Azərbaycan miLLİ elmlər akademiyasi


Vəziri-dəftər Mirzə Hidayətullaha məktub



Yüklə 2,9 Mb.
səhifə17/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

Vəziri-dəftər Mirzə Hidayətullaha məktub

h.q. 1292-ci il,17 zilhiccə ül-həram, şənbə (1876, 16 yanvar). Eyni vaxtda bugün Bəhmən ayının əvvəlinci günüdür. Səhər Şərif Ovn gəldi. Bir yer kürəsinin qlobusu vardı, onu sifariş etdi, gətirdilər. Bəzi çətinlikləri vardı, məndən soruşdu, mən nə bilirdim, izah etdim, göstərdim.

Müşarileyh getdikdən sonra Möhtərəm hərəmə müşərrəf olub ətrafını dolandım. Namazı İsmayıl daşının üstündə qıldım. Mərhum fərmanfərma Firidun Mirzənin1 qızının hərarəti vardı, baş çəkməyə getdim və mənzilə qayıtdım.

Günəşin qürub etməsinə bir saat qalmış Mübarək hərəmə müşərrəf olub, ətrafını dolandım. İsmayıl daşında namaz qıldım Quran oxuyan üç “Yasin”surəsi mərhum Xaqan üçün, bir “Düxən” surəsi mərhum vəliəhd üçün oxudu. İnsafla danışsaq, bu korlar çox ustalıqla oxuyurlar. Onlar çox gözəl tilavət və qiraət bacarırlar. Günəş batdıqdan sonra mənzilə gəldim. 17-si axşam şam yeməyindən sonra Hərəmi-mübarəkə müşərrəf oldum, həzrəti-siddiqeyi Tahirə əleyhissalamın adına dolandım, İsmayıl daşı üstündə namaz qıldım. “Yasin” surəsini bir oxuyana tapşırdım, onun savabını Fatimeyi-Zəhraya göndərdim. Bu vaxt xidmət edənlərdən biri gəlib İbrahim məqamının açıq olduğunu xəbər verdi və ziyarət etməyin mümkün olduğunu bildirdi.

Ziyarət etməyə müşərrəf oldum və qəbirin ətrafına dolandım. Qəbirin üzərinə həzrət İbrahimin ayaq qoyduğu yerə güləbətin parça salınmışdır və bu örtük hər il təzələnir. Ondan üstdə Kəbə evinin binası dayanmışdır. Kor Quran oxuyan oradadır. Zəmzəm suyu orada axır və insanlar içirlər. İbrahim məqamını ziyarət etdikdən sonra mübarək evin kənarına gələrək, bir neçə zər aralı qara daşla üzbəüz oturub, bir qədər Quran oxudum və evə qayıtdım.

Hacı Şeyx Əbu Məhəmməd Xorasani mənim yanımda oturmuşdu. Mən “Taha” surəsini oxuyurdum. “Və əhəş beha əla qənəmi”. “Dedi: onunla qoyunlarıma xəzəl silkələyirəm”. (“Tahə” surəsi, 18-ci ayədən). Şeyxdən soruşdum: Ayədə olan hoş ifadəsinin mənası nədir?” Buyurdu ki, yəni qovuram. Dedim: “Sadə xalq da eşşəyi qovarkən hoş-hoş deyir, eləmi?” Buyurdu: “Bəli, elədir!” Çevrilib baxdım arxamda Məhəmmədbağır xanı gördüm. Dedim: “Xan, bildiniz?” Dedi: “Bəli!” Mən daha xəcalət çəkdim ki, Şeyxə hoşun mənasını bəyan edəm. Ərəblərin və Məscidül-hərəm əhlinin yanında xəcalətli olar bu sözün mənasına görə! O, cəhalətli, mən xəcalətli olaram!

Saat 5-də evə gəldim. Yadıma Ağa Mirzə Hidayətulla (vəziri-dəftər) düşdü. Belə bir axşamda iki il bundan əvvəl Şah məscidində olmuşduq və bir guşədə dayanıb tamaşa edirdik. Bu vaxt Cümə imamı üçün gəlin gətirirdilər. Mən bir qələm götürüb bir kağız yazdım və onun surəti aşağıda dərc olunur:
Fərhad Mirzənin cənab Vəziri-dəftər məktubu

Əbədi şöhrətli cənab Vəziri-Dəftər, Ciddə oğludur və indi Qədr gecəsidir. Qüdrətli Allahın hərəmindən saat 5-də ziyansız və əziyyətsiz şərifin mənzilinə gələrək iki hadisəni qeyd etdik: keçən gecəni və imam Cüməni. Şah məscidində və məbədi-Alidə minbərin ayağında, səkinin üstündə sizinlə oturub söhbət edirdik və qaranlıqda naringi yeyirdik. Kürə­kən­lə gəlini seyr və tamaşa edirdik. Bu zaman əlimizdə məşəl və fa­nar vardı. İmam qarşılamağa razı olmadı. Məsciddə onu mü­şa­yiət edənlər, sadə xalq xeyir-dua verirdi və küçədə olan mu­siqi də uzaqlaşdırıldı. Sonra imamı apardılar. Bu il, bu əziz gecədə mən haradayam? Müqəddəs məkanda. Bu minbərdən, bu mehrabdan Zəmzəm suyu qazanmışam. Gah Kəbə daşını öpmüşəm, gah İbrahim məkanında namazla məşğulam və İsmayıl daşında niyazla məşğulam. Mən hara, bu Astan hara, bu dastan hara?

İlahi, bu gördüyüm yuxudur, yoxsa, reallıq?

Mən bir neçə əzabdan sonra bu cür nemət içərisindəyəm. Bu yerə çatdıqda Kaka gəldi və xəbər verdi ki, cənab Şərif Ovn görüşə gəlmişdir və salonun bayırında gözləyir. Ona görə də bu məktubun ardını yazmağa, sona çatdırmağa imkan olmadı, həm də hava qaralırdı.


Yövm əl-Qədir
h.q. 1292-ci il, 18 zilhiccə ül-həram yekşənbə (1876, 17 yanvar), yövm əl-Qədirdir. Bu gün günortadan 3 saat keçmiş Mədineyi-Münəvvərə ərazisində, bir saatlıq yolda yerləşən Tənimə, kiçik həcc hərəminə getdim. Qüsl etdikdən sonra Beytül-hərəmə gedib, vacib təvafini yerinə yetirdim. Namazı İbrahim məkanında qılıb, mənzilimə qayıtdım. Buraya gəlib-getmək 6 saat çəkdi. Hərəmi-mübarəki dolandıqdan sonra yorğunluqdan dua oxumağa hal olmadı. Hər kəs kiçik həcc hərəmindən sonra Məkkəyə getsə cənnət onun sağ tərəfindədir. Xaqani demişdir:

Əz Omre terar ömr sazi,

Zanca beməqame Omre tazi.

Axer əməl əz mənasek in əst,

An divanra fəzlək in əst.

Onun məqsədi ömreyi-müfərridədir. Bir axşamçağı Şərif Ovn bayramı təbrik etməyə gəldi. Ayın on doqquzu, düşənbə günü axşam saat dörddə Hərəmi-şərifə müşərrəf olub, bütün pak imamların şərəfinə bir daha Hərəmi dolandım, namazı məqami-İbrahimdə qıldım, evə qayıtdım.

Zikr olundu ki, hacılardan bəzisi Mədineyi-Münəvvərəyə getməyib, Ciddəyə qayıtdılar və oradan öz vətənlərinə döndülər. Hədisdə deyilir ki, Həzrət bir risalədə buyurmuşdur: “Hər kəs ki, Allah evini ziyarət edir, lakin məni ziyarət etmir, mənim haqqımda cəfa etmiş olur. Məlumdur ki, Rəsula cəfa cahil adam tərəfindən edilər”.

Onun ziyarətində hikmət vardır, onun hüzurunda nemət vardır. Biri Darülsəlamdır, digəri Nəmülməqam (çox yaxşı məqam) Hafiz yaxşı demişdir:

Çeşme del baz kon ke can bini,

Ançe nadidəni əst an bini.



Məkkeyi-müəzzəmədə dayandıq

İsfahanın Cümə imamının bacısı oğlanları ilə görüş və Məhəmmədbağır xan vasitəsilə plan (xəritə) hazırlanması

h.q.1292-ci il zilhiccəülhəram ayının 19u, düşənbə. (1876, 18 yanvar, bazar ertəsi) səhər İsfahanın Cümə imamının bacısı oğlanları məni görməyə gəldilər. Onlar yaşıl əmma­mə­lə­ri­ni ağ əmmamə ilə əvəz etmişdilər. Onlardan soruşdum ki, öz minillik adətlərini niyə məhz Məkkəyə gəldikdən sonra dəyiş­di­­lər? Cavab vermədilər. Günortaya yaxın ziyarətə müşərrəf olub, pak imamların ruhuna təvaf etdim. namazı İbrahim məqamında icra etdim və Məscidül-hərəmin ətrafında gəzişdim. Mübarək hərəmin qapılarını müşahidə edərək, Məhəmmədbağır xanın çəkdiyi plana əsasən kompas vasitəsilə Şimal, Cənub, Şərq və Qərbi müəyyən etdim (Məhəm­məd­bağır xan Fərhad Mirzə ilə əmi nəvəsi idilər).

Axşamüstü Günəşin batmasına yaxın hərəmin ziyarətinə müşərrəf olub, yenə pak imamların ruhuna təvaf etdim. Namazı İsmayıl daşı üzərində qılaraq mənzilə qayıtdım.

İbrahim məqamında mübarək ibadətxana ilə üzbəüz qərb tərəfdə Məlikül-əşrəf Xadimül-Hərəmeyn İnal Nasirin məzarıdır ki, o, h.858-ci ildə burada bir imarət tikdirmişdir. Müşarileyh h.q.857-ci ilin rəbiüləvvəlində cülus etmiş (haki­miy­yətə gəlmiş), 865-ci ilin cümadiüləvvəlində vəfat etmişdir!

İbrahim məqamında Məlikülkamil, Xadimülhərəmeyn Qansuh Quri dəfn edilmişdir.

Qansuh Misirdə çərkəslərin sonuncu sultanıdır. Onlar 906-cı ildə hakimiyyətə gəlmiş və 923-cü ilin məhərrəm­ül­hə­ram ayında Misir hökumətini Osmanlı sultanlarına təhvil vermişlər. İlk sultanı Sultan Səlim Misirin fatehi olmuşdur.

Çərkəzlərin dövləti Qansuhda süqut etdi. Çərkəz məlik­lə­ri 22 nəfər olmuşlar. Onların birinci sultanı Bərquqdur, o, 784-cü ilin ramazan ayında taxta əyləşmişdir. Çərkəzlərin bütün sul­tan­ları Misir, Şamat, Məkkə və Mədinəni zəbt etmişdilər və onların hakimiyyət müddəti 148 il olmuşdur.

Ayın 20-si, şeşənbə günü axşam saat 4-də Hərəmi-mübarəkə müşərrəf olub, təvaf etdim. Namazı İsmayıl Daşında qıldım. Sərvər ağa gedib Şeyx Bədəvini Misir qarısını gətirdi. Müşarıleyh kordur, lakin çox gözəl qiraət edir, Məkkədə onun kimisi yoxdur. “Nəcm” surəsini oxudu, mərhum vəliəhdə (Abbas Mirzə Naibüssəltənə) niyaz etdim.

Saat 5-də mənzilə qayıtdım.

Məkkədə dayandıq. Əbu Qübeys dağından görün­tü­lər, Məşhədin müqəddəsləri

h.q. 1292-ci il, zilhiccə ül-həramın 20-si şeşənbə (1876, 19 yanvar, çərşənbə axşamı). Səhər Hərəmi-mübarəkə müşərrəf olub, təvaf etdim. İbraim məqamında namaz qıldım, sonra Hərəmi-mübarəkdən çıxaraq, ata minib, Əbu Qübeys dağına getdim. Bu dağın yuxarısında insanı cəlb edən və qarşısında iki dayanmalı məkan vardır. Onun biri məsciddir ki, tavanı yoxdur Səqqül Qəmər1 məscidi, digəri isə tavanı olan məscid­dir.­De­yir­lər­ ki, Bilal orada azan oxumuşdur. Hərəmi-mübarək və xaneyi-mübarək Əbu Qubeys dağının qərbində yerləşir. Mübarək xanənin yuxarısı bir qədər dikdir, yəni onun ətraf divarı hündürdür və uzaqdan Məkkə şəhəri bütünlüklə görünür.

Məkkədə üç yerdə Sultana məxsus ordu vardır. Biri böyük qaladır ki, o, Əbu Qubeys dağının Cənubu ilə Qərbi arasındadır. Digəri Cəbəli Əmiratdır ki, Əbu Qubeysin qərbindədir və HərəmiMöhtərəm bu aradadır və orada da ordu vardır. Digəri Fil-filə qalasıdır və Əbu Qubeys dağının şimali-qərb hissəsində yerləşir.

Səfa və Mərvə dağı daha hündürdür. Deyirdilər ki, Şərif Əbdülmətləb dağıtmış və orada ev tikdirmişdir. İndi Səfa və Mərvəyə dağ demək olmaz. Oradan Ceyhuna gedib həzrəti-Xədiceyi-Kübranın qəbrini ziyarət etdim. Bu müqəddəsin büzürgvar ərinə, namdar damadına Alimiqdar qızına və övladlarına, onların ruhuna xeyli dualar, salavat və salamlar izhar etdim. Bu qadın həqiqətən Peyğəmbərin dininə, Mustafa şəriətinə rəvac vermiş, xeyli xidmət göstərmişdir. Haqq yolunda Peyğəmbərlə bərabər addıml­amış­­dır.

Aminənin qəbrinə qulluq edən, Binti-Vəhəb dedi ki, bu, Rəsul­i­llahın anasıdır. Dedim: “salam olsun ruhuna ki, kainatın fəxridirlər. Lakin Aminənin qəbri Əbudadır”.

Oradan Əbdülmətləb və Əbdmanafın məqbərəsinə getdim. Hər ikisi bir günbəzin altında uyuyur və Əbdmanafın oğlu Haşım Şamda, Qəzzədədir. Mətrud bin Kəəb Qəzzəni cəm halda tələffüz etmişdir.

Oradan Əbu Talibin məzarı üstünə getdim. Sonra evə qayıtdım. Axşam Hərəmi-möhtərəmə gedib, bir dəfə təvaf etdim. Namazı İsmayıl daşında qıldım. Sonra Məkkeyi-müəzzəməyə daxil olarkən oxumağa başladığım Qurani-Kərimi bitirdim və mərhum vəliəhdin, şahənşahi-mərhumun və valideyi-mərhumənin ruhuna niyaz etdim.

Oradan mənzilə gələrək cənab Dəbirulmülkün vidalaşmaq üçün gəldiyini gördüm. Gecə saat dörddə Hərəmi-Mübarəkə müşərrəf olub, təvaf etdim və İsmayıl daşında namaz qılaraq evə qayıtdım.


Şərif Əvn, Şərif Abdulla və sair böyüklərin Fərhad Mirzə ilə vidalaşması və Məkkədən yola düşmə.

h.q.1292-ci ill zilhiccə ül-həramın iyirmi biri çəharşənbə günü (1876-cı il, 20 yanvar) səhər Şərif Əvn və Şərif Abdulla və başqaları vidalaşmaq üçün gəlmişdilər. Onlar getdikdən sonra Hərəmi-Mübarəkə gedib, Zəmzəmdə qüsl etdim və Beyti-Mübarəkə daxil oldum. Orada namazı iki sütunun arasında və Xaneyi-Mübarəkin künclərində qıldım. Sonra “Qadr” surəsini oxuyub, son dəfə Kəbəni dolanıb, evə qayıt­dım. Əslində həmdi-surədən sonra “Səcdə” surəsini oxumaq müs­tə­cəbdir. Lakin unutduğum üçün “Qadr” surəsini oxudum. Beytdə vəhşətə gəldim. Burada döşəməsinin mərmərləri səliqəsiz düzülmüşdü. Hərəsi bir cürə idi, sınığı da var idi, biri böyük, digəri kiçik idi. Osmanlı sultanları Beytüllahür-hərəm barədə xeyli diqqətsiz olmuşlar. Hərəmi-mübarəkin xiyaban­la­rı­na kobud daş döşənmiş, bu daşların bəzisi hətta bir-birindən bir çərək aralıdır, əhəngdir, o da keyfiyyətsiz! Heç Beytül-hə­rə­mə layiq deyildir! Günəşin qürub etməsinə iki saat yarım qal­mış­dı ki, Məkkeyi-müəzzəmədən yola düşdük.

Ciddə yolunun üstündəki Bəstan qəhvəxanasının yaxın­lı­ğın­da cənabi-Şərif Abdulla və cənab Təqiəddin paşa, Hicaz valisi bizi müşayiət etmək üçün çadır qurdurmuşdular. Hər ikisi bir yerdə əyləşib mənim gəlişimi gözləyirdilər.

Məkkeyi-müəzzəmənin xaricində də hərbçilər dayan­mış-dı­lar və on yeddi top atdılar. Mən atdan düşərək çadıra tərəf getdim.

Vali paşa çadırın qarşısında istiqbal etdikdə Şərif iflic ayağı ilə həmin yerində dayanmışdı. Cənabi-şərif buyurdu: “ Kaş ki, Məkkeyi-müəzzəmədə daha çox dayana idiniz, Misirdə və İstanbulda dayanaraq ötürdüyünüz vaxtları burada dayana idiniz. Sizin söhbətinizdən, sizə xidmətdən bəhrəmənd ola idim”. Mən dedim: “Mən də Hərəmi-möhtərəmi tərk etdiyim üçün və sizin xidmətinizdən feyz aldığım üçün deyirəm: (Ərəbcə bir beytin mənası belədir: (Razılıq olmadan qırıldım, mühacirət etdim: Çətinliklə və ürəyim kədərlə dolu, biixtiyar səfər yükünü bağladım)

O dedi: “Ədəbsizlik kimi düşünməyin, bu şeiri bir də söyləyin ki, mən yadımda saxlayım və yadigar olaraq xatirimdə qalsın ki, bunu şahzadə vida zamanı söyləmişdir”.

Hərəmi-möhtərəmdən danışdım, Sultanlar Hərəmi-möhtərəmi 2-ci dəfə təmir etdirərkən səliqəsizliyə yol vermişlər. Bir çox insanın ağlına elə gəlir ki, ya qəzəb və ya qələbə onları ibadətə oturda bilər. Dinin rəvacı sultanların qılıncından asılıdır, insanlar itaətə və ibadətə meyl etmirlər.Onlar Məkkəni bəzəməklə islama səcdənin artacağını güman edirlər.

Həzrət Peyğəmbər Rəsulillah (s.ə.s) 13 il Məkkeyi-müəzzəmədə buyurmuşdur “Allahdan başqa Allah yoxdur” az iman gətirdilər. Mədineyi-Münəvvərədə buyurmuşdur: “Mən peyğəmbəre-şəmşirəm”. Hamı istər-istəməz itaət etdi. Cənab Şərif təsdiq etdi. Öz təqsirlərinə görə üzr istədi və dedi: “İnşallah öz Səfərnamənizdə əgər mənim 13 günahımdan keçdiyinizi yazsanız, yaxşı olardı”. Mən dedim: “Vay halımıza! Bu necə kitabdır ki, nə kiçik buraxmışdır, nə də böyük, əməllərimizin hamısını yazmışdır”. (Kəhf surəsi, ayə 49). Əgər mənim “Səfərnaməm” bütünlüklə sizi vəsf eləsə, yenə azdır”. Xeyli güldü. Vali paşa da savadlı insandır. Qəhvə içdikdən sonra atlara süvar olduq.

Məkkeyi-müəzzəmədən Ciddəyə qədər təxti-rəvanla (qatır üzərində) 6 saat yarım yoldur və hər yerdə qərb istiqamətində hərəkət etdik. Yol düz və qumluqdur. Sağ və sol tərəf dağlardır. Hündür və alçaq dağların bir hissəsi yoldan uzaqdadır, bir qədəri yaxındadır. Ciddə abaddır. Suyu Fatimə vadisindən axır. Bir az şor olsa da, şirin quyuları da vardır.

Məlik Hüseyn paşa Şərifin qardaşıdır, çox qabiliyyətli insandır, inşallah, Məkkeyi-müəzzəmə ilə Ciddə arası abad olsa, həm səyyah karvanı, həm də zəvvarlar üçün yaxşı olar. Məkkeyi-müəzzəmədən Ciddəyədək bir neçə yerdə şirin su və qəhvəxana vardır: Qəhveyi-Bustan, Qəhveyi-Ümməd-dud, Qəhveyi-Mektələ, Salim, yaxşı suyu vardır. Beşinci Ələmindir, burada iki minarə düzəldilmişdir ki, bunlar Hərəmin hüdudunu göstərir və beşsaatlıq yoldur. Altıncı Şemisidir.

Axşamdan 6 saat keçmiş mənzilə çatdıq. Bura çox yaxşı məscidi olan yelərdir. Əli bəy Minbaşı bizimlə həmrah olan, 20 at ayıran Paşaya tapşırmışdı ki, bizim üçün bu yeri boşaltsın.

Hiddəyə daxil olduq.

h.q. 1292-ci il zilhiccəül-həram ayının 22-si pəncşənbə günüdür (1876, 21 yanvar).Səhər Hiddənin yeni salınmış bağlarında bir qədər gəzdim. Bura gözəl yerdir və qədim yeraltı suvarma kanalının əlamətləri də vardır.

Günəşin qürubuna 4 saat qalmış oradan yola düşdük. Bir qədər Bəhrə qəhvəxanasında gözlədik. Bəhrə çox abaddır. Buradan Məkkəyə yarı yoldur. Ceradədə günbatan (məğrib) və axşam namazını qıldıq və beş saat yarımdan sonra Hiddəyə varid olduq.

Əli bəy dedi ki, Ciddəyə çox qalmayıb, gərək burada gözləyib, səhər gedək. Köprünün evində bir neçə saat qaldıq və o qədər yorğun idim ki, səhərədək rahat yatdım.

Ərəb qəhvəxanasından yenə də iki dağın arası ilə yola düşdük. Dağlar yola gah yaxınlaşır, gah da yoldan uzaqlaşırdı. Hiddədən Ciddəyədək yol üstündə bir neçə qəhvəxana yerləşir: Birinci Qəndhur, ikinci Bəhrə, üçüncü Ərəb, dördüncü Cərade, beşinci Əbdülnəsif, altıncı Rəğame, yeddinci Rəs-Qaim, səkkizinci Ciddədir. Hiddədən Rəğameyədək 8 saat yoldur və Rəğamedən Ciddəyədək bir saat yarımdır. Düz səhradır.

Bir səhər Rəğamedə dedilər ki, bir nəfər hindli öz həmrah hindlisinin xəstələnərək, yolda dünyasını dəyişdiyi barədə xəbər vermişdir. Onun bir əlini də qurd yemişdir.

Mən minbaşı Əli bəyə dedim ki, qəhvəxana əhlindən əsgər göndərsin, mənim xərcimə o öləni qayda ilə kəfənə tutub dəfn eləsinlər.

Ciddənin suyu yağışın hesabınadır və bunun üçün böyük hovuzlar düzəldilmişdir. Fransa, İngiltərə və Hollandiya dövlətlərinin konsulları buradadır.


Ciddəyə daxil olduq

İran, İngiltərə və Fransa konsulları ilə görüş

h.q.1292-ci il zilhiccə ül-həramın 23-ü cümə günüdür. Bu gün dəlv ayının 23-ü cümə günü (1876, 22 yanvar). Günor­ta­dan üç saat keçmiş Ciddəyə daxil olduq.

Məkkeyi-müəzzəmədən Ciddəyədək 16 saat yoldur. Əlibəy Qaimməqam və Ciddənin qazisi, əsgərlər İran dövlətinin tərcümanı Məhəmməd Ağa ilə Rəş Qaim qəhvəxanasınadək istiqbala gəlmişdilər. Məkkədə olan konsul Hacı Əhməd ağa Əcəm zəvvarlarının Şam və Cəbəl yolu ilə yola düşmək icazəsini alıb gətirmişdi. Əli bəy qanuna əməl edən çox ciddi ağsaqqaldır.
Əz ədəbi-an su tərk oftade əst.

Toplardan on yeddi yaylım atəşi açıldı. Bir saatdan sonra Kömrük naziri Kamil gəldi. O, dünyagörmüş insandır, dövlətin və islami dəyərlərin qayğısını çox çəkir. Deyirdi ki, əvvəllər Ciddədə konsul olmamışdır. Rəşid paşa xarici dövlətlərin konsullarının ayağını Ciddəyə açmışdır, beləliklə möhtərəm qadının namuslarına ədəbsizlik gəldi. Hicazın açarını onların əlinə verdi.

Bu əsnada Fransanın konsulunun naibi gəldi, sonra ingilis dövlətinin Baş konsulu rəsmi libasda gəldi. Qaimməqam da onunla bir yerdə gəldilər. Qırmızı dəniz tam olaraq Baş konsulun ixtiyarındadır. Sağ qulağında problem olduğundan çətinliklə eşidir. O deyirdi: “Əgər İstanbula rahat getmək istə­yir­­sinizsə, buradan Ədənə gedin və Ədəndən Vapora qoşu­la­raq, İstanbula gedin”. Mən onda dedim ki, bu iş tikəni başın arxasından ağıza aparmağa bənzəyir. Kamil bəy dedi ki, iki gündən sonra Avstriya vaporu gəlir və o daha yaxşıdır.

Namazdan sonra axşam dənizə tamaşa etməyə getdim və yol­üstü bazardan qayıtdım. Burada bazar Məkkeyi-müəzzəmə­nin bazarından daha abaddır, camaatı daha çoxdur.


Ciddədə dayandıq.

h.q.1292-ci il, 24 zilhiccə ül-həramın 24-üdür, şənbədir. (1876, 23 yanvar). Səhər Ciddə limanının xaricində, həzrəti-Həvvanın ziyarətinə getdim.

Bu bir qəbiristandır ki, dövrəsinə divar çəkilmişdir. Qapı­dan içəri daxil olduqda, həmin qapının yaxınlığında kiçik bir yer vardır ki, burada ortada günbəzli bir qəbir görünür, deyirlər Həvvanın qəbridir, sadə xalq gəlib daşı öpür, ziyarət edirlər.

Qəbiristanın axırı deyilənə görə Həvvanın uyuduğu məka­nıdır, o yerin uzunluğu 140 zərdir (1zər 107 sm-dir).

Bu qəbrin uzunluğuna və eninə 3-4 zər bir divar çəkil­miş­dir. Ciddənin hakimi Osman paşanın qəbri 1261 h.q. tarixdəndir (1845) və onun digər bir qohumu bu iki divar arasında dəfn edilmişdir.

Əgər bu qəbir həqiqətən Həvvaya aiddirsə, bu doğru­dur­sa, həzrət Həvvanın boyunun uzunluğu bu qədər olsa, Osman paşanın qəbri Həzrətdən yuxarıda vaqe olmuşdur. Belə çıxır ki, Həzrət Həvvanı tutub deyib ki, nə üçün buğdanı yedin və bizi rövzeyi-Rizvandan məhrum etdin?

Lakin əslində Vali günah iş görmüşdür ki, onun cəsədini pak Ümmülbəşərdən yuxarıda dəfn etmişlər. Şeyx Mütəvəl­li­dən soruşduq, dedi: Zorla dəfn etmişlər, bizim mane olmağa qüd­rətimiz çatmadı!

Oradan dəniz kənarına gəldim, bu, Mədinə qapısının xaricin­dədir. Dedim ki, tor gətirsinlər, balıq tutsunlar. Dedilər: “İki ildir ki, balıqlara kömrük nəzarət edir və hər 10 quruşdan bir quruş tutulur, yer müəyyən olunmuşdur ki, gərək oradan tutulsun. Əgər meyliniz varsa, gərək Qaimməqama deyilsin ki, tor göndərsin”. Dedim: “Heç lazım deyildir” deyib evə gəldim. Axşam məlum oldu ki, gözətçi dəstəsinin vəkili Şərəfrəsan yalan danışmışdır. O, istəyirdi ki, Yənbəəyə getsin və hacıları gəmiyə yığaraq məhərrəm ayının ortalarında Yənbəədən yola düşsün.

Qaimməqam üzrxahlıq etmək üçün gəldi və dedi: “Xid­mət­lə əlaqədar Sərkarın yanında məni xəcalətli etdilər”. Mən dedim ki, başqa yerlərə nisbətən yalanın bu vilayətdə daha çox olduğu aşkar oldu.

İki gündür ki, şimal küləyi əsir və hava soyuyur, hərarət 55 dərəcədir. Ciddədə iki nəfərdən eşitdim ki, Mədineyi-Mü­nəv­­vərənin Şeyxül-hərəmi Əli paşa gecələr Allaha yalvarmaq əvə­zinə stəkanla içki qəbuı edir. Mən çox təəccüb etdim. O və­ziy­yətdə görəsən mübarəkə necə daxil olur?


Ciddədə dayandıq.

h.q. 1292-ci il zilhiccə ül-həramın 25-i, yekşənbə günü. (1876, 24 yanvar) Hava küləkli və tufanlı idi. Dəniz kənarına, tamaşa etməyə getdim. Gəmiləri yedəyə alaraq, lövbər sal­mış­dı­lar. Müsyo Roşen, Alman gəmilərinin nümayəndəsi gəldi. O de­di: “Ehtimal olunur ki, bugün, yaxud sabah bizim gəmimiz gə­lib çatsın, əgər çatmasa da yəqin ki, yarı yoldadır, iki gün bun­dan əvvəl ingilis paroxodu gilə oturmuşdur, bu gün və sa­bah onu çıxaracaqlar və Süveyşə gedəcək. Oradan müm­kün­dür ki, hər tərəfə gedə bilən başqa bir paroxod hazır olsun. Allah bi­zə kömək olsun!”

Ciddə pis limandır, ta bələdçi olmasa, gəmilər sahilə yan ala bilməz və lövbər salmaq təhlükəlidir. Gilə oturan gəminin kapitanı kefli idi, böyük qapıdan keçmək əvəzinə, paroxodu zorla kiçik qapıdan keçirmək istəmiş və daşa dəyərək gilə oturmuşdur. Bu paroxodu nisbətən böyük paroxoda bağlamaqla çəkib çıxarmaq mümkün olar, əlbəttə ki, əgər külək əsməsə, əks təqdirdə bu paroxodu asanlıqla gildən çıxarmaq çətindir. Paroxod çıxarılarkən zədələnə bilər və onun dəniz sularında üzməsi xətadır.
Ciddədə dayanma və gəminin hazırlanması

h.q.1292-ci il zilhiccə ül-həramın 26-sı, düşənbə günü (25 yanvar 1876). Darıxdığım üçün dəniz kənarına getdim. Təsadüfən Osmanlı gəmilərinin nəzarətçisi matros Nikolayı ora­da gördüm. Ona dedim: “Dünən mən Alman gəmisi ilə get­mək istədim. Dedilər ki, dövlət paroxodu mötəbərdir. Sizdən soruş­dum, dediniz ki, yekşənbə günü gedir. Gəmi Rodosda və İzmirdə dayanır və oradan İstanbula gedir. Sonra vaxtı pən­c­şən­­bəyə və cüməyə dəyişdin. Sonra dedin ki, deyəsən Yənbəyə ge­­dir, orada iyirmi gün qalacaq. Bütün bu yalanlar nə üçün­dür?”

Əgər başqaları Həzrət Sultana bunları ərz etmirlərsə mən qorxmuram. Bu barədə əlahəzrət Sultana ərizə yazaraq bil­di­rə­cə­yəm və səni müqəssir bilərək işdən azad edəcəklər”. Mə­həm­məd paşa da (Mədinənin keçmiş hakimi) buraya gəldi və dedi: “Mən də imza edəcəyəm ki, bu adam tamahkardır, burada bir ay dayanmaq haqqını az bilir və hacılardan pul aldığını gör­mü­şəm. Əgər ödənilən kirayənin məbləği az olarsa, hər kəs razı qa­lar”. Bu söhbətdən sonra Qaimməqamla danışmaq üçün ya­nı­na getdilər. Limanda uzaqdan üç paroxodun üzdüyü göründü. Al­lah eləsin ki, paroxod İstanbula gedən olsun.

Bugün hesabladım ki, düz xətlə Məkkeyi-müəzzəmədən Cid­də, İstanbul, Tiflis, Badkubə, Rəşt və Tehranədək İran hesabı ilə 1000 fərsəxdən artıq yoldur. İlahi, çətinliklərimizi asan et! And verirəm Məhəmmədə və pak xanədana!

Bugün Mirzə İsmayıl və Mir Axur yola düşərək, bu şəhərə getdilər ki, Bəsrə yolu ilə Ətəbati-Alini ziyarət etsinlər.

Axşam müsyo Roşen gəldi, xəbər gətirdi ki, alman paroxodu Bombeydən gəlib, Port-Səidə gedir, oradan İsgən­də­riy­yəyə, İsgəndəriyyədən İstanbula yola düşəcək.

Həqiqətən üç gün çəkdiyimiz kədər, indi isə sevinc hissinə baxmayaraq, Ciddədən ayrılmaq çətin idi, çünki bununla müqəddəs hərəmdən, Allahın hərəmindən ayrılmalı idim.

Səninlə bir-iki-üç addım da atmaq qənimət idi!

Ciddənin suyu çox pisdir. Heç nəyə yaramır. Bir ildir ki, burada yağış yağmır, kəhrizlər köhnədir, burada su dadsızdır.

Qaimməqam mənim üçün bir küp su gətirmişdir. Bu, İs­tan­­bulun Qaraqulaq suyudur. Gəminin kapitanının yanın­da­dır. Böyük hörmətdir. Bu su küpü təqribən 12 mən su tuturdu. (mən 2, 944 kq. Təbriz məni, 5, 888 kq. Şah məninə bərabərdir- T.H.). İstanbulun Qaraqulaq suyu məşhurdur. Son dərəcə yün­gül və şirin sudur. Bu suyu İstanbuladək içdik və çay kimi ki­fa­yət etdi.


Rəsmilərin müşayiətilə Ciddədən hərəkət

h.q.1292-ci il, 27 zilhiccə ül-həram, seşənbə (26 yanvar 1876). Səhər xeyir və afiyətlə Ciddədən yola düşdük. Günortadan beş saat yarım keçmiş Oturay adlı paroxoda əyləşdik.

Ciddənin Qaimməqamı şərəfimizə top atəşi açmaqla müşayiət kimi ehtiramlarını göstərdi. Mədineyi-Münəvvərənin sabiq hakimi Məhəmməd paşa rəsmi libasda, Qırmızı dənizdə hərbi gəmilərin sərkərdəsi İzzət bəy miralay mənzilə qədər gəldilər. Mənzildən Qaimməqamla bərabər paroxoda qədər həmrah oldular.

Dənizdə sultanın hərbi gəmisindən 17 top atəşi açıldı.Qırmızı dənizdə Osmanlı dövlətinin 3 hərbi gəmisi həmişə hərəkətdədir, onların yerləşdiyi mərkəz Ciddədir.

Bu paroxod əvvəlkinin əksinə çox səliqəli, hər bir şeylə təmin olunmuşdur. Böyük salonu vardır, onun uzunluğu iyirmi iki zərdir. Qapıları salona açılır. 365 fut (1 fut = 0, 3048m/ gə­mi­nin uzunluğu, 26 fut eni, 22 fut hündürlüyüdür. Hün­dür­lü­yü əvvəlki gördüyümüz paroxodlardan azdır, saatda on mildən 12 milədək üzür, Kapitanın adı li-Sundur.

Günəşin batmasına bir saat qalmış paroxod xeyir və afiyətlə hərəkət etdi. İki-üç saatdan sonra şimal küləyi bərkidi, İlahi, nə halda olduq!?

Gəmidə

h.q.1292-ci il zilqədədül-həramın 28-i, çəharşənbə (27yanvar,1876). Gecədən keçmiş fırtına başladı. Şimal küləyi dənizdə gəmini fırtına ilə üz-üzə qoydu və xeyli əziyyət verdi.



Süveyşdən Ciddəyə gedərkən cənub küləyi şiddətli əsirdi, indi də şimal küləyi fırtına yaratmışdır və dalğalar gəminin yanlarını yuyur. İnsanların əksəriyyətinin paltarları və yataqları islandığı üçün soyuqlayaraq xəstələndilər. Çəharşənbə günü ayın 28-dən pəncşənbə günü 29-dək mən və bütün gəmi sakinləri meyit kimi düşüb qalmışdıq.

Bu müddət ərzində iki-üç fincan çay içmişdim, onu da təbiətim qəbul etmirdi.

Kapitan deyirdi ki, dünən və bugün paroxod saatda üç-dörd mil hərəkət etmişdir, çünki şimal küləyi güclü əsdiyindən gəminin hərəkətinə mane olur.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə