Azərbaycanın müstəqilliyinin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/101
tarix06.02.2018
ölçüsü5,01 Kb.
#26777
1   ...   23   24   25   26   27   28   29   30   ...   101

48 
 
Nazirliyini ələ keçirmək istəyən siyasi qüvvələr - Rəhim Qazıyev, Etibar Məmmədov, Fəhmin Hacıyev və 
b. buraya hərbçinin deyil, mülki şəxsin rəhbər təyin olunmasını tələb edir, piketlər keçirirdilər. Müdafiə 
nazirlərinin tez-tez dəyişdirilməsi ordu quruculuğuna ağır zərbələr vururdu. 
1991-ci il oktyabrın 9-da "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanunun qüvvəyə 
minməsi  ilə  əlaqədar  olaraq  hərbi  obyektləri,  silah  və  texnikanı  inventarlaşdırıb  müsadirə  etmək 
tələblərinə baxmayaraq, rus hərbçiləri mümkün olan hər bir şeyi respublikadan çıxarmağa, şəxsi adamlara 
satmağa, məhv etməyə çalışırdılar. 
Bu  təxribatlardan  biri  də  Səngəçal qəsəbəsindəki  aerodromda  hərbi  vertolyotları yandırmaq  cəhdi 
oldu. Razılığın əksinə olaraq, Sitalçay, Kürdəmir və Dəllərdə yerləşən aviasiya hissələrindən təyyarələr 
aparıldı, hərbi aerodrom dağıdıldı, qiymətli hərbi cihazlar məhv edildi. Xəzər Donanması gəmilərində də 
avadanlığa, yerüstü obyektlərin, demək olar ki, hamısına xəsarət yetirilmiş, sökülüb dağıdılmışdı. 
Belə  bir  şəraitdə  erməni  hərbi  hissələri  Rusiya  qoşununun  köməyi  ilə  azərbaycanlılar  yaşayan 
kəndlərə hücumu genişləndirirdi. Onlar 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, 
Quşçular  kəndlərini  ələ  keçirdilər.  Xocalı  və  Şuşanın  mühasirəsi  getdikcə  daralırdı.  Yeni  yaranmağa 
başlayan Azərbaycan ordusunun hissələri, xüsusi təyinatlı milis və özünümüdafiə dəstələrinin müqavimət 
tədbirləri  nizamsızlıq,  əlaqəsizlik,  satqınlıq  üzündən  baş  tutmurdu.  Azərbaycan  ordusunun  Şuşanın 
mühasirəsini  Daşaltı tərəfdən  yarmaq  üçün  keçirdiyi  əməliyyat  da  tam  uğursuzluqla nəticələndi.  Satqın 
bələdçilər  bir  taqım  əsgər  və  zirehli  maşınları  minalanmış  əraziyə  saldılar,  ordu  böyük  tələfat  verdi,  33 
nəfər həlak oldu, 34 nəfər itkin düşdü, 36 nəfər yaralandı. 
Fevralın  ortalarında  düşmən  növbəti  dəfə  Qarabağlı  kəndinə  güclü  hücuma  başladı.  Qanlı 
döyüşlərdə kənd dəfələrlə əldən-ələ keçdi. Dörd gün davam edən qeyri-bərabər döyüşdən sonra ermənilər 
kəndi ələ keçirib onun 92 nəfər müdafiəçisini, 54 sakinini vəhşicəsinə öldürərək silos quyularına atdılar. 
Qalan əhali əsir götürüldü. 
Xocalı faciəsi. Hakimiyyət boşluğunun yaranması. Fevralın sonunda Xocalı faciəsi törədildi. Şəhər 
uzun  müddət  mühasirədə  olmuş,  Respublika  rəhbərliyinin  cinayətkar  laqeydliyi  üzündən  müdafiə  işləri 
lazımınca  təşkil  edilməmişdi.  Xocalı  ərazi  özünümüdafiə  batalyonu  heç  bir  zirehli  texnika  ilə 
silahlanmamışdı. Ona Şıx briqadası batalyonunun cəmi 20 nəfərdən ibarət minaatanlar batareyası kömək 
edirdi. 
Fevralın 25-də axşam saat 9-da erməni hərbi birləşmələri, Rusiya ordusunun Xankəndindəki 366-cı 
mexanikləşdirilmiş  atıcı  alayı,  xarici  ölkələrdən  gətirilmiş  muzdlu  quldurlar  uzun  müddət  mühasirədə 
olan  Xocalıya  hücum  etdilər.  İlk  zərbə  şəhərin  yaxınlığındakı  hava  limanına  vuruldu.  Şəhərin 
müdafiəçiləri  azsaylı  və  pis  silahlanmış  olsalar  da,  mərdliklə  vuruşdular.  Xüsusi  təyinatlı  milis 
dəstələrinin komandiri, milis mayoru Əlif Hacıyev döyüşdə xüsusilə fərqləndi. Onun rəhbərlik etdiyi 22 
nəfərlik  dəstə  düşmənin  hava  limanına  güclü  hücumlarını  üç  dəfə  dəf  etdi.  Lakin  qüvvələr  bərabər 
deyildi.  Ə.Hacıyev  vəziyyətin  çıxılmaz  olduğunu  görəndə  hava  limanının  dispetçer  məntəqəsini 
partladaraq  düşmən  əlinə  keçməsinə  imkan  vermədi.  Sonrakı  döyüşlərdə  igid  komandir  yaralanıb 
qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. 
Güclü  artilleriya  hazırlığından  sonra  düşmən  tankları,  zirehli  maşınlar  şəhərə  soxuldu,  küçə 
döyüşləri  başlandı.  Cəsur  komandir  Tofiq  Hüseynovun  rəhbərlik  etdiyi  batalyonun  150-ə  qədər 
döyüşçüsü qat-qat güclü olan yağı düşmənlə qəhrəmancasına vuruşdular. Tofiq düşmənlə üç gün, üç gecə 
son nəfəsinədək döyüşdü, yağıları azdırıb onlarca adamın mühasirədən çıxmasına imkan yaratdı. Axırda 
özü  mühasirəyə  düşdü.  O,  düşmənin  təslim  olmaq  tələbinə  məhəl  qoymayıb  son  gülləni  özünə  vurdu. 
Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. 
Xocalı  döyüşündə  yüzlərlə  adam  həlak  oldu,  yaralandı,  əsir  götürüldü,  şəhər  yandırıldı.  Sağ 
qalanların  bir  hissəsi,  əsasən  qadınlar,  qocalar  və  uşaqlar  şəhərin  şimal-şərq  istiqamətində  iki  yolla 
Ağdama  tərəf  qaçmağa  başladılar.  Qarlı,  şaxtalı  gecəni  ayaqyalın,  başıaçıq  meşədə  keçirən  qadınların 
çoxunu don vurdu, yaralıların bir hissəsi tab gətirməyib öldü. Qalanları səhərisi gün Xocalıdan 6-7 km 
aralı  Qaraqaya  adlı  yerdə  meşədən  çıxarkən  pusquda  durmuş  erməni  faşistləri  tərəfindən  gülləbaran 
edildilər. Yüzlərlə köməksiz qadın, qoca, uşaq həlak oldu. Xilas olaraq Abdal-Gülablı kəndinə getməyə 
çalışan qaçqınları da düşmən mühasirəyə alıb atəşə tutdu. Çoxları əsir götürüldü. Erməni quldur dəstələri 
yaralılara işgəncə verir, meyitləri eybəcər hala salır, baş dərisini soyur, qadın və qızları təhqir edirdilər. 
Xocalı  qırğını  XX  əsrin  ən  böyük  faciələrindən  biri  oldu.  Rusiyanın  imperiyapərəst  dairələri 
Azərbaycanda öz təsirini saxlamaq üçün təxribatlara rəvac verdi. Lakin uzun müddət düşmən əhatəsində 
qalmış  şəhərə  lazımi  kömək  göstərməyən,  erməni  və  rus  hərbi  birləşmələrinin  geniş  hücuma  hazırlığı 
haqqında məlumat aldıqdan sonra belə əhalini təhlükəsiz yerlərə köçürmək üçün təcili tədbirlər görməyən 
respublika rəhbərliyi, habelə hakimiyyət uğrunda mübarizədə Qarabağ problemindən istifadə edib siyasi 
kapital  toplamağa  çalışan  siyasətbazlar  da  bu  faciədə  günahkar  idilər.  Xocalı  faciəsi  ölkədə  siyasi 


49 
 
gərginliyi daha da artırdı. Ali Sovetin binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi 
ilə  parlamentin  1992-ci  il  martın  5-6-da  keçirilən  fövqəladə  sessiyasında  Mütəllibov  istefa  verməyə 
məcbur oldu. 
Hakimiyyətdə boşluq yaranmışdı, onu ələ keçirmək, revanş almaq istəyən qüvvələr siyasi vəziyyəti 
daha da gərginləşdirməyə çalışırdılar. Parlament spikeri Yaqub Məmmədovun prezident səlahiyyətlərini 
daşıdığı dövrdə elan olunmuş prezident seçkiləri bu mübarizəni daha da qızışdırmışdı. 
Səbir  kasası  dolmuş  xalq  Heydər  Əliyevin  hakimiyyətə  qayıtmasına  xilas  yolu  kimi  baxır, 
Konstitusiyanın  121-ci  maddəsinin  prezident  seçilməsi  üçün  yaş  senzi  müəyyən  edən  2-ci  bəndini 
dəyişməyi tələb edirdi. Mərkəzi Seçki Komissiyasına bu məzmunda minlərlə adamın imzası olan saysız-
hesabsız  protokollar  və  müraciətlər  daxil  oldu.  Aprelin  25-dən  bu  tələblə  respublikanın  hər  yerində 
piketlər, mitinqlər keçirilirdi. 
İctimai  bazası  zəif  olan,  lakin  cəbhələrdə  vəziyyətə  əsaslı  təsir  etmək  imkanına  malik  silahlı 
dəstələrə arxalanan qüvvələr çəkişməsinin növbəti qurbanı Şuşa və Laçın oldu. 
Şuşaya  güclü  hücum  gözlənilirdi.  Vəziyyət  1992-ci  ilin  martında  Müdafiə  Şurasında  müzakirə 
olunmuşdu. Lakin əməli iş, demək olar ki, görülmürdü. Şəhər uzun müddət mühasirədə qalmışdı. Lazımi 
silah və sursatlarla təmin olunmurdu. Rusların 336-cı polkunun 180 hərbi mütəxəssisinin ağır texnika ilə 
birlikdə  ermənilər  tərəfə  keçməsi  məlum  idi.  Şuşanın  müdafiəsində  isə  cəmi  24  ağır  texnika  dururdu. 
Düşünülmüş müdafiə planı yox idi. 
Milis  silahlı  qüvvələri  komandanlığı  ilə  ordu  hissələri  komandanlığı  arasında  tabeçilik 
münasibətləri  müəyyənləşdirilməmişdi.  1992-ci  ilin  martında  müdafiə  naziri  vəzifəsini  ələ  keçirmiş, 
Rusiyanın imperiyapərəst qüvvələrinin əlində oyuncaq olan Rəhim Qazıyev hakimiyyəti tutmaq, ölkədə 
hərbi  diktatura  yaratmaq  üçün  siyasi  vəziyyəti  daha  da  gərginləşdirmək  məqsədilə  burada  vahid 
komandanlıq yaranmasına mane olurdu. 
Bununla yanaşı, ordu zabitlərinin çoxunun hazırlıqsız, nizam-intizamsız olması da uğursuzluqlarda 
az rol oynamamışdı. Hərbi rabitə bərbad vəziyyətdə idi. Hücum ərəfəsində xeyli döyüşçü qısa müddətli 
məzuniyyətə  buraxılmışdı.  Şuşa  batalyonunda  ştatda  1500-ə  yaxın  döyüşçü  olduğu  halda  şəhərdə  cəmi 
500 döyüşçü vardı. 
Mayın 7-dən 8-ə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə tutdu. Bu hücumda düşmənin 
80-ə  yaxın  T-72  tankı,  6000-ə  yaxın  döyüşçüsü  iştirak  edirdi.  Ermənilərin  tərəfində  xaricdən  muzdla 
tutulmuş döyüşçülər də vuruşurdu. 
Qəribə  burasıdır  ki,  ermənilərin  hücumundan  bir  qədər  əvvəl  Azərbaycana  məxsus  hərbi  texnika 
Şuşadan  çıxarılmış,  xüsusi  milis  dəstəsi  döyüşçüləri  şəhəri  tərk  etmişdilər.  Minalanmış  sahələr 
zərərsizləşdirilmişdi.  Mayın  9-da  səhər  saat  5-də  şəhər  ətrafında  olan  postların  əksəriyyəti  artıq 
tutulmuşdu.  Ön  mövqelərdə  duran  əsgərlər  düşmənə  qarşı  qəhrəmanlıqla  vuruşurdular.  Lakin  şəhərin 
müdafiəçilərinə  köməklik  göstərilmədi.  Axşama  yaxın  "köməyə  gələn"  vertolyot  asfalt  zavodu 
yaxınlığında səhvən öz mövqelərimizi atəşə tutdu, bir PDM-i məhv etdi. 
"Qayabaşı" adlanan yerdə mövqe tutan müdafiə batalyonunun əskərləri son nəfəsədək vuruşdular. 
40 nəfər şəhid oldu. Mühasirəyə düşüb əlacsız qalmış 38 döyüşçü özünü öldürdü. Digər müdafiə dəstələri 
axşama qədər müqavimət göstərdilər. 30-40 nəfərdən başqa şəhərdə heç kim qalmamışdı. Axşam onlar da 
müdafiəni  dayandırmağa  məcbur  oldular.  Şuşa  süqut  etdi.  Döyüşlərdə  155  nəfər  şəhid  oldu,  167  nəfər 
yaralandı. 
Şuşanın  süqutu,  mayın  ortalarında  milli  hərbi  hissələrin  Laçını  tərk  etməyə  başlaması  siyasi 
vəziyyəti daha da gərginləşdirdi. Tərəfdarları eks-prezidenti mayın 14-də parlament sessiyasında yenidən 
öz vəzifəsinə qaytardılar. A.Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət tətbiqi haqqında fərman verdi. 
Lakin demokratik qüvvələr parlamentin 14 may tarixli qərarını konstitusiyaya zidd hesab etdilər və 
onu  yenidən  totalitarizmə  qayıdış  kimi  qiymətləndirdilər.  Bakıda  AXC-nin  qərargahı  qarşısında  etiraz 
mitinqi başlandı. Rəsmi hökumət isə fövqəladə vəziyyət haqqında qanuna uyğun tədbirlər həyata keçirə 
bilmədi.  AXC-yə  tabe  olan  hərbi  hissələr  cəbhə  bölgələrindən  Bakıya  gətirilmişdi.  Xalq  Cəbhəsi 
Parlamentə  öz  qərarını  ləğv  etmək  tələbi  ilə  ultimatum  verdi.  Ultimatum  müddəti  qurtarandan  sonra 
mitinqçilər  hərbçilərin  köməyi  ilə  Ali  Sovetin  binasına  doğru  yürüş  etdilər.  Yürüşün  önündə  zirehli 
texnika  gedirdi.  Silahlılar  "Moskva"  mehmanxanası  və  Ali  Sovet  binası  üstündəki  atəş  nöqtələrini 
susdurdular. Toqquşma nəticəsində bir adam öldü, iki nəfər yaralandı. Cəbhə tərəfdarları, demək olar ki, 
müqavimətsiz Parlament binasına daxil oldular. 
Müxalifət qüvvələri respublika teleradio şirkətini, digər mühüm obyektləri, habelə Prezident aparatı 
binasını ələ keçirdilər. Parlamentin 18 may sessiyasında Xalq Cəbhəsi liderlərindən biri olan İsa Qəmbər 
Respublika  Ali  Sovetinin  sədri  seçildi.  Bu  sessiyada  parlament  səlahiyyətinin  Milli  Məclisə  verilməsi 
haqqında qərar qəbul edildi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə