Bismillah



Yüklə 1,01 Mb.
səhifə14/16
tarix11.04.2018
ölçüsü1,01 Mb.
#36888
1   ...   8   9   10   11   12   13   14   15   16

On dördüncü fəsil


Münafiqlərin dəvəti elan olunandan sonra bir müddət idi onların qucaq-qucaq jurnal, broşür və kitablarını kameralara gətirirdilər. Uşaqların onlara yaxınlaşmadıqlarını görsələr də, yenə gətirirdilər. Quran və Nəhcül-bəlağə istəyəndə isə vermirdilər.

Münafiqlərin təbliğatından altı ay ötdü. Bir gün səhər yeməyini yeyən kimi “İçəri” komandası verildi. Hamını kameralara salıb qapıları bağladılar. İraqlılar uzun müddət idi qəsdən bizim olan-qalan yeməyimizi də azaltmışdılar və bizə güclü psixoloji təzyiqlər edirdilər. Onlar ümid bəsləyirdilər ki, çox sıxıntıda olduğumuz üçün münafiqlərin dəvəti elan olunan kimi tez onlara qoşulacağıq.

Çox keçmədən tikanlı məftillərin arxasında bir neçə yaşıl rəngli yeni avtobus dayandı. Təəccüb etdik, çünki heç vaxt əsirləri yeni avtobusla aparıb-gətirmirdilər. Birdən səsucaldanlardan münafiqlərin hərbi marşı səsləndi: "Ey azadlıq ordusu! Üzünü bizə tut ki, ayaqların altda yüz bahar laləsi əkək!" Bir nəfər mikrofonla tikanlı məftillərə yaxınlaşıb çıxışa başladı: "Mən Mehdi Əbrişəmçiyəm.1 Cəllad İslam Respublikası quruluşunun başçılarının eqoistliklərinə görə ağır şəraitdə yaşayan sizləri əziz İran Azadlıq Ordusuna qoşulmağa, bu rəzalət və əsarətdən qurtulmağa dəvət edirəm. Bura qeyrət, səmimiyyət və inam səhnəsidir. Sizin azadlığınız üçün hər şey hazırdır. Azad vətən əsgəri olmaqdan ötrü bizə qoşulun!”

O, dayanmadan danışırdı. Uşaqlar pəncərənin arxasına toplaşmışdılar. Bəziləri ona qışqırırdılar: "Xain, satqın, kafir, get süfrəni başqa yerdə aç!" İraqlılar kameranın qapısı önündə hazır dayanıb deyirdilər: "Kim gəlmək istəyirsə, desin, qapını açaq. Lakin heç kim getmədi”.

Bizim düşərgəmizdə dörd korpus vardı. Hər korpusda təxminən 700 nəfər qalırdı. And içə bilərəm ki, üç korpusdan bircə nəfər də getmədi. Yalnız üçüncü korpusdan təxminən 150 nəfər çıxdı. Onların qida və rifah şəraiti bizdən yaxşı idi.

Bu, Mehdi Əbrişəmçini qane etmirdi. Düz bizim korpusumuzun önünə gəlib tikanlı məftillərin arxasında dayandı. İraqlılar demişdilər ki, bura Bəsic üzvlərinin kamerasıdır. O, boğazını cırırdı: "Siz kimdən və nədən ötrü dəyərli ömrünüzü tələf edirsiniz?! Bizə qoşulun! Biz sizə hər şey verərik: ev, maaş, yaxşı yemək. Azad bir adam kimi yaşaya bilərsiniz". Sanki gəlişindən qabaq hansı çətinlikləri yaşadıqlarımızı bilirdi.

Mehdi Əbrişəmçi bizi cəlb etmək üçün veriləcək imtiyazlar üzərində dayanırdı. Ümidi azaldıqca daha şirnikləndirici vədlər verirdi. Hətta sonda bunları da dedi: "Sizə qadın verərik! Sizə şəhərdə ev verərik!"

Saydığı imtiyazlar üçüncü korpusda bəzilərinin ağzını sulatmışdı. İki saat dayanmadan danışandan sonra o biri korpuslardan heç kəsin çıxmadığını görüb əşyalarını topladı.

Üçüncü korpusdan münafiqlərə qoşulan 150 nəfəri qəsdən bizim gözümüzün önündə tikanlı məftillərin o tərəfində silahlandırdılar. O vaxta qədər əlinə bir quru çubuq götürməyə haqqı çatmayan əsirin əlində kalaşnikov silahı vardı. Hərçənd silahların işləmədiyinə əmin idik. Çünki iraqlılar düşərgənin yanında əsirlərin silahlanmasına razı olmazdılar. Onlara yeni və yaraşıqlı hərbi geyimlər geyindirdilər. O 150 nəfər bir göz qırpımında vətənin azadlığı uğrunda əsirdən vətən xaini olan bir əsgərə çevrildilər.

Mehdi Əbrişəmçi bizə göstərmək istəyirdi ki, bütün sözlərinə əməl edəcək və ona qoşulmadığına görə biz ziyan çəkəcəyik. İraqlıların bizə baxışlarında alqış ifadələrini görürdüm. Onlar üçün qəribə idi ki, digər üç korpusdan hətta bir nəfər də münafiqlərə qoşulmadı.

Əmin idim ki, onlara qoşulan 150 nəfər Mücahidlər təşkilatını haqlı saydıqlarına, yaxud vətən və dövlətlərinə arxa çevirdiklərinə görə bunu etmədilər. Hərçənd inanırdıq ki, özlərini belə təhlükəyə atmamalı idilər. Bilirdim ki, ən azı beş ildir səhər yeməyinə içində bir neçə düyü dənəsi üzən tomat suyundan başqa bir şey yeməyən, naharı bir nəlbəki düyüdən, şam yeməyi bi qab rəngli qaynar sudan ibarət olan və tikanlı məftillərdən başqa mənzərə görməyən bir əsir bu şəraitdən qurtulmaq üçün hər bir bəhanə ardınca gedər. Su, kənd, şəhər görmək və təbii həyatı təcrübə etmək istəyirdilər. Lakin amallarına inamları yox idi, ya da zəif idi. Əks təqdirdə, düşmənin vədlərini onun özünə buraxıb əsirliyin bütün acılarına dözərdilər. Hamı bilirdi ki, Mücahidlər təşkilatının üzvlərinə güclü nəzarət var. Əgər təşkilata iynə ucu qədərincə inamsızlıq və xəyanət olsa, tez ifşa olur. Orada diktatorluq hökm sürürdü, hamı bir-birinin əleyhinə casusluq edirdi. Ora azadlıq üçün yaxşı yer deyildi, çaladan quyuya düşmək idi. Oradan qayıdanların dediyinə görə, onları əvvəlcə gecə vaxtı İranın bir zastavasına hücuma aparmışdılar. Onları orada buraxıb demişdilər ki, İslam Respublikası quruluşu ilə vuruşub sədaqətinizi sübut etməlisiniz. Halbuki cəbhə qurama olub və bu hiylə ilə onların niyyətini yoxlayırmışlar.

Onların çoxu ön xəttə yaxınlaşanda silahlarını yerə qoyub demişdilər ki, atəş açmayın, biz iranlıyıq. Münafiqlər də tez bu adamları tutub çoxlu döydükdən sonra əsir düşərgəsinə qaytarmışdılar. Demişdilər ki, sizin layiq olduğunuz yer elə buradır. Belə tez bir zamanda bizim fərziyyəmiz sübuta yetdi: onların çoxu yalnız azadlıq istəyirdilər. Onların az bir qismi qaldılar, amma onların arasından da çoxları bir müddətdən sonra peşman olub qayıtdılar. Münafiqlərlə qalan bəziləri də sonralar Almaniya, Fransa və İngiltərədən sığınacaq aldılar. Səddam devriləndən sonra sənədli filmlərdə bəzi belə şəxslərin ailələrini gördüm. Onlar ağlayıb deyirdilər: "Əgər bizim uşaqlarımız iraqlılarda əsir qalsaydılar, bir gün azad olacaqdılar, lakin Məsud Rəcəvi bizim uşaqlarımızı əbədilik əsir etdi!"


On beşinci fəsil


Əsirliyin son illərində İran İslam respublikasının daxili hadisələrinə aid olan və əsarət şəraitinə böyük təsir edən mühüm hadisələr baş verdi.

Birinci hadisə cənab Müntəzirinin rəhbər canişinliyi vəzifəsindən azad edilməsi idi. İllərlə İrandan uzaq olduğumuza və siyasi vəziyyətdən xəbərsiz qaldığımıza görə bu bizdə sual doğururdu. Bəlkə də İranda olub işlərin gedişatını izləyənlər üçün çox da gözlənilməz deyildi. İraqın qəzetləri və farsca radiosu daim bundan danışırdı. Təbliğat aparırdılar ki, İranın daxili vəziyyəti gərgindir və cəbhələrdə ara qarışıb. Guya bəzi komandir və döyüşçülər cəbhələri boşaltmışlar və dövlət vəziyyətə nəzarət edə bilmir.

İraqlılar əsirlik illəri boyunca bu sözləri demişdilər. İndi bunun xəbərlərdə də deyilməsi bizə ağır deyildi. Allaha arxalandığımızdan, xalqımıza inandığımızdan və həzrət imama səmimi eşqimizdən ürəyimiz buz kimi idi. Uşaqların vilayətə bağlılığı möhkəm dayanmağımıza kömək edirdi. Düşmənin bütün təbliğatına baxmayaraq, əmin idik ki, Böyük İmam müdrikliyi və uzaqgörənliyi ilə ən düzgün qərarı vermişdir.

1988-ci ilin yayı idi. Adət üzrə iraqlılar tərəfindən böyük ajiotajla verilən mühüm xəbərləri dinləyirdik. Diqqətlə qulaq asırdıq. Əsla inanmadan elə şeylər eşitdik ki, yuxumuza da girməzdi: Ölkəmiz BMT-nin 598 saylı qətnaməsini qəbul etmişdi. Qulaqlarımıza inanmırdıq, bunun qorxulu yuxu olduğunu düşünürdük. Bu lənətə gəlmiş yuxudan oyanmaq istəyirdik, amma hər şey həqiqət idi. Qıçlarımız əsirdi, ayaq üstə dayana bilmirdik. Üstünə su tökəndən sonra cızıldayan yanar metal kimi olmuşduq. İllərlə çəkdiyi zəhməti və göstərdiyi müqaviməti puç edilmiş adam kimi idik.

Mat-məəttəl bir-birimizə baxırdıq. Nəhayət, iraqlıların çox manevr verdikləri cansıxıcı hissə çatdı: Həzrət imam qətnaməni qəbul etməyi zəhər içməyə bənzətmişdi! İlahi, görəsən nə olmuş, ölkəmizdə hansı hadisə baş vermişdi ki, canımızdan əziz imamımız, əmri ilə aşiqcəsinə hər bir dərdə, çətinliyə razı olduğumuz rəhbərimiz bunu məsləhət görmüş və bu ağrılı yolu tutmuşdur. Həzrət imamın bu ifadəsindən bizim narahatlığımızın səbəbi aşkara çıxmışdı. Qəlblərimizdən bir-birinə yol vardı. Onun əsarətdə qalmış aşiq seli başı kəsilmiş quş kimi qanad çaldığına görə bunu zəhər içməyə bənzətmişdi. Əsarət zəncirləri döyüş və cihadda imamımıza kömək edəcək əl-ayaqlarımızı bağlamışdı. Gözlərimizdən yaş axırdı. Biz əsirliyin işgəncələrinə dözür və onu böyük ilahi amalımızın həyata keçməsi yolunda bal bilirdik. Biz bir gün imamımızı görmək ümidilə düşmənin verdiyi əzab-əziyyətləri, işgəncələri sevə-sevə qarşılayırdıq. Bəzən ölümünə döyülsək də, əl çəkmədiyimiz kollektiv dualar imamın sağlığı və döyüşçülərimizin qələbəsi üçün idi. Düşmənin güclü nifrətinə görə səhərə çıxmağa ümidimiz olmasa da, hər gecə döyüşçülərimizin qələbəsinə ümidlə yastığa baş qoyurduq.

Ürəyimiz dayanmaq üzrə idi. Düşmənin iki addımlığında silahı xarab olan və ya darağı boşalmış bir döyüşçü kimi idik. Tez bu boşluqları doldurmalı və yola davam etmək üçün əqli səbəblər tapmalı idik. Biz vəzifəmizə əməl etmək məqsədilə döyüşürdük, nəticəni Allaha tapşırmışdıq. Bunu da yaddan çıxarmamalı idik ki, imam şübhəsiz, İslamın xeyrini nəzərə almışdı. Əslində, xəbis düşmən müharibəni təbii məcrasından çıxarmışdı. Dəli kimi həm döyüşçülərimiz əleyhinə, həm də sərhəd rayonlarda, hətta İraqın sərhəd bölgələrində yaşayan əhaliyə qarşı kimyəvi silahlardan istifadə edirdi. Beynəlxalq təşkilatların sükutu da öz yerində. Bunlardan və digər çoxlu dəlillərdən əlavə, qətnamədə Səddamın təcavüzkar olduğunun və təzminat ödəməsinin qeyd olunması bizə böyük qələbə sayılırdı. Biz bunun üçün də Allaha şükür etməli və işlərin aqibətini Ona həvalə etməli idik.

Bir müddət ötdü. Hər gün düşərgəyə çoxlu əsir gətirilirdi. İraqın radio və qəzetləri hər gün elan edirdilər ki, bizim qəhrəman döyüşçülərimiz minlərlə əsir tutmuşlar. Ertəsi gün manşetlərə belə bir xəbər çıxdı: "İraqlılar on min əsir ələ keçirdilər". Növbəti gün isə yazdılar: "İyirmi min iranlı əsir!"

Bu bizi incidirdi. Müharibənin son aylarına qədər İraq düşərgələrindəki əsirlərin sayı on beş min nəfərə çatmırdı. Onların təxminən üç min nəfəri də mülki əsirlər idi. İraq qəzetləri isə bir gündə on min əsir tutulduğunu yazırdı. Bir-birimizdən soruşurduq: "Cəbhələrimizdə nə baş verir? Nə üçün bu qədər əsir veririk?"

Səddam o qədər namərd idi ki, atəşkəsi qəbul etdiyini deyirdi, amma cəbhələr sakitləşən kimi hücuma keçirdi. Bununla 1988-ci ildə atəşkəsi qəbul edəndən sonra hiyləgərliklə əsirlərin sayını artırdı. Çünki iraqlı əsirlərin sayı bizdən beş dəfə çox idi və Səddam başa düşmüşdü ki, əsirləri dəyişmək üçün yenilərinə ehtiyacı var.

İraqlıların bizə psixoloji təzyiq göstərdikləri başqa bir hadisə Rudbar və Məncildə baş vermiş zəlzələ idi. İraqlılar bu xəbəri verib həmin şəhərlərdə çoxlu insanların həlak olduğunu dedilər. Rudbar, Məncil və ətraf bölgələrdən olan uşaqlar çox narahat oldular. Onlar zəlzələdə çoxlu insan tələfatının olduğunu bildirərək deyirdilər: "Bu, Allahın iranlılara qəzəbindən doğan səmavi bəladır!" Şimaldan olan uşaqlarımızın çoxu məktubla əzizlərinin ölümündən xəbər tutdular. Əsirlikdə belə acı yaşamaq çətindir. Dini qruplarımız bekar deyildilər, həlak olmuş əzizlərə məclislər keçirir və bəlaya dözmək haqda danışırdılar. Uşaqların başsağlığı və dərdlərinə şərik olmaları onlara yaxşı təsir edirdi.

Həmin dövrdə Qırmızı Xaç Cəmiyyətinin vasitəsilə xəbər tutduq ki, iraqlılar əsirləri Kərbəla və Nəcəf ziyarətlərinə aparmaq istəyirlər. Güman ki Səddam belə bir əmr vermişdi. O, İrandakı iraqlı əsirlərin dəfələrlə İmam Rzanın (ə) ziyarətinə aparıldıqlarını öyrənmişdi və özünün də müsəlman olduğunu sübut etmək üçün belə bir tapşırıq vermişdi. Səddam kütləni aldatmaqda usta idi. Getməyə tərəddüd edirdik. Ürəyimiz ziyarətdən ötrü sino gedirdi, lakin onların bizdən öz xeyirlərinə istifadə etmələrinə göz yummaq istəmirdik. Atəşkəsin qəbul olunmasından bir müddət keçirdi. İraq hələ rəsmən qətnaməni qəbul etməmişdi. Qətnamədə İraqın ziyanına maddələr vardı. İraqlı əsgərlərin rəftarı və bizə qarşı işgəncələri zərrə qədər də dəyişməmişdi, müharibənin birinci günündəki kimi idi. Buna görə də, onlara inana bilmirdik.

Bir gün Qırmızı Xaçdan xəbər verdilər ki, Hacı ağa Əbu Turabinin saxlandığı düşərgənin uşaqları ziyarətə getmişlər. Deyəsən, Hacı ağa deyibmiş ki, eybi yoxdur. Deyilənlərə görə, ziyarət zamanı heç bir çəkiliş, müsahibə və təbliğat olmamışdı.

Bu gözəl hadisə cansıxıcı düşərgə şəraitində yaşayan, gündə bir neçə dəfə sıraya düzülən, düşərgənin divarlarından, tikanlı məftillərindən və cəlladlarından başqa bir şey görməyən bizlər üçün yuxu kimi bir şey idi. Düşərgədən bayıra çıxmaq bizə gözəl idi, ziyarətə getmək isə həyati bir məsələ və köhnə arzumuz.

Bir gecə korpusumuza xəbər verdilər ki, sabah sizin ziyarət növbənizdir.

Düşərgədə ziyarətə gedən son korpus bizimki idi. Bəsic üzvlərinin korpusunu hər bir yaxşı işdə axıra saxlayırdılar. Həmin gün hamama getdik, paltarlarımızı yuduq, yaşıl ədyalların qırağını lezva ilə açıb təbərrük etmək istədiyimiz təsbeh və canamazları götürüb paltarlarımızın arasında gizlətdik. Özümüzlə bir şey götürməyə icazə vermirdilər.

Səhər hava işıqlaşan kimi düşərgənin qapısı önündə 10-15 avtobus dayandı. İraqlılar qaranlığa həssas idilər və əsirlərin qaçmasından qorxurdular.

Bizi sıraya düzdülər. Bir-bir avtobuslara mindik. Hər avtobusun qırx yeri vardı; on silahlı əsgər və otuz əsir minirdi. Əllərində kalaşnikov silahı olan əsgərlər bizdən gözlərini çəkmir və tez-tez deyirdilər: "Başlar aşağı!" Avtobusları hündür avtomobillər müşayiət edirdi. Yolu bağlamışdılar və bizdən başqa gediş-gəliş yox idi.

Pərdələr kip çəkilmişdi, bayıra baxmağa icazə vermirdilər. Hara getdiyimizi və harada olduğumuzu bilmirdik. Bəzən avtobusun ön şüşəsindən və ya yan pəncərədən təsadüfən, bayırı görürdük. Allahın çölünü, xurmalığı və ya kiçik bir çayın axdığını görmək bizim üçün heyrətamiz idi. Həyəcandan nəfəs belə almırdıq.

Təxminən bir saat yarımdan sonra Bağdada çatdıq. Orada bizə bayıra baxmağa icazə verdilər. Deyəsən, paytaxtlarını görməyimizi istəyirdilər. Deyirdilər ki, baxın, bura Bağdaddır.

İnsanlar işə gedirdilər. Kişilərin çoxunun əynində hərbi geyim vardı. Qadınlar həsir səbətlərlə alış-verişə gedirdilər. Bəzi qadınlar hicablı idilər, bəzisi hicabsız. Hicabsız qız və qadınların biri avtobusun yanından keçəndə və ya yaxınlıqdakı dayanacaqda dayanıb avtobus gözləyəndə İraq əsgərləri avtobusumuzun pəncərələrindən qurşağa qədər bayıra çıxıb onlara gülür və söz atırdılar. Hicabsızların bəzisi gülür, bəzisi isə əhəmiyyət vermirdilər.

Təəccüblə bir-birimizə baxırdıq. Səddam tez-tez öz ordusuna "qeyrətlilər" deyə müraciət edirdi. Öz-özümüzə dedik: "Səddamın qeyrətliləri öz namuslarına biz düşmənlərinin gözü önündə sataşırlar. Onlarda ən azı, bizim yanımızda bunu etməyəcək qədər qeyrət yoxdur!" Səddam İraq xalqını daim iranlılardan qorxudub deyirdi: "Əgər bunların əli sizin namusunuza çatsa, ana və qadınlarınızın döşlərini kəsərlər!" Halbuki bizim uşaqlarımız küçədəki qadınlara baxmırdılar da.

Şəhəri, insanların get-gəlini və mağaza vitrinlərini görüb azadlıq dövrünün xatirələrinə daldıq. Ən əhəmiyyətlisi uzun ərəb paltarı geyinmiş kiçik uşaqları görmək idi. Onları görəndə birdən oturacaqdan qalxıb gözdən itənə qədər izləyirdik. Əsgərlər hərdən başımıza vururdular ki, oturaq. Necə hiss idisə, hamımız uşaqlara qarşı belə idik, görəndə ürəkdən zövq alır, sevinirdik. Sanki onlar başqa bir planetin adamları idilər.

Bağdadı keçəndən bir saat sonra avtobuslar dayandı. Avtobusun qapısını açıb bizi endirdilər. Hələ harada olduğumuzu bilmirdik. Əsgərlər bir neçə cərgə düzülüb insanların önünə sədd çəkmişdilər. Çoxu qadın idi, aralarında tək-tük qoca kişi də vardı. Ətraf çöllük idi, hər yerdə tikan kolları bitmişdi. Tikan kollarının arası qara sellofanlarla və küləyin gətirdiyi zibillərlə dolu idi. Evlərin damı ağacdan və xurma lifindən toxunmuş həsirlərdən idi. Bəzi evlərin damı uçmuşdu, bəzilərinin üstünü qamışla örtmüşdülər.

Əgər bir neçə dəmir qapı və pəncərə olmasaydı, 1400 il keçmişə qayıtdığımı hiss edərdim.

Orada kərpic divarları və böyük taxta qapısı olan hündür tikili də vardı. Hamımızı taxta qapının arxasında oturtdular. Bu imarət mənə Ərdistan şəhərimizin Came məscidini xatırlatdı.

Oturandan sonra dedilər: "Bura Nəcəfdir və bu, həzrət Əlinin məqbərəsidir". Bunu deyən kimi ürəyimiz ot tutub yandı. Məqbərə çox qərib və kiçik idi. Ətraf elə çöllük və xarabalıq idi ki, Nəcəf olduğuna inanmırdıq.

Hamımız içəri girdik. Başdan ayağa qara ərəb çadrasına bürünmüş nəcəfli qadınların ağlamaq səsi uzaqdan eşidilirdi. Bu qadınlara qarşı yaxşı hisslərim vardı. Sanki anamı və bacımı görürdüm, üzlərindən mehribanlıq yağırdı.

Böyük taxta qapı açılanda içində yaşıl işıqlar yanan zərih göründü. İçəri girdik. Ətrafımızdakı qadınlar ağlayır, üz-başlarına vururdular. İçəri girən kimi uşaqlar qapı və divarlara yapışdılar. Hərə bir tərəfdə qapı və divarı öpüb ağlayırdı. Uşaqlar imamlarına sevgilərini bildirməyə çalışırdılar. Mat-məəttəl ətrafıma baxırdım. Hələ harada olduğumu bilmirdim; yəni inanmağım gəlmirdi. Sağ tərəfdə 80-90 yaşlı bir qoca divardan qopmuş bir daşı sementlə yerinə bərkidirdi. Çox qoca idi və çətinliklə işləyirdi. Öz-özümə düşündüm ki, bu boyda İraqda imamın məqbərəsində işləməyə bundan cavan bir kişi tapılmayıb? Məqbərənin giriş qapısının üstündəki yaşıl rəngli böyük parça günəşin altında solmuş, bütünlüklə toz-torpağa bələşmişdi. Parçanı giriş qapısından üstüörtülü yerə qədər asmışdılar ki, bir çadır kimi yandırıcı günəşin qarşısını alsın.

Hələ məqbərəyə çatmamışdıq, lakin bu qısa müddətdə imamımızın məzlumluğuna dair gördüklərimiz kədərdən ürəyimizin dayanması üçün kifayət edirdi. Məqbərənin xidmətçilərindən biri yanımızda durub Giriş izni duasını oxuyurdu.

Başımı qaldıranda gözüm iki dirəyə düşdü. Onların ortasında yazılmışdı: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır". Bunu görəndə özümə gəldim və qəhərdən boğulmağa başladım. Onda yadıma düşdü ki, bu böyük imamın bizim üzərimizdə hansı haqqı var. İlahi! Hansı dillə mövlamıza təşəkkür edim, ona eşqimi necə bildirim?! İlahi! Səkkiz il əsirlik İmam Əlinin kəlamları və Nəhcül-bəlağəsi ilə şirinləşdi, onun fikirləri ilə ünsiyyətlə və xütbələrinə eşqlə necə illər yaşadıq! Bunlar ağır şəraitə dözməyimiz üçün bizə qüdrət, elm və dərrakə verdi.

İllərlə qəfəsdə olmuş, indi isə güllə dolu bağda azadlığa buraxılan və bütün güllərə baş çəkmək istəyən bir bülbül kimi idim. Qapı-divarların üzərinə imamların qısa kəlamları yazılmışdı. Sanki yuxu görürdüm. İranlı əsirlərin ağlamaq səsi məqbərəni başına almışdı. Beş dəqiqə idi girmiş və gözəl ətirli gülümüzü yenicə tapmışdıq ki, əsgərlər zondla məqbərəyə girib uşaqları vurmağa başladılar: "Ruh! Ruh!"1 Lakin ən əziz gülümüzün balına və ətrinə təşnə idik. Onların bu rəftarı mərdlikdən kənar idi. İllərlə su arzusunda olub indi həyat bulağına çatmış bir adam kimi həvəsli idik. Beş dəqiqəlik ziyarətlə imamdan ayrılmaq bizə ağır idi və ürəyimizi yandırırdı.

Uşaqların üzünü islatmış göz yaşları qurumamış məqbərəni tərk etməyə məcbur etdilər. Başı üzülmüş quşlar kimi bir-birimizin yanında qanad çırpırdıq. O cəlladların caynağında səkkiz il əsarət və kimsəsizlik səbəbindən imama elə qəribsəmişdim ki, sanki hər kəsimi və hər şeyimi onun yanında tapmışdım. Düşünmürəm ki, həyatımda bir də belə ixlasla, sınıq qəlblə və imamların haqqını tanımaqla ziyarət etmiş olum. Bütün uşaqlar bu halda idilər. Həqiqətən, əsirliyin əzab-əziyyətləri hamının ürəyini təmizləmiş, onlara ilahi dərk vermişdi. Yenicə anlamışdıq ki, necə böyük bir insandan ayrılırıq. Günbəzinə və məqbərəsinə baxanda təsəvvürümdə xütbələri, kəsərli kəlamı və Kumeyl duası canlanırdı. Ayrılıq qəminin seli boğazımda qalıb məni boğurdu.

İraqlılar uşaqları məqbərədən və müqəddəs zərihdən ayıra bilmirdilər. Buna görə də, zondla əllərinin üstünə vururdular. Bunun çox ağrısı vardı. Lakin o nurani məkanda bir an artıq qalmaq üçün nə versəydin, dəyərdi. «Bəəs»-çilərin izdihamı uşaqları məqbərənin bayırına itələdi və bizi toplayıb avtobuslara mindirdilər. Avtobusda yadımıza düşdü ki, təbərrük üçün gətirdiyimiz canamazları və yaşıl lentləri heç birimiz zərihə sürtə bilməmişik. Necə ziyarət etdiyimizi, necə vidalaşdığımızı bilmədik. Avtobus sakit idi, heç kim danışmırdı. Qəlbimiz sınmışdı, çox kövrəlmişdik.

Avtobuslar yola düşdü. Təxminən iki saat yol getdik. Günortaya yaxın günəş səmanın ortasında olanda dayandıq. Yenə də bizi hara apardıqlarını bilmirdik: Kazimeyn, Samirə, yoxsa Kərbəla?

Bizim şəhərimizdən iki nəfər Əhməd Həsən əl-Bikrin vaxtında Kərbəlaya getmişdilər. O vaxt yaşları az olmuşdu. Ata-anaları onları Nəcəf və Kərbəlaya aparmışdılar. Hamı onları "Kərbəlayi" çağırır, onlara hörmət edirdi. Nəcəf və Kərbəla ziyarətləri Allahın bizə qismət etdiyi əlçatmaz bir arzu idi.

Günorta avtobuslar dayandı. Bizi bir-bir saydılar və avtobusdan düşdük. Yenə quru bir səhra, insan evindən başqa hər şeyə bənzəyən xaraba tikililər. Narahat olduq ki, nə üçün bizim imamlarımız bu qədər məzlum və qəribdirlər, məqbərələri belə xarabalıqdadır; nə düz-əməlli şəhər var, nə də su və yaşıllıq.

Bizi yenidən böyük bir taxta qapının arxasına topladılar. Uzaqdan qızıl bir günbəz gördük. Üstündə dalğalanan böyük qırmızı parçanın qıraqları sarı rəngdə idi. Əyninə uzun qəba geyinmiş və başına Misir papaqlarından qoymuş saray mollalarından biri Giriş izni oxudu. Ayaqqabılarımızı çıxarıb ayaqyalın İmam Hüseynin məqbərəsinə daxil olduq. Nə etdiyimizi bir Allah bilir. Özümüzü məqbərənin yerinə, qapı və divarlarına sürtüb çox ağladıq.

İmam Hüseynin zərihinin altıbucaq olduğunu eşitmişdik, indi isə ona əlimizi vurur və ətrafına fırlanırdıq. Hər şey qəribə idi. Sanki yuxu görürdük. Zərihin içində kiçik bir qabarıq yer vardı. Dedilər ki bu, Əli Əsğərin qəbridir və zərih buna görə altıbucaqdır. Orada diqqətimizi toplamışdıq, götürdüyümüz təsbehi, canamazı və yaşıl lenti təbərrük məqsədilə zərihə sürtdük. İmam Hüseynin günbəzi altında iki rəkət namaz qılmaq üçün hamı Kərbəla möhrü axtarırdı. Bu iki rəkət namazın fəziləti haqda çox eşitmişdik və canımız bahasına olsa belə, onu əldən vermək istəmirdik. İmam Əlinin məqbərəsinə nisbətən, orada çox da çətinlik yaratmadılar. Bəlkə də gördülər ki, gec deyil və gün batmadan bizi düşərgəyə qaytara biləcəklər. İmam Hüseynin məqbərəsi İmam Əlinin məqbərəsindən böyük idi. Uşaqlar məqbərədə itmişdilər və bu, əsgərlərin işini çətinləşdirirdi. Namazı qılandan sonra uşaqların məqbərənin altına gedən və qətlgah çalasının yerləşdiyi yolu tapdıqlarını eşitdik. Xəbəri hamı bir-birinə çatdırdı. Ensiz bir zirzəmiyə girdik. Yol burulub İmam Hüseynin zərihinin altına gedirdi. Yolun təxminən ortalarında çalaya bənzər batıq bir yer vardı. Onun üstünə yazılmışdı: "Ağanın qətlgah çalası". Uşaqların hönkürtüsü ucaldı. Özümüzü çalanın üstünə atıb öpməyə, ağlamağa və üstümüzdə olanları təbərrük məqsədilə ona sürtməyə başladıq. Arxadakılar yalvarırdılar ki, çıxın bayıra, biz də ziyarət edək. Lakin ayrılmaq olurdumu?! Ondan sonra İmam Hüseynin zərihinin altına getdik. Orada Kərbəla şəhidlərinin məzarı olan bir zirzəmi vardı, 72 şəhidin adları yazılmışdı. Oranı da ziyarət edib qaranlıq və rütubətli zirzəmidən çıxdıq. Əsgərlər uşaqları axtarırdılar, dəyənək və zondla vururdular ki, məqbərədən çıxsınlar. Təəccüb edirdim ki, onlar burada da heyvani xislətlərini cilovlaya bilmir və İmam Hüseynin ziyarətçilərini döyürlər.

Möhür qablarında Kərbəla möhrü axtarırdım. Xadimlər qabları möhürlə doldurmuşdular. Bilirdilər ki, əsirlər Kərbəla möhrü istəyəcəklər. Lakin möhür qabları bir göz qırpımında boşalmışdı. Bəzi uşaqlar hətta beş möhür götürmüşdülər. Mən də iki möhür götürdüm ki, azad olanda ata-anama verim və onları xatırladığımı deyim.

İmam Hüseynin məqbərəsində təxminən 20 dəqiqə qaldıq. Uzaqdan Həzrət Əbəlfəzlin günbəzini görürdük. Oraya da getmək istəyirdik. Həzrət Əbəlfəzlin məqbərəsinə gedən küçənin adının Beynəlhərəmeyn olduğunu eşitmişdik. Bizi o küçənin başına yığdılar. Küçənin hər iki tərəfinə camaat toplaşmışdı. İraqlı əsgərlər camaatın önündə dayanıb qollarını zəncir kimi bir-birinə keçirmişdilər. Sütunun otasından gedib Həzrət Əbəlfəzlin məqbərəsinə girməli idik.

Camaat bizi görmək üçün boylanırdı. Baxışlarında kin və ədavət görmürdüm, mərhəmət və qayğıkeşlik vardı. Biz İraqın Nəcəf, Kərbəla və digər dindar şəhərlərini düşmən bilmirdik. Hətta düşərgədə bir əsgər Kərbəladan və ya Nəcəfdən olduğunu deyəndə ona hörmətlə baxırdıq. Həmin əsgərlərin bizə baxışı da elə idi. Onlar bizimkilərə əsir düşən kimi deyirdilər: "Kərbəladan, Nəcəfdən!"

Səddamın onlara qarşı düşmənliyi danılmaz məsələdir. Əhali məqbərələri asanlıqla ziyarət edə bilmirdi. Dindar şəhərlər geridə saxlanmışdı, şəhər imkanlarından məhrum idi və kənd kimi idarə olunurdu.

Sağ-solumuzdakı əsgərlərin və camaatın arasından keçib həzrət Əbəlfəzlin məqbərəsinə çatdıq.

Həzrət Əbəlfəzl bizə çox şeyi xatırladırdı. Şəxsiyyəti o qədər güclü idi ki, insanı özünə çəkir və təzimə vadar edirdi. İraq əsgərləri zondları özləri ilə gətirməyə cürət etməmişdilər, əlləri sinələrində məqbərənin giriş qapısı önündə dayanmışdılar, bizə təbəssüm və mərhəmətlə baxıb deyirdilər: "Buyur, qardaşım!" Bu, həzrət Abbasın gözümüzlə gördüyümüz möcüzəsi idi. Biz əsgərlərin belə rəftarını heç yuxuda da görməzdik, indi isə gerçəkdə şahid olurduq. Bu, əsl möcüzə idi.

Sanki o anda qəzəb, kin və nifrət hissləri ölmüşdü. Həzrət Abbasın məqbərəsi bizə cənnət təsiri bağışladı və hər birimizin ruhunu sakitləşdirdi. Tələsmədən və hay-küysüz məqbərəyə girdik. Məqbərənin hər tərəfini gəzdik, namaz qıldıq, ziyarətnamə oxuduq və ağa ilə dərdləşib vəziyyətimizi danışdıq. Uşaqlar zərihə yapışıb danışır, ağlayırdılar. Azan verildi, zöhr və əsr namazlarımızı qıldıq.

İraqlı əsgərlər əlləri sinələrində bizə yaxınlaşıb təbəssümlə deyirdilər: "Nahar yeməyi hazırdır, qardaş! Buyurun nahara! Yeməyiniz soyuyur". Onlar zahirdə gülməyə çalışmırdılar, təbəssüm, rəftar və baxışlarında səmimilik vardı. Həzrət Əbəlfəzlin qarşısında təslim olmuşdular.

İraqlı əsgərlərdən həzrət Abbas barədə çoxlu əhvalatlar eşitmişdik. Onlar öz ata-babalarından da qəribə əhvalatlar danışırdılar. Deyirdilər: "İndi bağlı olan bir magistral yolda bir qrup oğru gecə Bağdaddan İmam Hüseynin məqbərəsinə gəlib xalçaları oğurlayırlar. Qayıdanda onların hamısı həmin yolda daşa dönürlər. İndi onların əlamətləri həmin yolda qalır və yol Səddamın əmrilə bağlanmışdı. Bu məqbərədə aydın gördük ki, şiə, sünni və ya səddamçı olmasından asılı olmayaraq, hamı həzrət Abbasın qarşısında təzim edirdi.

Həzrət Əbəlfəzlin məqbərəsində təxminən bir saat qaldıq. Düşündük ki, iraqlıların yaxşı davranışından sui-istifadə etməyək. Onlar tez-tez bizi nahara dəvət edirdilər. Həzrət Əbəlfəzlə eşq dolu qəlblə məqbərədən çıxdıq. Bizi İmam Hüseyn mehmanxanasına apardılar. Geniş süfrələr sərilmişdi. Süfrədə qatıq, göyərti, ayran, xurma və düyü vardı. Bu, səkkiz ildən sonra gördüyümüz ən çeşidli süfrə idi. Mehmanxanadan İmam Hüseynin məqbərəsi görünürdü və gözəl mənzərəsi vardı. Bizə yeniyetmə xidmətçilər qulluq edirdilər. Onların rəftarı da sevgi dolu idi. Oturub naharımızı yedik. Ötən gecədən bəri heç nə yeməmişdik. İmam Hüseynin ehsanı çox ləzzətli idi. Saat dördün yarısında mehmanxanadan çıxıb avtobuslara doğru getdik. Avtobuslar yola düşəndə iraqlılardan soruşurduq: "İndi bizi haraya aparırsınız: Kazimeynə, yoxsa Samirəyə?” Onlar isə cavab vermirdilər. Firuzə rəngli iki kiçik günbəzi olan bir yerə çatanda dedilər ki, bura Müslimin balalarının məqbərəsidir. Avtobusdan enməyə icazə verməyib dedilər ki, buradan ziyarət edin.

Samirəyə ümumiyyətlə getmədik. Kazimeyndə də məqbərənin yanından aparıb dedilər ki, vaxtınız yoxdur, buradan ziyarət edin. Avtobusun içindən salam verdik.

Düşərgəyə çatanda günəş hələ batmamışdı. İraqlılar hər şeyin öz qaydasında getdiyinə görə sevinirdilər. Tez «İçəri» komandası verdilər, bizi sayıb getdilər. Kərbəla və Nəcəfi ziyarət etdiyim gün 21 yaşım tamam olmuşdu.



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə