Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə18/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

95.4. Məlumatlar elektron formada saxlandıqda, şəxs gömrük nəzarətindən keçməli olan 
mallara dair sənədlər və məlumatlarla tanışlıq üçün gömrük orqanlarının vəzifəli 
şəxslərini lazımi avadanlıqla təmin etməlidir. 
95.5. Mallar sərbəst dövriyyəyə buraxıldıqda, yaxud ixrac məqsədi ilə bəyan edildikdə, 
bu Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması sərbəst 
dövriyyə üçün buraxılışla və ixracla bağlı gömrük bəyannamələrinin təsdiq edildiyi ilin 
sonundan başlanır. Mallar digər gömrük proseduru altında yerləşdirildikdə, bu 
Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması müvafiq gömrük 
prosedurunun başa çatdığı ilin sonundan başlanır. 
Maddə 96. Gömrük orqanlarının vəzifəli şəxslərinin məlumatlar və sənədlərlə tanış olmasının 
təmin edilməsi 
Gömrük ərazisinə idxal edilən və ya bu ərazidən ixrac edilən malların daşınmasına cəlb 
olunmuş bütün şəxslər saxlanması tələb olunan məlumatların və sənədlərin gömrük 
orqanlarının vəzifəli şəxsləri tərəfindən nəzərdən keçirilməsini müəyyən olunmuş forma 
və qaydada (o cümlədən elektron formada) təmin etməlidirlər. 
Maddə 97. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün mütəxəssislərin və 
ekspertlərin cəlb edilməsi 
97.1. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi 
üçün digər dövlət orqanlarının mütəxəssislərini və ekspertlərini sorğu əsasında, hüquqi 
şəxslərin mütəxəssislərini, ekspertlərini isə, onlarla bağlanılan müqavilə əsasında 
(gömrük orqanlarına həvalə edilmiş hüquq və vəzifələri hüquqi şəxslərə ötürməmək şərti 
ilə) cəlb etmək hüququna malikdirlər. 
97.2. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün mütəxəssisin və 
ya ekspertin cəlb edilməsi haqqında gömrük orqanının sorğusu dövlət orqanları 
tərəfindən icra edilməlidir. 
97.3. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün cəlb olunan 
dövlət orqanlarının mütəxəssislərinin və ekspertlərinin xidməti vəzifələrinə aid olan 
işlərin yerinə yetirilməsi ilə əlaqədar xərclər ödənilmir. 
97.4. Gömrük nəzarətinin həyata keçirilməsinə cəlb edilən mütəxəssislər və ekspertlər 
onlara məlum olan dövlət və kommersiya sirlərini, habelə qanunla qorunan digər 
konfidensial məlumatları yaymamağa borcludurlar. 
Maddə 98. Gömrük auditi 
98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin 
buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən 
məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri 
barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək 


öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. 
Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, 
mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin 
mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət 
sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 
98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti 
altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi 
şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 
barəsində həyata keçirilə bilər. 
98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar 
barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq 
tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla 
bilər. 
98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi «Sahibkarlıq sahəsində 
aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi 
haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 
98.5. Gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar 
olunarsa, hüquqpozmanın bilavasitə obyekti üzərində gömrük auditi başa çatdırılır, həmin 
auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları tərəfindən 
inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata 
keçirilir. 
98.6. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları qanunvericiliklə müəyyən 
olunmuş qaydada mübadilə edə, müştərək gömrük auditi apara bilərlər. 
98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir. 
98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin 
yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin 
aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların 
vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin 
xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə 
təqdim olunmalıdır. 
98.9. Ümumi gömrük auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. 
Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə 
mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə 
verilmir. 
98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin 
yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin 
aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların 


vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin 
xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə 
təqdim olunmalıdır. 
98.11. Xüsusi gömrük auditi aşağıdakı hallarda həyata keçirilir: 
98.11.1. xarici ticarət iştirakçılarına münasibətdə — ümumi gömrük auditinin və 
ya bu Məcəllə ilə müəyyən olunmuş gömrük nəzarətinin başqa formalarının 
tətbiqi nəticəsində gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan məlumatların 
qeyri-dəqiqliyini təsdiq edən dəlillər aşkar olunarsa və yaxud mallar üzərində 
sərəncam verilməsi və ya onlardan istifadə edilməsinə dair müəyyən olunmuş 
tələblərin və məhdudiyyətlərin pozulması ilə həyata keçirilərsə və bunun 
nəticəsində gömrük rüsumlarının, vergilərin ödənilmə qaydasının pozulması, 
həmçinin Azərbaycan Respublikasında xarici ticarətin dövlət tənzimlənməsini 
təmin edən qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət və 
qadağalara əməl olunmaması faktı aşkar olunarsa; 
98.11.2. gömrük brokerlərinə, müvəqqəti saxlanc anbarlarının sahiblərinə, 
gömrük anbarlarının sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə — gömrük 
sərhədindən keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün 
aparılmaması, yaxud bu Məcəllə ilə müəyyən olunan müvafiq fəaliyyət növünün 
həyata keçirilməsinin bu və ya digər tələb və şərtlərinin yerinə yetirilməməsi faktı 
aşkar olunarsa. 
98.12. Xüsusi gömrük auditini həyata keçirən gömrük orqanları bu Məcəllənin 98.11-ci 
maddəsində göstərilən şəxslər barəsində aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna 
malikdirlər: 
98.12.1. gömrük ərazisinə gətirilən mallarla aparılan əməliyyatlara dair sənədlər 
və məlumatlarla (o cümlədən elektron formada olan sənədlər və məlumatlarla) 
tanış olmaq; 
98.12.2. barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və ya istifadəsində 
olan ərazilərə və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli 
nümayəndəsinin iştirakı ilə malları yoxlamaq və baxış keçirmək; 
98.12.3. qanunla nəzərdə tutulmuş hallarda və qaydada malları götürmək. 
98.13. Xüsusi gömrük auditi onun aparılması üçün zəruri olan ən qısa müddət ərzində, 
həmin yoxlamanın keçirilməsinə dair qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki) 
aydan gec olmamaq şərti ilə başa çatdırılmalıdır. Şəxsə sənədlərin və məlumatların 
təqdim edilməsi haqqında tələbin verilməsindən, onların təqdim edilməsinə qədər olan 
dövr göstərilən müddətə daxil edilmir. 
98.14. Xüsusi gömrük auditinin eyni şəxsə və eyni mala münasibətdə təkrarən 
aparılmasına icazə verilmir. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə