Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə10/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   6   7   8   9   10   11   12   13   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
46 
 
  
 
 
Mənə məhəbbətinin yadigarıdır, gözəlim,  
Qırıq piyalə, qırıq bir könül, qırıq bir saz. 
 
Yanır vücudum əzəl gündən hicrinin oduna,  
Günəş sönərsə, səmadan mənim bu qəlbimi as! 
 
BİR XATİRƏ 
 
Hər kim ki, zəhər içsə gözəl yarın əlindən,  
Olmaz, bilirəm, zərrə peşiman əməlindən. 
 
Bir ev ki, məhəbbətdən uzaqdır, nəyə lazım,  
Heç kəs acımaz, uçsa o bir gün təməlindən. 
 
Könlüm quşu ilham alıb eylər yenə pərvaz,  
Bir zülfü pərişan, dodağı qönçə gəlindən. 
 
Hicran məni yandırdı... gözəl eyibsiz olmaz,  
Cananı xəbərdar eləyin el məsəlindən. 
 
Qəlbində yaran varsa da fəxr eylə, Süleyman,  
Bir xatirədir səndə bu, Təbriz gözəlindən... 
 
SAPA DÜZDÜM 
 
Təbrizli gözəl, mən səni gəzdim,  
Can dərdimi təsbeh kimi bir-bir  
Qəlbimdəki al qan sapa düzdüm. 
Heç kim dözə bilməz buna, heç kim,  
Mən bir dəli vəslin həvəsiylə  
İllər boyu hicranına dözdüm. 
Göz gəzdırərək yollara sən də, 
Yollar arayırsan bu vüsala. 
Mən gündəsən, ey qız, bunu sezdim. 
Can dərdimi təsbeh kimi bir-bir  
Qəlbimdəki al qan sapa düzdüm. 
  
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
47 
 
 
 
 
GETMƏYİB 
 
Biz söz verdik ayrılanda bir-birinə ürəkdən:  
Qismət olar, Allah qoysa, görüşərik yaxında.  
Vüsal günü çələng hörüb qızılgüldən, çiçəkdən,  
Ayaq altda qoç kəsərik Dəlibaba dağında. 
 
Neçə il var görməmişik bir-birinin üzünü,  
Gəl sanma ki, bu ayrılıq uzun illər sürəcək.  
Sən bu taya zilləyərək həsrət dolu gözünü,  
Soruşursan: dost dostunu bəs nə zaman görəcək? 
 
Qanlı döyüş yollarında ağarmışdır dik başım,  
Demə, demə, ürəyimiz arzusuna yetməyib.  
Mən görüşə inanıram, çünki, ey qan qardaşım,  
Əllərinin hərarəti əllərimdən getməyib! 
 
 
HƏSRƏT ÇƏKİRƏM 
 
Söhrab Tahirə 
 
Sənsizəm, vəslinin uğrunda müsibət çəkirəm,  
Durnalardan xəbər al, gör nə məşəqqət çəkirəm,  
Gecələr haqlı şikayətlə gəlirsən yuxuma,  
Düşünüb qəmli keçən ömrünü, xiffət çəkirəm.  
Görməyə bir kərə, bir anlığa solğun üzünü,  
Gündə mən yüz kərə yox, min kərə həsrət çəkirəm.  
Bil ki qəlbimdə mənim başqa qəmim, dərdim yox,  
Tək səninçün bu qədər qəmlənirəm, dərd çəkirəm.  
Vəslinə mən hələ yol tapmadığımçün deyirəm  
Millətimdən də, özümdən də xəcalət çəkirəm. 
  
 
 
 
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
48 
 
Təbriz yolu 
 
 
ORALIYAM MƏN 
 
İllərdir üzünə həsrət qaldığım,  
Doğma qardaşımdan aralıyam mən.  
Düşmənim də bilsin, dostum da bilsin,  
Hələ ölməmişəm, yaralıyam mən. 
 
Harda alnıaçıq insan görsəniz,  
Harda ürəklərdə üsyan görsəniz,  
Harda məktəbdən çox zindan görsəniz,  
Bilin o yerliyəm, oralıyam mən. 
 
Çoxdandır toy-düyün görməyib obam,  
Xırmanda özgəyçün iş görür yabam.  
Səttarxandır atam, Babəkdir babam,  
İndi bildinizmi haralıyam mən?! 
 
 
ARAZ DEYİR 
 
Göydə buludlarla toqquşur ahım,  
Başımın üstündə şimşəklər çaxır.  
Özüm də bilmirəm nədir günahım,  
Başıma yer-yerdən sərkilər yağır. 
 
Bülbüllər məskəni bir gülüstanı  
Deyirlər, ikiyə sən ayırmısan.  
Götürün üstümdən quru böhtanı,  
Bilsin təqsirini adıma yazan! - 
 
Yox, yaranmamışam mən göz yaşından,  
Göyərçin dalğalı Arazdır adım.  
Ay ellər, qardaşı qan qardaşından  
Ayıran ayırdı, mən ayırmadım! 
  
 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
49 
 
NİGARANAM 
 
Araz sahilində gəzirəm yenə, 
Ürəyi söz dolu bir insanam mən. 
İllərdir gözlərim bu yollardadır, 
Öz qan qardaşımdan nigaranam mən. 
 
Nədir bu fəlsəfə, nədir bu hikmət? 
Başımdan yağarkən bu var, bu dövlət. 
Hicran bağçasında vüsala həsrət, 
Bağrı çarpaz dağlı bir bağbanam mən. 
 
Mən vurğun deyiləm şöhrətə, ada, 
Sadə bir şairəm, qoca dünyada. 
Düşəcək hərdənbir bu sözüm yada, 
Sanmayın beşgünlük bir mehmanam mən. 
 
Könlümdə müqəddəs bir həsrətim var, 
Ləkə götürməyən həqiqətim var. 
Görün, nə qəribə bir qismətim var, 
O taylı, bu taylı Süleymanam mən! 
 
 
AĞLADI 
 
Urmiya gölünə qan çilədilər,  
Ördəyim ağladı, qazım ağladı.  
Köçdü sahilindən nazlı gözəllər,  
Baharım ağladı, yazım ağladı. 
 
Başının üstünü dumanlar aldı,  
Meşələr yas tutub saçını yoldu,  
Dünyanın qəmləri qəlbimə doldu,  
Kamanım ağladı, sazım ağladı. 
 
İki hicran çəkən yenə qəm yedi,  
Yandı gözlərində eşqin məbədi.  
Biri Araz dedi, biri Van dedi, - 
Süleyman ağladı, Nazim ağladı. 
  
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
50 
 
KÖNÜL MAHNISI 
 
Dinlə, a Təbriz gözəli,  
Mən səni sevdim sevəli.  
Xoşladı hicran qapımı,  
Daşladı hicran qapımı.  
Yaxşı bilirsən bunu sən,  
Çox sevirəm yurdunu mən.  
Şahid olub eşqimizə,  
Şöhrətimiz Ərk qalası,  
Mahnı deyib orda bizə,  
Qüdrətimiz Ərk qalası.  
Baxmayaraq dərdə, inan,  
Bağrıma yazdım adını,  
Od kimi bağrımda yanan  
Ağrıma yazdım adını.  
Ayrılığın keçdi belə,  
Ayları da illəri də,  
Gəldi xəzan, verdi yelə,  
Əkdiyimiz gülləri də.  
Düşmənə diz çökməmişəm,  
Dərdə boyun əyməmişəm.  
Sən də mənimtəksən, a qız,  
Ay kimi göyçəksən, a qız.  
Gəl qulaq as bir də mənə,  
Ağlayıb, öz taleyinə  
Kəm demə, Təbriz gözəli,  
Qəm yemə, Təbriz gözəli.  
Mən bilirəm gün gələcək,  
Gül kimi bəxtim güləcək.  
Can sıxan hicran köçəcək,  
Səslənəcək arzularım,  
Hər gün Arazdan keçəcək  
Odlu könül mahnılarım! 
  
 
 
 
 
 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə