BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

________________Milli Kitabxana______________ 
77 
 
Babəkin qılıncı parlasın yenə.  
Onlar bu şərtlərə sözünü desin,  
Zənciri kim vurdu şir biləyinə?  
Hanı bu ellərin mərd oğulları,  
Açın bərələri, açın yolları.  
Bəs hanı bu əsrin öz Koroğlusu  
-
 
Qılınc Koroğlusu, söz Koroğlusu?  
Babaların şəni, şərəfi, əlbət,  
Bizə əmanətdir, böyük əmanət...  
Yoxmu qanımızda xalqın qeyrəti?  
Belə saxlayarlar bəs əmanəti?  
Qoy ildırım çaxsın, titrəsin cahan!  
Ürəklər qəzəbdən coşsun, partlasın.  
Daim haqq yolunda qılınc qaldıran  
İgid babaların goru çatlasın!  
Qoy əysin başını vüqarlı dağlar,  
Matəmi başlandı böyük bir elin.  
Mərsiyə söyləsin axar bulaqlar,  
Ağılar çağırsın bu gün qız, gəlin!..  
Tərəflər sakitdir, qəzəbli deyil,  
Məhv olan qoy olsun, onlara nə var.  
İmzalar atılır bir-bir, elə bil,  
Sevgi məktubuna qol çəkir onlar.  
Atıb imzasını hər kəs varağa  
Əyləşir sakitcə keçib yerinə.  
Eynəkli cənabla, təsbehli ağa,  
Qalxıb əl də verir bir-birinə.  
Onların birləşən bu əllərilə  
Ayrılır ikiyə bir el, bir Vətən.  
Axıdıb gözündən yaş gilə-gilə,  
Bu dəhşətli hala nə deyir Vətən?  
Bir deyən olmadı, durun ağalar!  
Axı bu ölkənin öz sahibi var.  
Siz nə yazırsınız, bayaqdan bəri,  
-Bəs hanı bu yurdun öz sahibləri?  
Bəs hanı həqiqət, bəs hanı qanun?  
Böyükdür bu yurdun tarixi, yaşı. 
  


________________Milli Kitabxana______________ 
78 
 
Bəs hanı köksünə sərhəd qoyduğun,  
Bir vahid ölkənin iki qardaşı?  
Görək bu hicrana, bu müsibətə,  
Onların sözü nə, qərəzi nədir?  
Bu xalq əzəl gündən düşüb zillətə,  
Öz doğma yurdunda yoxsa kölədir?  
Necə ayırdınız dırnağı ətdən  
-Ürəyi bədəndən, canı cəsəddən?  
Axı kim bu haqqı vermişdir sizə,  
Sizi kim çağırmış, Vətənimizə?  
Neçə vaxt səngərdə hey ulaşdılar,  
Gülüstan kəndində sövdalaşdılar  
Bir ölkə ikiyə  
Ayrılsın deyə!.. 
Göy də buludlamış deyirlər o gün,  
Çölləri, düzləri buludlar sarmış.  
O göy gumltusu Oğuz xaqanın  
Ruhuymuş, hönkürüb fəryad qoparmış.  
Gülüstan kəndinin gül-çiçəkləri  
Bir günün içində soldu, saraldı.  
"Gülüstan" bağlandı, o gündən bəri,  
Bu kəndin alnında bir ləkə qaldı.  
Bağrı köz-köz oldu "Yanıq Kərəm"in  
Tellər inildədi, yandı, nə yandı.  
Aşığın sazında daha bir həzin,  
Daha bir yanğılı pərdə yarandı.  
Həmin gün ölkəni apardı sel, su,  
Tutuldu çöhrəsi Günün, Ayın da.  
Qoca Nəbacinin eşqi, arzusu,  
O gün batmadımı Arpa çayında?  
Ağlayıb dağlardan əsən küləklər,  
Bu məşum xəbəri aləmə yaydı.  
Sanki dilə gəldi güllər, çiçəklər:  
"Bu işə qol qoyan qollar sınaydı".  
Arazın suları qəzəbli, daşqın,  
Şirin nəğmələri ahdır, haraydır,  
Vətən, quşabənzər qanadlarının 
 
  


________________Milli Kitabxana______________ 
79 
 
Biri bu taydırsa, biri o taydır.  
Quş iki qanadla uçar, yüksələr,  
Mən necə yüksəlim tək qanadımla?  
Ürəklər bu dərddən tüğyana gələr,  
Axar gozümüzdən yaş damla-damla.  
Cənablar, bir anlıq düşündünüzmü?  
Verdiyiniz hökmün ağırlığını?  
Bu hökmün dəhşəti əllimi, yüzmü?  
Biz necə götürək bu gözdağını?..  
Başı kəsiləndə bu məğrur elin  
Könül fəryadını hiss etdinizmi  
Qoca Füzulinin, igid Babəkin  
Etiraz səsini eşitdinizmi?  
Cənablar, bir damcı mürəkkəblə siz  
Düşünün, nələrə qol çəkmisiniz?  
Bir damcı mürəkkəb bir vətəndaşı  
Qanına bulayıb ikiyə böldü.  
Bir damcı mürəkkəb olub göz yaşı  
İllərlə gözlərdən axdı, töküldü.  
Min ləkə vurdular şərəfimizə  
Verdik, sahibimiz yenə "ver" - dedi.  
Lap yaxşı eyləyib doğrudan, bizə  
Biri "baran" - dedi, biri "xər" - dedi.  
Bizi həm yedilər, həm dəmindilər,  
Amma arxamızca gileyləndilər.  
Hökmü gör nə qədər böyükmüş anın.  
Möhür də basdılar varağa təkrar.  
Yox, varağın deyil, Azərbaycanın  
Köksünə dağ boyda dağ basdı onlar.  
İmzalı, möhürlü ey cansız varaq,  
Nə qədər böyükmüş qüvvətin, gücün.  
Əsrlər boyunca vuruşduq, ancaq  
Sarsıda bilmədik hökmünü bir gün.  
Ey kağız parçası, əvvəl heç ikən,  
Yazılıb, qollanıb yoxdan var oldun.  
Böyük bir millətin başını kəsən,  
Qolunu bağlayan hökmdar oldun. 
  


________________Milli Kitabxana______________ 
80 
 
Bir eli ikiyə paraladın sən  
Özün kağız ikən paralanmadın,  
Köksünə yazıları qəlb atəşindən,  
Niyə alışmadın, niyə yanmadın?  
Araz sərhəd oldu, əsdi küləklər,  
Sular yatağında qalxdı, köpürdü.  
Üstü dama-dama taxta dirəklər,  
Çayın kənarıda səf çəkib durdu.  
Sular, sizdən təmiz, nə var dünyada?  
Ləkədən xalidir axı qəlbiniz.  
Bağrınız alışıb niyə yanmadı  
Bu çirkin əmələ qol qoyanda siz?  
Ey Araz, səpirsən, göz yaşı sən də  
Keçdikcə üstündən çölün, çəmənin.  
Səni arzulara sədd eyləyəndə,  
Niyə qurumadı suların sənin?  
Dayanıb Arazın bu tayında mən  
"Can qardaş" deyirəm, o da "can" deyir.  
Ey zaman, sorğuma cavab ver, nədən  
Səsim, yetən yerə əlim yetməyir...  
Qarışıb gözümdə, qarışıb aləm,  
Dərd dərdi doğrayır, qəm qəmdən keçir.  
Arazın üstündən keçə bilmirəm,  
Araz dərdim olub, sinəmdən keçir.  
Taxta dirəkləri torpağa deyil,  
Qoydular Füzuli divanı üstə.  
Yarıya bölündü yüz, yüz əlli il  
Gəraylı, bayatı, muğam, şikəstə.  
Dəmir çəpərləri eşqim, diləyim  
Tarixim, ənənəm üstə qoydular.  
Yarıya bölündü canım, ürəyim,  
Yarıya bölündü Arazda sular.  
Taxta dirəkləri qoydular, ax, ax!..  
Qəlbimin, ruhumun dilimin üstə,  
Biz güldük, ağladıq, yenə də, ancaq  
Bir sazın, bir telin, bir simin üstə.  
Ürəkdən ürəyə körpü? Bir dayan! 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə