Azərbaycan miLLİ elmlər akademiyasi


Ərəfə günü, cüməni seçdilər



Yüklə 2,9 Mb.
səhifə16/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

Ərəfə günü, cüməni seçdilər

Ayın 9-u Cümə günü ərəfə günüdür. Günəş çıxdıqdan sonra Minadan yola düşərək, Məhsər vadisini keçdik. Minanın hüdudu Məkkəyə tərəf olan birinci cığıradəkdir. Minadan Məşərül –Hərəmə qədər bir saatlıq yoldur və Məşərül –Hərəmdən Ərəfatadək iki saat yoldur.

Günortadan dörd saat yarım keçmiş Ərəfata varid olduq. Ərəfatın hüdudunu göstərən ələmlərin arasından keçərək həyəcanlı, səs-küylü Ərəfata daxil olduq. Bizim çadırımız vadinin sol tərəfində, Ərəfat dağının yaxınlığında olan Zibeydə suyu vasitəsilə yaradılmış süni gölün yanında qurulmuşdu. Məlum oldu ki, Ərəfədən əvvəlki gün sakit deyildi. Qazi şəhidlərə etina etmirdi. Cümə gününü ərəfə etmişdilər və Səid paşa bununla əlaqədar israrlı olduğu üçün kefsiz və pərt idi.

Günortadan sonra, Ərəfatın qərargahından axşam Ərəfat yüksəkliyinə qalxdım. Qərb tərəfdə Xətib dəvənin üstündə xütbə oxuyurdu. O, özü ilə gətirdiyi hər iki illik hədiyyəni (həm Şam, həm Misir) də yaxında, təpənin yanında qoymuşdu.

İnsan seli o qədər idi ki, bizi qabaqda və arxada mühafizə edən əsgərlərdən bir neçə nəfəri zərər çəkdilər. Hərəkət çox çətin idi. Mənə elə gəlir ki, burada olan dəstələrdə insanların sayı yüz mindən artıqdır. Deyilənə görə bu il Ciddədən gəmi ilə otuz iki min nəfər zəvvar gəlmişdir. Bunlardan əksəri Hindistan və Cavə əhli idilər. Bu gün “Minhəc üs-salikin” kitabında yazılmış Ərəfə gününün tələblərini oxuyurdum.

Bu barədə oxuduğum tələblərdən biri də bu idi ki, bu gündə qul azad edən kəs böyük savab etmiş olur və o, cəhənnəm odundan və əzabından azad edilir. Ehtişamüddövlənin anasına (Fərhad Mirzənin xanımına-T.H.) dedim: “Çalışmaq lazımdır ki, xeyirli əməllər edək ki, inşallah, bu əməllər Allahın dərgahında qəbul olunsun.Qul azad etmək xeyirxah işdir.Bəlkə biz də bir qul-zənci azad edək?” Qul azad olundu.Beləliklə biz də aşpaz Salmanı ,arvadı və qızı Səlməni azad etdik. Mollabaşıya dedim ki, elə həmin gün onların azadnamələrini yazsın.

Sözün qısası, oradan evə gəldik və Günəş batandan sonra bir qədər sərinlənərək,Ərəfatdan yola düzəldik. İki saat axşamdan keçmişdi ki, Məşərül –Hərəmə daxil olduq. Bu yerə Müzdelife deyirlər. Axşam Məşərül –Hərəmdə xırda daşlar yığaraq, həccin ayinlərini yerinə yetirdik. Günəş çıxdıqdan sonra hərəkət etdik.

Ərəfat suyunu Harunərrəşidin zövcəsi Zibeydə Tayfdan gətirmişdir. Yəni kanal qazdırıb bura su çəkmişdir. Hal- hazırda bu su böyük ehsandır və Tayf dağlarından bu yerlərədək su gəlir. İnsanlar susuzluqdan əziyyət çəkmirlər. İndi Məkkeyi-müəzzəmənin suyu da həmin sudandır ki, 2-3 zər fasilə ilə yeraltı axır.

Belə deyirlər ki, Zibeydə bir gecə yuxuda görür: Güya o, yatağında libassız, lüt üryandır və hər kəs onun yanından keçir, onunla yaxınlıq edir və keçib gedir. Zibeydə hövlnak, vəhşət içərisində yuxudan oyanır. O, bir neçə gün yuxusunu hər kəsdən gizli saxlayır, xəcalətindən heç kəsə danışa bilmir. Axırda fikirləşir ki, onun yuxusunu yalnız Musa ibn Cəfər düzgün yoza bilər. Çünki Musa, peyğəmbərlərdən qalan elmin varisidir. Zibeydə kənizlərindən kiçiyini öyrədərək tapşırır ki, zindana gedib, həzrəti- Musa ibn Cəfər Əleyhissalamdan bu yuxunun təbirini öyrənsin və desin ki, mən özüm belə bir yuxu görmüşəm.

Həmin kəniz zindana, həzrətin yanına getdi və “öz” yuxusunu danışdı. Həzrət gülümsəyərək bəyan etdi ki, sən belə bir yuxu görmək iqtidarında deyilsən. Yuxu sənin seyyidənindir. Ona mənim salamımı yetirərsən və deyərsən ki, ondan elə bir xeyriyyəçilik qalacaq ki, abidlər (ibadət edənlər) ona rəhmət oxuyacaqlar.

Kəniz Həzrətin bu fərmayişini Zibeydəyə çatdırdıqda o, çox xoşhal oldu və kənizə dedi: “Səni Allah xatirinə azad etdim”! O, qadın qullara xeyirxahlıq etmək barədə öz yaxınları ilə məşvərət etdi. Hər kəs bir təklif etdi. Axırda Zibeydə Ərəfatı seçdi və orada su məsələsini həll etdi. Beləliklə zəvvarların müqəddəs Beytülhərəmdə (Kəbədə) günlərin xoş, rahat keçməsi üçün xeyirxah bir iş gördü. Oraya kənkanlar və memarlar göndərdi ki, bu işləri icra etsinlər. Onlar Zibeydəyə bildirdikdə ki, bu işin xərci həddən artıqdır, o xəbər verdi. “Əgər hər bir külüng bir dinara belə vurulsa, yenə verəcəyəm”. Zibeydə axırda məqsədinə çatdı və onun adı bu zamana qədər yaşayır, bəlkə də axır zamana qədər baqi olacaq. Həqiqətən düşünəndə öz-özümə deyirəm ki, bu yeraltı kanal olmasa idi, insanlar Ərəfatda susuz nə edərdilər? Nə qədər tuluq lazım idi ki, Günəşin hərarətindən qurtulasan?

Ərəfatda bir İbrahim məscidi də vardır,lakin insanların çoxluğundan orada namaz qıla bilmədim. Əcəm zəvvarları da uzaqda idilər. Ərəfata daxil olanda bu məscid sağ tərəfdə qalır.



Qurban bayramı. Minada ayinlərin icrası. 1292-ci il zülhiccə ayının 10-u, şənbə günü (1876, 8 yanvar) qurban bayramıdır. Zəvvarlar yola düşməmişdən əvvəl mən Məşərül-hərəm məscidinə gedib orada iki rükət namaz qıldım. Qayıdarkən Məkkeyi-müəzzəmənin qazisi Məhəmməd Nuri əfəndini gördüm, ona təşəkkür etdim ki, qoymadı Böyük ziyarət nöqsanlı olsun və ayın görünməsi vaxtının dürüst qəbul edilməsinə nail oldu. Mən ona yolda dedim: “Necə ola bilər ki, insanların on min nəfəri kor olsun,əhli-Ciddədən dörd nəfər məşhur zəif dərrakəlilər ayı görmüş olsunlar ”. Qazi təsdiq etdi ki, mənim dediklərim düzdür, onlar çox səy edirdilər ki, şübhə etsinlər, o, razı olmamışdı.

Müzdelifedə deyilən Səbir dağını hər yerdə axtardım, sorağlaşdım, haqqında bilən olmadı. Axırda Şərif Əvin dedi: O vaxt ki, Məşərül-hərəmdən Məkkəyə tərəf gəlirsən, onda dağ sənin sağ tərəfində qalır. Lakin Qüzəh dağı (Qamusda ona Qüzəh Kəzfər deyilir), Müzdelife dağı və ər-Rəhmət dağını Xaqani də xatırlayır, yenə dəqiq məlum deyildir:

Pəs bər səre-kuhe-Rəhmət ayi,

An qübbeye-əhde-aşinayi.

Adəm be rəfte sərəfraz,

Taq aməde cift-o-baz rəfte.

Bildiyimə görə Güzəh dağı Məşərül-hərəmin şərqi ilə cənubu arasında yerləşir və konusvari şəkildədir və Məşərül-hərəmdən, Məkkeyi-müəzzəməyə gəlirkən sol tərəfdə qalır, ər-Rəhmət dağı həmin dağdır ki, ona Ərəfat dağı da deyirlər və Həzrəti-Adəm Həvvanı orada tanımışdır.

Minaya yetişdikdən sonra mərasimin üç vacib əməlini yerinə yetirməyə başladım . Əvvəlcə Məkkə tərəfdə olan birinci dağ cığırına və birinci daş atılan yerə tərəf getdim. Ayağımdakı başmaq (nəleyin) əziyyət verdiyi üçün onu çıxartdım. Hayf məscidindən birinci dağ cığırınadək olan min zərdən artıq olan yolu ayaqyalın getdim. Birinci daşı atdıqdan sonra evə gələrək, ikinci ayini, yəni heyvan kəsmək ayinini yerinə yetirdim və bir qurban da əhya və həyatda olmayanlar üçün kəsdim. Üçüncü qurbanı digər günahları Allah`ın bağışlaması naminə kəsdim. Günortadan sonra təcili atlanıb, Məkkeyi-müəzzəməyə gəldim və müqəddəs Kəbənin ətrafına dolandım (təvafi-vacib etdim), Həccin vacib ayinini yerinə yetirdim. İbrahim məqamında namaz qıldım, bundan sonra Kəbəni dolanmaq və namaz qılmaq halal olur.

Babül-Səfadan çıxaraq Səfa və Mərvə arasında xeyli tələsdim və hava çox isti olduğundan və ayaqyalın olduğum üçün bu, mənim halımı pisləşdirdi. Altıncı və Yeddinci qapılarda Mustafa Qəvvas və Əsgər qoltuğumdan tutaraq aparıb, gətirdilər.

Ayinlər bitdikdən sonra, ikinci dəfə məbədə müşərrəf olub, cəfəri məzhəbinin tələb etdiyi kimi əməli icra edib, namaz qıldım, Kəbəni dolandım, bundan sonra qadın və ov halal hesab olunur.

Nisa təvafı sona çatdıqdan sonra qeyri-iradi olaraq yolumu xacələrin mənzil etdikləri Hənbəli məkanından saldım. Həqiqətən Həccin ən zəhmətli günü qurban kəsmək bayramıdır. Gərək Minada vacib ayinləri yerinə yetirəsən və Məkkeyi-müəzzəməyə qayıdasan ki, Kəbənin ətrafına dolanasan.

Əgər on birinci gün Məkkəyə gələrək bu ayinləri yerinə yetirmək mümkün olsa da, lakin qurban bayramının başqa şərafəti var, tərviyə və ərəfə, qurban gününün arası kəsilməsə yaxşıdır.

Şərq adətinə görə Minaya qayıdaraq günbatana yaxın oraya yetişdim.


Hicaz valisi ilə görüş və bayram təbriki

h.q.1292-ci (1876, 9 yanvar) il, 11 zilhiccə ül-həram, yek­sən­bə günü. Səhər tezdən Cəmrata hazırlaşdıq. Xaqani yaxşı demişdir:

Mərdom həme səngbar bini

Divan həme səngsar bini.

Çox yorğun, halsız halda, bütün günü atın üstündə yol getdim. Cəmrə Mina dağının yanındadır. Atdan düşüb öz-özümə dedim: “Şeytan Mina dağının yuxarısından baxıb deyir ki, bu gün nə iş görmək istəyirsinizsə, görün! Bir müddət sonra elə ki, öz evinizə qayıtdınız, əgər Allaha qarşı üsyan etməsəz, onun yolundan, tövsiyələrindən çıxmasanız, yalan danış­ma­sanız, nahaqdan şahidlik etməsəniz, digər nahaq işlərlə məşğul olmasanız, hünər göstərmiş olarsınız! Əgər siz məni çınqıllığa salsanız mən sizi böyük günahlara giriftar edərəm. Necə ki, həmin gəldiyiniz yolda oğrulara, cibgirlərə düçar olarsınız ”.

Oradan mənzilə qayıtdım. Hicaz valisi cənab Təqiəddin paşa günorta namazından sonra çoxsaylı nişanları olan rəsmi libasda görüşə gəlmişdi. O, çox kamallı və savadlı bir şəxsdir. Mən onun molla nəslindən olduğunu bilirəm. Otağım darısqal olduğuna görə ondan üzr istədikdə ərəbcə bu şeiri dedi:

Tərcüməsi:

Genişlik düşmənlərlə olanda daralır sanki

Dostlarla dar məkan da genişdir sanki.

Mən dedim: “Mövləviyi-Mənəvi bu mənada demişdir”:

Hər koca başəd şeh mara büsat,

Həst səhra gər bövəd surax suzən.

(Harada şeh olarsa, bizim üçün büsatdır,

Orada ki, sünbül quraqlıqdan xarab olur, ora səhradır).

Bir saatdan sonra Mədinə qazisi təşrif buyurdular, bir dəstə musiqiçi göndərmişdi ki, bizim çadırın yanında çalsınlar. Bununla bizi bayram münasibətilə təbrik edirdilər. Yaxşı çalırdılar: Ordunun nümayəndələri və Qaimməqam, hamı rəsmi libasda görüşə gəlmişdilər.

Ayın on ikisi axşam Minada misirlilər və şamlılar atəş­fə­şanlıq etdilər. Bu iki-üç gündə onlar xeyli top atdılar. Məkkə əsgərləri də güllə atırdılar.Bu, atəşfəşanlıqdan bədtər idi. Hamı birlikdə, bir yerdə atırdı.

Axşamdan səkkiz saat yarım keçmiş, gördüm ki, çadırın arxasında səs-küy var. Çadırdan çıxıb sürtük (uzunətəkli kişi pencəyi) geyib, getdim, gördüm ki, qarovulçular bir nəfər oğru tutmuşlar. Oğru it kimi hərəkət edirdi, camaat əvvəlcə onu it hesab etmişdilər və çadırda çıraq yandırdılar. O faytonun altında gizlənmişdi ki, çadırda olan əşyaları yığışdırıb aparsın. Gözətçi onun üstünə düşdü. Oğru qaçmağa cəhd etdikdə faytonun kəndiri onun belinə ilişdi və o tutuldu. Dörd-beş nəfər əsgər onunla bacara bilmirdi ki, əl qolunu bağlasınlar. Axır ki, bağlaya bildilər.

Mən ondan soruşdum ki, onun burada nə işi var? Çox zarafatla cavab verdi və dedi: “Eşşəyim itibdir, onu axtarıram”. Mən dedim:”Sənin başına daş düşsün, eşşək faytonun altında nə edir?”

Səhər onu cənab Şərifin yanına apardılar. Məlum oldu ki, bə­­dəvi ərəblərdəndir. Cənab Yəhya əmr verdi ki, onu zərər­siz­ləş­di­rib həbs etsinlər. Sonra hökm etdi, Məkkeyi-müəzzəməyə göndərdi.

Məkkə Şərifinin qardaşının Fərhad Mirzənin bayram görüşünə gəlməsi.

h.q.1292-ci il, 12 zilhiccə, düşənbə günü (1876,11 yanvar). Səhər Böyük Şərifin qardaşı Ovn paşa rəsmi libasda bayram görüşünə gəldi. O dedi: “Dünən ərəblərin işi ilə məşğul idim və bilirsiniz ki, Şərif yol getməyə, pillələri qalxmağa çətinlik çəkir. Bizim evin pillələri də qədimdən hündür tikilmişdir, ona görə də bayramınızı təbrik etməyə mən gəldim”. Müsarileyh savadlı və qabiliyyətli insandır və Əlahəzrət Hümayunun mərhəmətindən təşəkkür nişanı vardır və onu sinəsindən asmışdır. O, mənə dedi: “Bu nişanın fərmanı mənə çatmamışdır. Xahiş edirəm ki, onu Tehrandan mənə göndərəsiniz”.

-İnşallah, səy edəcəyəm və söz verirəm ki, şahın hüzuruna gedib, bu işi şəxsən özüm nəzərinə çatdıracağam. o getdikdən sonra ziyarəti davam etdirdim və sonra evə gəldim, günorta namazını Hayf məscidində qıldım və Məkkəyə yola düşdüm. (Burada Fərhad Mirzə Qurani-Kərimin Bəqərə surəsindən 203-cü ayəni misal göstərir. Orada deyilir ki, “Sayılı günlərdə anın allahı! Allahdan qorxan kimsə tələsərək, Minadakı ibadətini iki günə bitirərsə, batmaz günaha, yubansa, geri düşsə də, olmaz günahı. Qorxun Allahdan və bilin. Onun hüzurunda cəm olacaqsız”. Məlum oldu ki, insanlar buraya gəlməyə tələsirdilər. İzdiham, cəmiyyət o qədər çoxdur ki, Minadan Məkkeyi-müəzzəmə şəhərinədək ardı-arası kəsilməyən piyada və atlı, təxti-rəvanlar, yüklər dar küçələrdən zorla keçir, hətta bir-birinə dəyirdilər. Dəvələrin üstündəki təxti-rəvanların bu dar yollarda vəziyyətini görmədən təsəvvür etmək mümkün deyil. Bizimlə bərabər 40 nəfət atlı və piyada əsgər zəvvarları müşayiət edirdi. Böyük əziyyət və zəhmətlə bütün yolu başa vurduq. Ceyhun yaxınlığında həzrət Xədiceyi-Kübra Əleyhissəlamın qəbrini ziyarət etməyə getdim, bu bir neçə gün ərzində fürsət olmamışdı. Həzrət Əbu Talibin məzarı ayrıdır.Həzrət Əbdülmətləb və Əbd Mənaf bir büqədə (məkan, torpaq) dəfn olunmuşlar. Hər üç məzar hasara alınmışdır, bu üç büzürgvarı ziyarət etmək üçün bir qapıdan daxil olurlar. Əbdülmətləbin atası Haşım Şamın Qəzzəsində dəfn olun­muş­dur. Qəzzə Şamla Misir arasında bir limandır. Rəsulillah səlləllah və alinin anası Həzrəti-Aminə digər məqbərədə dəfn edilmişdir, lakin digər bir məlumata görə həzrət Aminə Əbvada, Mədinədən üç mənzil aralı bir yerdə vəfat etmiş və onun qəbiri oradadır. Həzrət Xədiceyi-Kübra digər yerdə dəfn edilmişdir. O həqiqətən elə bir qadındır ki, insanlar gərək onun uyuduğu torpağı tutiyayi-çeşm etsinlər. O büzurgvarları ziyarət etdikdən sonra yorğun halda mənzilə gəldim və gün batanda hamama getdim. Hamamdan qayıtdıqdan sonra müqəddəs ibadətgaha gedib, valideynlərim üçün dualar edib, Kəbəni dolandım, çünki onların məndən başqa bir kimsəsi yoxdur:

Nəsturi və moəbbədi nejadəş,

İslami və İzədi nəhadəş,

Be gerixte əz etabe nəstur,

Avixte dər ketabe məstur.
İsmayıl daşında namaz qılandan sonra evə qayıtdım.

Dünən və bu gün yaxşı bir yağış yağdı. Neçə müddət idi ki, Məkkədə yağış yağmırdı. Allaha çox şükürlər olsun ki, bu il izdihamın arasında, Ərəfat və Minada əziyyət çəkən, ölüm-itim olmadı və hava xoş keçdi. Ərəfat Şərq tərəfdə Məkkeyi-müəzzəmə­nin cənubuna maili yerləşir.



Həzrəti-Əbu Talib qəbiləsinin mövludxanasını (dünyaya gəl­di­yi­ yer) ziyarət

h.q.1292-ci il zilhiccə ayının 13-ü, şeşənbə günü. (1876, 12 yanvar) Səhər namazından sonra Qurani-Məciddən istixarə etdim ki, görüm bu ağrılı ayaqla şəriət qanunu izn verirmi o müqəddəs məqama gedim, yoxsa yox? Bu şərafətli ayə gəldi, bu, “Loğman” surəsinin əvvəlindədir:

“O kəslər ki, namaz qılar, zəkat verər, axirətə iman gətirərlər onlar. Rəblərinin yolunda olanlardır, uğura uğrayanlardır onlar. “ (“Loğman” surəsi, ayə 4-5)

Şükürlər olsun ki, Rəbbül-izzətdən icazə oldu. Evdən çıxıb, əvvəlcə Əbu-Talibin qəbiləsindən olan Həzrətin mövludxanasını ziyarətə getdim. Bura insana ruh verən və fərəh gətirən bir yerdir. Məzarın ətrafında dairəvi hasar və digər dairəvi məhəccərin ortasında dairəvi qara daşdır. Belə deyirlər ki, Həzrət o daşın yuxarısında aləmə bəzək verən bir möcüzə olmuşdur. Oradan müqəddəs məqama gedib, mərhum vəliəhd (Abbas Mirzə-T.H.) üçün təvaf etdim. Oradan cənab Təqiəddin paşanı görməyə getdim. O, məni pillələrin aşağısında qarşıladı və müşayiət etdi. Xeyli söhbət etdik. Ondan məhbusun əhvalını soruşdum. O dedi ki, uzun saqqalı var, misirlidir. Demişdi ki, məni sünnət edin və bugün bu əməli icra edəcəklər...

Təqiəddin paşa söhbət zamanı islam dövlətindən ürəkyanğısı ilə danışırdı. Bosniya işi ilə bağlı təəssüf edirdi ki, bu iş uzun çəkir. Çox başadüşən insandır, bir il Bağdad və ona tabe olan ətrafı idarə etmişdir.

Oradan qul bazarına tamaşa etməyə getdim. Bu biçarələri qoyun kimi bir yerə yığaraq satırdılar, bəzisinin bədəninə yağ sürtmüşdülər, bəzisini də zinət əşyaları ilə bəzəmişdilər ki, xoşa gəlsinlər.

Oradan evə gəldim. Günorta və axşam namazından sonra müqəddəs məkana müşərrəf olub, Təvaf etdim, onun savabını, Məhəmməd şahın ruhuna niyaz etdim. İsmayıl daşında namaz qılarkən, korlar yığışaraq suallar verdilər. Mən birinə dedim: “Quranı hifz edirsən?” O cavab verdi: ”Hə” Onda mən dedim: “Quran oxu, öz Allahını tanı. “Ərrəhman” surəsini oxu!” O elə bir ahənglə oxudu ki, adam heyran qaldı. Dedim: “Onun savabını Abbas Mirzənin valideynlərinin ruhuna niyaz et! ”

Bir başqa kor da Misirin kəndlərindən idi. O, “Vaqeə” surəsini oxudu və çox yaxşı oxudu, hündürdən oxudu. Mən ona dedim: “Bunun savabını Məhəmməd şahın ruhuna niyaz et (bağışla) və bir “Beyyina” surəsini oxu və mənim valideynimin ru­huna niyaz et”.

Namazdan sonra Ziynətüddövləni təvaf etdim və oradan ye­nə müqəddəs məkana gəldim (Ziynətüddövlə [Ruxsarə Bə­yim] ­Fətəli şahın 91-ci zövcəsindən, qəzvinli Şahnaz xanımdan o­lan 43-cü qızıdır).

İbrahim məqamında namaz qıldıqdan sonra evə qayıtdım.




Məkkədə dayandıq.

Şərif Ovnla görüş. Sour (Sur) dağından mənzərə

h.q. 1292-ci il zülhiccəül həramın on dördü, çəharşənbə günü(1876, 13 yanvar) səhər müqəddəs məkana getdim, təvaf etdim. İbrahim məqamında namaz qıldıqdan sonra evə qayıtdım. Cənab Şərif Ovn gəldi. Kamal sahibi olan bir insandır.Tarixlərdən,hədislərdən xeyli söhbət etdik. Müşarileyh getdikdən sonra Həzrət Şərif Abdulla tərəfindən göndərilən minik heyvanları ilə Sour dağına (Cəbəl üs-Sour) getdim. Bizi əsgərlər müşayiət edirdilər.

Məkkeyi-müəzzəmədən Cəbəl üs-Souradək olan mə­sa­fə bir fərsəx yarımdır. Bu dağ Məkkeyi-müəzzəmənin cə­nu­bun­da yerləşir, yolu rahatdır. Həzrətin o məkana təşrif apar­ma­sı zərbül-məsələ çevrilmişdir. Heç kim onun Mədineyi-Münəv­və­rəyə təşrif buyurmasını xəyalına gətirmir. Şair demişkən: Çəp avaze əfkənd, və əz rast şod. Tərcüməsi: Soldan səs ucaldı, sağdan çıxdı.

Mədineyi-Münəvvərə Məkkənin şimalında yerləş­miş­dir. Xülasə, dağın ətəyindən yuxarıya iki saatdan çox əziyyət, zəh­mət çəkdikdən sonra çatdıq və orada bir saat gəzdik, bir saata qayıtdıq, Mağara içi boş bir daşdır. Uzunluğu təxminən beş zər, eni 2 zərdən azdır və Məşriqdən Məğribə uzanır. Onun qərb tərəfində dar bir deşik vardır. Deyilənə görə o dəlikdən Həzrəti-Rəsulillah daxil olmuşdur.

Deşiyin şərq tərəfi bir qədər genişdir və hər kəs oraya daxil ola bilər. Mən heç qəbul etmirəm ki, bu dəlikdən Həzrət daxil olmuş olsun, o dəlik elədir ki, əgər oraya bir daş qoyularsa, oradan çıxmaq və yaxud daxil olmaq qeyri-mümkündür. O deşikdə ya hörümçək tor qura bilər, ya da göyərçin bala çıxarar.

Mağaranın yuxarısında “N” hərfi yazılmışdır. Bilmədim hansı fransız yazmışdır, yaxud hindlilərdən kimsə ingilis, ya fransız dilini bilirmiş, öz adının baş hərfini buraya yazmışdır.

Bu mağaranın yaxınlığında böyük bir daş vardır, bu qayanın üstünə qalxdım, ətraf, hər tərəf görünür. Qərb tərəfdə Ciddə dənizi uzanır, yəqin ki, 2 fərsəx olar. Cənubla Şərq arasında Ərəfat səhrası və Ərəfat dağıdır. Şərq tərəfdən Muzdələfə, şimal tərəfdən Məkkeyi-müəzzəmənin evlərinin çoxu görünür və Fatimə vadisi də buradadır. Bu qayanın üstündə mən namaz qıldım və aşağı endim.

İranın əksər vilayətlərində dağlıq ərazi üstünlük təşkil edir, bunların çoxunu görmüşəm. Lakin belə dağ və belə çətin yol heç vaxt görməmişəm. Çox zəhmətli və məşəqqətli yol getdim. Bir böyük dağın axırınadək getdim zirvəyə çatanda məlum oldu ki, dağın arxası tamam uçurumdur.

Nabələd adam yolu aza bilər. Şərifin sayəsində bələdçilər xətalı yolları tanıyırdılar. Dağın zirvəsində olarkən, əvvəlcə qayıtmaq istədim, lakin əsgərlərdən xəcalət çəkdim, onların çoxu hələ dağın ətəyində qalmışdılar.

Lakin dağın zirvəsi və o əzəmətli qaya çox səfalıdır. Əgər yol təmirlənsə idi, bu mümkündür və orada süni göl yaradılsa idi (yağan yağışların hesabına), nəzərdə əzəmətli bir abidə kimi yadigar qalardı.

Bu daşlıq yerdə və dağda qədimlikdən əsər-əlamət qal­ma­­yıbdır.

Cəbəl əs-Souru gördükdən sonra tarixin bu xəbərini təkzib etdim. Təəccüb doğurur ki, bu xəbər İbn əl Əsirin “Kamil üt-tarix” ində yoxdur. Təəccüblüdür ki, İbn əl-Əsir hörümçəyin qayanın yanında tor hörməsini, göyərçinin öz yumurtasını orada qoymasını zikr etməmişdir ki, bu, kainatın möcüzələrindəndir. İbn əl-Əsirin bu rəvayəti hədis yazanların, tarixçilərin və “Məcməül-bəyanın” təfsirinə ziddir.

Geri qayıdan zaman çox yorğun, hətta yol daşlıq olduğu üçün bihuş olmaq dərəcəsində idim. Yolda bir nəfər hindliyə rast gəldik. O, odun yığırdı. Dedi ki, üç ildir Mədinədə yaşayır. Hindli fars sözlərini ərəb sözləri ilə qarışdıraraq danışırdı. Bununla belə nə danışdığını, başa sala bilirdi. Böyük çətinliklə bizə bildirdi ki, o, yaxşı massaj edəndir. Mən onu dəvət etdim. O elə massaj etdi ki, bütün yorğunluğum getdi, çox faydalı oldu. Gərək Tehrana gəlib öz ustalığını orada öyrətsin, bu çox faydalı olar. Mən ayağ üstə dayanarkən əziyyət çəkirdim. Adı Məhəmməd olan hindlini yenə dəvət etdim, o, ayaqdan başa qədər elə masaj edirdi ki, bədən bütünlüklə dincəlir, ağrıdan azad olurdu. Oradan axşamdan bir saat keçmiş mənzilə gəldik. O qədər yorulmuşdum ki, müqəddəs məkana getməyə hal olmadı. Süst və halsız düşdüm.

Cənab Şərif Ovn təşrif buyurdu. Yolda yorulduğumu görüb, hal-əhval tutdu və İran dövləti tərəfindən nişan göndərildiyini, lakin fərmanın olmadığını söylədi. Məndən xahiş etdi ki, burada yazıb bildirim. Mən bu barədə yazdım və inşallah yaxınlarda Tehrandan fərmanın göndəriləcəyini bildirdim.



Məkkədə dayanma və səfər əşyalarını yığmaq h.q.1292-ci il zilhiccəülhəram ayının 15-i (14 yanvar, 1876) pəncşənbə. Səhər bütün səfər əşyalarını getmək üçün hazırlamağa başladıq. Ciddənin Qaimməqamı və Əli Rza bəy Miralay və sair insanlar, ərəblər, türklər gəldilər. Günortadan sonra Hərəmi-Möhtərəmə müşərrəf olub, mərhum Hacı valideynlərimi yad edərək, Kəbənin ətrafına dolandım, Təvaf etdim və evə qayıtdım.

Bügün bir göyərçin gördüm ki, ev qapısının halqasının yuxarısında oturmuşdu. Hər iki ayağını həlqənin üzərinə yerləşdirə bilmədiyi üçün bir ayağını yuxarıda saxlamışdı və baxırdı. Bu xoş halət xeyli davam etdi. Doğru demişlər:

To ey kəbutər, bam e-hərəm çe midani

Təpidən dele-morğan rişte dər pa ra.

Ayın 16-sı cümə axşamı axşamdan beş saat keçmiş Hərəmi-Mübarəkə getdim və Zəmzəm quyusunda qüsl edib, Xaneyi-Mübarəkə daxil olduq (Oraya girən əmin-amanlıq içində olur. Əl-imran surəsi, ayə 97). Mübarək evin sütun və guşələrinin yanında sevimli namazları qıldım, vəhsətdən yuxarı baxa bilmədim.

Həzrəti Mübarəkin damında hər iki tərəfdə beyt yazılmış, ortada İraq rüknü yerləşir. Hər bir Sultan təmir etdirdiyi əşyanın yanında, daş üzərində öz adını yazdırmış və divarlara bərkitmişdir.

Əslində bütlər kimi onlar da oradan götürülməli, Mübarək ev kirdən təmizlənməli, oradakı qiymətli daşlarla bəzədilmiş yazılar xaricə bərkidilməli və mübarək ev bəzənməlidir. Məsələn, Yəmani sütunu tərəfində Məlikül Əşrəf Xadimül hərəmeynin 825-ci ildə, Xadimül Hərəmeyn Qayıtbayın 884-cü ildə, Sultan Məhəmməd xan Osmaninin tarixi məlum olmayan təmir etdirdiklərini və bir neçə naxışlı daşları görmək olar. Vəhşətdən heç bir dua xatirimə gəlmədi. Nəhayət, Qurani-Kərimdən bir surə oxuduqdan sonra saat altı otuzda evə gəldim.

Mübarək evə daxil olmaq üçün istixarə etdim və orada bir hədis gördüm. Əgər istixarə etməsə idim, getməyə qərar verməzdim. Cəsarət edərək oraya daxil oldum, otağın ortasında üç sütun vardır.

Əlqissə, Çərkəs sultanlarından və Bərququn vəfat etmiş qohumlarından da izlər vardır. Bərquq 825-ci ildə taxta əyləşmiş və 841-ci ilin zilhiccə ayında vəfat etmişdir.

Məkkeyi-müəzzəmədə dayandıq.

Həra dağından tamaşa, xəstə Şərif Abdullanın ziya­rə­tin­də.­

h.q.1292-ci il, 16 zilhiccə-ülhəram ayı, cümə (15 yanvar, 1876). Səhər Hərəmi-Mübarəkə müşərrəf olub, bir dəfə təvaf et­dim. Onun savabını nəvvab Etizadüssəltənəyə, Nüsrət­üd­döv­lə­yə və Həşəmətüddövləyə dua edib bağışladım.

Ziqaqül-həcərdən qaıytdım. Küçədə qara, uzun daşı yerə bərkitmişlər. Deyirlər ki, həmin daş Həzrət peyğəmbərə salam vermişdir, daşın üzərində, yuxarıda iki beyt yazılmışdır:

Tərcüməsi: Mən hər zaman müsəlman daşıyam

İnsanlığın xeyrinə mənim mükafatımdır.

Ali keyfiyyət kimi bir fəzilət əldə etdim

Daşdan gələn bu fəzilət mənə aiddir!


Mənzilə gələrək günortadan sonra Həra dağına getdim. Bu dağ indi, hal-hazırda Cəbəlün-nur kimi məşhurdur. Dağ Məkkənin şimalı ilə şərqi arasında yerləşir və oradan Məkkeyi-müəzzəməyədək məsafə təxminən bir fərsəxdir.

Dağın ətəyindən zirvəsinədək bir saatlıq yoldur və bu yolu biz qət etdik. Əgər buraya yol çəkilsə də, yenə çətinlik vardır. Lakin elə etmək olardı ki, atlı dağın qülləsinədək asan­lıq­la gedə bilə idi. Qalanın yuxarısında bir qübbə düzəl­dil­miş­dir, qübbənin ortasında olan iri bir daşın üzərində qarışqaların izi ilə yarıqlar əmələ gəlmişdir.

Deyirlər ki, insanlar Həzrəti-Peyğəmbəri burada başçı, rəh­bər intixab etmişlər.

İnsanları buraya gətirərək yatızdırırlar. Deyirlər “İnşirah” su­rəsi burada nazil olmuşdur. İnsanlar əziyyətlə yataraq həmin ya­rıq olan daşın yanına gedirlər.

Şeyx mütəvəlli israrla, təkidlə deyirdi ki, biz o daşın yanına gedək. Mən dedim: “Həzrət Rəsul Bəni-Səəd tayfasının yanında başçı seçilmişdir və “İnşirah” surəsi Mədinə şəhərində nazil olmuşdur və onun bu dağa heç bir dəxli yoxdur”. Ondan soruşdum: “Həra mağarası haradadır?” Dedi ki, dağın ətəyindədir. Dağdan bir neçə pillə düzəldilmişdir və oradan aşağı düşürlər. O qübbənin cənub-qərbi Həra mağarasıdır. Mağaranın yaxınlığında iki əzəmətli qaya vardır və bir-birinə söykənmişlər. Onların arasında yarım zərə yaxın (40-45 sm) ara vardır ki, çox çətinliklə o aradan keçərək mağaraya daxil ol­maq mümkündür. Həra mağarası kiçik bir mağaradır. Geniş ağı­zı olan bu mağarada ona hələ peyğəmbərlik verilməmişdən əvvəl Məhəmməd Rəsulillah namaz qılmış, ibadətlə məşğul olmuşdur.

O dağda Həzrəti Cəbrayıl peyğəmbərlik yüksəkliyini qazanmış, burada ilk nazil olan surələrdən “Ələq” burada nazil olmuşdur.

Dağın yuxarısı çox səfalıdır. Qüllənin yaxınlığında, yuxarı gedən yolun başında bir böyük dibçək düzəldilmişdir. O, yağış suları ilə doludur və hər tərəfə kifayət edir.

Yolda, Cəbəl ən-Nur və Məkkeyi-müəzzəmə arasında yerləşən Əşər Kəzfər vadisində Sultan Süleyman Osmani bir əzəmətli sədd düzəltdirmişdir. Bu sədd vasitəsilə sel sularının qarşısı alınır. Məkkeyi-müəzzəməyə ziyan vurmur, geri qayıdır. Səddin uzunluğu 500-600 zərdir. Günəşin batmasına bir saat qalmış geri qayıtdıq. Cənab Şərif Abdulla xəstə olduğu üçün ona baş çəkməyə getdim. Xeyli söhbət etdik. Ondan xahiş etdim ki, bu axşam vəhşət və qorxudan Allahın evini yaxşı ziyarət edə bilmədiyim üçün vidalaşma günü icazə versə idi, bir daha təvaf edərdim, sonra yola düşərdim. Cənab Şərif buyurdu ki, xəbər verəcək və tapşıracaq ki, nə vaxt xaneyi-Mübarəki ziyarət etmək istəsəm, mübarək evin qapılarını açsınlar.

Şənbə günü axşam saat dörddə Hərəmə müşərrəf olub Əlahəzrət Hümayun Şahənşah üçün təvaf etdim və İsmayıl daşında namaz qıldım. Həmin kor qarını gördüm. “Mülki” surəsini mərhum vəliəhd üçün (Abbas Mirzə-tərc.) və “Müəzzəmmil” surəsini mərhum şah üçün (Məhəmməd şah –tərc.) və “Qiyamət” surəsini mərhumə validəm üçün oxudu. Mənzilə qayıtdım.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə