Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə21/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

- Heç nə, heç nə. Ümidsiz xəstələr üçün həmişə “letal” saxlayıram, amma heyvan sahiblərini məcbur 
etməyə haqqımız yoxdur. Öz heyvanlarıdır, öz bildikləri kimi öldürməyə üstünlük verirlər. Heyf! Necə də 
yaxşı cəsur, özündən əmin heyvandır!   
Görünür, o sizin güman elədiyinizdən də artığını başa düşür – deyən Devid Bevə təskinlik verməyə 
çalışdığına təəccüblənir. - Bəlkə də o daha əvvəl də bunları yaşayıb. Bəsirətlə doğulub, belə deyək. Axı 
bura Afrikadı. Keçilər tarix boyu burada yaşayıblar. Polad və dəmirin nə olduğunu onlara izah eləməyə 
ehtiyac yoxdur. Onlar keçilərin necə öldüyünü bilirlər.     
İnanmıram – Bev deyir. – Yola salanımız yoxdursa, heç birimiz ölməyə hazır deyilik.   
Nəhayət, başa düşməyə başlayır, bu çirkin, balaca qadının öz çiyninə götürdüyü vəzifə haqqında ilk 
təsəvvürləri formalaşmağa başlayır. Bura müalicə ocağı deyil, Bevin həvəskar həkimlik qabiliyyəti buna 
kifayət eləmir. Bura son sığınacaqdır. Devid tanış bir hekayəti xatırlayır. Kim idi? Müqəddəs Hubert. Ac 
itlərdən qaçıb kiçik kilsəsinə pənah gətirən ağır vəziyyətdəki marala sığınacaq verən insan haqqında 
hekayət. Bev Şou baytar deyil, o, tamamilə absurd bir fikrə qapılıb, Afrikanın əzab çəkən heyvanlarının 
iztirablarını yüngülləşdirməyə çalışan Nyu Eyc dünyagörüşünə malik bir kahindir. Lüsi deyirdi ki, Bev ona 
maraqlı görünəcək. Amma o yanılırdı. Maraqlı demək azdır.       
Günün qalan yarısını o, cərrahiyyə otağında Bevə bacardığı qədər kömək etməklə keçirir. Axırıncı xəstə 
getdikdən sonra, o, Devidi həyəti gəzdirməyə aparır. Quş qəfəsində bircə daimi sakin var – qanadı sınmış 
cavan çalağan. Həyətin qalan sakinləri, Lüsinin baxımlı və cins köpəklərinə bənzəməyən, iki volyerə güclə 
sığışan, həyəcan içində yerlərində atılıb zingildəyən, hürüşən arıq küçə itləridir.   
Devid Bevə itlərə yem paylamağa və təknələri su ilə doldurmağa kömək edir. İki on kiloqramlıq yem 
kisəsi boşalır.  
Bunların xərcini necə ödəyirsiniz? – o soruşur.  
Topdan alırıq. Vaxtaşırı vəsait toplayırıq, ianə alırıq. Heyvanları təmənnasız axtalayırıq. Buna görə bizə 
maddi yardım ayırırlar.  
Bəs onları kim axtalayır?  
Baytarımız doktor Ostheyzen. Amma o, həftədə bir dəfə günün ikinci yarısında gəlir. 
Devid itlərin yeməyinə tamaşa edir. Təəccüblüdür ki, onlar demək olar dalaşmırlar. Kiçik və zəif olanlar 
öz talelərinə boyun əyib geri çəkilir, öz növbələrini gözləyirlər.   
Sayları həddən artıq çoxdur. – Bev Şou deyir. – Əlbəttə, onlar bunu başa düşmürlər. Bunu onlara izah 
etmək mümkün deyil. Sayları onların yox, bizim meyarlarımıza görə çoxdur. Onlarsa imkan verilsə, 
dünyada boş yer qalmayana qədər arta-arta gedərlər. Düşünürlər ki, sayları nə qədər çox olsa, şadlıq da 
o qədər artar. Pişiklər də belədir.    
Siçovullar da. 


Siçovullar da. Yeri gəlmişkən, evə qayıdanda, birələnib-birələnmədiyinizi yoxlayın.   
Doyunca yemiş, həzdən gözləri parıldayan itlərdən biri şəbəkənin arxasından Devidin barmaqlarını 
iyləyib yalayır.  
- Onlar daha çox eqalitaristdilər, elə deyil? – o deyir. İctimai təbəqə güdmürlər. Onlar üçün heç kim 
quyruğunun altını iyləmək mümkün olmayacaq dərəcədə yüksək mövqe sahibi və qüdrətli deyil. – O, dizi 
üstə çöküb itə üzünü yalamağa icazə verir. Devidə elə gəlir ki, itin çox ağıllı görkəmi var, bəlkə də əslində 
onun heç düşünmə qabiliyyəti yoxdur.  
- Hamısı tezliklə öləcəklər? – Devid soruşur.  
- Heç kimə lazım olmayanlar.  
- Bu işlə siz məşğul olursunuz?  
- Hə. 
- Pis təsir eləmir?  
- Özü də necə təsir edir. Amma istəməzdim ki, bu işi mənim əvəzimə heç də heyfslənməyən bir insan 
yerinə yetirsin. Siz bu işi görərdiniz?  
Devid bir müddət susduqdan sonra:  
- Bilirsiniz Lüsi məni bura niyə göndərib?  
Mənə deyib ki, xoşagəlməz hadisələrlə üzləşmisiniz.  
Devid : - təkcə xoşagəlməz yox, demək olar, rüsvayçılıqla üzləşmişəm.- deyib diqqətlə ona baxır. Bev 
onun baxışlarından narahat olur, bəlkə də Devidə elə gəlir.  
Bunu bilsəniz də, mənim köməyimdən istifadə etmək istəyirsiniz?  
Əgər hazırsınızsa... – Bev əllərini birləşdirir, sonra təzədən aralayır, nə deyəcəyini bilmir, Devidsə 
həmsöhbətinə kömək eləməyə çalışmır.  
Qızının evinə qısa müddət üçün gəlsə də, indi Lüsinin evini də həyatını da bölüşür. Ehtiyatlı olmaq, köhnə 
atalıq vərdişlərinin gizlicə geri qayıtmağına icazə verməmək lazımdır. Tualetə təzə rulon qoymaq, işıqları 
söndürmək, pişiyi divandan qovmaq olmaz. Qocalığı indidən məşq elə -  o öz-özünə təkrar edir. Şəraitə 
uyğunlaşmağı öyrən. Məşq elə, qocalar evində hələ çox yaşayacaqsan.  
Şam yeməyindən sonra o, yorğunluğu bəhanə gətirib öz otağına gedir, Lüsinin öz həyatı ilə yaşadığını 
göstərən səsləri: açılıb-bağlanan siyirtmələrin cırıltısını, radionun donquldanmalarını, qızının telefonla 
danışdığını eşidir.     
Lüsi Yohannesburqa zəng vurub, Helenlə danışır? Onları ayrı saxlayan Devidin varlığıdır? O, evdə ola-ola 
birlikdə yatağa uzanmağa cürət edərdilərmi? Birdən gecə qəfildən çarpayı cırıldasaydı, utanardılarmı? 


Yarıda dayanacaq qədər utanardılarmı? Bəlkə qadınların çarpayını cırıldatmağa ehtiyacı yoxdur. O, 
qadınların birlikdə nə ilə məşğul olduqlarından çoxmu xəbərdardır? Bəs bu iki qadın Lüsi və Helen 
haqqında nə bilir? Bəlkə də onlar bir-birlərini qucaqlayıb, gülüşə-gülüşə bir-birlərinə toxuna-toxuna, eyni 
çarpayıda yanaşı uzanmış iki uşaq kimi yatırlar, iki məşuqədən çox, iki bacıdılar? Çarpayını, vanna otağını 
bölüşürlər, birlikdə kökə bişirir, bir-birlərinin libaslarını geyinirlər. Sofist sevgi- kökəlmək üçün bəraət.     
Həqiqət budur ki, qızının öz həmcinsinin, özü də çirkin bir qadının ağuşunda ehtirasdan titrədiyini 
düşünmək onun xoşuna gəlmir. Doğrudanmı Lüsinin sevgilisi kişi olsaydı, o, özünü daha xoşbəxt hiss 
edərdi? Əslində, o, Lüsini necə görmək istəyir? Əlbəttə, qızının həmişə məsum, həmişə uşaq qalmasını, 
həmişə ona məxsus olmasını yox. Amma o atadır, bu, onun taleyidir. Ata isə (bunun qarşısını almaq 
mümkün deyil) qocaldıqca qızına daha çox bağlanır. Təəccüblü deyil ki, nağıllarda kraliçalar qızlarını itlərə 
yem eləmək istəyirlər! O, ah çəkir. Yazıq Lüsi! Yazıq qızlar! Boyunlarına necə ağır yük düşür. Və oğullar, 
olsun ki, onların da öz əzabları var. Amma Devid onlar barədə daha az bilir. O, yatmaq istəsə də, üşüyür, 
yuxusu gəlmir, ayağa qalxıb gödəkcəsini çiyninə atır və çarpayıya qayıdır, Bayronun 1820-ci ildə yazdığı 
məktubları oxuyur.  
Otuz iki yaşında kökəlib qocalmış Bayron özündənrazı, gödək ayaqlı məşuqəsi Tereza, onun nəzakətli və 
bədxah əri ilə birlikdə Ravennada yaşayır.    
İsti yay, axşam saatlarında çay dəsgahları, əyalət dedi-qoduları, demək olar, gizlədilə bilməyən 
əsnəmələr. “Qadınlar stolun ətrafında dairə əmələ gətirirlər, kişilər son dərəcə darıxdırıcı faraon 
oyununu oynayırlar”. Bayron ona öz ailə həyatının darıxdırıcılığını xatırladır. O yenə ah çəkir. Payızdan 
əvvəlki yay necə də qısadır, sonra isə qış gəlir! Devid gecə yarısından keçənə qədər oxusa da, yuxuya 
gedə bilmir.    
 
 
 
XI 
 
 
 
Çərşənbə. Devid səhər lap tezdən oyanır. Lüsi ondan da tez oyanıb, dəhnədəki vəhşi qazlara baxır.  
Gözəldilər, elə deyil? – Lüsi deyir. – Hər il geri qayıdırlar. Bu üçü. Mənə baş çəkdikləri üçün özümü 
xoşbəxt sayıram. Onlar tərəfindən seçildiyim üçün  
Üçbucaq. Bu məsələnin həlli ola bilərdi. O, Lüsi və Melani. Ya da o, Melani və Soraya.  
Onlar birlikdə səhər yeməyi yeyir, sonra iki dobermanı gəzintiyə çıxardırlar.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə