“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
67
təsəvvürümdə mövcuddur, halbuki, mən, pəncərəmin altında lövbər salmış üç karavellanı öz
gözlərimlə görmüşdüm! Dəlil-sübut yığırdılar ki, guya mən, külli miqdarda dövlət vəsaitini hər
cür mürəkkəb sistemli maşın və mexanizmlərin alınmasına sərf etmişəm, guya astronomları
məcbur eləmişəmmiş ki, günəş sisteminin qanunlarını elə dəyişdirsinlər ki, gözəllik kraliçası
mənə aşiq olsun, guya o qızı da özümdən uydurmuşam, qocalıqdan ağlımı o qədər itirmişəm ki,
iki min uşağı, sementlə dolu barjaya mindirib, açıq dənizdə batırmağı əmr eləmişəm, görürsən bu
köpəyuşağını?!..» General Rodriqo de Aqilar bütün bu zəruri sübutları toplayıb prezident
qvardiyasının qərargahında onun bütün zabitləri ilə sazişə girib və qərara alınıb ki, prezident,
qocalar evinə göndərilsin; qayanın başında tikilmiş o evdə keçmiş diktatorlar yaşayırdı; bu
əməliyyatın, bu ilin mart ayının birində, mühafizəçi və keşikçilərin himayədarı sayılan
Müqəddəs Mühafizəçi Mələyin şərəfinə təşkil edilən ənənəvi axşam yeməyi zamanı həyata
keçirilməsi qərara alınıb. - «Yəni üç gündən sonra, mənim generalım!» Onda o, bircə hərəkətiylə
belə sezdirmədi ki, sui-qəsddən xəbəri var, bircə hərəkəti ilə belə bir kəsdə şübhə oyatmadı ki,
hər şeyi bilir və təyin olunmuş gün, öz qonaqlarını – şəxsi qvardiyasının ali zabitlərini qəbul etdi,
onları banket stolunun arxasında əyləşdirdi və onlara içki təklif etdi. - «General Rodriqo de
Aqilar gəlib əsas sağlığı deyənəcən, bir az boğazımızı isladaq». O, bütün qonaqlarla dostyana
söhbət edir, zarafatlaşır, zabitlər isə bir-bir, guya ötəri təsadüflə öz saatlarına baxır, saatı
qulaqlarına tutur, silkələyir, qurur, vaxtı düzəldirdilər – artıq saat on ikiyə beş dəqiqə qalırdı,
lakin general Rodriqo de Aqilar hələ də görünmürdü.
Hava, gəmi qazanının istisiylə qızmışdı, ancaq bu, ətirli bir bürkü idi: qladiolosların,
qərənfillərin və tər qönçələrin ətri otağı bürümüşdü, amma nəfəs almağa hava yox idi; kimsə
qalxıb pəncərəni açıdı - «Və biz hamımız sinə dolusu nəfəs aldıq, sonra yenə saatlarımıza
baxdıq, açıq pəncərədən içəri bayram yeməklərinin iştahaçan qoxusu və meh doldu». Ondan
başqa hamı tər içindəydi və bir anlıq, hamı özünü necəsə naqolay hiss elədi və özünü
oturanlardan, çoxdan ötüb keçmiş illəriylə, qalxanla qorunan kimi qoruyan, qonaqlarına
hardansa, öz məkanından - zamana dəxli olmayan dünyasından boylanan bu qoca heyvanın geniş
açılmış, kiprik çalan gözlərinə baxmaqdan utandılar. – O: «Sizin sağlığınıza… - deyib badəsini,
yuxulu zambağı qaldıran tək, yuxarı qaldırdı - sizin sağlığınıza!» O, bütün axşamı badəsini,
içkidən bir qurtum da almadan, bircə-bircə zabitlərin badəsiylə toqquşdurdu. Və budur, tam
səssizlikdə, saat mexanizminin, sanki məşum uçurumun dibindən gəlirmiş boğuq zəngi eşidildi –
saat on ikini vurmağa başladı. Lakin general Rodriqo de Aqilar hələ də gəlməmişdi. Kimsə
ayağa qalxdı, sağolllaşaraq, aradan çıxmaq istədisə də, amiranə baxışların təsirindən yerinə
mıxlandı, daşa çevrilib dondu, prezidentin səsi eşidildi: «Xahiş edirəm, getməyin!» Hamı da başa
düşdü ki, saat on ikini vurub qurtarmayanacan hərəkət eləmək, nəfəs almaq, özünü diri
göstərmək olmaz. Sonuncu zəng zərbəsi susanda isə qapıların pərdələri açıldı və qonaqlar
çoxdan gözlədikləri general Rodriqo de Aqiları - görkəmli xadim, diviziya generalı Rodriqo de
Aqiları bütün vücuduyla, dörd bir yanı gül kələmi salatlarıyla bəzədilmiş, içinə dəfnə yarpağı və
ləvəngi doldurularaq, təndirdə yaxşıca bişirilib qızardılmış vəziyyətdə, əyninə, beş qızılı badam
dənəcikli, boş qolunda, igidliyə görə tikişi olan, sinəsi, on dörd funt ağırlığında medallarla
bəzədilmiş parad geyimində, ağzından cəfəri saplağı asılmış halda iri, gümüş məcməyidə oturan
yerdə gördülər. Məcməyi bayram süfrəsinin ortasına qoyuldu və iltifatlı ofisiantlar, dəhşətdən
daşa dönmüş qonaqlara məhəl qoymadan, süfrəyə gətirilmiş yeməyi bıçaqla doğrayıb bölməyə
başladı və hər qonağın qabağındakı nimçəyə, içi qoz ləpəsi və ədviyyatla doldurulmuş müdafiə
nazirinin ətindən iri bir tikə qoydular, axşam yeməyinə başlamaq işarəsi verildi: « Nuş olsun,
senyorlar!»
O, o qədər zəlzələlərdən, taleyin uğursuz döngələrindən, odlu səma kürələrinin saysız-hesabsız
təkanlarından sağ- salamat çıxmışdı ki, bizim dövrlərdə daha bir adam belə inanmırdı ki, bir
vaxtlar görücü-falçı qadının dedikləri həyata keçəcək və haçansa öləcək. Bir sözlə, daha onun
ölümünə heç cür inanmaq mümkün deyildi, bu, ağlasığmaz, mümkünsüz bir məsələyə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
68
çevrilmişdi, odu ki, aşkar edilmiş cəsədin, səliqəyə salınıb dəfn edilməsinə icazə
sənədləşdirilənəcən, aramızdan ən qatı mövhumatçılar belə boyunlarına almasalar da,
gözləyirdilər ki, əgər bu cəsəd həqiqətən onun bədənidirsə, bir vaxt deyilənlər nəhayət ki, həyata
keçəcək: onun ölüm günü durğun bataqlıqların kifsəmiş suları axar çaylara dolub qalxacaq, qanlı
yağışlar yağacaq, toyuqlar beşguşəli yumurtalar yumurtlayacaq, Yer üzünə əbədi sükut və
qaranlıq çökəcək – onun ölüm günü dünyanın axır günü olacaq. Onun ölümünə bir də ona görə
inanmaq mümkün deyildi ki, diktatura rejimi illərindən salamat çıxan bir çox qəzetlər yenə
əvvəlki qaydada onun ölümsüzlüyündən yazır, tarixi xidmətlərini şişirdərək, yazılanları arxiv
sənədləriylə təsdiq edirdilər; onun portreləri hər gün qəzetlərin birinci səhifəsində başlıqda
göründükcə, bizdə zaman donuqluğu ovqatı yaranırdı: biz, hər gün qəzetlərdə həmin üzü,
paqonlarında beş şöhrət günəşi parıldayan həmin o mundiri görürdük, üzü, fəaliyyət hərarəti və
sağlamlıq saçan ləyaqətli bir adamın şəklini görürdük, halbuki, onun yaş həddi çoxdan hamının
yadından çıxmışdı.
Qəzetlər bir ucdan eyni faktları – onun gah, artıq çoxdannan açılmış hansısa abidələrin, gah
əslində mövcud olmayan hansısa kommunal iş yönümlü idarələrin açılışında, guya dünən,
əslində isə keçmiş əsrdə sədrlik etdiyi iclaslarda çəkilən şəkillərini dərc edirdilər. Biz də axı
bilirdik ki, bunlar qəzetlərin növbəti yalanıdı, çünki o, Letisya Nasarenonun dəhşətli ölümündən
sonra adam arasına çıxmırdı, öz kimsəsiz sarayında tək-tənha yaşayır, dövlət işləri isə elə özü-
özünə, onun hüdudsuz hakimiyyəti dövrlərindən bu yana, öz inersiyası hesabına gedirdi. Biz
bilirdik ki, o, baxımsızlıqdan xarabalığa çevrilmiş bu binada rahib həyatını yaşayır və indi bizim,
kədər və qəm-qüssəylə gecənin düşməsinə baxdığımız həmin bu pəncərələrdən, uzun-uzuadı illər
- öz illüziyalar taxtında oturduğu dövrlər, ürəküzən, sıxıntılı axşamların düşməyinə, gecənin
yaxınlaşmasına o da baxıb: biz mayakın, hey göz vura-vura. ara-sıra əfsanəvi yaşıl dalğalarla
otaqların xarabalıqlarında üzən işığını görürdük; növbəti təbii fəlakət vaxtı sahilyanı qəsəbələri
su basdığından, kasıbların elliklə tökülüşüb məskən salıdığı nazirlik binalarının sınıq-salxaq
pəncərələrində sönük işartılarla işıq saçan miskin lampaları görürdük; bir az aşağıda tüstüyə
bürünmüş şəhəri görürdük, bir vaxtlar əcnəbilərə satılmış dənizin dalğalandığı, indi isə qupquru,
nəhəng çalalar boyu sıralanan gümüşü kraterlərin üzəriylə sönük qığılcımlarla çaxan şimşəklərin
işığında seçilən üfüqü görürdük; onun ölümünün birinci gecəsi biz birdən-birə onun nəhəng
imperiyasının hüdudsuz mənzərəsini onsuz gördük; bu imperiyanın titrəməli göllərini, çayların
qovşağında yerləşdiyindən havasız, nəmli buxarlar içində əriyən kəndlərini gördük, biz onun
mülkiyyətlərini – acgöz, tikanlı məftillərlə hasara alınmış əyalətləri, saysız-hesabsız mal-qara
sürülərini, prezidentin şəxsi möhürüylə – vərəsilik damğasıyla damğalanmış əla növ cins
inəklərin otladığı sahələri gördük.
Biz, onun yaşıyla bağlı cürbəcür zarafatlar eləməkdən doymurduq, yerişini, qədim tısbağaların,
xüsusən, qoca fillərin yerişilə müqayisə edirdik, qəlyanaltıxanalarda cürbəcür lətifələr qoşurduq
ki, guya bir dəfə dövlət şurasına xəbər çatıb ki, prezident ölüb və nazirlər qorxa-qorxa bir-birinə
baxa-baxa soruşublar ki, indi bu haqda kim gedib ona xəbər verəcək, ha-ha-ha! Yəqin, o dövrlər
belə xəbərlər onu çətin maraqlandırırdı, çətin ki, o, bütün bu danışılanlar ciddi söhbət, yoxsa adi
küçə anektodu olduğunu anlayaydı, çünki o dövrlər onun yaddaş sandığında artıq bir neçə
nimdaş xatirələrdən savayı ayrı bir şey qalmamışdı. Deyirdilər, o, yastıdaban, heysiz ayaqlarıyla
tənha, yarıqaranlıq kabinetlərlə lal güzgü əksi kimi dolaşdığı an, kabinetlərdən birində qarşısına
çıxan nişastalı yaxalıqlı, qısa gödəkçəli adamın onu görəcək, əlindəki ağ yaylıqla kiməsə şərti
işarələr verdiyi gözünə görünəndə o: «Əlvida!» - deyibmiş. Bu qəribə təsadüf, deyilənə görə,
sonradan rituala çevrilmişdi, saray xidmətçiləri hər onu görəndə ayağa qalxıb ağ yaylıq
yellətməli və «Əlvida mənim generalım, əlvida!» deməliymişlər. Lakin məsələ burasındaydı ki,
o onları qətiyyən eşitmirdi. O dövrlər birdən-birə niyəsə ona elə gəlmişdi ki, quşlarının səsi,
səhər-axşam oxumaqdan batır, odu ki, ehtiyatda saxladığı beçə balından quşlara da yedirdir,
onların daha gur səslə oxumağı üçün dimdiklərinə kantorin damlalarından damızdırır və
fikirləşirdi ki, bu damlalar mütləq quşların səsinin açılmasına kömək etməlidi, sonra özü də