Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

- Ola bilər, amma bayaqkı maşınla rəngləri eyni olsa da, nömrələri başqadır. Narahat olma!  
Ona inanıb başımda dolaşan şübhədən, içimi bürüyən hürküdən yaxa qurtardım. Leyla maşını 
sağa çəkib sürəti azaltdı. Bu məni inandırmaq üçün idi. “Pajero” yanımızdan ötüb işıqforun 
qırmızı işığında dayandı. Yol açılan kimi sağa burulub aralıq küçələrdən birində itdi. 
Bülbül prospektindəki “Miraj” restoranının qarşısında maşını saxlayıb güzgüdə üz-gözünə fikir 
verdi. Bayırda güclü külək qalxmışdı. Plaşının yaxasını qaldırıb eynəyini taxanda onun kim 
olduğunu seçmək bir az çətin idi. Bayırdakı qəzəbli küləyi, aysız gecəni də bunun üstünə gəlsək, 
bizə (daha doğrusu ona; mən kimə lazımam?) fikir vermək, ayaq saxlayıb marıtlamaq heç kimin 
ağlına gəlməzdi. 
- Niyə məhz bura gəldik?  
- Xoşuna gəlmir? 
- Elə belə, sözgəlişi soruşdum.  
- Artıq üçüncü dəfədir sənə xatırladıram, - kobud-kobud dilləndi, - hər şeyi mən təyin edirəm. 
İkincisi də, bura həmişə gəldiyim yerdir. Simsar adamlardır, nigaran qalma. 
Biz restorana girmək istəyəndə qapıda iki oğlan, iki qız göründü. Küləkli havada əyinləri yuxa 
idi. Sərxoş, üstəlik əsəbi olduqları gendən bilinirdi. Oğlanlardan biri küçə söyüşü ilə kiminsə 
kölgəsini qılıncladı. Deyəsən, restoranda kimdənsə narazı qalmışdılar.  
Üçcə dəqiqə sonra işıqlı, səliqəli, xudmani otağı ixtiyarımıza verdilər. Yuxarı başda asılan ayı 
dərisi adamı vahimələndirirdi. Hələ bu azmış kimi yan divarlara bərkidilən taxçaların birindən 
tülkü, ikincisindən çaqqal cəsədi boylanırdı. Divarın küncünə qoşalülə tüfəng söykəmişdilər. 
Ortalıqdakı süd-bəyaz stolun üstündə külqabı, çərəz dolu vaza vardı. Yerimizi tutan kimi cinsini 
təyin edə bilmədiyim nərmənazik ofisiant qapıda peyda oldu. İlahi, səsi necə ciy-ciy idi. Ətim 
ürpəşdi, elə bil dəmiri dəmirə sürtürdülər. O qədər əzilib-büzülürdü, əlacı olsaydı, sifarişi diz 
üstə çöküb götürərdi. Bayıra çıxan kimi Leyla sual dolu baxışlarımı görüb ağız-burnunu üstümə 
elə əydi ki, guya kiminsə mavi olduğunu fikirləşmək əxlaqsızlıqdır.  
 
Əvvəlcə içki gəldi. 1911-ci ildə Şotlandiyanın Buffort şəhərində çəkilən (ofisiant anasının canına 
and içmişdi) Blek Leybl viskisini qədəhlərə süzüb içməzdən əvvəl Leylanın şərəfinə dostyana, 
isti-ilıq, məhrəm sağlıq dedim. Tost söyləmək bacarığım necə heyrətliydi! Dilim ağzıma 
sığmırdı, sanki adam tərifləməkdən ötrü akademik təhsil almışdım. Həyat, insan taleləri, alın 
yazısı, Tanrının qisməti... Dilimdən çıxan bütün cümlələr onun iliyinəcən təsir edirdi. Tez-tez 
udqunmağı, köks ötürməsi, haqlı olduğumu bildirmək üçün başını tərpətməsi mənim qələbəm 
deməkdi. Qədəhlərimiz bir-birinə dəyəndə Leylanın gözlərində peşmanlıq ifadələri gördüm. 
Əlacı olsaydı, ürəyindəkiləri boşaltmaq üçün sözümü yarımçıq kəsib xırıltılı səslə hər şeyi 
ovcuma qoyardı. İndi söhbəti açmağın əsl məqamıydı, amma yarımca saat sonrakı sərxoşluğun 
gətirdiyi səmimi etiraflar daha gərəkliydi.  
İkinci qədəhi təzəcə doldurmuşduq ki, qapının döyülməyinin ardınca bəstəboy, qarayanız bir 
oğlanın içəri girməyi çox çəkmədi. Otuz-otuz beş yaşı olardı. Əynində cins şalvar, şabalıdı 
gödəkcə vardı. Boynuna saldığı özündəngüllü şərfin bir ucu çeynək-çeynəkdi; deməli, əsəbləri 
yerində deyil, daxili gərginliyi, qayğıları var. Elə ürəkdən, xoş halla gülümsədi, ağzı qulağının 
dibinəcən dartıldı. Nə yaxşı Leylanın sevincdən ürəyi getmədi. Yerindən quş kimi sıçrayıb 
qonağın üstünə atıldı. Qollarını boynuna dolayıb bərk-bərk sıxanda gələn adam Leylanın çiyni 
üstündən qaşqabaqlı, acıqlı nəzərlərlə məni süzdü. Bu, qısqanclıqdan doğan hikkə deyildi.  
- Sənə qurban olaram, Elçin! Nə yaxşı gəldin, - Leyla onun üz-gözünü oxşayıb təkrar özünə 
sıxdı. - Qurban olaram sənə, elə darıxmışdım ki! 
Elçin xoşallanıb gülümsəyəndə ağzı yenə qulağının dibinəcən dartıldı. 
- Heç soruşmursan ki, hardan gəldim, niyə gəldim? 
- Səni görmək mənim üçün həmişə xoşdur. Gör necə sevinirəm, elə bil dünyanı mənə verdilər.  
Məni təqdim etdi: 
- Tanış ol, adı Rəcəbdir. Bir-birimizi təzəcə tanıyırıq, amma elə bil yüz ilin dostuyuq.  
- Bunun kaprizlərinə dözmək bir az çətindir, Rəcəb. - Əl tutduq. - Amma səbrli adama 
oxşayırsan. - Gülümsəyib ürək tərpədən iltifat göstərdi. Bayaqkı acıqlı baxışlardan əsər-əlamət 
qalmamışdı.  
- Bir-iki dəfə acılamışam. Yavaş-yavaş öyrəşəcək. - Leyla Elçinə yer göstərib zəngi basdı ki, 
ofisiant üçüncü qədəhi gətirsin.  


- Rəcəbin yazısını oxudum, əla yazıdı, ürəyimdən tikan çıxardı. Elə bil sənin yanında mən yox, 
bu olub.  
- Amma məni də günahlandırıb. - Bu, Leylanın saxta narazılığı idi.  
- Jurnalist düzü-düz, əyrini-əyri yazmalıdır. - Tfu!!! Bu çeynənmiş, əttökən cümlədən 
çimçəşdim. Əslində, haqlıdır, amma adam həyatı boyu eyni şeyi nə qədər eşidər? - Mənim söz 
sərraflarına böyük hörmətim var!  
Vay, vay! Aman Tanrım, nə sarsaq ifadədir: “söz sərrafı!”  
- Yaxşı, sən özündən danış. Burda olduğumu hardan bildin?  
- Evə gedirdim, maşınını görüb gəldim. Başım qarışıqdır, çoxdandır görüşmürük. Dedim, birdən 
etibarsız olduğumu fikirləşərsən.  
Ofisiant qapıda görünəndə Elçin Leylanın sözünü ağzında qoydu. Üzrxahlıq etdi ki, qızımın ad 
günüdür, evdə yolumu gözləyirlər. Ayağa qalxmaq üçün qurcalananda bayaqkı acıqlı, içimə 
şübhə dolduran baxışlarını yenidən üzümə zillədi. Bu adamdan gözüm su içmədi. Ağlıma gəldi 
ki, satqındır, adamı iki kirli qəpiyə satıb xain-xain dişini ağardar. Mən də ona borclu qalmadım. 
Baxışlarıma zəhər qatıb qaşlarımı üstünə düyünlədim. Təsiri dərhal bilindi. Həlim ifadələr 
bəbəklərində görünəndə dalını stuldan qaldırdı. Leyla qolundakı saatı açıb ona sarı uzatdı. 
- Bunu qızına bağışlayıram. Mütləq çatdır.  
- Yox, yox, razı olmaram. İndi sənin çətin vaxtındır. Qızımın hədiyyəsini almışam, maşındadır.  
Leyla inadkarlıq etdi, hətta özünü incimiş göstərdi ki, sözünü yeridə bilsin. Saat Elçinin əlinə 
keçəndə, mən içimi arıtlayıb dərindən köks ötürdüm.  
- Deyərsən, Leyla bibin göndərib, üç-dörd günə özüm də gələcəm.  
Üzümə çökən pərtlikdən narazı qaldığımı hiss etdi. Bu köhnə dostu hər kimdisə, yaman əziz 
imiş. Restoranın qapısınacan ötürmək, isti-ilıq münasibət, boynuna sarılıb qucaqlamaq... Dalğın, 
fikirli-fikirli siqaret yandırdım.  
- Niyə qaşqabaqlısan?  
- Nəsə gözüm su içmədi.  
- Ay Allah, Elçindən gözün su içmədi? - Dərsindən beş alan qız uşaqları kimi fərəhləndi. - Sən 
onu tanımırsan. Elə yaxşı oğlandır ki!  
- Nəçidir?  
- Mənim bütün konsertlərimin təşkilatçısı olub. Tələbə yoldaşıyıq.  
- Sonra niyə ayrıldınız?  
- Anası xəstələndi, İstanbula götürdülər. İki il orda yaşadı. Mehrabdan xahiş etdim, görüşdülər. 
Mehrab bir dəfə mənim üstümdə bunu döyüb, araları yox idi. Elçin yaxşı oğlandı.  
Üç saata yaxın vaxt keçmişdi. Viskinin birini çoxdan boşaltmışdıq, ikincinin dibinə daş atmağa 
az qalırdı. Başımda dumanlı, qarışıq fikirlər oynaşırdı. Belə getsəydi, elə oturduğum yerdəcə 
yuxu aparacaqdı. Tualetə getmək istəyəndə ayaqlarım sözümə baxmadı. Sonuncu dəfə bu qədər 
içdiyimi xatırlamırdım. Leyla kürə kimi qızarmışdı. Gözləri axsa da, yaxasını sərxoşluğun əlinə 
verməyə tələsmirdi. Siqareti siqaretə calayıb elə hey tüstülədir, hərdən öskürüb dodağının altında 
kiminsə qarasınca lənət yağdırırdı. Belə getsəydi, neçə gündən bəri sinəmdə gəzdirdiyim 
niyyətim bu dəfə də ürəyimdə qalacaqdı. Elə bu dəqiqə onu danışdırmalıydım.  
- Deməli, sən Vüqarı tanıyanda artıq məşhurlaşmışdın... 
- Hə, çoxdan... Rədd olsun, Vüqar. Danışma ondan!  
- Axı, bizim şərtimiz vardı... 
- Nə şərt?  
- Demişdin, mənə vaxt ver, hər şeyi danışacam.  
- Nə istəyirsən məndən? Rahat burax. Bu gün gözəl gündür, burnumdan gətirmə. - Çəmkirdi.  
- Leyla...  
- İçək!  
Qədəhimi doldurub boş butulkanı stolun altına diyirlətdi.  
- Sənin şərəfinə!  
Birnəfəsə başına çəkdi.  
- Elçindən danışırdım, axı. Niyə sözümü kəsirsən?  
- Bəlkə, bir mahnı oxuyasan?  
- Mahnı?  
- Hə... 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə