirlər. Müdrik isə ciddiliyi qiymətli xəzinə kimi qoruyur.

27

Yüngüllükdən qaçın, ehtirasdan və həzzlərdən çəkinin, zira yalnız ciddi və düşüncəli olan böyük səadətə qovuşa bilir.



28

Müdrik ciddiliklə yüngüllüyü qovanda, o, qayğısız, müdrikliyin zirvələrinə yüksələrək qüssə ilə xəstələnmiş bəşəriyyətə, dağda durub düzəndəkinə, müdrikin səfehə baxdığı kimi baxır.

29

Yüngüllər içində ciddi, yatanlar içində oyaq olan müdrik yabını ötən kəhər kimi seçilir.



30

Tanrılar1 arasında birinciliyi Maqhavan2 öz ciddiliyi ilə əldə etmişdir. Ciddiliyi tərifləyər, yüngüllüyü isə həmişə lənətləyərlər.

31

Ciddilikdə məmnunluq tapan, yaxud yüngüllüyə qorxu ilə baxan bhikhu3 böyük və kiçik düyünləri yandıran alov kimi özünə yol açır.



32

Ciddilikdə məmnunluq tapan, yaxud yüngüllüyə qorxu ilə baxan bhikkhu yıxılmağa qadir deyil: zira o, Nirvanaya yaxındır.




  1. Fikir haqqında fəsil

33

Müdrik titrəyən, əsən, kövrək və zorla saxlanılan fikri oxçunun oxu yönəltdiyi tək yönəldir.



34

Sudan çıxardılaraq quruya atılmış balıq kimi əsir bu fikir: təki Maranın hökmündən qurtula bilsin.

35

Zorla saxlanılan, zərif, harda gəldi ilişən fikrin ram edilməsi – xeyirdir. Ram edilmiş fikir səadətə aparır.



36

Qoy müdrik çətin dərk olunan, son dərəcədə incə, harda gəldi ilişən fikrini qorusun; qorunan fikir səadətə aparır.

37

Uzaqlarda dolaşan, tənha avaralanan, qeyri-maddi, ürəkdə gizlənən fikirlərini ram edə bilənlər Maradan azad olacaqlar.



38

Fikri dayanıqsız olanın, həqiqi dhammanı bilməyənin, imanı tərəddüd edənin müdrikliyi kamilləşmir.

39

Qüsursuz fikirdə, hürküdülməmiş fikirdə, xeyir və şərdən imtina etmiş, oyaq fikirdə qorxu yoxdur.



40

Bu bədənin palçıq olduğunu bilərək, bu fikri qalaya çevirərək, qoy o, müdriklik silahı ilə Maranın üzərinə atılsın. Qələbəni qorusun və bağlardan azad qalsın.

41

Eh! Bu bədən yerdə uzun yaşamayacaq, – nəsibsiz, hissiyyatsız, faydasız, odun kimi.



42

Düşmən düşməninə, yaxud nifrət edən nifrət etdiyinə nə edir etsin, yanlış yönəlmiş fikir daha betərini etmək iqtidarındadır.

43

Ana, ata, yaxud başqa bir qohum nə edir etsin, doğru yönəlmiş fikir daha yaxşısını etmək iqtidarındadır.




  1. Yüklə 2,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə