Azərbaycan miLLİ elmlər akademiyasifolklor institutu



Yüklə 1,82 Mb.
səhifə1/14
tarix30.12.2017
ölçüsü1,82 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

_________________________________________

BAKI

FOLKLOR ÖRNƏKLƏRİ
2-ci kitab

BAKI – 2015

LAYİHƏ RƏHBƏRİ: AMEA-nın müxbir üzvü,

Muxtar KAZIMOĞLU

(İMANOV)

TƏRTİBÇİLƏR: fil.ü.f.d. Rza XƏLİLOV

fil.ü.f.d. Afaq RAMAZANOVA



ELMİ REDAKTORU: t.ü.e.d. Təvəkkül SƏLİMOV-

ŞA­ĞANİ

Bakı folklor örnəkləri, 2-ci kitab, Bakı, Elm və təhsil, 2015, 320 səh.

folklorinstitutu.com



B 4603000000 Qrifli nəşr

N-098-2015

© Folklor İnstitutu, 2015

TƏRTİBÇİLƏRDƏN
“Bakı folklor örnəkləri” silsiləsindən olan birinci kitab­da olduğu kimi, bu kitabın tərtibində də arxiv və fondlarda, jurnal və kitab səhifələrində yer almış materialların bir araya gətirilməsi və sistemləşdirilməsi prinsipi əsas götürülmüşdür.

Kitabın “Qeyd və izahlar” bölümünə nəzər salsaq, onun tərtibində istifadə edilmiş qaynaqlar arasında görkəmli dilçi - alim M.A.Şirəliyevin Bakı dialekti ilə bağlı topladığı mate­rialların, Bakı-Abşeron folklorunun tanınmış toplayıcısı və təd­qiqatçısı, tarix üzrə elmlər doktoru Təvəkkül Səlimov-Şa­ğa­ninin toplama işlərinin əsas yer tutduğunu görə bilərik.

Kitabın daxili quruluşuna gəlincə isə, onun “Başlıqlar” adlı mündəricatından da göründüyü kimi, burada folkloru­mu­zun bir çox janrları ─ atalar sözləri, tapmacalar, alqış və qar­ğış­lar, bayatılar, nağıllar geniş yer almışdır.

Bakı-Abşeron folklorunun görkəmli və fədakar topla­yı­cısı Ə.H.Tahirovun topladığı nağıllar Azərbaycan nağıl fon­dunun ən gözəl və xarakterik örnəklərini təşkil etməkdədir.

Təqribən əsr yarım bundan əvvəl sənayeləşmə mərhələ­sinə daxil olan Bakı qısa bir zaman kəsimi ərzində neft səna­ye­sinin sürətli inkişafı ilə Azərbaycanın sənaye, mədəniyyət, təhsil və maarif mərkəzinə çevrildi. Bu da, öz növbəsində, Ba­kının bir çox mədəniyyətlərin qaynayıb qarışdığı bir yer ol­masına gətirib çıxardı. Azərbaycan xalqına əsrlərdən bəri xas olan tolerantlıq burada müxtəlif mədəniyyət və dinlərin dinc şəraitdə yaşamasına və inkişafına münbit şərait yaratdı.

Müxtəlif iqtisadi, sosial səbəblər nəticəsində Azərbay­canın müxtəlif yerlərindən bura yönələn daxili kütləvi köçlər, region əhalisinin özü ilə gətirdiyi yerli şifahi xalq ədəbiyyatı ör­nəkləri Bakı folklorunu daha da zənginləşdirdi, öz mil­li­liyini qoruyub saxlamaqda onun imkanlarını daha da artır­dı.

Ümid edirik ki, Bakı folklorunun toplanması, sistemləş­dirilməsi və nəşr edilməsi istiqamətində görülən işlər bu iki kitabla yekunlaşmayacaq və yeni kitablar hazırlanıb ortaya çı­xarılacaqdır. AMEA Folklor İnstitutu bu istiqamətdə böyük və­ məsuliyyətli bir işin, layihənin yerinə yetirilməsinin baş­lanğıc mərhələsindədir. Qarşıda Bakı folklorunun canlı döv­riy­yədən toplanılması, Bakı folklorunun şəhər folkloru örnəyi olaraq araşdırılması kimi mühüm vəzifələr durur.
Rza Xəlilov

Afaq Xürrəmqızı

ATALAR SÖZLƏRİ

A

Abad kənd yolundan bilinər.

Abır-həya olan yerdə bərəkət də olar.

Abırını yeyib, həyasını belinə bağlayıb.

Abırlı adam abırından qorxar, həyasız nədən qorxar?

Abırsızdan (həyasızdan) abırını saxla.

Aclıq bir il gedər, möhnət min il.

Adam öz evinin ağası da olar, nökəri də.

Ağ ayranı itə tökərlər, qara kişmişi cibə.

Ağ gün adamı ağardar, qara gün qaraldar.

Ağa ağ deyiblər, qaraya qara.

Ağa deyər – sür dərəyə – sür dərəyə!

Ağa dediyin nədir, bəyənmədiyin nədir?

Ağa durub, Ağacan durub.

Ağa gətirər navara, xanım tökər çuvala.

Ağa Nəzərəm, belə gəzərəm,

Hər yumruğa qırxın əzərəm.

Ağac acı, can şirin.

Ağac bar verdikcə, başını aşağı dikər.

Ağac kökündən su içər.

Ağacı qurd içindən yeyər.

Ağacın (şalbanın) iki başı var.

Ağzıəyri boynunun ardından tanınar.

Ağzı çörəyə çatıb (çatmayıb).

Ağzını açıb, gözünü yumur.

Ağzına su alıb (alır).

Ağzından qan iyi gəlir.

Ağzından süd iyi gəlir.

Ağzını qoyub Allah yoluna.

Ağzını həmişə xeyirliyə aç.

Ağız deyəni qulaq eşitmir.

Ağıl ağıldan üstündür.

Ağıl yaşda deyil, başdadır.

Ağıllı bizə rast gəlməz, dəli bacadan düşər.

Ağıllı neylər malı, ağılsız neylər malı?

Ağıllı olub başqalarının fikrini çəkincə, dəli olub qoy baş­qaları sənin fikrini çəksin.

Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi.

Ağır otur batman gəl.

Ağlamayan uşağa süd verməzlər.

Ağlına keçə yamayım.

Ağrılarda göz ağrısı, hər kəsin öz ağrısı.

Ağrımayan başa dəsmal bağlamazlar.

Adam ayağını yorğanına görə uzadar.

Adımı sənə qoyum, səni yana-yana qoyum.

Adın nədir Daşdəmir, yumşalısan-yumşalı.

Adamın adamı.

Adamı üzünə tərifləməzlər.

Adamın yerə baxanı, suyun lal axanı.

Adamın gərək baxtı olsun.

Aqil adam xəbərçiyə inanmaz.

Az-az ye, həmişə ye.

Azar (dərd) gələndə batman-batman gələr, çıxanda mis­qal-misqal çıxar.

Azacıq aşım, ağrımaz başım.

Ay zamana, zamana,

Oxu qoydum kamana.

Eşşəklər arpa yeyir,

At həsrətdir samana.

Ayrılıqdan betər dərd olmaz.

Alıcı quş dimdiyindən bilinər.

Allah adamın ömründən kəsib baxtına calasın.

Allah dağına baxıb qar verər.

Allah sağ əli sol ələ möhtac eləməsin.

Allahsız yerdə otur, böyüksüz yürdə oturma.

Altı daş, üstü daş – yenə oğul çörəyi.

Ana haqqı – tanrı haqqı, – deyiblər.

Ana gəzən ağacı bala budaq-budaq gəzər.

Ana yetimi arsız olar, ata yetimi varsız olar.

Anasına bax, qızını al, qırağına bax, bezini al.

Arsız adam qocalmaz.

Ara söz-söhbəti ev yıxar.

Avazı yaxşı gəlir, oxuduğu Quran olsa.

Arvad iki olanda ev süpürülməmiş qalar.

Arvad yıxan evi fələk də yıxa bilməz.

Arvad papaq deyil ki, başdan-başa qoyula.

Arvadı ahıl gözü ilə, atı cahıl gözü ilə.

Arvadı əri saxlar, pendiri dəri.

Arvadı pis (deyingən) olanın saqqalı tez ağarar.

Arvadın hülqumu (xirtdəyi) olmaz.

Arı yeyib, namusu atıb belinə.

Armudun yaxşısını meşədə ayı yeyər.

Arpa yemiş at mənzilə tez yetişər.

Arxalı köpək qurd basar.

Aslanın nə erkəyi, nə dişisi?

Ata olmayan ata, ana olmayan ana qədrini bilməz.

Ata-anana necə baxarsan, övladın da sənə elə baxar.

Ata minəndə özünü, düşəndə atı unutma.

Atdan düşüb, eşşəyə minməzlər.

Axar su pak olar.

Axsaq atın kor da nalbəndi olar.

Axtaran tapar.

Axşam səbri xeyir olar.

Ayəndə düşər, şənbəyə Novruz.

Açıq qaba it dəyər.

Ac adamın allahı olmaz.

Ac qulağım, dinc qulağım.

Ac ol, kişi ol.

Ac toyuq yuxuda darı görər.

Acı sözü bir batman balnan da yemək olmaz.

Acıqlı (hirsli) başda ağıl olmaz.

Acılıqdan yemək olmur, şirinlikdən atmaq olmur (övlad haqqında).

Aşna-aşna, axırı çıxdı ocaq başına.
B

Bağ bağbansız olmaz, dəvə sarbansız.

Bağ salan barın yeyər.

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

Bağa çanağından çıxdı, çanağını bəyənmədi.

Bağanı ya öldür, ya da dalı üstə çevir.

Balıq başından iy verər.

Balıq sudan çıxdı, öldü.

Bar verməyən ağaca daş atmazlar.

Başa düşənə can qurban.

Başı əlhəd daşına dəyməyib.

Başını yarıb, ətəyinə qoz tökür.

Başına gələn başmaqçı olar.

Beş barmağın beşi də bir deyil.

Beşdə alacağı yox, üçdə verəcəyi.

Bəy verən atın dişinə baxmazlar.

Bəy dediyin nədir, bəyənmədiyin nədir?

Bəylə bostan əkənin tağı çiynində bitər.

Bəlasını mən çəkdim, səfasını ellər.

Bəlkəni əkiblər, bitməyib.

Bərəkət hərəkətdir.

Baxtun yatdı, sən də yat.

Bəxşiş var xalvarla, hesab var dinarla.

Bildirçinin bəyliyi darı qurtarana qədərdir.

Bilənə bir tikə.

Bir ağaca çıxıb, minbir budağı silkələmə.

Bir-birinin bəhsinə, qılınc olar tərsinə.

Bir dəli bir quyuya daş atdı, min ağıllı çıxara bilmədi.

Bir əldə iki qarpız tutmaq olmaz.

Bir “yeyirəm” deyəndən, bir də “yemirəm” deyəndən qorx.

Bir gül ilə bahar olmaz.

Bir gün yaranan bir gün öləcək.

Bir şeyi verib pis olunca, verməyib pis ol.

Biri od olanda, o biri su olar.

Biri ölməyincə, biri dirilməz.

Biri bağını qıydı, o biri salxımı qıymadı.

Birlik harada, dirilik orada.

Borclu borclunun sağlığını istər.

Böyüyü olmayanın dini, imanı olmaz.

Böyüyün ağlı, kamalı gərəkdir.

Böyüyün saymayanı, böyüyəndə saymazlar.

Böyük öz böyüklüyünü saxlamasa, el-obanın nə günahı.

Böyük olmaq üçün böyüklərlə oturub-durmaq azdır.

Böyük sənə nə deyir, cavab ver “bəli”, “xeyir”.

Böyük var ki, böyükdür, böyük var elə yükdür.

Böyük insafsızlıq edəndə kiçik söz qaytarar.

Böyüyə böyük deyiblər, kiçiyə kiçik.

Böyüksüz evdə xeyir-bərəkət olmaz.

Buğda çörəyin yoxdur, buğda dilin olsun.

Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.

Buyur-buyurla iş ötməz.

Burada ala qarğa bala çıxartmaz.

Burada vurar qılıncı, fələkdə oynayar ucu.

Burnun girməyən yerə başını soxma.


C

Can de, can eşit.

Cəfa çəkməyən səfa görməz.

Cidanı çuvalda gizlətmək olmaz.



Ç

Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə.

Çıraq öz dibinə işıq salmaz.

Çıxan qan damarda qalmaz.

Çıxan ox geri qayıtmaz.
D

Dad yarımçıq əlindən.

Dağı dağ üstünə qoyub.

Dadananla quduran bir olur.

Dadımlıqdır, doyumluq deyil.

Daldan atılan daş topuğa dəyər.

Dama-dama göl olar, dada-dada heç.

Damara baxıb qan alarlar.

Daş atıb başını tutur.

Daşdan yumşaq nə versən, yeyər (yeyərəm).

Daşı ətəyindən tök (tökmür).

Demişəm, deməmiş olum.

Dedilər: – qardaşın necə adamdır? Dedi: – yoldaşlıq (dost­luq) eləməmişəm.

Dedilər: – Əzrail uşaq paylayır. Dedi: – Özününkü özü­nə qalsın, mənimkinə dəyməsin.

Demək olmur ki, gözün üstə qaşın var.

Dəvə kinli olar.

Dəvə kimi kinlidir.

Dəvəni görmürsən? Heç qığını da görməmişəm.

Dəvə nalbəndə baxan kimi baxır.

Dəvə oynayanda qar olar.

Dəvədən böyük fil var.

Dəvədən düşsə də höt-hötündən əl çəkmir.

Dəvəyə dedilər, boynun əyridir, dedi ki, haram düzdür boynum da düz olsun.

Dəvəyə Allah qanad versəydi, uçurmamış dam qoymazdı.

Dəvəni eşşəyin quyruğuna bağlayır.

Dəvəni yükü ilə, sarbanı ipi ilə.

Dəvəni çömçə ilə suvarır.

Dəvənin quyruğu yerə deyəndə.

Dəvəsi ölmuş ərəbdir (ərəbəm).

Dəvəçi ilə dost olanın darvazası gen gərək.

Dədəm mənə “kor” deyib, gəlib-gedəni “vur” deyib.

Dənizə getsə, dənizi qurudar.

Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar.

Dəyirman xoruzu kimi qıpqırmızıdır (Dəyirman xoruzu­na dönüb).

Dəyirmanın boğazına ölü salsan, diri çıxar.

Dəymə mənə, dəyməyim sənə.

Dəymədüşərdir.

Dəli qırmızı sevər, gic sarı.

Dəliyə hay ver, əlinə bel.

Dəli inəyin dəli buzovu olar.

Dəlidən doğru xəbər.

Dəliyə nə bayram.

Dəlinin yadına daş salma.

Dəlləkliyi mənim başımda öyrənir.

Dəmdəm halvası deyil ki.

Dəmiri isti-isti döyərlər.

Dəniz tufansız olmaz.

Dənizdə (suda) batan saman çöpündən yapışar.

Dərd-dərd üstündən gələr.

Dərziyə dedilər yığış köç, iynəsini sancdı yaxasına.

Dərya (dəniz) murdarlıq götürməz..

Dəryada balıq sövdası.

Dəryada bir damcı.

Divarı nəm, insanı qəm yıxar.

Dil çaşıb düzünü deyər.

Dilotu yeyib.

Dili varsa, dilçəyi də var.

Dili topuq çalır.

Dilim-dilim olasan, dilim.

Dinindən dönər, malından dönməz.

Dini olmayanın imanı da olmaz.

Dinsizin öhdəsindən imansız gələr.

Diriyə hay verməz, ölüyə pay.

Dovşana qaç deyir, tazıya tut.

Dovşanı araba ilə tutur.

Dozanqurdunun balası da özü üçün əzizdir.

Dolu dəryaya yağar.

Donuzdan bir tük də qənimətdir.

Dost arası pak gərək.

Dost başa baxar, düşmən ayağa.

Dost-düşmən dar gündə bilinər.

Dost-dosta tən gərək, tən olmasa gen gərək.

Dost dostu dar gündə sınayar.

Dost dostun eybini üzünə deyər.

Dost ilə, qohum ilə alver etmə.

Dost gəlişi bayram olar.

Dost min olsa, azdır, düşmən bir olsa, çoxdur.

Dövlətdə dəvə, övladda nəvə.

Düz-çörək – düz çörək.

Düz söz acı olar.

Düz söz daşdan keçər.

Düzəldi hər yarağımız, qaldı saqqal darağımız.

Dünən yumurtadan çıxıb, bu gün bizə cip-cip öyrədir.

Dünəndən danışma, bu gundən danış.

Dünya bir pəncərədir, hər gələn baxar gedər.

Dünya gör-götür dünyasıdır.

Dünya malı dünyada qalacaq.

Dünya xali deyil, dünyada hər şey alınıb-satılır, namus­dan başqa.

Dünyada ən böyük nemət can sağlığıdır.

Dünyanın işini necə tutsan, elə də gedər.

Dünyaca gözəlliyin olunca, bir balaca (zərrəcə) bəxtin olsun.

Düşmənə bel bağlama.


E

Ev bizim, sirr bizim.

Ev böyüksüz olmasın.

Ev sözsüz olmaz, gor əzabsız.

Evdə bişməyib, qonşudan gəlməyib.

Evi abad edən arvaddır.

Evin yaraşığı uşaqdır.

Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər.

Eyibsiz gözəl olmaz.

El ağzı faldır.

El atan daşa güc çatmaz.

El gücü – sel gücü.

El sevəni aləm sevər.

Elin sözü əvvəl-axır düz olar.

Elə söz deyərəm ki, dəymişin qalar, kalın tökülər.

Elm zəhmət ilə əmələ gəlir.

Elçiyə zaval yoxdur.

Erkək atın yəhəri yırtıq olar.

Ehtiyat igidin yaraşığıdır.

Ehtiyatlı oğlun anası ağlamaz.

Eşşək nə bilir zəfəran plov nədir.

Eşşək palçığa bir dəfə batar.

Eşşəyə min, ata çatınca.

Eşşəyə qızıl noxta taxsan da, yenə eşşəkdir.

Eşşəyə dedilər ki, mərifətini göstər, yıxılıb ağnadı.

Eşşəyə gücü çatmır, palanı döyür.

Eşşəyə minmək bir eyib, düşmək iki eyib.
Ə

Əvvəl düşün, fikirləş, sonra danış.

Əvvəl (birinci) evin içi, sonra bayırı.

Əvvəl yoldaş, sonra yol.

Ədəb (qanacaq, mərifət) bazarda satılmaz.

Ədəbi kimdən öyrəndin? – Ədəbsizdən.

Əyri oturub, düz danışaq.

Əgər varındır, aləm yarındır.

Əl-ələ verməklə dağı dağ üstünə qoymaq olar.

Əl yananda ağıza təpərlər (soxarlar).

Ələyi ələnib, xəlbiri göydə sovrulur.

Əlindən gəlsə, adamı bir qaşıq su ilə boğar.

Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı (gic) dəli.

Əmanət ata minən tez düşər.

Əmanətə xəyanət olmaz.

Ən böyük dərd nadanlıqdır (cahillikdir).

Ən böyük nemət cansağlığıdır.

Əgər ki, mari olmasa, yatmağa qaya kölgəsi.

Ər-arvadın savaşı, yaz günün yağışı.

Ərəb öldü, qan düşdü.

Ərlə arvadın torpağı bir yerdən götürülür.

Ərsiz arvad cilovsuz atdır.

Əslini danan namərddir.

Əti dırnaqdan ayırmaq olmaz.

Ətyeyən quş dimdiyindən bilinər.

Ətəyinə qoz töküb başına qapaz vurar.


F

Fürsəti fotə verən aqil deyil, divanədir.


G

Getdik kabab iyinə, gördük eşşək dağlayırlar.

Gecənin (axşamın) xeyrindən gündüzün şəri yaxşıdır.

Gedən ayağa daş dəyər.

Gədadan bəy olmaz.

Gəldi əcəl, verməz macal.

Gəlin ocağa çəkər.

Gəmidə oturub gəmiçi ilə dava eləməzlər.

Göz gördüyündən qorxar.

Göz görməsə, ürək bulanmaz.

Gözəl eyibsiz olmaz.

Gözəllik ondur, doqquzu dondur.

Gözdən pərdə asır.

Görəndə xalam-xalam.

Görməyəndə... xalam.

Görünən kəndə nə bələdçi.

Gülmə qonşuna, gələr başına.

Gündüz gəzər obanı, axşam ağrar dobanı.

Güc birlikdədir.

Gücün çatmayan işə girişmə.

Gücüvə bax, şələvü tut.
H

Haqq incələr, amma üzülməz.

Haynan gələn vaynan gedər.

Haram vurub halalı da aparar.

Harda hərəkət, orda bərəkət.

Halva-halva deməklə ağız şirin olmaz.

Halvaçı qızı daha şirin.

Heç kəs arxasız ( köməksiz ) olmasın.

Heç kəs öz ayranına turş deməz.

Həyasızdan həyanı saxla.

Hənək-hənək axırı dəyənək.

Hər arvad (adam) öz evinin həm xanımı, həm də qulluq­çusu olmalıdır.

Hər aşiqin bir dövranı var.

Hər kəsin balası öz gözündə gözəldir.

Hər gülün-çiçəyin bir ətri var.

Hər saatın bir hökmü var.

Hər saqqalı ağarmışa “ağsaqqal” deməzlər.

Hər sözün öz yeri var.

Hər şeyə ortaq ol, mala yox.

Hər cəfanın bir səfası var.

Hər şey öz vaxtında.

Hər şeyin təzəsi, dostun köhnəsi.

Hər şeyin xiridarı gərəkdir.

Hirsin (acığın) cana ziyanı var.


X

Xain xoflu olar.

Xalqa it hürər, bizə çaqqal.

Xalqın ağzını bağlamaq olmaz.

Xeyirlə şər qardaşdır.

Xeyir işi yubatmazlar.

Xəncər yarası sağalar, dil yarası sağalmaz.

Xəstə ( naxoş ) tələsər, ancaq armud vaxtında yetişər.


İ

İynə batırana çuvalduz batırar.

İynə ilə gor qazır.

İki ayağını bir başmağa soxur.

İki arvadlı ev süpürülməmiş qalar.

İki qoçun başı bir qazanda qaynamaz.

İki eşşəyin arpasını bölə bilmir.

İgid basdığını kəsməz.

İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?

İgidə dar ayaqda sözü arxa olar.

İgidin başı qalda görək.

İlan vuran ala çatıdan qorxar.

İlan vuran yatar, ac yatmaz.

İlan ulduz görməsə, ölməz.

İlanı Seyid Əhməd əli ilə tutur.

İlanın ağına da lənət, qarasına da.

İlanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb bas­­dırmayana lənət.

İlanı basmasan, sancmaz.

İnsan (adam) dost-düşmənin tanımalıdır.

İnsan çiy süd əmib.

İnsaf da dinin yarısıdır.

İslanmışın yağışdan nə arı.

İstədiyi yar idi, yetirdi pərvərdigar.

İstəyənin bir üzü qara, verməyənin iki üzü.

İsti çörək təndirdən, minnəti yox pendirdən.

İt əqrəb kölgəsində yatar, elə bilər öz kölgəsidir.

İt qulaq kəsəndən qorxar.

İt qursağı yağ götürməz.

İt də getdi, ip də.

İt dəmirçi dükanından nə aparar?

İt əl çəkdi, motal əl çəkmədi.

İt-itin ayağını (quyruğunu) basmaz.

İt-pişik kimi yola gedirlər.

İt hürər, karvan keçər.

İtə hörmət edərlər, yiyəsi xatirinə.

İti öldürənə sürütdürərlər.

İtin axmağı qaysavadan pay umar.

İçim özümü yandırır, çölüm özgəni.

İş insanın cövhəridir.

İş (söz) danışıqdan keçər.

İş olan yerdə nöqsan da olar.

İş ziyana gedəndə yiyəsi şərik olar.

İşin düşdü arvada, ölən günü sal yada.

İşləyən dəmir pas atmaz.

İşləməyən dişləməz.

İştəha diş altındadır.



K

Kabab qanlı, igid canlı.

Kasıb pul tapdı, qoymağa yer tapmadı.

Kasıbın işi-gücü dövlətlinin pulunu saymaq olur.

Keçənə güzəşt deyərlər.

Keçi öldü, qoturu qurtardı.

Keçinin başı gicişəndə buynuzunu çobanın çomağına sürtər.

Kəlləpaça suyu üçün Hövsana gedər.

Kim dərs almaz böyükdən,

Fərqi azdır kötükdən.

Kim neyləsə, özünə edər.

Kim nə əkərsə, onu da biçər.

Kiminin əvvəli, kiminin axırı.

Kiçiyin kiçik dərdi var, böyüyün böyük dərdi.

Kiçiyin kiçik yeri var, böyüyün böyük yeri.

Kirimiş yağış çox yağar.

Kişi öz sözünün ağası (sahibi) olar.

Kişi sözü üzə deyər.

Kişi tüpürdüyünü yalamaz.

Kor kora kor deməsə, bağrı çatlar.

Kor gözündən qorxar, keçəl başından.

Kor nə istər – iki göz: biri əyri, biri düz.

Kor tutduğunu buraxmaz.

Könlü balıq istəyən quyruğunu suya vurmalıdır.

Könül sevən göyçək olar.

Köhnə kəndə təzə nırx qoyma!

Köhnə yurdun qədrini təzə yurdda bilərlər.

Köç qayıdanda keçinin axsağı qabağa düşər.

Küçük hürə-hürə köpək olar.


Q

Qabağa gedirsən bic köpək oğlu, dala qalırsan gic köpək oğlu.

Qab qarası gedər, üzqarası getməz.

Qayış nə bilir öküz nə çəkir.

Qalalı atıdır, həm axurdan yeyər, həm torbadan.

Qanana can qurban

Qanı qan ilə yumazlar.

Qar yerin yorğanıdır.

Qarğa qarıldayanda qar yağar.

Qarı düşmən dost olmaz.

Qarnım üçün deyiləm, qədrim üçünəm.

Qatıq dağılsa yeri qalar, ayran dağılsa nəyi qalar?

Qaş düzəltdiyi yerdə, vurdu gözünü də çıxartdı.

Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır.

Qaşınmayan yerdən qan çıxarır.

Qazancını çörəyə ver, artığını qırağa qoy.

Qəza bəd gələndə quymaq da diş çıxardar.

Qəlyan əkəni ilan vurmaz.

Çömçə tutan sənə sarıdır.

Qərib itin quyruğu paçasının arasında olar.

Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır.

Qismətdən artıq yemək olmaz.

Qız qapısı – şah qapısı.

Qız yükü – duz yükü.

Qız özgə çırağını yandırandır.

Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya da zurnaçıya.

Qızım, sənə deyirəm, gəlinim, sən eşit.

Qırxında zurna öyrənən gorunda çalar.

Qoduq böyüdükcə çulu da böyüyür.

Qozbeli qəbir düzəldər.

Qoy şələni, gəl vuruşaq.

Qoyunu qoyun, keçini keçi ayağından asarlar.

Qoyunu qurda tapşırıb.

Qoltuğuna qarpız yerləşmir.

Qonaq süfrənin yaraşığıdır.

Qonaq Allah qonağıdır.

Qonağın ruzusi özündən qabaq gələr.

Qonşuda bişər, bizə də gələr.

Qonşu qonşuya tən gərək, tən olmasa gen gərək.

Qonşuda qız sevənin ürəyində yağ olmaz.

Qonşuya ümid olan şamsız qalar.

Qonşun pisdir, köç qurtar.

Qonşunu ikiinəkli istə ki, özün də birinəkli olasan.

Qorxan gozə çöp düşər.

Qohum-qohumun ətini də yesə, sümüyünü atmaz.

Qocaya gedən quyruq yeyər, cavana gedən yumruq.

Quyuya su tökməklə quyu sulu olmaz.

Quyruğunu kəsməklə tula köpək olmaz.

Qul vurdu özünü öldürdü ki, ağama zərər olsun.

Qulaq gündə təzə söz eşitməsə kar olar.

Qurd balası qurd olar.

Qurdu nə qədər bəsləsən də, bir gözü meşədə olar.

Qurd nə bilir ki, qatır bahadır.

Qurd ürəyi yeyib.

Qurd ağacı içindən yeyər.

Qurddan qorxan meşəyə getməz.

Qurunun oduna yaş da yanar.

Quru palçığı divara yaxır.

Quş dimdiyindən, insan dilindən tələyə düşər.

Quşu quş ilə tutarlar.

Qürbət yerdən vətən olmaz.

L

Lalın dilini anası bilər.

Ləbləbi – el dəbi.

Lotunun dilini lotu bilər.


M

Mal-dövləti yox oğru apara, imanı yox şeytan apara.

Malım mal olunca, bazarım bazar olsun.

Malını bəylər apardı, camalına nə oldu? (Malımızı bəylər aldı, camalımızı da almayacaqsız ki?)

Meşəyə gedən qurddan (canavardan) qorxmaz.

Məni sayanın quluyam, saymayanın ağası.

Mərdi qova-qova namərd eləməzlər (edərlər).

Mərdimazar axtarmaqla deyil, rast gəlməklədir.

Məsləhətli don gen olar.

Məscid tikilməmiş kor əsasını dayadı.

Məscidin qapısı açıq olar, itin həyasına nə gəlib?

Milçək bir şey deyil, ancaq ürək (könül) bulandırır.

Milçək şirəyə yığılar.

Minə dözən (yüzə dözən) min birə də (yüz birə də) dözər.

Mis ya sındı, ya cingildədi.
N

Nağdı qoyub nisyə dalınca qaçma.

Namusu itə atdılar, it də yemədi.

Nahaq qan yerdə qalmaz.

Neyləyirəm qızıl teşti ki, içinə qan qusacağam.

Nə doğrarsan çanağına (nə tökərsən aşına), o da çıxar qaşığına.

Nə əkərsən, onu da biçərsən.

Nə it yiyəsidir, nə də gön yiyəsi.

Nə Allahdan qorxar, nə bəndədən utanar.

Nər yükünü nər çəkər.

Niyyətin hara, mənzilin ora.


: antologiyalar
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu ­­­­­­­­­­­
antologiyalar -> Microsoft Word Antol-18-Seki
antologiyalar -> Azərbaycan nağillari
antologiyalar -> Azsayli xalqlarin folkloru
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012
antologiyalar -> Microsoft Word Qarabag-folklor-da-tarixdir-9
antologiyalar -> Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə