98
1915-ci ilin axırlarına doğru fəhlə hərəkatı canlandı. Hələ müharibənin
əvvəllərində bağlanmış həmkarlar ittifaqları, mədən-zavod komissiyaları yenidən
fəaliyyətə başladı.
1916-cı il fevralın 14-dən 16-dək Bakıda qıtlıq və aclıqdan cana gəlmiş
yoxsullar ərzaq mağazaları və anbarlarına hücum etdilər. Bunun təşəbbüskarları,
əsasən, qadınlar olduğuna görə xəfiyyəçilər bu çıxışları «arvad ixtişaşları»
adlandırırdılar. İğtişaşları yatırmaq üçün çağırılmış soldatlar atəş atmaqdan imtina
etdilər.
Yaz və yayda Bakının bir sıra müəssisələrində tətillər baş verdi. Tətilçilər
mövcud bahalıqla əlaqədar olaraq əmək haqlarının artırılmasını tələb edirdilər.
1917-ci il yanvarın 3-də Qara şəhərdə Nobel qardaşlarının mexaniki
emalatxanalarında tətil başladı. Tezliklə şəhərin bir sıra müəssisələrinin fəhlələri
bu tətilə qoşuldular. Tətilçilərin tələbləri sırasında cəza tədbiri olaraq orduya
çağırılmış fəhlələrin tərxis edilməsi, həbsə alınmış tətilçilərin buraxılması, fəhlə
komissiyalarının tanınması, fəhlələrin əmək haqqının 30 faizdən 100 faizədək
artırılması və sair vardı. Bakının 87 müəssisəsində 22 min fəhləni əhatə edən bu
tətil yanvarın 31-dək davam etdi. Həbsə alınmış tətilçilər azad edildi, cəza tədbiri
olaraq orduya göndərilmiş tətilçilərin tərxis edilməsi vəd olundu.
Kəndli hərəkatı: İrtica illərində kəndli hərəkatının zəifləməsinə
baxmayaraq, ayrı-ayrı çıxışlar yenə də baş verirdi. 1908-1909-cu illərdə
Yelizavetpol qəzasında, Goran və Seyfəli kəndlərində qaçaqlarla strajniklər
arasında insan tələfatı ilə nəticələnən atışmalar baş vermiş; Qaybəli kənd sakinləri
tərəfindən tutulmuş mübahisəli torpaqları kəndlilərdən geri almağa gəlmiş hökumət
nümayəndələrinə silahlı müqavimət göstərilmiş; Forer qardaşlarının malikanəsinə
hücum edilmişdi.
1910-cu ildə Quba qəzasında kəndli çıxışları gücləndi. O dövrdə çıxan
qəzetlərin biri yazırdı ki, Quba qəzası nəinki Bakı quberniyasında, həm də
Zaqafqaziyada ən çox qaçaq-quldur olan qəzalardan biridir, bir quldur dəstəsini
ləğv etməmiş, yağışdan sonra çıxan göbələk kimi, yeni dəstələr yaranır.
Mart ayında Lənkəran qəzasında silahlı kəndli dəstəsi polis strajnikləri
üzərinə hücum etdi və həbsxanaya aparılan 17 nəfəri azad etdilər.
Qəzanın Arus kənd camaatı kəndxuda və digər vəzifələrə «seçkilərdə»
iştirak etməkdən boyun qaçırdı. Kəndə «seçki» keçirməyə gələn uryadnik və
strajniklər kəndlilərin ciddi müqavimətinə rast gəldi və yalnız yaxınlıqdakı sərhəd
gözətçiləri köməyə gələndən sonra canlarını qurtarıb qaça bildilər.
Həmin ildə Şamaxı qəzasının Xanıslı kənd camaatı dəyənəklərlə
silahlanaraq mübahisəli torpaqların sərhədlərini müəyyənləşdirmək üçün gəlmiş
hökumət nümayəndələrinə ciddi müqavimət göstərdi. Kəndlilərin çıxışı silah
gücünə yatırıldı. Buna bənzər hadisə qəzanın Qurbançı kəndində də baş verdi.
99
Yelizavetpol qəzasında xüsusən Kərbəlayi Əsgərin, Məşədi Yolçunun,
Qatır Məmmədin, Qandal Nağının başçılıq etdikləri qaçaq dəstələri
müstəmləkəçilərə və zalımlara amansız divan tuturdular.
1910-cu ilin yanvarında qəzanın Goranboy-Əhmədli kəndində Qatır
Məmməd adı ilə məşhur olan 17 yaşlı Məmməd Əli oğlu Məmmədovun başçılıq
etdiyi qaçaqlar böyük bir cəza dəstəsini darmadağın etdilər.
1910-cu ilin yayında Nuxa qəzasının Səbətli kəndində baş verən böyük
kəndli çıxışını yatırmaq üçün oraya 300 kazak və bir pulemyot rotası göndərildi.
Cavanşir qəzasının Qara-Pirim kəndinin kəndliləri əkin yerlərini zəbt
etdiklərinə görə, kəndə başda pristav olmaqla strajniklər dəstəsi gəldi. Kəndlilər
onlara ciddi silahlı müqavimət göstərdilər. Qiyamın təşkilatçıları həbs olundu.
Lakin kəndlilər hücum edərək məhbusları azad etdilər.
1911-ci ilin dekabrında Yelizavetpol qəzasında Hacı Əsgər adlı yerdə
Məşədi Yolçunun və Qandal Nağının başçılıq etdiyi qaçaq dəstələri çar qoşunları
ilə açıq döyüşə girdilər. Qat-qat güclü hökumət qoşunları xalq qisasçılarını
mühasirəyə ala bilmədi, qaçaqlar dağlara çəkildilər.
1912-1913-cü illərdə kəndli hərəkatı yüksəldi. Bu illər aqrar islahatlarının
hazırlandığı və həyata keçirilməyə başlandığı dövr idi. Kəndlilər aqrar islahatları
nəticəsində özlərinin aldadılması ilə barışa bilmirdilər. Torpaqsızlığın,
aztorpaqlılığın aradan qaldırılmaması kəndli iğtişaşlarının başlıca mənbəyi olaraq
yenə də qalırdı.
Azərbaycan qəzaları içərisində torpaqsızlıqdan ən çox əziyyət çəkən
Lənkəran qəzasında kəndli çıxışları kəskin şəkil aldı.
1912-ci ilin aprelində qəzanın Butəsər və Qaqalos kəndlərinin kəndliləri
aqrar islahatının hazırlanmasından xəbər tutaraq, mülkədarların əkin yerlərini zəbt
edib becərməyə başladılar. Kəndlilər onların üzərinə göndərilən polis qüvvələrinə
qarşı ciddi müqavimət göstərdilər. Çıxış silah gücünə yatırıldı, 14 kəndli həbs
edildi.
Kəndli həyacanlarının daha geniş vüsət aldığı 1913-cü ilin hadisələri
içərisində kəndlilərin yerölçənlərlə (zemlemerlərlə) münaqişələri xüsusi yer tutur.
1913-cü ildə Bakı qəzasının Qobu kəndi yaxınlığında dədə-babadan kənd
camaatına məxsus olan Qobustan yaylaq otlaqları başqaları tərəfindən dövlətdən
satın alındı. Həmin torpaq sahələrini yeni sahibkarlar arasında bölüşdürmək üçün
yerölçənlər bir dəstə strajniklə kəndə gəldilər. Yüz nəfərə yaxın qobulu onlara
ciddi müqavimət göstərərək, yerölçənləri kənddən qovdular.
Cavad qəzasının Cinli kəndində də yerölçənlərlə bu cür rəftar edildi.
Qaçaq hərəkatı xeyli gücləndi. Qaçaqlar kəndli hərəkatının çox qüvvətli
olduğu Yelizavetpol qəzasında özlərini daha sərbəst hiss edirdilər. O dövrdə çıxan
qəzetlərin birində yazılırdı: Yelizavetpol qəzası ən təhlükəli quldur dəstələrinin
alınmaz yuvasıdır; burada keçilməz meşələrin və dağların olması onlarla
mübarizəni son dərəcə çətinləşdirir. Bütün cinayətkar ünsürlər—türmədən,
Dostları ilə paylaş: |