Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

- Biz evdə şərt kəsdik, axı! Mənə vaxt ver! 
Dinmədim. Bu narazı düşdüyümü göstərirdi. Vecinə almadı. 
Sorğu-sualdansa - Lifçiyinin buskaterini bərkitdi. Yandan döşlərinin ucu göründü. Belə 
vəziyyətdə canavara dönməyib, neynəyəsən? - Bir anekdot danış kefimiz açılsın.  
- Anekdot, anekdot... - Fikirləşdim. - İki şair olur, möhkəm dost imişlər. Biri o birinə deyir, 
gedək bizə nərd oynayaq, çay içək, başımız qarışsın. Nərdtaxtanı açanda görürlər, zərlər yerində 
yoxdur, axtarmağın da xeyri olmur. Ev yiyəsi olan şair deyir ki, qəm yemə, arvad çay hazırlaya-
hazırlaya mətbəxdən zəri deyər, biz daşları düzərik. Arvad başlayır nə başlayır: cahar-sə, pənc-
yek, yeqanlar... Oyunun sonunda ev yiyəsinin dörd, qonağın iki daşı qalır. Ərinin növbəsində 
arvad gözünə dönüm, birdən qayıt ki, şeş qoşa... Ev yiyəsi oyunu aparanda, qonağın təpəsi 
tüstüləyir. Deyir, belə zərin için s...!  
Leyla şaqqanaq çəkib dalğalı-dalğalı güldü. Əlini-əlini vurmağı, şappıltıdan həzz almağı köhnə 
vərdişiydi. Gülüşün şirin yerində kal öskürəkdən boğulsa da, uzun çəkmədi, özünə gəlib baş 
barmağını göstərdi ki, əladır! Paltarını dəyişib mətbəxə keçdi, stəkan-nəlbəkinin səsinin ardınca 
“Tefal”da purçumlanan suyun səsi eşidildi. Mətbəxdən gələn pıqqıltısından bildim ki, sakit-sakit 
gülür.  
- Rəcəb, birini də danış, kefim kökəldi.  
- Həmin şair möhkəm içən imiş. Bir dəfə lül-qəmbər evə gəlir. Arvadı görür, kişi özündə deyil, 
mahnı oxuyur, fıştırıq çalır. Ərinin paltarını birtəhər soyundurub yerə uzadır. Səhər şairə tənə 
edir ki, a kişi, heç utanırsan, bu nə rusvayçılıqdır, axşam şalvarını əynindən mən çıxarmışam, 
yatıbsan. Şair qayıdır ki, azzz, əbləhin qızı, 40 ildi sənin tumuşunu mən soyundururam, bir dəfə 
dilimə gətirib üzünə vurmamışam, indi nə tez başıma vurdun?! 
Leylanın gülüşü bu dəfə mətbəxdən eşidildi. Mən də ona qoşuldum. Elə bu vaxt başımdakı 
yaradan bir ağrı qopdu, dişimi-dişimə sıxıb səsimi güclə boğdum ki, hiss etməsin. Stəkanları, 
peçenye düzülmüş nimçəni, şokolad dolu qabı stolun üstünə düzəndə istehzalı, ədalı bir görkəm 
alıb başı ilə soğanı güldanı göstərdi:  
- Oyuncağını götür, evdə oynadarsan. - Səsindəki qılınc kimi iti tənədən acıqlansam da, üstünü 
vurmadım. Lal-dinməz tapançanı götürüb əda ilə kreslonun üstünə atdım.  
Pürrəngi çay içdik. Evdən çıxanda qabağıma ciddi-ciddi şərt qoydu: mən necə istəyirəmsə, elə 
olacaq. Hansı restoranda oturmağa, nə qədər içməyə, hara, nə vaxt getməyə mən qərar verirəm. 
Əlavə etdi ki, xətrimə dəyməsin, yalnız bu halda mənim istəyimi yerinə yetirəcək. Guya o, ancaq 
içəndə səmimi olur. Leylanın qabağıma şərt qoymağı, mənim hədsiz inadkarlığımdan doğan 
məcburiyyət idi. Onca dəqiqə əvvəl əhvalatlardan uğunan qızın dost-doğma məhrəmliyindən əsər 
qalmamışdı; indi, olsa-olsa, ögey, yad kimi rəftar edirdi. Deməli, bu adamla hələ çox ehtiyatlı 
olmaq lazımdı.  
Əyninə qara plaş geyinib, boynuna şərf saldı. “Toyota”sı rahat, çuğundur rəngli salonu əntiqə idi. 
Yasəmən ətrini ciyərlərimə çəkib xoşhal oldum. Nədənsə, belə qoxuları burnum alanda Patrik 
Züskindin ətriyyatçı qəhrəmanı Jan-Batist Qrenuyu xatırlayıram. Düzünü deyim: çoxdan, lap 
çoxdandır belə rahat maşında gəzmirəm, istər-istəməz qəlbimdə müəmmalı, sirli duyğular 
oyandı. Belə hissləri adətən, fransız yazıçılarının yoxsul qəhrəmanları kübar mühitinə can atanda 
keçirirlər.  
- Yalan-doğru, qəzetlər yazdılar ki, kreditini ödəyə bilmədiyin üçün bank maşını geri almaq 
istəyir. Düz xəbərdir? 
Başını tərpətdi.  
- Sonuncu xəbərdarlığı keçən həftə etdilər.  
- Vaxt verdilər? 
- On günə ya pulu ödəməliyəm, ya da məhkəmə yolu ilə maşını əlimdən alıb, indiyədək 
ödədiyim pulu geri qaytarmayacaqlar.  
- Nə qədər puldur?  
- On yeddi min beş yüz dollar.  
Araya sükut çökdü. Onkoloji Mərkəzin yanından keçəndə qara “Pajero” arxadan siqnallayıb 
yanımızdan ötər-ötməz təhlükəli manevr etdi. Mən qorxdum. Bilmirəm, yəqin, belə şeylərə 
vərdiş etdiyidən, Leylanın tükü də tərpənmədi. Ancaq naşı sürücünün qarasınca bir-iki ağız 
söyməkdən özünü saxlaya bilmədi.  
- Maşının taleyi haqqında nə fikirləşirsən?  


- Qələt eləyirlər, onlara maşın verən kimdir! 
Yarımqaranlıq salonda nəzərlərimi ona dikməyimin mənası sözünün sonrasını eşitmək istəyi idi. 
Qalibanə əda ilə üyüdüb-töksə də, yüngülcə köks ötürməyi içindəki nigarançılıqdan xəbər 
verirdi.  
- Hamısının günahkarı sənsən. 
- Mən? Mən niyə? 
- İsmayıl dayı ilə məndən danışmısız?  
- Əlbəttə, - mızıldandım - bilirsən ki, xətrini çox istəyir.  
- Bilirəm. Srağagün maşından düşüb sizə sarı gələndə demədi ki, nə əcəb maşını yerində 
saxlamadı? 
Yaddaşımı qurdaladım. Ürəyim əsim-əsim əsirdi. Elə bil bu dəqiqə sinəmdən çıxıb ayağımın 
altına düşəcəkdi. Srağagünkü hadisəni beynimdən keçirdim. İsmayıl dayının səsi təkrar-təkrar 
qulaqlarımda səsləndi. 
- Dedi, bu gün ona nəsə olub. Maşını üçün yer ayırmışam, saxlamadı. Əlini həyətin sağ 
küncündəki bir maşınlıq darısqal yerə sarı uzatmışdı.  
Rişxəndlə gülümsədi. Bilmirəm, bu nəyə lazım idi?! 
- İstedadlı jurnalist kimi sən bu haqda nə fikirləşirsən?  
İstehzadan tüküm də tərpənmədi.  
- Nə bilim, vallah, - çiynimi çəkdim. - Sənnən fələk də baş açmaz.  
Əlini-əlinə çırpıb bərdən güldü.  
- İncimə, Leyla, mən sənin səmimiyyətini inanmıram.  
- Niyə? 
- Özünü öldürmək istəyən adam bu qədər rahat, həyəcansız danışa bilməz. Deyəsən, bir dəfə 
sənə demişəm. İncimə, məncə sən... sən, nə bilim vallah...  
- Mən nə? Çəkinmə, de, acığım tutmaz. Sənə yaman isinişmişəm. - Səsindəki rişxənd tonu azalsa 
da, tam çəkilməmişdi. Nə bilim, bəlkə başqa tonda danışmağı bacarmırdı?! 
- Heç, elə-belə, xətrinə dəymək istəmərəm.  
Siqaret alışdırdı.  
- Yaxşı-yaxşı, ərindən yarımayan təzə gəlinlər kimi naz eləyib, zəhləmi tökmə! - Üstümə təpindi. 
Pahh!!! Sən hələ bunun bənzətməsinə fikir ver!  
- Hər şeyi o qədər uzadırsan ki, adamın ürəyi çəkilir. - “Gənclik” metrosunun yanından keçəndə 
narazılıqla səsimi qaldırdım.  
- Həmin gün özümü balkonda öldürmək istəyirdim. Çox asan və sadə ölüm... Maşını balkonun 
altında ona görə saxlamışdım ki, gicgahımdan güllə açılan kimi cəsədim onun üstünə düşüb 
korlasın. Maşını belə qaytarmaram.  
Heç ağlabatan deyildi. Amma deyirlər, intihar qərarını verən adamlar düşünmək qabiliyyətini 
tamam itirirlər. Çox vaxt adi qarşılanan hadisələrə faciəvi don geyindirib düzü-dünyanı 
dağıtsalar da, bənd olmaq ağılsızlıqdır.  
- Sənin yerinə olsaydım, başqa - daha ağıllı yol seçərdim. Məsələn, şəhərdən kənara çıxıb maşına 
od vurmaq və tapançanı gicgaha sıxıb tətiyi çəkmək... Vəssalam! - Güldüm.  
- Mənə gülürsən? - Səsində inciklik vardı. Alındım. Daha doğrusu, it kimi peşman oldum. Belə 
vəziyyətdə olan adamın hisslərilə oynamaq cinayətdir.  
- Zarafat edirəm, - Əlini ovcuma aldım. - Sən hələ çox yaşayacaqsan. Bizim daha gözəl 
günlərimiz qabaqdadır.  
Milli Bankın yanından keçəndə “20 yanvar”dakı qara “Pajero”nu arxamızca gələn gördük. 
Bizdən qabağa keçmişdisə, deməli, maşını hansısa qaranlıq dalana çəkib yolumuzu gözləyirmiş. 
Kim ola bilərdi? Yoxsa ürəyimə dolan xofdan gözümə qara-qura şeylər görünür? Leylaya 
deyəndə yan şüşədən boylanıb, maşını diqqətlə gözdən keçirdi. Hiss etdim ki, o da bərk qorxur. 
İndiyəcən məndən gizlətsə də, görünür, onunla düşmən kəsilən adamın kabus kimi qara 
qorxusunu qəlbinin dərinliyində gəzdirirdi və yəqin ki, bu hiss gecələr də ona rahatlıq vermir.  
- O deyil, - başını əminliklə sağa-sola yırğaladı.  
- Odur! Diqqətlə bax! 
- Deyəsən, qorxursan?  
Belə vaxtda bu tikanlı sancmalar kimə lazımdır, bilmirəm! 
- Ola bilməz ki, bizi izləsinlər? 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə