Birinci fəsil: Zalım şahlıq



Yüklə 0,73 Mb.
səhifə2/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
#22609
1   2   3   4   5   6   7   8   9   10

Əşirətlərə zülm

Zalım şah rejimində əşirətlərə həm maddi, həm mədəni zülm olundu, onların məktəb, mədəniyyət və yol baxımından ehtiyacları təmin edilmədi. Biz gələndə sizin yollarınızı gördük. Ölkənin məhrum təbəqələrinin problemlərinə heç bir maraq göstərməyən zalım şah rejimi nə zaman gedib əşirətlərin problemləri ilə yaxından tanış olurdu?! Onlar nə istəyirdilərsə, özləri üçün istəyirdilər. O rejim əşirətlərin bəzi ünsürləri - sadə əşirət camaatı ilə arası olmayan müftəxorlarla yaxşı münasibətdə idi, caamata qayğı göstərmirdi.

Mən Fars vilayətində, Kuhgiluyə və Buyer Əhməd vilayətində, Sistan və Bəlucistanda əşirətlərin yanına getdim. Hər bir yerdə əşirətlərin vəziyyəti, yaşayış şəraiti, yaylaq və qışlaq yolları və ərzaq təminatı pis vəziyyətdədir. Onların ehtiyacı olan bəzi məhsullar – qənd, şəkər, düyü və yağ şəhərdən gəlməlidir. İnşallah siz heç zaman şəhər ərzağına möhtac olmayasınız! Hətta onu təmin edəsiniz ki, bu xalq əcnəbilərə möhtac olmasın. Əşirətlər övladlarının məktəbə getməsini istəyir, amma çətindir. Əşirət gəncləri arasında çox istedadlı uşaqlar var, mən özüm görmüşəm. Pəhləvi hakimiyyətinin qara illərində - Allah onların əzabını günbəgün artırsın, onları tarixin şeytansifətləri ilə birgə etsin! - əşirətlərin problemlərinə diqqət ayrılmadı, inqilabdan sonra isə çox iş görülmüşdür.11

Zalım şah rejimi dövründə - istər mənfur Pəhləvi dövründə, istər mənfur Qacar dövründə bu bölgəyə çox zülm olunmuşdur. Bəlkə də bilirsiniz ki, Bəlucistanın bəzi yerlərində farslara hələ də “qəcər” deyirlər. “Qəcər” “qacar” sözüdür. Qacarlar dövründə onlara çox zülm olunduğuna görə bu sözü mənfi mənada işlədirlər.

Mənfur Pəhləvi dövründə vəziyyət Qacar dövründən yaxşı deyildi. Pəhləvi rejiminin Bəlucistan siyasəti belə idi ki, qədim mülkədarlar kimi yerli xanları özlərinə çəksinlər və bölgənin təhlükəsizliyini onlardan istəsinlər. Qədimdə şah bir nəfəri bir yerə göndərib deyirdi ki, məsələn, Xorasan sənin mülkün olsun; Xorasanı bu ölkədən ayırmasınlar, vergilərini hər il hədiyyələrlə bizə göndər, sonra nə edirsən et. O da misal üçün, 5 milyon göndərəcəkdisə, xalqdan 15-25 milyon alırdı. Necə alması da öz işi idi; qətllərin, zülmlərin, ədalətsizliklərin, haqsızlıqların, zəifləri məhv edib, müftəxorları varlandırmanın mərkəzi dövlətə aidiyyəti yox idi.

Pəhləvi dövründə Sistan və Bəlucistanın vəziyyəti belə idi. Orada Rigi, Mübarəki, Narui və Şeşzehi qəbilələrindən xanlar vardı. Siz Şeşzehilər barədə çox eşitmisiniz. Qəbilə başçısı valinin yanında məsuliyyət daşıyırdı. Əgər yaxşı işləsəydi, mükafat olaraq deputat seçilərdi.

Rejim bölgənin təhlükəsizliyi ilə məşğul olmurdu. Mən orada olanda İranşəhrlə Çabahar arasındakı bölgələrin dırnaqarası keşikçiləri rejimin dilavərləri idilər. Bir neçə yoxsul, məhrum, məzlum və bədbəxt bəlucun əlinə əl çomağı və ya Brno tüfəngi verib deyirdilər ki, bu yolu qoruyun, onlar da qoruyurdular, amma nəyi qoruduqları bəlli deyildi. Təbii ki, onların meyarlarına uyğun hərəkət edirdilər.

Xan xalqın başına oyun açırdı. Mən Bəlucistanda elə bir vəziyyət gördüm ki, həqiqətən, deyiləsi deyil. Danışsalar, inanmazsınız; yəni indiki vəziyyətlə bu qədər fərqli idi. Orada bir qrup adam hər cəhətdən rifah içərisində yaşayırdı. İranşəhrdə Tehranın əyanları kimi yaşayırdılar. Fənnucədə, Spokkedə və adi insanların ayağının dəymədiyi ucqar bölgələrdə aristokrat həyat tərzi sürürdülər. Halbuki həmin şəhərlərdə zəruri məişət imkanlarından məhrum xalq vardı, acınacaqlı yoxsulluq hakim idi; nə yol vardı, nə su, nə elektrik enerjisi, nə yayda sərinləşdirici cihazlar. Oranın əhalisi belə məhrum qalmışdı.

Kim yaşamaq istəyirdisə, xana yaxınlaşmaq üçün bir yol tapmalı idi. Axund da yaşamaq istəsəydi, xana yaxınlaşmalı idi. Bu səbəbdən, oranın çoxlu ruhaniləri xanlara qoşulmuşdular; onlarla əlaqə qurur, yaşayışlarını birtəhər idarə edirdilər. Bəlucistanda vəziyyət belə idi, xalq belə əziyyət çəkirdi.

İslam Respubilkası orada böyük bir xoşbəxtliyin müjdəçisi oldu. Zalım təbəqə, yəni xanlar kənarlaşdırıldılar. Nə qədər çalışdılarsa, olmadı. Mənim özüm inqilabın birinci ilində Bəlucistana getdim. Bəlucistanın bütün birinci dərəcəli xanları hökumətə yaxınlaşmaq və münasibət qurmaq üçün İranşəhrə gəlib mənimlə görüşdülər. Mən İslam Respubilkasının siyasətini açıqladım və onlar ümidlərini üzdülər. Düzdür, bu siyasəti qəbul etməyənlər var idi. Biz orada siyasət yox, həqiqəti icra etmək istəyirdik. Həqiqət bu idi ki, bu xalq İslam Respubilkasının sayəsi altında yaşamalıdır. İndi də o xalq var. Allaha şükür ki, xanların hökmranlığına son qoyulub; hərçənd İslam Respubilkası bundan ötrü çox çətinliklər çəkdi.12


Rza xan rəzilliyi

Mən iki-üç bariz nümunəni demək istəyirəm. Qoy bəlli olsun ki, inqilab bu xalq üçün necə böyük iş görmüşdür. İngilislər İranda Rza xanı hakimiyyətə gətirdilər. Bu, Rza xanın müxaliflərinin sözü deyil, o rejimə bağlı olanların özləri və bütün bitərəf tarixçilər bunu açıq söyləmiş, etiraf etmişlər. İngilislərin özləri də Rza xanı devirdilər. Onlar hiss etdilər ki, Pəhləvi rejimi o zaman İkinci Dünya Müharibəsində bəzi uğurlar əldə etmiş Almaniyaya təmayül göstərir. Rza xan xaraktercə Hitlerə bənzədiyindən, onu sevirdi. İngilislər bunu duyan kimi Rza xanı devirib oğlu Məhəmmədrzanı hakimiyyətə gətirdilər. Onların özləri də bunu etiraf edirlər. Bu, qəti məsələlərdəndir.

Mən Məhəmmədrzaya bağlı şəxslərin birindən bir söz danışım, siz görün asılılıq necə alçaldıcı və rəzil səviyyədə olmuşdur. Rza xan gedəndən sonra və İranda şahlıq məsələsinin taleyi hələ tam bəlli olmayan dövrdə İngiltərənin Tehrandakı səfiri Məhəmmədrzanın nümayəndəsinə deyir ki, bizdə olan məlumata görə Məhəmmədrza Berlin radiosunu dinləyir, xəritə üzərində Almaniyanın qələbələrinə baxır. Buna görə biz ona etimad etmirik. Həmin adam xəbəri Məhəmmədrzaya çatdırır, o da Berlin radiosunu dinləməyi kənara qoyur. Sonra İngiltərənin səfiri deyir ki, daha eybi yoxdur, onu şah etmək olar. Rejimin və dövlətin başında elə bir şəxs durur ki, əcnəbi səfirliyə bu həddə bağlıdır. Onlar bunun şahlığı üçün belə alçaldıcı şərtlər qoyurlar, o da qəbul və icra edir. Belə bir rejimin xarici qüvvələrdən nə qədər asılı olacağı bəlli məsələdir.

Mənfur Pəhləvi rejiminə yaxın adamların xatirələri də bunu təsdiq edir. İnqilab ərəfəsində ABŞ-ın və hətta o zaman daha böyük güc sayılmayan İngiltərənin səfirləri Məhəmmədrzanın vəziyyətinin təyin edilməsində, onun taleyində və seçməli olduğu qərarlarda mühüm rol oynayırdılar. Ona deyirdilər ki, bu işi görməlisən, bu hərəkəti etməlisən. Fikirlərini deyirdilər, o da qəbul edirdi. Bu 50 ildə həmişə belə olmuşdur. Neft müqaviləsini Rza xanla 60 ilə qədər artırdılar. Adla deyirdilər ki, filankəs hökumətin başında olmalıdır. Görün bu 50 il ərzində bu böyük xalqa nə qədər hörmətsizlik edilmişdir.

İnqilab bu qədər asılı bir rejimi kökündən qoparıb məhv etdi. İnqilab üçün əhəmiyyəti olan birinci məsələ budur ki, hakimiyyətdə xarici qüvvələrə göz dikməyən quruluş və şəxslər təmsil olunsunlar. Bu, inqilabın birinci xüsusiyyətidir. Öz ayağı üstə dayanan, asılı olmayan və digər qüvvələrə etina etməyən müstəqil bir quruluş üçün milli maraqlar mühümdür. Belə bir quruluş iş başındadırsa, ölkənin dövlət adamları və başçıları belə şəxslərdirsə, bəllidir ki, bütün qərar, hərəkət və mövqelərdə xalqın xeyri, marağı və istəyi nəzərə alınar. Bu ölkə və xalq üçün lazım olanlar bu gün inqilabın və İslam Respubilkası quruluşunun düşmən və müxaliflərinin narahat olduğu məsələlərdir.13

İnqilabdan öncəki illərdə ölkədə həmişə çətinlik, xarlıq, bədbəxtlik, hakim təbəqələrin müxtəlif təzyiqləri, hegomonluqları və əcnəbilərin təhqirləri olmuşdur. Bu ölkədə uzun illər ingilislər, uzun illər ruslar, uzun illər hər ikisi və nəhayət, uzun illər amerikalılar nə desəydilər, o da icra olunurdu. Bizim xalqımız həmin xalq idi, eyni istedadları vardı. Bu gün Allaha şükür olsun ki, müxtəlif sahələrdə siz gənclərin istedadları ulduz və günəş kimi parlayır. Lakin ləyaqətsiz hökumətlər və səhv tərbiyə səbəbindən xalqın ayıqlığı və dözümü az idi. Bəlli dövrdə cəmiyyətdə ayıq insanlar, böyüklər, elmli adamlar və Böyük İmam kimi şəxsiyyətlər peyda olub xalqı oyadanda, onları dözümə vadar edəndə, cəmiyyətə haqqı və dözümü tövsiyə edəndə bu coşqun dərya vücuda gəldi, xarlıq və fəlakət dolu tarixi kəsib əcnəbilərin hökmranlığına son qoydu.

Siz əziz gənclər bilin, yaşadığınız bu gündə nə ABŞ-ın, nə başqa bir gücün heç birinin bu ölkəyə, onun siyasətlərinə və hökumətinə heç bir ağalığı yoxdur. Bir zaman ABŞ və İngiltərənin səfirləri ölkənin başçılarına istədiklərini diktə edirdilər. O zaman ABŞ səfirinin ən mühüm beynəlxalq və ya daxili bir məsələdə bir fikri olsaydı, onu İran şahı Məhəmmədrza Pəhləviyə, yaxud onun Baş nazirinə və ya nazirlərin birinə desəydi, icra olunmaması imkansız idi. Hətta onların şəxsi maraqlarına zidd olsaydı da, icra etməyə məcbur idilər. Bir müddət çalışırdılar, əl-ayaq çalırdılar, lakin icra etməyə məcbur qalırdılar. Bu ölkədə əcnəbilərin hökmranlığı bu şəkildə idi.

Bu ölkədə İran və İngiltərə arasında neft müqaviləsinin bitməsinə bir neçə gün qalmış bir neçə nəfər oturub müqavilə mətni hazırladılar. Orada İranın maraqları müəyyən həddə nəzərə alınmışdı. Rza xan nazirlərin iclasına girdi, gedib əlaqədar nazirin qarşısından həmin yazını götürdü və orada hamının gözü qarşısında sobaya atıb yandırdı. Nə üçün? Çünki İngiltərənin səfiri yanına gəlib onunla bir-iki saat xüsusi iclas keçirmiş, deyilməli sözü demişdi. O da gəlib İranın maraqlarını hətta azacıq təmin edən, düşmənin və əcnəbinin dözmədiyi yazını sobanın içərisinə atdı, yandırdı və məhv etdi.

Mənim əzizlərim! Bu ölkədə Pəhləvi dövrünün bütün tarixi belə keçmişdir. Xalqın maraqları əvvəlcə İngiltərənin, son 30-40 ildə də ABŞ-ın maraqları sayəsində tapdanırdı. Əgər bir məsələdə, bir işdə, bir ticarətdə ABŞ-ın marağı olsaydı, dövlət məmurlarının ona qarşı çıxması qeyri-mümkün idi. İnqilab bu vəziyyəti, bu yanlış qaydanı, çox təhqiramiz və xaredici əlaqəni pozdu...

Siz əziz gənclər bizim bir ömür yaşadığımız, İran xalqına qarşı çətinliklərini, əzab və təhqirlərini bütün vücudumuzla hiss etdiyimiz dövrü görməsəniz də, onu öyrənə bilərsiniz. O zaman xalqımızın hansı vəziyyətdə olduğunu öyrənə bilərsiniz. İran xalqı ABŞ-la dost münasibətləri onillər boyunca sınaqdan keçirmişdir. Bu ölkə sionistlərin və amerikalı oliqarxların sığınacaq yeri olmuşdu. Buraya gəlib əylənirdilər. Onlar buraya texnologiya, elm gətirmirdilər, universitetlərin səviyyəsini yüksəltmirdilər, buranın gənclərinə bilik vermirdilər. İranlılar o zaman bir beynəlxalq elmi yarışda da uğurla çıxış etmədilər. Bu gün isə həmin gənclər beynəlxalq olimpiadalarda yüksək yerlər tuturlar. O zaman İran dünyada sayılan bir ölkə deyildi, adı hansısa məhsuluna - xüsusi iclaslarda neftinə, ümumi yerlərdə də xalçasına görə çəkilirdi. Ancaq bu gün ölkəmizin gəncləri, döyüşçüləri, görkəmli şəxsiyyətləri, uca insanları, istedadlı və yaradıcı gəncləri və onların məhsulları xalqların gözünü qamaşdırır. Sizin uğurlarınız bütün İslam dünyasını sevindirir. Siz hansısa yarışda qələbə çaldıqda nə üçün Misirdə, Fələstində, Suriyada, Türkiyədə və hətta Latın Amerikasının bəzi ölkələrində insanlar ayağa qalxır, atılıb-düşür və şadlıq edirlər. Çünki ölkəniz bu gün dünyada sevilir.14

İran xalqı uzun əsrlər boyu həmişə ya özləri, ya əcdadları qılınc gücünə hakimiyyəti ələ keçirmiş, xəncər dəstəyinə və qüdrət süngüsünə arxalanaraq övladları üçün saxlamış şahlar görmüşdür. Hakimiyyət haqqı xalqın istəyi, meyli və seçimi olmadan hakimlərin şəxsi malı kimi övladlarına, nəvələrinə və bir neçə nəsillərinə irs çatırdı. Son dövrlərdə, yəni Qacarlar dövrünün ortalarından Pəhləvi dövrünün sonuna qədər ölkə hakimiyyətinə başqa bir çirkin amil də daxil oldu. O amil əcnəbi müdaxiləsi idi. İngilislər Rza xan Pəhləvini özləri seçərək hakimiyyətə gətirdilər və himayə etdilər. Sonra da oğlunu hakimiyyətə gətirdilər. 19 avqust çevrilişindən sonra isə ölkəmiz amerikalıların ixtiyarına keçdi.

Bizim xalqımız heç bir təsirə malik deyildi. Bir xalq həyatının ən əsaslı məsələlərində - təlim-tərbiyədə, iqtisadiyyatda, siyasətdə, beynəlxalq əlaqələrdə və adi məişət qaydalarında heç bir ixityara malik deyildi. Onun taleyinə elə şəxslər hakim olmuşdular ki, vəzifəyə yiyələnmək üçün xalqdan heç zaman icazə almırdılar. Çox zəif formada olan qısa bir dönəmi çıxsaq, biz heç zaman demokratik seçkini təcrübə etməmişik. İslam inqilabı, xalqın mübarizəsi və fədakarlığı, Böyük İmamın misilsiz şəxsiyyəti Allahın lütf və mərhəmətini cəlb etdi və xalqımıza bu böyük hədiyyə verildi.15

22 Bəhmən (11 fevral) hadisəsi və inqilabın qələbəsi İran xalqına qarşı təhqirlərə son idi. Xalqımız uzun əsrlər boyu təhqir edilmişdi. Bir müddət diktator şahlar vasitəsilə təhqir olundu. Yəni hələ müstəmləkəçilik, istismarçılıq və xarici təsirlər olmayan qədim dövrlərdə padşahlar var idi. Onların bəzisi qüdrətli, bəzisi zəif və bacaraqsız idilər, amma istisnasız olaraq hamısı xalqı təhqir edirdilər. Əgər siz bəzi şahların, onların övladlarının və şahzadələrin yazdığı xatirələrə müraciət etsəniz, aydın şəkildə görərsiniz ki, onlar İranı öz mülkləri hesab ediridlər. Bu mülkdə bir qədər rəiyyət də onlar üçün işləyir. Onların maaşalma haqları var? Xeyr. Onların iradələri mötəbər sayılır? Xeyr. Bu şahların xalq, ölkə və özləri haqda təsəvvürləri bu qədər yanlış və rüsvayçı idi. Doğrudan da ölkəni özlərinki bilirdilər; kimsə yaxşı bir iş görürsə, öz borcunu yerinə yetirmiş olur, səhlənkarlıq edənlər də qüdrətli və müstəbid hakimin maraqlarına zərbə vuran nankorlardır. Təxminən məşrutədən sonra başlayan başqa bir dövrdə də bu təfəkkür tam sıradan çıxmadı, şahlıq dövrünün sonuna qədər qaldı.

Modernizm iddiası etmələrinə və özlərini dünya ilə tanış göstərmələrinə rəğmən, Pəhləvi şahlarının beynində də bundan başqa bir şey yox idi. Özlərini ölkənin və xalqın sahibi bilirdilər.

Son dövrdə buna başqa bir amil də əlavə olundu və o, xarici təsir idi. Bu, Qacarlar dövrünün sonlarından başlandı və Pəhləvilər dövründə pik həddinə çatdı. Çünki Rza xanı ingilislər hakimiyyətə gətirdilər, ona şərait yaratdılar, onu saxladılar və necə hərəkət etməsini diktə etdilər. Ondan sonra oğlunu yenə də ingilislər gətirdilər. Bunlar tarixin danılmaz faktlarıdır, iddia deyil. Biz keçmişdə bunları versiya və təhlil formasında deyirdik. Lakin sonra çoxlu sənədlər açıldı və bəlli oldu ki, bu şəxsləri öz əlləri ilə gətirmişlər.

Bunlar xarici siyasətlərin icraçısı idilər; bir müddət İngiltərə siyasətlərinin, Müsəddiqin dövründən sonra isə ABŞ siyasətlərinin. Bəzi hadisələrdə yenə də xalqın maraqlarına görə yox, özlərinin bəzi maraqlarına görə amerikalıların diktə etdiyi bir siyasətə qarşı ürəklərində narahat ola bilərdilər. Amma hər halda, onların siyasətlərini icra edirdilər, oyan-buyanı yox idi. Hökumət kabinetini onlar təyin edirdilər. Baş nazirlər onların tərəfindən təsdiq olunmalı idi. Onlar bəzən şaha bir qədər qulaqburması vermək üçün onunla çox da yaxşı münasibəti olmayan birini Baş nazir gətirirdilər. Bu dəfələrlə baş vermişdir. Yəni onun çox da bəyənmədiyi bir şəxsin Baş nazir olmasını tapşırırdılar. O da məcbur qalıb qəbul edirdi. Məmləkət bu formada əcnəbilərin, ABŞ siyasətlərinin ixtiyarında idi. Bu təkcə neft siyasətlərinə məxsus deyildi, bütün sahələrdə belə idi; istər neft məsələlərində, istər ölkəni sənayeləşdirməkdə, istər xarici siyasətdə və dünya ölkələri qarşısında mövqe seçimində.

Əgər dövlət rəsmiləri arasında kimsə özünü başqa bir yerə, misal üçün, ozamankı Şərq blokuna, yaxud başqa bir supergücə bağlamaq fikrinə düşsəydi, amerikalılar anlayan kimi ya onu işdən çıxarırdılar, ya da bir yolla özləri istədikləri mövqeyə qaytarırdılar. Xarici güclər arasında ölkəmizdə daha çox nüfuz uğrunda rəqabət gedirdi. Sözsüz ki, hakim qüvvə ABŞ idi. Bu arada xalqın iradəsi, istəyi və qüdrəti əsla rol oynamırdı.

Bir ölkə və xalq üçün ən böyük müsibət budur ki, baxımsız qalsın, öz evində aşağılansın və təhqir olunsun. Bunun ardınca hər şey gəlir: iqtisadi problem, mədəni problem, etiqadlara, amallara və milli mədəniyyətə etinasızlıq. Bunlar əcnəbi hökmranlığının zəruri nəticələridir.

Xalqın qiyamının və möhtəşəm İslam inqilabının ən mühüm məqsədlərindən biri bu hökmranlığa son qoymaq idi. Məhz buna görə o günlərdə xalqın şüarları arasında xarici məsələlər də yer alırdı, ABŞ-ın, İngiltərənin, şahın müdafiəçilərinin və İsrailin əleyhinə şüar verirdilər. Tarix boyu ümumi xalq həmişə xaricilərin hökmranlığından əziyyət çəkmişdir. Bu böyük inqilab İslam şüarlarını irəli sürməklə, İslam bayrağını, dinə və dini kimliyə qayıdış bayrağını ucaltmaqla başlandı. Onun öncülləri təqlid müctəhidləri və böyük alimlər idilər. Bu inqilab xalqda olan istiqlaliyyət ruhiyyəsini doyurdu və təmin etdi. Xalq dərk etdi ki, İslama arxalanmaqla təhqir örtüyünü kənara çəkə biləcək. Bu, mübarizənin məqsədlərindən biri oldu.16

İngilislər Rza xanı hakimiyyətə gətirdilər ki, onların istədiyi işi görsün. Bu, inkar oluna bilməz. Həm də mənim sözüm deyil, tarixin qəti sözlərindəndir; həm məlumatı olanlar yazmışlar, həm də 30-40 ildən sonra nəşr olunmuş sənədlərdə mövcuddur. Bir neçə gün bundan öncə belə bir sənəddə oxuyurdum ki, Seyid Ziyanın, Rza xanın və İngiltərə məmurlarının iştirak etiyi bir iclasda Rza xan deyib ki, mən siyasətdən bir şey anlamıram, siz nə əmr etsəniz, mən itaət göstərəcəyəm. Doğrudan da belə idi. Lakin itaətkarlıq halının bir qədər zəiflədiyini və həqiqi müstəqilliyə sarı yox, Hitler Almaniyasına sarı meylləndiyini duyduqları anda - təbii ki, Rza xan Hitlerə baxdıqda vəcdə gəlir və həzz alırdı - onu kənarlaşdırıb, oğlunu gətirdilər. Bunlar ölkənin reallıqlarıdır.

Ölkəmiz sizin haqlı olaraq dediyiniz, mənim də qəbul etdiyim bütün zəngin mədəni xüsusiyyətlərinə rəğmən, təhqir olundu. 50-60 il bizdə elə adamlar hakimiyyətdə oldular ki, onları gətirənlər nəinki biz deyildik, - çünki İranda bu formada xalq hakimiyyəti ümumiyyətlə, olmamışdır - hətta özlərinin igidliyi də deyildi. Əgər diktator idilərsə, kaş ən azı Nadir şah kimi öz qollarının gücü ilə, yaxud Ağa Məhəmməd xan kimi öz hiyləgərliyi ilə hakimiyyətə gəlmiş olaydılar. Amma belə deyildi. Digərləri onları xalqa hakim etdilər, onlar da xalqın bütün maddi və mənəvi sərvətlərini qarət etdilər. Çoxlu zəhmət və əziyyətlərdən sonra bu uğursuz vəziyyət qarşısında möhtəşəm bir hərəkət başlandı, canları fəda etməklə, sinələri qəddar düşmənin süngüsü qarşısında sipər etməklə nəticəyə çatdı.17
Şah sarayı və ölkənin dağıdılması

Siz gənclərin çoxu keçmiş dövrü xatırlamırsınız. Zalım diktatura illərində İran xalqı üçün ən çətin dövr inqilabın qələbəsindən öncəki 50 illik dövr olmuşdur. Nə üçün? Çünki keçmişdə müstəbid şahlar xalqa həmişə çox zülmlər etsələr də, zalım, diktator və pis olsalar da, xalqla araları olmasa da, ən azı çox məhdud dövrlərdən başqa heç zaman xarici düşmənlərin əmri altında olmamışdılar.

Lakin son dövrlərdə, yəni Qacar dövrünün sonlarından Pəhləvi dövrünün axırına qədər istibdad, diktatura, xalqın fikrinə etinasızlıq, idarə fəsadı, zülm, ayrıseçkilik, dövlət rəsmilərinin və saray adamlarının sui-istifadəsi tüğyan edirdi. Bunların hamısı vardı və bunlardan əlavə, çox acı olan bir amil də vardi və o, əcnəbilərin hökmranlığı idi. İranlı öz evinin içində xaricilərə yaltaqlanmalı idi. İranlı rəis, hərbçi, müdir və nazir öz evi daxilində ABŞ-ın, İngiltərənin səfirinə və tamahkar əcnəbi məmurlara - bu ölkədə yüz minlərlə əcnəbi məmur çalışırdı - yaltaqlanmalı idi. Gərək onların əlinin altında işləyəydi, onlardan əmr alaydı, onların istəyini nəzərə alaydı. Bu bir xalq üçün ən pis hal, rəzillikdir. Bir xalq müəyyən bir dövrdə yoxsulluğu və iqtisadi problemləri qəbul edə bilər, amma xarlığı qəbul etməz. İran xalqını xar etdilər. İnqilab xalqı xarlıqdan xilas etdi, asılılıqdan, azğın şah rejiminin fəsadından, qorxu və qaranlıqdan qurtardı, xalqı azad etdi, iranlı öz məmləkətini aldı, iranlı gənc, kişi və qadın, yaradıcı alim və tələbə özü üçün və öz iradəsi ilə işlədiyini anladı, gələcəyə ümidvar oldu.18

İslam quruluşunun, İslam inqilabının parlaq həqiqəti bu möhtəşəm işi gördü. Heç kəs belə bir hadisəni gözləmirdi. O zaman bir siyasi söz danışan və bununla ürəklərini sərinləşdirib, mübarizə apardıqlarını düşünən bəzi ziyalıların son istəyi bu idi ki, keçmiş Sovet respubilkaları kimi, Afrikanın, Asiyanın və yaxud digər yerlərin zavallı kommunist ölkələri kimi, yaxud Türkiyə və Pakistan kimi bir ölkə olaq. Bundan artığını təsəvvür etmirdilər. Bu xalqın müstəqil olması, öz ayağı üstə dayanması, öz istedadlarını çiçəkləndirməsi, öz sözünü danışması, öz yolunu, öz məmurlarını seçməsi, ölkəni özününkü bilməsi və sərvətlərinin ölkənin özündə sərf olunmasını düşünməsi onların təsəvvürünə də gəlmirdi. Bunu inqilab etdi. Bu iş imamın rəhbərliyi və imanlı xalqın iradəsilə baş tutdu. Bu böyük çadırın dirəyi imandır. Belə bir möcüzə edən parlaq həqiqətə, inqilabçı İslama, əsl Məhəmməd (s) İslamına iman.19

Allah Qacar və Pəhləvi rejimlərinin başçılarına lənət eləsin! Pəhləvilər inqilabdan öncəki 50 ildə ölkənin başına elə bir bəla gətirdilər ki, deyiləsi deyil. Onlardan qabaq da mənfur Qacar sülaləsinin padşahları ölkəmizə və xalqımıza nələr etdilər! Onlar hər bir şeyi özlərinə, ətraflarına və Tehranın əyan-əşrafına istəyirdilər, məhrum şəhər və kəndləri xatırlamırdılar, indikindən iki dəfə artıq əhalini lazımınca idarə edə bilən zəngin torpağa, potensiala, mədənlərə, suya və digər sərvətlərə malik bu gözəl, istedadlı və böyük ölkəni başlı-başına buraxıb, xarabalığa çevirmişdilər.

Biz oturub hesablayanda görürük ki, ölkəmizin çoxlu şəhər və vilayətləri məhrum bölgələr sırasındadır. Nə üçün belə olmalıdır? Bu onların hakimiyyətinin nəticəsidir. İslam Respubilkası Allahın lütfü ilə bunu düzəltməlidir və düzəldəcək. Allaha şükür olsun ki, inqilabın əvvəlindən bu günədək dövlət məmurları və qayğıkeş insanlar fəaliyyət göstərib, çalışıblar. Allaha şükür olsun ki, son zamanlarda işlər daha da artırılmışdır. Onlar sözügedən üzüqara və məlun sülalələrin xarabalıqlarını düzəldib, ölkəni abadlaşdırmağa çalışırlar.20

Bu parlaq istedad, zəngin torpaq, mühüm çoğrafi mövqe, uğurlarımızın əsası olan möhtəşəm tarix və hamısından üstünü, bu gün gənclərimizin qəlblərində parlayan və dünyanı özünə cəlb edən iman nuru, bizim gənc və yeniyetmə nəslimizə işıqlı gələcək müjdələyən amillərdir. Siz həmin gələcəyi bacardıqca yaxşı qurmağa çalışmalısınız. Bizdə inqilabdan öncə də bu gənc, bu mövqe və bu tarixi keçmiş olmuşdur, amma bu nailiyyət və inkişaf olmamışdır. Nə üçün? Çünki o zaman bu ölkəyə, onun bütün sahələrinə hakim olan siyasi rejim əvvəla din, iman və dəyərli inanclardan tam uzaq idi, daxilində uca dəyəri olmayan bir qrup puç insan xalqa hökmranlıq edirdi. İkincisi də budur ki, bu amillər onların düşmənlərə bağlanmasına bais olmuşdu. Bizim ölkəmiz oğru və quldurların cənnəti idi. Nə üçün? Çünki kəndxudanı görüb kəndi çapırdılar. Rejimin məmurlarını şərik edib xalqı talayırdılar. İnqilab əcnəblərin xain nüfuzu, həmçinin azğın insanların qeyri-qanuni və qeyri-məntiqi hökmranlığı qarşısında ən böyük maneəni yaratdı. O maneə İslam idi. Nə qədər ki, İslam var, qlobal hegemonizmin təbliğatçıları bərk qorxacaqlar.21

Bir zaman Tehrandakı yüksək rütbəli məmurların ən böyük məqsədi öz ciblərini doldurmaq, xarici, amerikalı və sionist ərbablarını razı salmaq idi. Xalqın və ölkənin problemlərini özlərinə məqsəd seçməyi düşünmürdülər. Bir şəhərin icra aparatında nüfuzlu bir insan olsaydı, öz nüfuzu qədərincə, həm də çox zaman şəxsi maraqlarından ötrü dövlət imkanlarını öz şəhərinə cəlb edirdi. Bu olmdıqda isə şəhər hər şeydən məhrum qalırdı. Bizim xalqımızın, şəhərlərimizin çoxu tağut dövründə bu ayrıseçkiliyin, səhv tağut sisteminin qurbanı oldu. İslam Respubilkası dövründə isə ölkənin məsul şəxsləri xalqa xidmət göstərməyi özlərinin yeganə vəzifələri bilirlər. Mən dəfələrlə demişəm ki, bizim məmurlarımız xalqın xidmətçiləri və nökərləridir. Xalq əzəmətli milli iqtidarı məmurlarına tapşırıb ki, həm beynəlxalq miqyasda onların şərəfini, istiqlaliyyətini, elmi, mədəni və siyasi mövqelərini qorusunlar, həm də ölkənin potensialını onların xeyrinə işlətsinlər.22

Bu gün din və fiqh hakim olmuşdur. Bu vəziyyət İslam tarixi boyu heç zaman baş verməmişdir. Bu, erkən İslam çağındakı bir neçə illik İslam hakimiyyəti dövründən sonra mövcud olmamışdır. Bu vəziyyəti Səfəvilər dövrünün vəziyyəti ilə müqayisə etmək olmaz. Onlar bir qrup çevrilişçi və quldur və Qacarlar kimi təsadüfən, şiə idilər. Şahlıq və digər hakimiyyət şərtləri baxımından Səfəvilərin Qacarlarla fərqi olmamışdır, yalnız şiə görüşləri olmuşdur.23

Bu Tehran şəhərində İslamın ən böyük düşmənləri öz evlərindəki kimi tam təhlükəsiz şəraitdə yaşayırdılar. Bu məmləkətin sərvətlərini, nefti aparır, inkişafın qarşısını alır, xain və zalım proqramlarını zorla icra edirdilər. Ölkənin idarəçiləri, yəni Məhəmmədrza şah və onun ətrafı əllərini sinələrinə qoyub onların qarşısında dayanırdılar. Zahirən lovğalıqları vardı, amma əslində, əlləri sinələri üzərində idi, icazəni onlardan alırdılar. Tehrandakı şah sarayı ən mühüm məsələlərdə qərar vermək üçün ABŞ və İngiltərə səfirlərindən fikir öyrənirdilər. Bunlar sənədlərdə mövcuddur. Təəssüf ki, İslam ölkələrinin çoxunda bu gün də vəziyyət belədir. Çox möhtəşəm tarixə malik olan, bu gün elm, mübarizə, texnologiya və siyasət sahələrində öz bacarığını göstərən bu qüdrətli və ayıq xalq əl-ayaq altda əzilirdi. İmam xalqı səhnəyə çıxardı, xalqa etimad etdi, xalq da özünü göstərdi. O, xalqa etimad göstərəndə, xalq da ona etimad göstərdi. Küfrün ümid yeri olan bu nöqtə əsl Məhəmməd (s) İslamının bayraqdarı oldu. İran xalqı inşallah bu yolda günbəgün irəliləyəcək.24

Keçmişdə uzun illər bu xalqa və bu milli kimliyə zülm olunub. Bunu bizim hamımız həmişə göz önündə saxlamalıyıq. Tarix boyu xalqımıza həqiqətən, zülm olunmuşdur. Bu gün sizdə olan bacarıq və istedad bizim ölkəmizin gənc nəslində, kişi və qadınlarında həmişə mövcud olmuşdur. Amma insan istedadının çiçəklənməsi üçün həvəsləndirməyə, tanıtdırmağa, etimad və ümidə ehtiyacı var. Müxtəlif dövrlərdə bu siyasətin tam əksi icra olundu. Bu sahədə əsl müqəssir də hökumətlər və siyasətlər olmuşdur. Bunda heç bir şübhə yoxdur. Bəziləri nə etdiklərini bilirdilər. Məsələn, Pəhləvi dövründə əksər məmurlar bilərəkdən bu yolu tutdular, istedadların qarşısını aldılar. Səbəb də bəllidir: iranlının asılı qalması. Onların istedadlı nəsillə düşmənçiliyi təbii düşmənlik deyildi, doğrudan da şəxslərlə düşmənçilik etmək istəmirdilər, dünyanın hakim siyasətləri onlardan bunu istəmişdi.

Siz görün Pəhləviləri kim hakimiyyətə gətirdi, Rza xanı kim bu ölkəyə hakim etdi. Bu daha qaranlıq məsələ deyil. Bu gün hamı bilir ki, Rza xanı ingilislər hakimiyyətə gətirdilər. Necə ki, daha işə yaramadığını hiss edən kimi kənarlaşdırıb, Məhəmmədrzanı gətirdilər. Bu bizim müasir tariximizin aydın hissələrindəndir. Onları hakimiyyətə gətirənlər müxtəlif siyasətlərlə özlərindən asılı saxlamağa çalışırdılar. Bu ölkədə Müsəddiqin başçılıq etdiyi milli hərəkat uğur qazananda ən çox təhlükə hiss edən də şah rejimi və ingilislər idilər. Sonra ingilislər məsələnin öhdəsindən gələ bilmədiklərini görüb amerikalıları işə qoşdular. Onlar gəlib ingilisləri də sıxışdırdılar və özləri hakim oldular. Bir nəfər qalxıb bir çamadan dollarla buraya gəldi və süni bir böhran yaratmaqla milli hökuməti devirdi, Məhəmmədrza Pəhləvini hakimiyyətə gətirdi. Bu aydın bir məsələdir. Buna dair sənədlər və əlyazmalar bu gün hamının ixtiyarındadır.

Əlbəttə, təəssüf ki, siz gənclər bu məsələlərə müraciət etməyə az vaxt tapırsınız. Amma bunlar vacibdir, bunları bilməlisiniz. Bu gün Rza xanı İranda hakimiyyətə gətirən şəxsin adı bəllidir, Məhəmmədrzanı hakimiyyətə gətirən şəxsin adı bəllidir. İrana pul gətirən şəxsin adı bəllidir. ABŞ-da cızılan və əməliyyat otağı Avropada təşkil olunan plan da bəllidir. Bunlar aydın və bəlli planlardır. Onların Xarici İşləri Nazirlikləri bunları nəşr etmişdir və bu gün hamının ixtiyarındadır.

İran xalqının müstəqilliyindən və özünəinamından dünyanın istismarçı və müdaxiləçi siyasətləri zərər görürdülər. Bir xalq üçün böyük zəhər asılılıqdan, onun dərmanı isə özünüdərkdən, düşüncə və elm müstəqilliyindən, öz ayağı üstə dayanmaqdan, özünü idarə etməkdən, digərlərinə möhtac bilməməkdən ibarətdir. Buna görə də, təbii ki, onlar bu dərmanı xalqdan uzaq saxlamalı idilər.

Pəhləvi rejimi xalqın istedadlarının qarşısını almağa çalışırdı. Bu, şüarçılıq deyil, məntiqə və dəlilə söykənən bir sözdür. Uzun illər beləcə ötdü. Düzdür, onlardan öncə Qacarlar da eyni işi gördülər, lakin bilmədən, axmaqlıqdan, cəhalətdən, elmlə tanış olmadıqlarına görə. Onlarda da asılı olan şəxslər tapılırdı. Bu bizim keçmişimizdir. Bütün bu dövr boyunca İran xalqına zülm olunmuşdur. İslam inqilabı belə bir rejimi kənarlaşdırdı.25


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə