Bismillah



Yüklə 1,01 Mb.
səhifə15/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   ...   8   9   10   11   12   13   14   15   16

On altıncı fəsil


Atəşkəs dövründə nə müharibə gedirdi, nə də sülh sazişi imzalanmışdı. Bu baxımdan, əsirlik çətinləşmişdi. Bəziləri belə düşünürdülər ki, əsirlər yadlarından çıxıb və onların azadlığı üçün heç nə etmirlər. Bu ziyarət isə hamımıza yeni can verdi, dözümümüzü və Allaha təvəkkülümüzü gücləndirdi. Burada deyiblər ki, əgər Allah istəsə, düşmən də xeyrə səbəb ola bilər.

Bir gün səhər çağı qapıları açıb dedilər ki, gəlin yemək alın.

Həmin gün yemək almaq növbələri olan uşaqlara kömək məqsədilə mən də bir qab götürüb getdim. Yemək alanda hər kameradan beş-beş növbəyə otururduq, iraqlılar da başımız üstə dayanırdılar. Tikanlı məftillərin yaxınlığında oturmuşdum. Tikanlı məftillərin üstündə, yerə sancılmış projektor dirəklərinin birinin üzərinə bir səsucaldan bağlanmışdı. Ondan və digər səsucaldanlardan radio verilişləri yayımlanırdı. Birdən xəbərlər başladı. Yadımda deyil aparıcı o xəbəri necə və hansı cümlələrlə verdi. Elə şoka düşdüm ki, indi bir şey yadımda deyil. Xəbərin məzmunu belə idi: "İranın bütün televiziya və radio kanalları verilişlərini dayandırıb Quran yayımlayır. İranın rəhbəri İmam Xomeyni vəfat etmişdir".

Qablar əlimizdən yerə düşdü. Bu, öldürücü xəbər idi. Uşaqların bayırda gəzən vaxtları idi. Radio da bu xəbəri tez-tez təkrarlayırdı. Əsirlərin ağlamaq səsi və "ya Hüseyn" fəryadları ucaldı. Bəziləri həyətin ortasında gəzdikləri yerdə özlərindən getdilər. Bəziləri kameralarda üz-başlarına vururdular, bəziləri də yerlərində donub qalmışdılar. Uşaqlar o qədər qərarsızlıq edib ağlayırdılar ki, iraqlılar qorxuya düşdülər. Onlar bir-birindən soruşurdular: "Məgər nə olub? Bunlar niyə belə edirlər?"

İki saat çəkmədən uşaqlarda nə qədər qara paltar və parça vardısa, istifadə etdilər. Hətta qısa parçaları da alınlarına və qollarına bağladılar. Hər bir əsirin üzərində qara parçadan nəsə vardı. Dünənə qədər icazələri olmadan su içə bilmədiyimiz iraqlıların bizimlə işləri yox idi. Başa düşdülər ki, bu şəraitdə bizi ancaq öldürə bilərlər. Bunu da illərdir gözə almışdıq. İmamın vəfatından sonra heç nəyin, hətta canımızın da əhəmiyyəti qalmamışdı. İraqlılar vəziyyətimizi görüb heç nə etmir və nəticədən qorxurdular. Bir qığılcıma bənd olan barıt dağına dönmüşdük.

İraqlıların qərargahında get-gəl artmışdı və hazırlıq vəziyyətinə gəlmişdilər.

Yavaş-yavaş öyrəndik ki, düşərgə komandirlərinə əsirlərin əzadarlığına mane olmamaq barədə göstəriş verilib. Onlar bizim həzrət imamı necə sevdiyimizi yaxşı bilirdilər. Bu onların ən pisinə də bəlli idi.

Həmin gün Siyasi şöbənin bir mayoru düşərgəyə gəldi. O, ən rəhmsiz və Səddama ən sadiq zabitlərdən idi. İraqlıların özləri ondan qorxurdular. Biz onu əsirlərlə davranışından tanıyırdıq. Əvvəlcə biz Bəsic üzvlərinin korpusuna gəldi. Hamımızı həyətə toplayıb önümüzdə çıxış etdi. "Biz Allahınıq və hamımız Ona qayıdacağıq" ayəsi ilə sözünə başlayıb dedi: "Ölüm haqdır. Peyğəmbər də vəfat edib. Siz bu həqiqəti qəbul etməlisiniz. Halınızı dərk edirik. İmam Xomeyni böyük adam idi, din alimi idi. İslam dünyası böyük bir insanı əldən verdi..."

O danışdıqca biz içimizi yeyirdik. Allah bilir ki, «Bəəs» rejiminin məmurları buna görə necə sevinirdilər. Bilirdik ki, indi həzrət imamın fəzilətlərindən dəm vuran bu adam inanclarından əl çəksinlər deyə nə qədər uşaq döymüş və şikəst etmişdir. İndi dayanıb bizdən xahiş edirdi ki, düşərgəni qarışdırmayaq və sakit əzadarlıq edək.

Mayor sözünə davam etdi: "Həzrət imam kimisi yoxdur. O, böyük bir təqlid müctəhidi idi. Siz dözümlü olmalısınız. Biz sizin dərdinizi bölüşürük, lakin bizim vəziyyətimizi də dərk edin. Bura düşərgədir. Siz tam hərbi şəraitdəsiniz. Ürəyiniz istəyən qədər Quran oxuyun, yas tutun, əzadarlıq edin, amma sakitcə. Düşərgənin nizam-intizamını pozmayın, hay-küy salmayın, kollektiv mərasimlərdən çəkinin. Hər kəs özü üçün nə istəyir etsin. Biz sizin köməyinizlə düşərgənin nizam-intizamını qoruya bilərik”.

Mayor bu sözləri deyib getdi.

Tez işə başlayıb bütün tünd rəngli ədyalları kameranın divarlarına vurduq. Rəssam uşaqlar qara ədyalların üzərinə sabunla imamın rəsmini çəkdilər, iri və gözəl xətlə cümlələrini yazdılar.

Quran və əza mərasimlərimiz uzun müddət davam etdi. İmkansızlığın pik həddində olsaq da, bəzi uşaqlar çörəklərin xəmiri və şəkərlə halva düzəldib ehsan və bir-birinə başsağlığı verirdilər. Həqiqətən, öldürücü idi. Əlimiz hər yerdən üzülmüşdü. Biz imamı görməyə ümidlə ağır əsirlik şəraitinə dözürdük. İndi isə görüş qiyamətə qalmışdı.

On yeddinci fəsil


Atəşkəsdən bir il ötürdü. Səddamın bizimlə düşmənliyi daha da artmışdı. Düşərgələrdə müharibə dövrünün çətinlikləri qalırdı: hər saat saymaq, döymək və zond. Biz Səddamın tez-tez İraq radiosundan yayımlanan və qəzetlərdə yazılan sözlərindən anlayırdıq ki, İraqda xalqın vəziyyəti də bizimki kimidir. Səddam deyirdi ki, Böyük İraq bu günlərdə tarixinin ən ağır günlərini yaşayır. Biz yalnız o adama çörək veririk və o adamın ailə-uşağının qarnı tox ola bilər ki, hərbi forma geyinib döyüşə getsin. İndi bütün ölkə hərbi hazırlıq vəziyyətində olmalıdır. İraq ordusunun formasını geyinməyənlər və əlinə silah götürməyənlər vətən xainləridir, düşmənlərimizlə eyni sıradadırlar və bizim həmvətən olaraq, onların qarşısında heç bir öhdəliyimiz yoxdur.

Səddam Küveytə hücum edib bir neçə saat içində işğal etdi və onu İraqın on doqquzuncu vilayəti elan etdi.

Çox ağır xəstəliyi olan və iraqlıların dediyi kimi, ölüm ayağında olan bəzi əsirləri İraqın ən böyük hərbi xəstəxanalarından olan Əl-Rəşid xəstəxanasına aparırdılar. Onlar qayıdandan sonra danışırdılar ki, iraqlı ölü və yaralıları yük maşınları ilə gətirirdilər. İraq əsgərlərinin cəsədləri xəstəxananın önündə bir-birinin üstünə tökülüb təpə əmələ gətirmişdi və heç kim yaralılara baxmırdı.

İraq belə bir şəraitdə iqtisadi böhrana düşmüşdü. Əsirlərə ölməmələri üçün verilən yemək payı yarıya enmişdi. Hələ iraqlı əsgərlər də ondan bir az oğurlayırdılar. Düşərgəyə girən çörək maşını dəqiqəbaşı dayanırdı. Əsgərlər sürücü ilə deyib-gülür və bir qucaq çörək alıb gedirdilər. Bizə həqiqətən, yeyib nəfəs alacağımız qədər çörək verirdilər. Yol yeriməyə taqətimiz yox idi.

Uşaqların fiziki vəziyyəti o qədər ağırlaşmışdı ki, çörək yedikləri yerdə birdən dişləri sınırdı. Dırnaqlar da sınır, saç tökülürdü. Uşaqlar get-gedə üzdən kimyəvi müalicə almış xəstələrə bənzəyirdilər.

Qırmızı Xaç Cəmiyyətindən bizə çatdırmışdılar ki, İran əsirlərə yemək göndərmək üçün İraq dövlətindən dəfələrlə icazə istəyib. Səddam isə o qədər təkəbbürlü idi ki, qəbul etməyib deyirmiş: "İranlı əsirlərin ərzaqı üçün heç bir problemimiz yoxdur". Bədənimiz ərimişdi, ruhumuz isə hələ də müqavimət göstərirdi. İş o yerə çatmışdı ki, Amerika ilə döyüşləri gedən vaxt siyasi bölmənin komandirlərindən biri tez-tez yanımıza gəlib-gedir, bizim ABŞ və İsraillə düşmənliyimizi vurğulayır, hamımızın müsəlman, onlarınsa kafir olduğunu bildirərək bizim də cəbhəyə getməli olduğumuzu söyləyirdi. Biz də deyirdik ki, əvvəlcə ölkəmizin rəhbərləri buna razılıq verməlidirlər. Bir gün günortaya yaxın tez-tez səsucaldanlardan elan etməyə başladılar ki, tezliklə radiodan mühüm bir xəbər yayılacaq. Biz də diqqətlə qulaq asırdıq. Birdən diktor dedi ki, İraq dövləti 598 saylı qətnamənin bütün maddələrini qəbul edib və İran tərəfinin 1975-ci il Əlcəzair razılaşmasına əsasən, sülh qərarına hörmət edir.

Bu xəbəri eşidəndə sanki ürəyim yerindən qopdu. Özümü itirdim. Sanki pis bir xəbər almışdım. Düşərgənin qapı və divarlarına qəribcəsinə baxırdım. Azadlıq xəbərini eşidəndə sevinmədim. Bəzi uşaqlar da bu hissləri keçirirdilər, bəziləri isə sevinib bir-birini qucaqlayırdılar.

İraqlıların reaksiyası isə qəribə idi. Sevindiklərindən qışqırır, havaya güllə atır və nərə çəkirdilər. Hamısı rəqs edib yallı gedirdilər. Heyrətlə baxırdıq. Sanki onlar azad olmuşdular.

Bir əsir üçün azadlıq xəbərindən yaxşı xəbər ola bilərmi?! O əsir 9 il əzab və işgəncə altında olmuşsa, necə?! Bəs biz niyə sevinmirdik?! Bizim reaksiyamız da iraqlılara qəribə gəlirdi. 598 saylı qətnamənin ölkəmiz tərəfindən qəbul olunduğunu eşitdiyim gün kimi olmuşdum.

Bu hissin kökünü başqa yerdə axtarırdım. Allahla öz aramda yaxın və pərdəsiz bir bağ görürdüm. Bu əlaqənin ən mühüm amili əsirlik və onun əzabları idi. Əsirlik öyrətdi ki, Allaha necə mütləq təslim olaq, necə kamil təvəkkül edək və bütün vücudumuzu Ona tapşıraq. Əsirlikdə çəkdiyim çətinliklərə görə polad kimi olduğumu və məni sındıracaq bir çətinliyin olmadığını hiss edirdim. İndi əsirliyin sonunda bu yaxın mənəvi əlaqənin bitməsindən, rifah, asayiş və azadlıq içində yaşayarkən Allahla yaxınlıq hissindən uzaq düşəcəyimdən qorxurdum. Lakin əsirliyin bitməsi və bizim azadlığa çıxmağımız da Onun istəyi idi. Biz isə bəndə idik və təslim olmaqdan başqa yolumuz yox idi. Həm də bütün vücudumuzla şükür edirdik.

Bizi saymağa gələn iraqlılar sevindiklərindən yerə-göyə sığmırdılar. Biz isə adi günlərimizdəki kimi idik. Bu onlar üçün anlaşılan deyildi. Bizim onlara sözümüz və cavabımız da yox idi. Çünki bu bir qəlb məsələsi idi və onlar bunu dərk etməzdilər. Biz də susmağa üstünlük verirdik.

Cümə günü idi. Səddamın əmrinə uyğun olaraq, Mosul düşərgəsindəki 2000 əsir dəyişdiriləcəkdi. Radio elan etdi və çox keçmədən onların azad olunduqlarını eşitdik. Bir az sonra Qırmızı Xaçın nümayəndələri bizim düşərgəmizə gəldilər. Onlar bir-iki günün içində bir neçə düşərgədəki əsirləri tez saymışdılar. Sanki bu hadisələr yuxuda belə sürətlə baş verirdi. Bir neçə stol düzdülər. Qırmızı Xaç nümayəndələri kart nömrələri ilə əsirlərin adlarını oxuyurdu. Adı çəkilənlər stola yaxınlaşıb forma doldururdular və hər şey bitirdi.

Bizə verilən formada bir bənd vardı: Sığınacaq istəmək. Özləri də bu yönümdə təbliğat aparırdlar ki, siz ABŞ, Fransa, İngiltərə və Kanada kimi bir neçə ölkədən sığınacaq istəsəniz, sizinlə öz vətəndaşları kimi rəftar edəcəklər. Siz orada çalışma və sığorta kimi haqlardan yararlanacaq və özünüz ev ala biləcəksiniz. Elə danışırdılar ki, sanki orada bizim üçün qırmızı xalça sərmişdilər. Münafiqlərə qoşulmaq üçün də bir forma vardı. Əsirin başqa bir ölkədən sığınacaq istəməsi öz ölkəsi üçün siyasi baxımdan mənfi hal idi. Bizim uşaqlarımızdan bir nəfər də sığınacaq istəmədi. Lakin üçüncü korpusdakı uşaqların bəzisi münafiqlərə qoşuldular, bəzisi də sığınacaq istədilər. Onların sayı bir əlin barmaqları qədər də deyildi.

Onlar iki səbəbdən bu işi gördülər. Bəziləri təkəbbürlülüklərinə görə bu yolu tutdular. Onlar sübut etmək istəyirdilər ki, bizdən ayrılmaq qərarları doğru olmuşdur. Bəziləri isə o qədər xəyanət etmiş, xarici kameralar önündə ölkələri əleyhinə o qədər danışmış və həmvətənlərinə o qədər pislik etmişdilər ki, qayıtmağa üzləri yox idi və çıxış yolunu başqa bir ölkəyə sığınmaqda görürdülər. Hərçənd bəziləri qara qovluqlarına rəğmən, cəsarət edib İrana döndülər, əsir yoldaşları və iranlı məmurlar tərəfindən bağışlandılar. Onların bir nəfərinin də həbs və ya mühakimə olunduğunu görmədim. Bəziləri illərdən sonra bizi görüb yaxşı maddi durumları ilə öyünürdülər ki, baxın, bizim filan şirkətə dair lisenziyamız var, evimiz-mülkümüz var, bir neçə dəfə Məkkəyə və Kərbəlaya getmişik, bəs siz?!

Formaları doldurandan sonra 24, maksimum 48 saat gözləməli idik. Qırmızı Xaç Cəmiyyəti bütün düşərgədən formaları aldıqdan sonra orada son bir gecə qonaq olduğumuzu bilirdik. Həmin gecə gedib şam yeməyini aldıq. İraqlılar bizi saymadılar. Kameraların qapıları da açıq idi və həyətə çıxa bilirdik. Doqquz il saat 16:00-dan səhər saat 08:00-a qədər bağlı qapılar arxasında qalıb bayıra çıxmaq haqqı olmayan bizlər üçün qəribə bir gecə idi. Bütün əsirlik bir tərəfə, bu bir gecə bir tərəfə!

Həmin gecə daha əsir olmadığımı bütün vücudumla dərk etdim. Həyətdə gəzə bilirdim. İstədiyim vaxt yatmaq, tualetə getmək və duş almaq imkanım vardı. Həmin gecə uşaqlar əşyalarını bayıra çıxardılar. Həyət ədyallarla döşəndi. Hər yer ədyal olduğundan çəkələklərimizi çıxardıq. Uşaqlar bel çantalarını balış əvəzi başlarının altına qoyub bir-birilə danışırdılar. Kimsəni yatan görmədim.

Avqustun iyirmi üçü və hava isti idi. Uşaqların çoxu gözlərini səmaya dikmişdilər. Doqquz ildən sonra ilk dəfə idi ki, Allahın səması altında başımız üstə tavan olmadan uzanmışdıq və ulduzlara tamaşa edə bilirdik. Gözlərimizi səmaya o qədər zillədik ki, iraqlılar qorxuya düşdülər. Düşündülər ki, birdən göydə bir hadisə baş verər, İran tərəfindən hava hücumu başlayar. Onlara gecənin qaranlığının, ulduzlara baxmağın və başımız üstə çıraq yanmamasının bizə hədsiz həzz verdiyini başa salandan sonra rahat oldular.

Həmin gecə heç kim yatmadı. Səhərə qədər hamı bir-birindən halallıq aldı. Kamera başçısından kağız-qələm aldıq və ünvan yazmaq bazarı qızışdı. Sanki illərlə birgə yaşamış 500 qardaş idik və indi ayrılıq zamanı çatmışdı. Uşaqlar böyük azadlıq dünyasında bir-birini itirmək istəmirdilər.

Ünvan verib-almaqdan yorulub bir tərəfdə tək oturmuşdum. Səmaya baxıb Allahla danışmaq istəyirdim. Uşaqların səsini eşidirdim. Çoxu sevinirdi. İndi nə qədər isti qucağın onları gözlədiyindən danışırdılar. Bəziləri o qədər sevinmişdilər ki, qəribə sözlər deyirdilər. Biri deyirdi: "Adam it olsun, amma öz vətənində azad olsun". Başqa biri deyirdi: "Məni buradan İrana aparıb bir mağaraya salsalar və ömrümün sonuna qədər ən az imkanlarla orada saxlasalar, yenə razı olaram. Ancaq o mağara vətənimdə olsun".

Nəhayət, o qəribə gecə səhər oldu. Doqquz ildən sonra azadlıqda ilk günəş doğuşunu açıq səma altında izlədik. Avtobuslar çox tez gəlib düşərgənin bayırında düzüldülər. İraqlılar bizə geyinməyə bozumtul-yaşıl rəngli bir hərbi geyim verdilər. Əsirlik boyu heç vaxt bizə yeni və təmiz paltar verməmişdilər. Azad edərkən isə özlərinə ayıb olmasın deyə hamımıza səliqəli tikilmiş hərbi forma verdilər. İraqlılar təkidlə tapşırırdılar ki, özümüzlə heç nə götürə bilmərik. Kərbəlada təbərrük məqsədilə ziyarətgahlara sürtdüyümüz bir neçə möhrü, təsbehi və nazik yaşıl parçaları köynək və şalvarımda gizlətdim. Dostlarımın mənə ət sellofanlarından düzəltdikləri, ailəmdən və dostlarımdan gələn bütün şəkilləri içinə qoyduğum albomu götürdüm. Onu nəyin bahasına olursa-olsun, götürmək istəyirdim.

Köynəyimi geyinib albomu götürdüm. İraqlıların verdiyi qısaqol köynəyi qolumun üstünə aşırdım və albomu onun altında gizlətdim. Qırmızı Xaç Cəmiyyətinin gətirdiyi və bizim oxuduğumuz kitabları kameranın bayırında bir-birinin üstünə yığmışdılar. Görünür, biz gedəndən sonra oranı təmizləyəcəkdilər və əsirlərdən heç bir əsər-əlamət qalmayacaqdı. Kitabların üstündə çox yeni və təmiz olan bir Nəhcül-bəlağə vardı. Tez onu götürüb albomun üstünə və köynəyin altına qoydum. Əsirliyin sonlarında məhdudiyyətlər qismən azalanda hər kameraya bir dəftər və bir qələm vermişdilər. Dəftəri hər gün yoxlayırdılar ki, qanundan kənar bir şey yazmayaq. Bir gün Xuzistan ərəblərindən olan Qasim Qəyyim adlı məzəli bir uşaq dedi: "Bu dəftərə bir şey yaza bilməriksə, qoyun heç olmasa, bir İraq ərəbcəsinin lüğət kitabını hazırlayım ki, həm işimizə yarasın, həm də iraqlılar etiraz etməsinlər". O, iraqlıların gündəlik danışıqlarında geniş işlənən məsəlləri yazmağa, feilləri hallandırmağa, çox işlənən söz və terminlərin mənasını qeyd etməyə başladı və səmərəli bir kitabça hazırladı. O da kitabların üstündə idi. Onu da götürdüm. Düşündüm ki, bu dəftərdən yaxşı xatirələrim var, həm də gələcəkdə öyrəndiklərimi təkrarlamağa lazım olar.

Avtobuslar kimi əsirlər də sıraya düzüldülər. İraqlılar siyahıdan adları oxuyub bizi bir-bir avtobuslara mindirirdilər. Yadigarlarımı əldən verərəm deyə bir az həyəcanlı idim. Lakin heç kimi axtarmadılar və köynəyimi qolumun üstünə atmağım da diqqətlərini çəkmədi. Avtobusun qapısının yanında bir əsgər dayanıb hər əsirə qutudan bir Quran verirdi. Quran tünd göy və yaşıl rənglərində idi. Deyirdilər ki, bu, Prezident Səddamın hədiyyəsidir. Söhbət doqquz il bizim dərimizi soymuş adamdan gedirdi. Hər kameraya bir Qurandan artığına icazə vermirdilər. İndi isə gedəndə hərəyə bir Quran hədiyyə verirdi. Quranı alıb dərindən köks ötürdüm və köynəyimin altına qoyub avtobusa mindim. Hamı minəndə birinci avtobus dövrə vurub tikanlı məftillərlə örtülmüş böyük qapıdan çıxdı. Uşaqların hamısı düşərgəyə baxırdı. Düşərgədən bir an da gözümü çəkmək istəmirdim. Sanki pərdələr kənara çəkilmişdi və biz düşərgənin qabalığını görürdük. Yırtıcı bir heyvanı indi görürdük. Anladım ki, Allah-Taala hansı xarabalığı öz xatirəsilə bizə cənnət etmişdi. Öz-özümə deyirdim: "İlahi! Hansı dillə Sənə təşəkkür edim?! Sən bizə doqquz il bu daxmada yaşamaq gücü verdin. Və indi ondan ayrılanda ürəyimiz darıxır”. Avtobus dövrə vurdu. Düşərgədən uzaqlaşırdıq. Bilirdim ki, buranı daha heç vaxt görməyəcəyəm.

Pərdələr çəkilmişdi, bayıra baxa bilirdik. Uşaqlar dayanmadan deyirdilər: "İlahi! Sənə şükür ki, bizi bu sıra baxışlarından xilas etdin! Səhər saymaq, günorta saymaq, günortadan sonra, gecə, vaxtlı-vaxtsız... Otur-qalx... Başlar aşağı..." Gülməyim tutdu.

Düşərgə İraqın ən sonunda, İordaniya sərhədinin yaxınlığında yerləşirdi. Güman ki bizi Xosrəvi sərhədində dəyişdirəcəkdilər. Oraya qədər bir neçə saat yol gedəcəkdik. Bizə səhər yeməyi də verməmişdilər. Lakin o qədər düşüncə və xəyal içində idik ki, aclıq yaddan çıxmışdı.

Avtobus İraqın müxtəlif şəhərlərindən keçirdi. İnsanlar, çöllərdə çadır qurub qoyun otaran əşirətlər, yer, göy, çöllük, ağaclar - hər şey bizə gözəl görünürdü. İllər idi Allahın gözəl yaratdıqlarını görməkdən məhrum idik. İndi hər bir mənzərə bizə gözəl və ürəkaçan idi. Vəsfəgəlməz bir hiss idi. Sanki bərzəx aləmindən yenidən dünyaya qayıtmış, rəcət etmişdik. Allahın yaratdıqlarının, verdiyi nemətlərin qədrini bütün vücudumuzla dərk edirdik. Bu şükür hissini nemətlərə qərq olan, onlara adi gözlə baxan insanların yadına salmağa səbirsizlənirdik.

Bu hissin heç vaxt bitməməsini arzulayırdım. Çünki yalnız bu hisslə həyatın acılarına asanlıqla qalib gəlmək olardı. Azad dünyada hər bir insanın təsəvvür etdiyi ən ağır həyat şəraiti də bir saat əsirliklə müqayisəyə gəlməz.

Avtobus müxtəlif mənzərələrin yanından ötdükcə uşaqlar bir an da gözlərini çəkmək istəmirdilər. İraqlılar bizi dəyişdirməyə aparırdılar. Biz artıq azad idik. Lakin onlar yenə də düşmənliklərindən əl çəkmək istəmirdilər. Biri ucadan gülən və ya yanındakı ilə ucadan danışan kimi əsgər başının üstünü alıb qulağının dibindən möhkəm vurur və deyirdi: "Yerində sakit otur və səs salma! Hələ İraq torapağındasan və əsirsən!"

Dan yeri ağarandan yola düşmüşdük, saat doqquza yaxın sərhədin yaxınlığına çatdıq. Bir hərbi maşın gedə-gedə iraqlı əsgərlərə çörək tullayırdı. Yüzdən artıq əsgər maşının arxasınca qaçıb əllərini uzadırdılar. Onda anladım ki, İraqda güclü iqtisadi böhran var və bizi əbəs yerə azad etmirlər.

Avtobusların keçdiyi yol dar torpaq yol idi. Avtobuslar yavaş gedirdilər ki, toz-torpaq qalxmasın. Sərhədə yaxınlaşdığımızı anladıq. Ətrafımız mina sahələri ilə dolu idi. İraqlılar avtobusların keçməsi üçün ensiz bir yol açmışdılar. Tank əleyhinə minalar çox idi və başları torpaqdan bayıra çıxmışdı. Pəncərədən yerə baxırdım. Bəzi yerlərdə minalar avtobusun təkərindən təxminən 20-30 santimetr aralıda idi. Bir yanlış hərəkətlə hamımız havaya uça bilərdik. Lakin sürücülər peşəkar idilər və o yolu dəfələrlə getdikləri bilinirdi.

İstehkamlar, tanklar, səngərlər, sanki şumlanmış və yanmış torpaqlar bizi darıxdırırdı. Uşaqlar cəbhələri xatırlayırdılar. Cəbhə şəraiti onlara cəbhəni sevdirmişdi, əsarət isə onların arasına ayrılıq salmışdı.

Yarım saatdan sonra üzərində İraq bayrağı olan səngərlər bitdi. Uzaqda böyük bir qalanın üstündə İran bayrağı dalğalanırdı. Gözümüz bayrağa sataşan kimi özümüzdən asılı olmayaraq yerimizdən qalxdıq. İllər idi ölkəmizin bayrağını görmürdük. Uşaqlar gülə-gülə bir-birinə bayrağı göstərib deyirdilər: "Baxın, bu, bizim bayrağımızdır!"

Əsgərlər yenidən uşaqlara yaxınlaşıb bir neçə nəfərə sillə vurdular və dedilər: "Sakit oturun, oturacaqdan tərpənməyin!"

Qarşımızda böyük bir ərazi vardı. Ortada Qırmızı Xaç nümayəndələri, bir tərəfdə İranın Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, bir tərəfdə də iraqlılar dayanmışdılar.

Qarşımızda iraqlı əsirlərin gətirildiyi avtobuslar var idi. Qəribə idi ki, iraqlı əsirlərin üzləri iranlılar kimi olmuşdu. Gümrah idilər, əyinlərində kostyum vardı və əllərində çanta avtobuslardan enirdilər.

Onların kim olduğunu bilməzdən öncə öz-özümə deyirdim: Bu iranlılar əllərində çanta hara gedirlər?

Kaş iyirmi iranlı əsiri iyirmi iraqlı əsirlə yan-yana qoyub bir şəkil çəkəydilər. O şəkil hər şeyi deyərdi. İraqlılar ağarıb kökəlmişdilər, biz isə arıqlıqdan qurumuş və qaralmışdıq.

Sərhəddə dayananların çoxunun əynində ordu və Sepah forması var idi. Ayağımızı İran torpağına qoyanda qəribə hadisələr baş verdi. Bəziləri bir-birindən soruşurdular ki, qiblə hansı tərəfədir. Onlar şükür namazı qılmaq istəyirdilər. Bəziləri torpağı, qapı və divarları öpürdülər. Gözümüz Sepah uşaqlarına düşən kimi qeyri-ixtiyari olaraq onları qucaqlayıb öpdük. Diqqətimi ən çox çəkən məsələ pasdarların formasında olan Sepah emblemi idi. Özümdən asılı olmadan yaxınlaşıb birinin paltarındakı emblemin üstünə əlimi çəkdim. Onu illər idi görmürdüm. Mənim üçün çox xatirəli idi. Şəhərimiz Ərdistan, Sepahın və Bəsicin qərargahı, cənab Zare - hər şey gözlərim önündən keçdi.

Əlində şəkil tutmuş bir dəstə qoca və gənc dayanmışdı. Əsirlər sərhədə girən kimi onlara sarı qaçır şəkilləri göstərib uşaqlarının adını deyir və tanıyıb-tanımadığımızı, bu illərdə adlarını eşidib-eşitmədiyimizi soruşurdular.

Başqa bir maraqlı məsələ radionun səsi idi. Doqquz il idi qulağım ərəb radiolarının səsinə vərdiş etmişdi, indi isə İran radiosunu dinləyirdim. Tez-tez "xoş gəldiniz" sözü təkrarlanan bir deklamasiya və bir şeir yayımlanırdı. Bizim vəziyyətimizə çox uyğun idi. O şeiri və Şəhram Nazirinin yanıqlı səsini bütün vücudumla dinləyirdim. Ətrafda nə baş verdiyini görmürdüm.

Nə qədər keçdiyini və nə işlər görüldüyünü bilmirəm, ancaq yadımadadır ki, bizi iraqlı əsirlərin düşdüyü avtobuslara mindirdilər. Sürücü üzügülər adam idi və hamımızla mehriban davranırdı. Oturan kimi hamımıza təbii portoğal şirəsi verdilər. On iki saatdan çox idi heç nə yeməmişdik. Şirəni içəndən bir neçə dəqiqə sonra başım gicəlləndi və ürəyim bulandı. Zəhər içmiş adam kimi oldum. Əvvəl elə bildim ki, yalnız mən beləyəm, lakin avtobusdakı 40 nəfərin hamısı eyni halda idi. Başa düşdük ki, bədənimiz illərdir meyvə və meyvə şirəsi görmədiyindən belə reaksiya verir. Sanki bədənimizin hüceyrələri fikirləşirmişlər ki, bu yeni maddə nə olan şeydir.

Avtobusun radiosu açıq idi. Aparıcı səlis farsca danışır, əsirlərin azad olunduğunu xəbər verir və xoşgəldin deyirdi.

İranın təbiəti də gözəl idi. Başı göylərə çatan dağlar, mavi səma, ağaclar... Yadımdadır, avtobusun yanından bir it keçdi. Uşaqlar sevincək oturacaqdan qalxıb onu bir-birlərinə göstərirdilər. İlk sərhəd kəndləri göründü. İndi küçə, maşın, yerli paltarlar geyinmiş uşaqlar görürdük. Onlar yolboyu bizə əl yelləyib sevinirdilər. Bəziləri musiqi alətləri ilə çalıb-rəqs edirdilər.

Uşaqlar avtobusun pəncərələrindən bayıra əyilib camaata əl verirdilər. Bəzi qadın və kişilər xəbərsiz qaldıqları uşaqlarının şəkillərini əllərində tutmuşdular. Şəhər və kəndlərdən keçəndə sürücü sürətini azaldırdı ki, camaat pəncərədən əsirlərlə görüşə bilsinlər. Üzərlik iyi avtobusu doldurmuşdu. Bəzən avtobus dayanırdı, öyrənirdik ki, kimsə bir əsiri tanıyıb, əsir də avtobusdan enib qohumları ilə görüşür. Bu qədər həyəcanlı insanların qarşısını almaq olmazdı. Camaat bizi görəndə o qədər sevinirdi ki, onların bacı-qardaşlarım olduğunu hiss edirdim.

İllər idi bir-birimizin quruyub solmuş simasına adət etmişdik. Bizi görən və ya əlimizi sıxan insanların çoxu isə ağlayıb deyirdilər: "Məgər siz haradan gəlirsiniz?! Sizə nə etmişlər ki, bu hala düşmüsünüz?!"

Uzun yolçuluqdan sonra Kermanşaha çatdıq. Bizi "Allahu-Əkbər" qarnizonuna apardılar. Orada şam namazını qıldıq, şam yeməyini yedik və gecəni qaldıq. Ertəsi gün səhər tezdən uşaqları bölməyə başladılar. Yaxın vilayətlərdən olanları avtobusla, uzaqdan olanları isə təyyarə ilə göndərəcəkdilər. Vida zamanı idi. Təxminən 700 nəfər bir korpusdan idik. Beynəlqəfəseyndə illərlə bir yerdə qalandan sonra ayrılmaq çətin idi. Bu müddətdə biz 700 nəfər qardaş kimi olmuşduq. Bəziləri sərhəd şəhərlərindən idilər və tez karantinə göndərildilər. Vida və ayrılıq gecəsinin də öz ləzzəti vardı. Artıq inanmışdıq ki, əsirlik bitmişdir, azadlıqdan və ayrılıqdan başqa yol yoxdur.


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə