77.2. Cəzanın çəkilməmiş hissəsinin daha yüngül
cəza növü ilə əvəz edilməsi, cəza
müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər.
77.3. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə bu Məcəllənin 42-ci
maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün bu
Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.
Maddə 78.
Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə
78.1. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin
(hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya
həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs cəzadan və ya cəzanın qalan
hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən
bu Məcəllə ilə
nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
78.2. Cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş
şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.
78.3. İntizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların
hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan
hissəsini çəkməkdən azad edilirlər. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji
xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini
daha yüngül cəza növü ilə əvəz edə bilər.
78.4. Bu Məcəllənin 78.1 və 78.2-ci maddələrində göstərilən şəxslər sağaldıqları halda, bu
Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər keçməmişdirsə,
cinayət
məsuliyyətinə və cəzaya məruz qala bilərlər.
Maddə 79.
Hamilə qadınlar və azyaşlı uşaqları olan
şəxslər tərəfindən
cəzanın
çəkilməsinin təxirə salınması
79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox
müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə
məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz
yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına
çatanadək
cəzanın çəkilməsini təxirə sala bilər.
79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər
üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan
imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə
həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv
edə və məhkumu
cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
79.3. Uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş
hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir,
yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə
göndərir.
79.4. Cəzaçəkmənin təxirə salındığı müddətdə məhkum edilmiş şəxs yeni cinayət törətdikdə,
məhkəmə ona bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydalar
üzrə cəza təyin
edir.
Maddə 80.
İttiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə
80.1. Məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən aşağıdakı müddətlərdə
icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur:
80.1.1. böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən iki il keçdikdə;
80.1.2. az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə;
80.1.3. ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il keçdikdə;
80.1.4. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilərkən on beş il keçdikdə.
80.2. Məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı
dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya
könüllü gəlib təqsirini
boynuna aldığı vaxtdan bərpa olunur.
80.3. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində icra
müddətinin tətbiq olunması məsələsini məhkəmə həll edir. Məhkəmə icra müddətini tətbiq
etməyi mümkün saymadıqda, həmin cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə
cəzası ilə əvəz edilir.
80.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və
insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş
şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.
13-cü fəsil
AMNİSTİYA. ƏFV ETMƏ. MƏHKUMLUQ
Maddə 81.
Amnistiya
81.1. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər
barəsində Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.
81.2. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər.
Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara
təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş
hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad
edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Maddə 82.
Əfvetmə
82.1. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilir.
82.2. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini
çəkməkdən
azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya
belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
82.3. Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan
müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.
82.4. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.