BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə15/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

AYƏ 35:


﴿ وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا إِنَّ اللّهَ كَانَ عَلِيمًا خَبِيرًا ﴾

TƏRCÜMƏ:


« (siz, ey şəriət hakimləri, yaxud ey qövmün ağıllıları ) əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar. Həqiqətən Allah bilən xəbərdardır

TƏFSİR:

AİLƏDƏ SÜLH YARADAN MƏHKƏMƏ


Bu ayədə ərlə-arvadın arasında yaranan ixtilaf və çəkişmələrlə bağlı buyurulur: Əgər onların – ərlə arvadın arasında ayrılıq yaranacağından qorxursunuzsa, bir nəfəri kişinin ailəsi tərəfindən, bir nəfəri də qadının ailəsi tərəfindən hakim seçin ki, onların çətinliklərini və münaqişələrini həll etsinlər.

Sonra buyurulur: Əgər hakimlər tam hüsnü-niyyətlə, ürəyiyananlıqla işə başlasalar, məqsədləri də onları barışdırmaq olsa, Allah onlara kömək edər, onların vasitəsi ilə ər-arvad arasında ülfət və mehribanlıq yaradar.

Seçilən bu nümayəndələrə hüsnü-niyyət əsasında əməl etmələrini xatırlatmaq üçün ayənin axırında buyurulur: Allah niyyətlərdən agah və xəbərdardır.

Yuxarıdakı ayədə qeyd olunduğu kimi, ailədə barışıq yaradan məhkəmə İslamın şah əsərlərindən biridir. Bu məhkəmənin bəzi imtiyaz və üstünlükləri vardır ki, bu, başqa məhkəmələrdə gözə dəymir. O cümlədən:

1. Ailə mühitində mövcud olan münaqişəli məsələləri yalnız quru və ruhsuz qayda-qanunlarla həll etmək olmaz. Buna görə də göstəriş verilir ki, bu məhkəmənin hakimləri hər iki tərəflə – ər-arvadla qohum olan şəxslər olmalıdır ki, onların ailədaxili münaqişələrini həll etmək üçün insani duyğulardan, qəlbi atifələrdən istifadə edə bilsinlər.

2. Adi məhkəmələrdə münaqişə tərəfləri özlərini müdafiə etmək, özünün haqq olduğunu isbat etmək üçün bütün sirləri faş etməyə məcbur olurlar. Aydındır ki, ər və arvad ailə münasibətlərində mövcud olan sirləri yad adamlar qarşısında açıb desələr, bir-birinin insani duyğularına toxunarlar. Belə olan halda da əgər məcburi olaraq evə qayıtsalar, artıq əvvəldəki səfa-səmimiyyət və məhəbbət mövcud olmayacaqdır.

3. Adi məhkəmələrin hakimləri əksər hallarda ixtilafların həll edilməsinə laqeyid yanaşırlar. Halbuki ailə münasibətləri ilə əlaqədar təşkil olunan məhkəmələrdə hər iki tərəfin nümayəndəsi imkan daxilində çalışır ki, o iki nəfərin arasında səfa-səmimiyyət və barışıq yaransın. Başqa sözlə desək, «kəsilmiş suyu bir daha arxa döndərsinlər».

4. Bunlardan əlavə, belə məhkəmə digər məhkəmələrdə mövcud olan son dərəcə ağır maddi məbləği tələb etmir.


AYƏ 36:


﴿وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُورًا﴾

TƏRCÜMƏ:


«Allaha ibadət edin heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı başqalarına), yolda qalana sahib olduğunuz qul kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü lovğa şəxsi sevmir

TƏFSİR:


Bu ayədə bir sıra hüquqlar – istər Allahın bəndələr üzərindəki hüququ, istərsə bəndələrin öz hüquqları, eləcə də camaatla rəftar və ədəb qaydaları bəyan olunur ki, üst-üstə gəldikdə onlardan aşağıdakı göstərişlər əldə olunur:

1. Əvvəlcə şirki, bütpərəstliyi tərk etmək, yalnız Pərvərdigari-aləmə ibadət və bəndəlik etmək camaata tövsiyə edilir. Çünki bu iş bütün İslami göstərişlərin əsasını təşkil edir. Tövhidə və yeganəpərəstliyə dəvət hər bir faydalı iş görmək üçün insanın ruhunu pak, niyyətini xalis edir, əzm, qərar və iradəsini möhkəmlədir.

Bu ayədə hər şeydən əvvəl Allah-təalanın insan üzərində olan hüquqları bəyan olunur və buyurulur ki, Allaha sitayiş edin və heç bir şeyi Ona şərik qoşmayın.

2. Sonra buyurulur ki, ata-ananıza yaxşılıq edin.

Ata-ananın hüquqları Quranda ən çox qeyd olunan bir məsələlərdəndir. Belə ki, çox az mövzu tapmaq olar ki, bu qədər təkidlə bəyan edilmiş olsun. Quranda dörd yerdə tövhiddən sonra bilavasitə ata-anaya yaxşılıq etmək bəyan olunmuşdur.

3. Həmçinin, yaxın qohum-əqrəbalarınıza da yaxşılıq edin.

Bu da Quranda çoxlu təkidlərlə bəyan edilən məsələlər sırasında olub bəzən «sileyi-rəhim», bəzən də «qohum-əqrəbaya yaxşılıq » adı ilə irəli çəkilir.

4. Sonra yetimlərin hüququ bəyan olunur və imanlı şəxslərə tövsiyə edilir ki, onlara yaxşılıq və ehsan etməyə çalışsınlar. Çünki hər bir cəmiyyətdə müxtəlif hadisələr nəticəsində yetim qalan uşaqların unudulması həm onların öz vəziyyətlərini təhlükə ilə qarşılaşdırır, həm də cəmiyyəti müxtəlif çətinlik və təhlükələrlə təhdid edir.

5. Daha sonra miskinlərin və yoxsulların hüquqları xatırladılır. Çünki hər bir cəmiyyətdə əlil, iş qüvvəsini itirmiş və s. kimi insanlar vardır ki, onların unudulması və onlara laqeyd yanaşılması bütün insani prinsiplərin əksinədir.

6. Sonra isə əvvəlcə yaxın qonşulara yaxşılıq etmək tövsiyə edilir.

7. Daha sonra uzaq qonşular barədə tövsiyə verilir. İslam dinində qonşunun qonşu üzərində olan haqqı çox böyük əhmiyyət kəsb edir. Belə ki, Həzrət Əlinin (ə) məşhur vəsiyyətlərinin birində deyilir: “Peyğəmbəri-Əkrəm (s) qonşular haqqında o qədər tövsiyə etdi ki, biz o Həzrətin (s) qonşuların bir-birindən irs aparacağına dair göstəriş verəcəyini fikirləşdik.”

Peyğəmbərdən (s) nəql olunan başqa bir hədisdə deyilir ki, bir gün o Həzrət (s) üç dəfə buyurdu: «Vəllah, billah, la yuminu “Allaha and olsun ki, imanı yoxdur!»

Bir nəfər soruşdu: «Kimin?» Peyğəmbər (s) buyurdu: «O kəsi deyirəm ki, qonşusu onun əzab-əziyyətindən amanda olmasın.»8

8. Quran daha sonra insanla müəyyən qədər dost və yoldaş olanlar barəsində tövsiyə edərək buyurur ki, dostunuza və yoldaşınıza yaxşılıq edin.

Əlbəttə, «vəs-sahibi bil-cənb» kəlməsi dost və yoldaşdan daha geniş mənaya malikdir. Beləliklə ayədə insanın cəmiyyətdə yaxşı rəftarı ilə əlaqədar ümumi və külli göstəriş verilir: istər həqiqi dostlar olsun, istər həmkarlar, istər səfər yoldaşları, istər insana müraciət edənlər, istər şagird, istərsə də müşavir.

9. Barəsində tövsiyə olunan növbəti dəstə isə qürbət ölkədə (maddi köməyə) möhtac olan şəxslər – öz vətənlərində imkanlı olsalar belə, müəyyən səbəblər üzündən səfəri davam etdirməyə imkanı olmayanlar barəsində tövsiyə edilir.

10. Ayənin axırında varlıların ixtiyarında olan xidmətçilərə – qullara yaxşılıq etmək barəsində tövsiyə edilir və buyurulur ki, sahibi olduğunuz qullara yaxşılıq edin.

Bu ayə həqiqətdə Allahın hüquqları ilə başlanır və xidmətçilərin hüququ ilə sona çatır. Bunlar barəsində təkcə bu ayədə deyil, Quranın müxtəlif ayələrində də söhbət açılmışdır.

Ayənin axırında xəbərdarlıq etməklə yanaşı buyurulur ki, Allah təkəbbürlüləri və öyünənləri sevmir. Belə ki hər kəs Allahın əmr və fərmanlarından imtina etsə, təkəbbür edərək qohum-əqrəbasının, ata-anasının, yetimlərin, miskinlərin, yolda qalanların, dost-tanışların hüquqlarını yerinə yetirməkdən boyun qaçırsa, Allah dərgahında sevilənlərdən və Onun mərhəmətinin şamil olduğu şəxslərdən olmaz. Hər kəs də ilahi mərhəmətə layiq görülməzsə, əbədi səadətdən və xeyirdən məhrum olacaqdır.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə