68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi
məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana
bilər.
Maddə 69. Məhkəmə qərarının forması və məzmunu
69.1. Məhkəmə qərarı aşağıdakı hissələrdən ibarət yazılı formada tərtib
edilməlidir:
69.1.1. giriş hissəsindən;
69.1.2. təsviri hissədən;
69.1.3. əsaslandırma hissəsindən;
69.1.4. nəticəvi hissədən.
69.2. Məhkəmə qərarının giriş hissəsində onun qəbul edildiyi tarix və yer, qərarı
qəbul edən məhkəmənin adı, qərarın qəbul edilməsində iştirak edən hakimlərin
(hakimin) soyadı, adı, atasının adı, proses iştirakçılarının, onların qanuni və (və ya)
səlahiyyətli nümayəndələrinin adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi, yaşayış yeri,
habelə məhkəmə icraatında onların statusu göstərilməlidir.
69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə
alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının
tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə
ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki
vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir.
69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən
məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi
aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi
hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul
edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.
69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə,
prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə
qaydası və müddəti göstərilməlidir.
69.6. Məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi
hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.
69.7. Məhkəmə qərarı elan olunduğu vaxtdan ən geci 15 gün müddətində tam
hazır formada məhkəmənin dəftərxanasına verilməlidir.
69.8. Məhkəmə dəftərxanasının müvafiq dövlət qulluqçusu məhkəmə qərarında
həmin qərarın proses iştirakçılarına təqdim olunduğu tarix, qərar şifahi məhkəmə
baxışı ilə bağlı iclasda elan olunduğu hallarda isə onun elan edildiyi tarix barədə qeyd
aparmalı və həmin qeydləri öz imzası ilə təsdiq etməlidir.
Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı
70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının
hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına
inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının)
ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın
inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq
olunur.
70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin
edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati
aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və
ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər.
70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin
(vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin
icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında
qərar qəbul edə bilər.
Maddə 71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı
71.1. İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə
yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan
qaldırmaq barədə öhdəlik qoya bilər.
71.2. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati
orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion
səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan
qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır.
71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda,
məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul
edə bilər.
Maddə 72. Ləğv olunmuş inzibati aktın etibarsız sayılması barədə məhkəmə
qərarı
İnzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara
görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq
onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə
qərar qəbul edir.
Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı
73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin
hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və
iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın
üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün
olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə
almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun
qərar qəbul edə bilməz: