Birinci fəsil: Zalım şahlıq



Yüklə 0,73 Mb.
səhifə8/10
tarix26.01.2018
ölçüsü0,73 Mb.
#22609
1   2   3   4   5   6   7   8   9   10

Hərtərəfli inkişaf

Bir xalqın oyanış əlamətlərindən biri budur ki, zamanı tanısın, nəyin vaxtı olduğunu və anın əhəmiyyətini anlasın. Biz tağut dövründə anları bir-bir ötürürdük, lakin nə olduğunu anlamırdıq, nə baş verdiyini, başımıza nəyin gəldiyini və üzərimizə hansı vəzifənin düşdüyünü bilmirdik. Biz uzun zaman beləcə yaşadıq. Bu hərəkatın faydalarından, onun bənzərsiz və müstəsna rəhbərinin xüsusiyyətlərindən biri bu idi. O, anları hesabladı, beynimizi həssas etdi. Həssas barmaqlar toxunduğu ən kiçik zərrəni də hiss edir, əksinə, hissiz və key barmaqlar isə heç nəyi hiss eləmir. Biz elə idik. İmam bizim hissiyyatımızı oyatdı və biz dövrdə nə baş verdiyini anladıq.137

Bu gün ölkəmiz tağut dövrü ilə müqayisəolunası deyil. Maddi baxımdan inkişaf etmişdir, imkanları daha genişdir, mənəviyyat və əxlaq baxımından o dövrdən dəfələrlə uca və yüksəkdir. O zaman bu ölkə tamamilə amerikalıların əlində idi; həm iqtisadiyyatı, həm siyasəti, həm ictimai münasibətləri. Bu ölkədə görülən işlər İranda nüfuzu olan əcnəbi istismarçıların maraqları istiqamətində idi. O zaman ölkənin yüksək məmurlarının seçilməsində xalqın ən kiçik rolu da yox idi. O zaman xalqın əksəriyyəti üçün əsla fikirləşmir, bir iş görmür və ümumiyyətlə əhəmiyyət vermirdilər. O zaman ölkədə elm son dərəcə geridə idi. Bu ölkədə mövcud olan bütün bu parlaq istedadlar dondurulmuşdu. Əgər kimsə bir yol tapa bilsəydi, digər ölkələrə gedib onlar üçün çalışırdı. Çoxları belə etdi. O zaman İran xalqı ən kiçik məhsul üçün xaricilərə möhtac idi; ya idxal edirdi, ya da daxildə düzəldilirdisə, yenə xaricilər düzəldirdilər. Biz o zaman tikanlı məftili, bel dəstəyini və bu kimi şeyləri də xaricdən idxal edirdik. Ölkə inqilabın sayəsində hərəkətə gəldi və dəyişdi. O zaman ölkənin 35-40 milyonluq əhalisi arasında çox az sayda tələbə var idi.
Universitetlərin möhtəşəm inkişafı

Bu gün cəmiyyətimiz təxminən iki dəfə, tələbələrimizin sayı isə təxminən on beş dəfə artmışdır. Universitetlərin və müəllimlərin sayı bundan dəfələrlə artıqdır. Xalqımızın öz əli ilə yaratdığı sənaye möhtəşəm məsələdir. O zaman ən sadə əşyaları da digərləri gəlib düzəldirdilər; pulumuzu alıb özümüzü təhqir edir, sonra da onun ən sadə növünü düzəldirdilər. Bu gün bizim gənclərimiz ən mürəkkəb və ən dəyərli texnologiyalara yiyələnmişlər. Buna dair nümunələri eşitmisiniz və bilirsiniz. İctimai rəyin və ümumi tamaşaçıların qarşısına çıxarılanlar hələ reallıqdan dəfələrlə azdır. O zaman çayda bir bənd düzəltmək istəsəydilər, gedib dörd ölkəyə yalvarmalı və çoxlu pul verməli idilər. Onlar da gəlib yararsız yerlərdə bənd tikirdilər. Bu gün bizim gənclərimiz öz əlləri ilə belə şeylərdən o dövrdən ən azı on dəfələrlə çox düzəldirlər. Ölkə inkişaf edib. Ölkənin elmi inkişaf edib. Ölkənin iqtisadi inkişafı ozamankından dəfələrlə artıqdır, imkanlar çox genişlənib. Ölkənin mənəviyyatı və əxlaqı o zamanla müqayisəolunası deyil. Milli özünəinam bu gün o zamandan yüz qat artıqdır. Bunların hamısından üstünü odur ki, bu gün ölkə müstəqildir. Gördüyünüz bütün bu beynəlxalq ajiotajlar müstəqilliyə görədir. Bu müstəqilliyi xalqın mübarizəsi bu ölkəyə ərməğan etdi. Bu yoldan dönüş yoxdur. Bunu dünyada hamı bilsin. İran xalqı bir də heç zaman amerikalıların qayıtmasına imkan verməyəcək.138

Bunun bir nümunəsi bizim universitetimizdir. İnqilabdan qabaq mərhum Əfzəlipur adlı bir xeyriyyəçi kişi vardı. Mən ona hörmətimi bildirmək istəyirəm. Eşitmişəm ona kömək etmiş həyat yoldaşı sağdır. Buradan onu salamlayıram. O mərhum öz vəsaiti hesabına kiçik bir ali təhsil mərkəzi açmışdı. Bir gün bu vilayətdə üç mindən az tələbə təhsil alırdı, amma bu gün Kermanın yetmiş minə yaxın tələbəsi var. Ölkə əhalisi iki dəfə artıb. Çox gözəl, üç min tələbə də altı min olmalı idi. Lakin bu vilayətimizdə yetmiş min tələbə var. Bu, inkişaf və irəliləyişdir.139

İnqilabın əvvəllərində bizdə həkim, alim, müəllim və tədqiqatçı az idi. Əvvəla ümumiyyətlə, ölkənin özündə az idi, amma bundan əlavə, bəziləri də xalqa arxa çevirib ona və inqilaba yardım əli uzatmadılar. Lakin quruluş müqavimət göstərmək qərarına gəldi. Bu gün bu müqavimətin nəticəsi odur ki, universitet rektorunun dediyi və mənim də bildiyim məlumata əsasən, sizin vilayətinizdə tələbə inqilabdan qabaqkı dövrə nisbətən 250 dəfə artmışdır. Yaradılan ixtisaslı təhsil mərkəzi, burada çıxış edən bu gənc tədqiqatçı, bir yerə toplaşmış bu elmi nümunələr140 qiymətsiz nailiyyətlərdir. Bunların hamısı inqilabın sayəsində baş vermişdir. İndi quruluşun bütün fəaliyyətlərini qaralayıb zülmət təsəvvürü yaratmaq düzgündürmü?!141

Bu gün ölkədə elmi nümunələr yetişir və beynəlxalq olimpiadalarda çıxış edirlər. Düzdür, bunun zərəri də var; dostumuz işarə vurdu: şəxsiyyətləri tanıtdırmaq işgüzar fikir və beyin axtaran kompaniyaların və pullu təşkilatların onları oğurlamaq işini asanlaşdırır. Lakin bu, öz-özlüyündə cəmiyyətimizdə yaranan elm hərəkatının, ölkəmizin və gənc təbəqəmizin elmdə özünü sübuta yetirmə cəsarətinin göstəricisidir. Onlar elmdə özlərini göstərib, bacarıqlarını sübuta yetirdilər.142
İranlı bacardı!”

Bu gün biz çox əhəmiyyətli sahələrdə güclü inkişaflar əldə etmişik. Bunlar inqilabın hərəkəti, ruhu, inqilabın verdiyi özünəinam, istedadlar üçün, düşünüb ümidvar ola bilməmiz üçün inqilabın bizə bəxş etdiyi açıq şəraitdir. Bunu özünüzdə, öz nəslinizdə və toplumunuzda gücləndirin.

Bədbinlik edib “olmur”, “cənab, qoymurlar”, “faydası yoxdur” demək bu hərəkətin məhvedici zəhəridir. Bir gün gəlib bu zəhəri düzəltdilər və millətin içinə ötürdülər. Bir gün gəlib açıq şəkildə dedilər ki, siz bacarmırsınız. Mənim gənclik dövrümdə bu cümlə çox yayılmışdı: İranlı hətta "lüləhəng" də düzəldə bilmir. Bəlkə də siz "lüləhəng"in nə olduğunu bilmirsiniz. "Lüləhəng" aftaba deməkdir; özü də palçıq aftaba. Bu o zamanın siyasətçilərinin və universitet işləri üzrə məsul şəxslərin baxışı idi. O zamanın siyasətçilərinin çoxu universitet adamları idilər, adları bəllidir. Onlar deyirdilər ki, iranlı bacarmır. Xeyr, iranlı bacarır, bu gün çox inkişaf etmişdir və çox geniş üfüqə malik elmin sərhədini keçib irəliləyə, yeni sərhədlər təyin edə bilər. Lakin biz gözləmirik ki, bu işi 5-10 il ərzində görək.

Mən bu otaqda sizin kimi gənclərin bir qrupuna dedim ki, indidən iradə ilə başlayın və əlli il sonra bu ölkə bütün sahələrdə bəşəriyyətə ən yeni texnologiyalar və elmi nəzəriyyələr təqdim edə bilsin. Siz bu niyyətlə hərəkət edin. Əlli ildən sonra oraya çatmaq istəyirsinizsə, indi gördüyünüz işlər çox deyil; onları mütləq artırmaq və sürətləndirmək lazımdır.

Özünüzə arxalanın və iş görmək istəyin. Sizin təcrübəniz də yaxşıdır. Özünüz iradə göstərib işlərə girişdiniz. Allaha şükür ki, rəsmi qurumlar da kömək etdilər. Mən israrlıyam ki, bizim gənclərimiz əldə etdikləri nailiyyətlərlə qane olmasınlar, nəyəsə nail olublar deyə arxayınlaşmasınlar. Xeyr, bu, yolun başlanığıcıdır. Bu sizə bacardığınıza dair müjdə verir.

Burada əyləşən sizlər bir gün bəşəriyyətə dünyanın ən mühüm ixtiralarını təqdim edib, xalqınızı inkişaf etdirə bilərsiniz. Bir xalq işlərini yalnız hay-küy və səs-səda ilə görə bilməz. Düzdür, səs-səda da lazımdır, lakin beyni və dərinliyi olmalıdır. Beyni də yalnız iki şeydir: biri iman, biri elm. Siz bu iki amilə malik olmalısınız. İmansız elm işi idarə edə bilmr, kənarında çoxlu problemlər yaranır. Elmsiz iman da belədir.

Bu gün xoşbəxtlikdən, ölkədə sabit şərait var. Qabaqkı dövr arxada qaldı. Siz günəş batdıqdan yarım saat sonra laboratoriya və sexinizdə çıraq yandıranda deyirdilər ki, çırağı söndür, yoxsa düşmən raketləri buranı bombalayar. Tehranı, Kərəci, Təbrizi, İsfahanı vururdular. Yəni düşmən ölkəmizin səmasını ələ keçirmişdi. Bizim öz gənclərimiz o dar əsarət mühitini qırdı; həm elm, həm cihad sahəsində.143

İslam quruluşunun iyirmi beş illik hakimiyyəti dövründə bu ölkədə ötən yüz ildən dəfələlərlə artıq iş görülmüşdür; mənfur Qacar və Pəhləvi xanədanlarının bu məmləkətə müstəbid şəkildə hökmranlıq etdiyi, xalq üçün bir iş görmədiyi, potensialları tələf etdiyi, yaxud istifadəsiz qoyduğu yüz ildən. Xalqı və ölkəni məqamına uyğun gələcəyə sarı aparan amil İslam inqilabı və İslam quruluşudur.144


Möhtəşəm nailiyyətlər

Mənim kiçik bir hissəsinə toxunduğum bütün imkanlar uzun əsrlər boyu bu ölkədə zalım diktatorların ixtiyarında olmuşdur. Siz bu padşahların bioqrafiyasına baxın, - əlbəttə, bizim əlimizdə olan mətnlər daha çox Qacar və Pəhləvi dövrünün xatirələri və məlumatlarıdır - onlar ölkəni özününkü, öz şəxsi mülkləri bilirdilər. Bir dəstə adam orada işləyir; hər halda nəsə yeyib yaşamalıdırlar. Yəni xalqın rolu yox idi. O padşah və hakimlər ölkənin taleyinə, elmi inkişafına önəm vermirdilər. Uzun illər beləcə keçdi və bizim ölkəmiz bu imkanlardan istifadə etmədi. Lakin inqilab dövründə möhtəşəm və gözəçarpan inkişaflar əldə edilmişdir.

İslam inqilabı və quruluşu 70 faizdən artıq savadsızı olan bir ölkəni təhvil aldı. Lakin bu gün biz savadlıların faizi çox yüksək olan bir ölkəyə çevrilimişik. Mən onun faizini təyin etmirəm; çünki 1-2 faiz aşağı-yuxarı deyilməsini istəmirəm, lakin miqdarı bəllidir. Universitet və tələbənin sayı baxımından ölkəmiz möcüzəvi bir iş görmüşdür. İslam quruluşunun yarandığı dövrdən on dəfə artıq tələbəmiz, ölkənin bütün yerlərində universitetimiz var. Bu ölkədə hansı kiçik, yaxud böyük şəhər var ki, orada ən azı 1-2 universitet olmasın?! Texnologiya sahəsində - petrokimyada, neftdə, poladda, müdafiə istehsalı və sənayesində olan inkişaflar da heyrətamizdir. Bir gün yuxuda da görməzdik ki, bizim ölkəmiz bu gün istehsal olunan müdafiə qurğularının hətta məhsullarına malik olsun, lakin bu gün onları özü istehsal edir. Bütün düşmənliklərinə rəğmən, məcbur qalıb dedilər ki, İran nüvə yanacağı aparatını istehsal edən on ölkədən biridir. Bu az iş deyil. Əlbəttə, belə uğur əldə ediləndə, ardınca ajiotaj yaradırlar ki, bəli, bunlar bomba düzəltmək istəyirlər və s. Bu mühüm inkişaflar İslam quruluşunun sayəsində əldə olunmuşdur.

Mənim bəzən baş çəkdiyim - uzaqdan da məlumatım var, yaxından da gedib görürəm - mühüm və böyük universitetlərin hər birinin tədqiqat işləri təqdirəlayiqdir. Halbuki ötən illər ərzində dövlətin problemləri tədqiqata lazımi büdcə ayrılmasına imkan verməmişdir. Tibb sahələrində, həmçinin ölkənin infrastruktur işlərində - bənd tikməkdə, yol çəkməkdə, neft üçün dəniz terminallarında və digər bu kimi işlərdə gözəçarpan nailiyyətlərimiz var. Bunlar doğrudan da Allahın lütfü ilə, müstəqil və ehtiyacsız şəkildə əldə edilmişdir.145

Zalım şah dövründə baxmırdılar ki, xalq nə istəyir və ona nə lazımdır. Baxırdılar ki, öz dostlarına, nökərlərinə və yerli mülkədarlara nə lazımdır və onlar nə istəyirlər. Xalqı mülkədarlara qurban verirdilər. Nəticədə, bu vilayət, bu məhrum, nəcabətli, dözümlü və istedadlı xalq tərəfindən cibləri doldu, mülkədarlar və onların övladları əyyaşlıq etdilər, vilayət və onun gəncləri isə məhrum qaldılar.

İnqilabın qələbəsindən bu günə qədər Allahın köməyi ilə burada çox işlər görülmüş, çox zəhmətlər çəkilmiş və çox pul xərclənmişdir. Lakin məhrumluq və ehtiyaclar qarşısında bunlar çox deyil. Bu il (1992) bu vilayətin abadlıq işlərinə ayrılan büdcə ötən ildən təxminən beş dəfə artırıldı. Bu onu göstərir ki, dövlət məmurları, vilayətin məsul və fəal şəxsləri çalışır, işləyirlər. Allaha şükür olsun ki, çoxlu layihələr icra olunmuşdur. Lakin görülməli işlər bu günə qədər görülənlərdən az deyil.146

İnqilabın əvvəlindən indiyədək 13 il ötmüşdür. Siz görün bizim tariximizdə hansı 13 il birinci dərəcəli şəxsiyyətlər ərsəyə gətirə bilmişdir?! Düzdür, bunların birinci dərəcəli şəxsiyyət olmalarına hələ var. Lakin inqilabın meydana çıxardığı bu təbəqədə birinci dərəcəli şəxsiyyətlər çox olacaq. Bizim ana vətənimiz son şah dövrü diktaturasında sonsuz olmuşdu. Həqiqətən böyük adamlar, böyük yazıçılar, xüsusən incəsənətin bəzi sahələrində böyük sənətkarlar yetişmirdi. Lakin bu gün görürük ki, bizim gənc uşaqlarımız arasında yaxşı aktyor, ssenarist, rejissor, şair və yazıçı çoxdur. Bunları inqilab yetişdirdi.147

Müharibənin əvvəllərində bizə tikanlı məftil lazım oldu. Onu xarici bir ölkədən aldıq, amma ozamankı Sovetlərdən keçirib gətirməli idi. Onlar İraqı müdafiə etdiklərindən buna icazə vermədilər. Tikanlı məftil nə atom bombasıdır, nə topdur, nə tank. Buna baxmayaraq, icazə vermədilər. Bizimlə bu qədər pis davranırdılar. Biz top almaq istəyirdik, satmırdılar; tank almaq istəyirdik, satmırdılar; tikanlı məftil almaq istəyirdik, vermirdilər; bəzi əşyalar istəyirdik, vermirdilər. Qaçaqmalçılar ikiqat, üçqat bahasına satırdılar və biz məcbur olub ehtiyac qədərincə onlardan alırdıq. Və bu embarqolar nəticəsində biz bu gün zireh əleyhinə istehsalda dünyanın ilk on ölkəsindən biri sayılırıq.

Bu gün uranı zənginləşdirən texnologiyaya sahib 10-11 ölkədən biriyik; həm də bu texnologiya yerli texnologiyadır. Biz kommunist quruluşlu olduğuna görə o zaman Sovetlərin kömək etdiyi Çin kimi deyilik. Bəziləri Çini bizə örnək göstərirlər. Çin inqilabının ilk on ilində bütün imkanlarını SSRİ-dən alırdı. O zaman hələ araları pozulmamışdı. Bizə isə elm və sənayedə inkişaf etmiş heç bir qüvvə kömək etmədi; nə etdiksə, özümüz etdik.148

Dəqiq statistikaya əsasən, Çahar-Mahal və Bəxtiyari vilayətində inqilabın qələbəsindən bu günə qədər görülmüş işlər inqilabdan öncəki bütün dövrlərdə görülmüş işlərdən azı on dəfə artıqdır. Lakin eyni zamanda, bu xidmətlər onun ehtiyaclarını təmin etməyə yetərli deyil.

İnsan bu xalqın mədəni səviyyəsindən həqiqətən, həzz alır. Rəsmi savad olmasa da, mədəni ruh və mədəni istedad var. İnsan bunları gördükdə xəbis xanlara və onlardan da xəbis olan şahlara - illərlə bu xalqı geridə, savadsız və məhrum saxlamış, ondan istifadə etmiş, şirəsini sormuş, özünə isə heç bir fayda yetirməmiş şahlara min dəfə lənət oxumaq istəyir. Ümidvarıq ki, inşallah, İslam Respublikası dövründə bütün problemlər aradan qalxsın. Əlbəttə, Allahın lütfü ilə ölkədəki əksər əşirətlərin vəziyyəti nisbətən yaxşılaşmışdır. Buralarda da inşallah, tezlikə yaxşılaşdırılmalıdır.149
Yerli texnologiya

Bənd çəkməyə başlandığı zamandan tağut rejiminin məhvinə qədər xaricilər tərəfindən ölkədə 10-12 bənd çəkilmişdi. Onların bəzisinin çoxlu texniki problemləri vardı. İnqilab dövründə isə 70-dən artıq bənd planlaşdırılıb, çoxusu çəkilib və indi onlarla böyük və kiçik, beton və torpaq bənd tikilməkdədir. Mənə verilən məlumata əsasən, tamamilə yerli mütəxəssislərin əli ilə və yerli texnologiyalarla çəkilən bu qədər bəndə görə biz belə böyük, keyfiyyətli və çoxlu bəndlər çəkən 5-6 ölkədən biri olmuşuq.

Hərbi sənaye sahəsində, müxtəlif sənayelərdə, infrastruktur layihələrində, mədəni istehsalatda bu tip uğurlar çoxdur. Daxildə bizim möhkəm mədəni sütunlarımıza qarışqa daraşdırmaq istəyirlər. Onlara qarşı praktik işlər də görürlər. Bu gün əsl mədəniyyət, İslam fəlsəfəsi və İslamın mədəni elmləri dünya səviyyəsində inkişaf edir və rəğbətlə qarşılanır. Bu gün bizim Sədra fəlsəfəmiz dünyanın diqqətini cəlb etmişdir; heyrətlərini ifadə edir və tərifləyirlər.

Görürlər ki, İslam Respubilkası bu dağıntıların altından baş qaldırmışdır. Dağıntılar altında boğmaq istədikləri şəxslər indi sinələrini sipər edərək aktiv bir xalqla və bütün bu gənclərlə dayanmışlar və təhdidləri saymırlar.150



O zaman ölkə və quruluş bizim mühəndisimizə qurmaq, tədqiqat aparmaq, elmi baxımdan inkişaf və hətta istifadə etmək üçün də şərait yaratmırdı. Mən bir müddət qabaq Dez bəndinə baxış keçirdikdən sonra bir müsahibədə bunun dedim, bəlkə də eşitmisiniz. Xarici şirkətlər bizim Dez bəndinin bir hissəsini çəkdikdən sonra qısa bir müddət üçün stansiyadan istifadə hüququnu yerli bir şirkətə verdilər. Sonra stansiyanın həcmini iki dəfə artırmaq istəyirdilər. Bir ABŞ şirkəti bununla razılaşdı, sonra istifadəçinin iranlı olduğunu görüb dedi ki, bunar getməlidirlər. Şah rejimi iranlı istifadəçini ixrac etdi və stansiyanı bir İtaliya şirkətinə verdi. Deyəsən, bundan sonra amerikalılar gəlib stansiyanın digər 50 faizini də təkmilləşdirməyə razılıq verdilər. Yəni iranlıya hətta istifadə icazəsi də verilmirdi. Bu baxımdan, o zaman tikinti sahələrində - istər sənaye, istər mənzil tikintilərində, müxtəlif abadlaşdırma və mühəndislik işlərində iranlının istehsalı olan deyiləsi və göstəriləsi bir şeyimiz yox idi. Halbuki biz eyni xalqıq və bugünkü nəsil dünənki nəsildən fərqlənmir. Bu gün bu bəndləri, stansiyaları, böyük yolları, dəmir yollarını, müxtəlif zavodları, maşın və təyyarə layihələrini, hərbi silahları və mürəkkəb atom texnologiyasını istehsal edən gənclərdən bizim keçmiş nəsillərimizdə də olmuşdur. Lakin belə işlər görülmürdü. Bu, inqilabın ölkəyə ən böyük xidmətidir. Mənim fikrimcə, onun ən böyük elmi xidməti budur ki, bizə bu inamı bəxş etdi: Biz bacarırıq! Bu, imamın işlətdiyi ifadədir: "Biz bacarırıq!" O zaman deyirdilər ki, gedin lüləhəng düzəldin; o vaxt düzəldilən palçıq aftabalardan. Yəni ağ dəmirdən olan aftaba da yox. Biz hətta bel dəstəyini, sənayenin həmişə ehtiyacı olan və işlətdiyi digər əşyaları da xaricdən idxal edirdik. Yaşayış səviyyəsi inkişaf edirdi, günbəgün çox ehtiyaclar yaranırdı. Bunların hamısını digərlərindən alıb idxal etməli idik. O zamanın proqram hazırlayanları bununla fəxr də edirdilər. 65, yaxud 66-cı ildə Məşhəddə bir dostumuzu görməyə getmişdik. O zamanın Milli Şura Məclisinin deputatlarından biri də təsadüfən, oraya gəlmişdi. Bizim qaynar gənclik çağımız idi; asılılıqdan, əcnəbilərin hökmranlığından və bu kimi məsələlərdən danışırdıq, o cənabın deputat olduğunu bilmirdik. O deputat, daha doğrusu, hansısa bölgədən millət vəkili olması üçün saray tərəfindən adı verilmiş şəxs mənə cavab olaraq bir qədər təkəbbürlülüklə və qaşqabaqla bəzi sözlər danışdı. O cümlədən dedi ki, siz nəyə etiraz edirsiniz, bu gün avropalılar, qərblilər nökər kimi bizə işləyirlər. Bizim neftimiz, pulumuz var, pul veririk və onlar nökər kimi bizə işləyirlər. Bu ozamankı bir millət vəkilinin məntiqi idi. Tənəzzül dövrü dedikdə bunu nəzərdə tuturam. O fikirləşirdi ki, biz nə üçün istehsal edək, nə üçün quraq, öyrənək. Biz ağa kimi evlərimizdə otururuq, lazımi məhsulları gətirib bizə versinlər. Bizdə də neft pulu var; verib, bəy kimi yaşayırıq. Bu, yüksək səviyyəli bir hökumət adamının məntiqi idi. Ölkəni idarə edən qurumlara o zaman hakim mədəniyyət bu idi. Bu baxımdan, həmin yüz il bizim tənəzzül dövrümüzdür.151

Yollarımızı başqaları düzəldirdilər, bəndlərimizi başqaları çəkirdilər. Tağut dövründə çəkilmiş 8-9 bəndin hamısını əcnəbilər çəkiblər. Dez bəndi üçün dörd Avropa ölkəsi və Kanada həmkarlıq etmişdilər. Bizim uşaqlarımızın çəkdiyi Karun-3 bəndi ümumi baxımdan Dez bəndinə bənzəyir; betondur və su həcmləri eynidir. Bu fərqlə ki, Karun-3 bəndinin elektrik istehsalının həcmi Dez bəndindən dörd dəfə artıqdır. Bu bənddə işlənmiş həcm, beton və dəmir, həmçinin qazılmış daş baxımından, Dez bəndinə işlənmiş həcmdən bəzən 10-20 və 30 dəfə artıqdır. Səbəbi də budur ki, onlar bənd çəkmək üçün asan yerləri seçmişdilər. Bu stansiyanın istifadə hüququ bir Kanada şirkətinə məxsus idi. Bir iranlı iş adamı çalışır, zəhmət çəkir, yəqin ki, sövdələşir, rüşvət verir və nəhayət, Dez bəndi stansiyasını işlətmək hüququnu almağa nail olur. 2-3 ildən sonra iranlılar Dez bəndinin elektrik istehsalını iki dəfə artırmaq istəyirlər. Gərək xaricilər gələydi; daxildə heç kimə etimad etmirdilər və heç kim də bu işi görə bilmirdi. Buna görə amerikalıları dəvət etdilər ki, gəlib Dez stansiyasının elektrik istehsalını iki dəfə artırsın. Amerikalılar orada iranlıların işlədiyini gördükdə dedilər ki, biz gəlmirik. Şərtimiz budur ki, iranlılar tamamilə işdən əl çəksinlər və Kanada şirkəti yenidən işə başlasın. Hakimiyyət də bunu etdi, iranlını və bütün adamlarını çıxartdı. Kanada şirkəti yenidən gəldi və bənddən istifadə hüququnu aldı. Sonra amerikalılar lütf göstərib, alicənablıq etdilər və təşrif buyurub stansiyanın tutumunu iki dəfə artırdılar. Karun-3 bəndini isə yerli gənc və mühəndislər düzəltmişlər. Suyun həcmi eyni, elektrik həcmi isə dörd dəfə artıqdır. Özləri layihəsini hazırlamış, özləri düzəltmişlər, özləri də istifadə edirlər. Bu yaxşıdır, yoxsa o?! ABŞ, Avropa, Kanada və digərləri xalqımız və ölkəmiz üçün o vəziyyəti istəyirlər. Onlar istəmirlər ki, bizdə elm daxildən çağlasın, çiçəklənsin və inkişaf etsin.152


Hazırkı inkişaf

Qərb həyatı darvazası İranın üzünə açılanda - orada inkişaf, elm, maşın vardı, iranlıların isə heç bir şeyi yox idi - ozamankı siyasətçi, mütəfəkkir və görkəmli şəxsiyyətlərimiz o inkişafları görəndə Əmir Kəbirin Nasirəddin şahın dövründə çalışdığı işi görmək fikrinə düşmədilər, Əmir Kəbirdən 60-70 il sonra Məşrutə dövründə birisi peyda olub dedi ki, İranın xilası fiziki, psixi, zahiri və daxili cəhətdən qərbləşməkdədir. Geri qalmaların əvəzini çıxmaq üçün daxilə müraciət edib öz gövhərini axtarmaq, özünü özündə tapmaq yerinə, gedib özlərini Avropanın keçilmiş yolunda tapmaq istədilər. Onlar bu səhvi etdilər, sonra da ingiltərəlilərin vasitəsi ilə Pəhləvi rejimi iş başına gəldi. Ondan sonra amerikalılar ingilislərin yerini tutdular. ABŞ və İngiltərə üçün ən yaxşı seçim Rza xan və Məhəmmədrza idi. Çünki Qərb həmin planların, həmin mədəniyyətin, asılılığın, geriliyin və daxili istedadların üstünü örtmək işinin ölkədə zahirən iranlı olan şəxslərin əli ilə icra olunmasını istəyirdi. Bu gün bizim gəncimizin həmin yolu keçmək istəməsi səhvdir. O yol səhv yoldur.

Mən dünən Sərçeşmə misi kompleksinə baxmaq üçün oraya getmişdim. Bir gün bu kompleksi ingilislər və sonra amerikalılar idarə etmək istəyirdilər. Bir neçə il işlədilər, plan hazırladılar, amma açılmadı. Sonra inqilab qələbə çalanda bizim mühəndislərimiz onu açdılar, məhsul əldə etdilər və yaxşı işlər gördülər. Təxminən 2000-ci ildən indiyə qədər bizim mühəndislərimiz genişləndirmə işlərinə başlamışlar və indi də davam etdirirlər. Bu iş hökumətin ən yaxşı və ən təmiz işlərindəndir. O zaman xaricilərin qazanc götürməsi, istismarı və milli maraqları tapdaması bir yana, İran xalqını təhqir də edirdilər. Bu təhqir hamısından ağırdır. Bir xalq otursun, xaricdən bir qrup gəlib ona desin ki, sən bacarmırsan, kənara çəkil, biz düzəldək. Onu kənara çəksinlər, hətta təcrübələrini öyrənməyə də icazə verməsinlər. Özləri gəlib daxili sərvəti çıxarsınlar, ona bir şey versinlər, əsas qazancı isə özləri aparsınlar. Bu iş neftdə, misdə, dəmirdə, müxtəlif tikintilərdə, bənd çəkməkdə, elevator düzəltməkdə və müxtəlif universitet və elm sahələrində həyata keçmişdir...

Dünən Sərçeşmə misi kompleksində, ali tədqiqat işlərinin məhsullarına baxmağım üçün kiçik bir sərgi düzəltmişdilər. Dedim bunu hansı orqanın köməyi ilə hazırlamısınız? Dedilər universitetin köməyi ilə. Bu əziz xanım qız sənaye və universitetin əlaqəsinə toxundu. Bu mənim bir neçə ildir maraqlandığım məsələ və Allahın lütfü ilə böyük həddə həyata keçmiş şüarlardandır. Dedim hansı universitet? Tehran Universitetinin, Şərif Sənaye Universitetinin, Kermanın Şəhid Bahünər Universitetinin və ölkənin digər universitetlərinin tələbələrinin bu mövzularda yazdığı magistratura və zənnimcə, doktorantura dissertasiyalarından istifadə etmiş, onları stolun üstünə düzmüşdülər. Bizim gənclərimiz çiçəklənməkdədirlər. Bizim sənaye, mədən və əkinçiliyimiz bu daxili istedadlara arxalana bilər. Təbii istedadlarımız da maşallah, çoxdur. Ciroft bir nümunədir. Bütün Kerman yeraltı sərvətlər baxımından ölkəmizdə və bəzi cəhətlərdən Orta Şərqdə fövqəladə və müstəsna bir yerdir. Biz nə üçün başqalarının yolunu getməliyik?! Nə üçün özümüzdən xəbərsiz olmalıyıq?! Biz bacarırıq. Biz inkişaf etmişik.153

İnqilabın, imamın və bu xalqın asılı və azğın Pəhləvi rejimindən təhvil aldığı ölkə tam mənada bir xarabalıq idi. Abadlıq, sərvət və gözəllik böyük şəhərlərə məxsus idi; o da o rejimin əsas fiqurlarının maraqlarına bağlı olan həddə. Kəndlər bərbad, yolsuz, susuz, işıqsız, imkansız və yararlı istehsaldan uzaq idi. Şəhərlərdə çoxlu problemlər vardı və ölkənin ümumi vəziyyəti bərbad idi.

Belə bir şəraitdə Böyük İmam Quruculuq cihadı elan etdi. Mömin və həvəskar gənclərdən ibarət böyük izdiham bu inqilabçı hərəkətə qoşuldu. Bəlli idi ki, bu təşkilatda ölkənin xilası üçün yorulmaz iş, yaradıcılıq və yenilik vacib şərtdir. Nə qədər dəyərli gənclər, pak və nurlu insanlar, nə qədər istedad və düşüncə sahibləri bu xidmətçilərə qoşuldular, uzaq yollarda, ucqar şəhər və kəndlərdə, isti, soyuq yerlərdə, əlverişsiz hava şəraitlərində, çoxlu problemlər içində fəaliyyət göstərdilər.154


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə