Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 24. 11. 2009-cu IL tarixli



Yüklə 2,24 Mb.
Pdf görüntüsü
səhifə3/111
tarix28.11.2017
ölçüsü2,24 Mb.
#12991
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   111

______________Milli Kitabxana_____________ 

 

7



Ən qədim  Şərq dövlətləri Misir, İkiçayarası (Mesopotamiya), 

Aralıq dənizinin  şərqində, Kiçik Asiya, İran, Hindistan, Çin və 

digər ölkələrin  ərazisində meydana gəlmişdi. Qədim ölkələrin 

siyasi və ictimai-iqtisadi problemlərinin, mədəniyyət və etnik 

proseslərinin öyrənilməsi bu ölkələrin ayrı-ayrılıqda tarixi, 

ümumi, fərdi və özünəməxsus cəhətləri barədə  təsəvvür 

yaratmağa imkan verir. Fərqli cəhətlərinə baxmayaraq, qədim 

Şərq ölkələri vahid orqanizm idi, biri digəri ilə siyasi, iqtisadi, 

mədəni və etnik təmasda inkişaf tapırdı. 

Qədim Şərq dövlətləri bir neçə inkişaf mərhələsi keçmişlər. 

İlkin mərhələni sinifli cəmiyyət və dövlətin meydana gəlməsi 

dövrü təşkil edir. Bu mərhələnin e.ə. IV minilliyin sonu - III 

minilliyin xronoloji çərçivəsində müəyyənləşdirmək olar. Bu 

zaman Şərqin erkən dövlət qurumları meydana gəlmiş və bəziləri 

həmin dövrdə də tənəzzülə uğramışlar. Bununla yanaşı, quldarlıq 

ictimai-iqtisadi münasibətlərin   ilk   ünsürləri   özünü   büruzə   

vermiş,   işğalçılıq siyasətinin  əsası qoyulmuş, xarici və daxili 

ticarət inkişaf etmişdi.  Orta mərhələ yeni, əvvəlki dövrə nisbətən 

sayca daha çox dövlət qurumlarının meydana gəlməsi, işğalçılıq 

müharibələrinin güclənməsi, quldarlıq istehsal üsulunun bərqərar 

olması, siyasi, iqtisadi və  mədəni  əlaqələrin genişlənməsi və 

nəhayət, bu dövrün dövlətlərinin tənəzzülə  uğraması ilə 

səciyyələnir. Eyni zamanda, “imperiya” xüsusiyyətli dövlətlərin 

yaradılmasına meyl artır. Bu mərhələ xronoloji cəhətdən e.ə. II və 

I minillikləri əhatə edir. Bundan sonrakı mərhələdə rəqabət aparan 

dövlət və sülalələr meydana gəlir, quldarlıq quruluşunun böhranı 

başlayır və feodalizm ünsürləri üzə  çıxır. Eyni zamanda, bir sıra 

qədim dövlətlər siyasi təsir dairəsini genişləndirmək uğrunda 

mübarizə aparır. Bu mərhələ e.ə. IV əsrdən eramızın III-IV 

əsrlərinə qədər davam edir. 

İbtidai-icma quruluşunun dağılması  və sinifli cəmiyyətin 

meydana gəlməsi ilk dəfə qədim Şərqdə baş vermişdir. Quruluşa 

xas olan bir sıra təsərrüfat formaları, dini təsəvvürlər, adət-

ənənələr, mədəniyyət və incəsənət formalarının izləri sonrakı 

tarixi mərhələlərdə də öz əksini saxlamışdır. 

Dövlət də ilk dəfə  Qədim  Şərqdə meydana gəlmişdir. 




______________Milli Kitabxana_____________ 

 

8



Dövrün ideologiyasının  əyani vasitəsi olan dini “idarələr”-

məbədlər ilk dəfə  Qədim  Şərqdə meydana gəlmişdi. Sadə 

məbədlər ilə yanaşı  əzəmətli, bir neçə  mərtəbəli zikkuratlar 

(qülləli məbədlər) inşa edilirdi. Məbədlərdə xidmət edən kahinlər 

təbəqəsi yaranmışdı. 

Ön Qafqaz və Orta Asiya ölkələrində dövlətlərin meydana 

gəlməsi bu mərhələnin müxtəlif dövrlərinə təsadüf edir. 

Qədim  Şərqdə  mədəniyyət və incəsənətin müxtəlif sahələri 

inkişaf etmişdi.  Əfsanəvi nağıllar janrı, tarixi-əfsanəvi  ədəbiyyat 

nümunələri,  ədəbiyyat, fəlsəfi fikirlər, təsviri sənət, elmi 

istiqamətlər qədim  Şərq xalqlarının  fəaliyyətinin və  bədii 

yaradıcılığının bəhrəsi olmuşdur. Xüsusilə Babil, Hind, Misir, 

Fələstin ölkələrindən  bu  sahəyə aid zəngin təsviri sənət 

nümunələri dövrümüzə gəlib çatmışdır. 

İlk yazı növü - piktoqrafiya (şəkli yazı, heroqlif) qədim 

Şərqdə icad edilmişdir. Qədim  şumerlər, hindlilər, elamlar 

pıktoqrafik yazı sistemini yaratmış  və bundan təsərrüfat hesabı 

aparmaq uçun istifadə etmişlər. E.ə. IV minilliyin sonunda 

piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar 

cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda 

müstəqil yazı yaradıcılığı olmuşdur. 

Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda 

şəkli yazı  əsasında xətti yazı yaradılmışdı. Artıq burada hər bir 

işarənin heca oxunuşu vardı.  Şumerdə  şəkli yazının inkişaf 

mərhələsini mixi yazı işarələri təşkil edirdi. İşarələr bəzi hallarda 

şəkli (ideoqrafık) oxunuşu saxlamış, digər hallarda isə heca kimi 

tələffüz olunurdu. E.ə. III minilliyin ortalarında artıq mixi yazıdan 

geniş istifadə edirdilər. Bu yazı sisteminin yaradıcısı şumerlər idi. 

Mixi yazılar müəyyən dəyişiklik ilə qonşu xalqlar, o cümlədən 

akkadlar, elamlar, hürrilər, urartlar, farslar və başqaları tərəfindən 

mənimsənilmiş, təsərrüfat və salnamə  mətnlərinin tərtib 

edilməsində istifadə olunmuşdur.  Şumer mixi yazıları akkadlılar 

tərəfindən təkmilləşdirilmişdi. Şumer-Akkad mixi işarələrinin sayı 

600-dən çox olmuşdur. Hər işarənin bir neçə hecalı mənası var idi. 

Qonşu xalqlar mixi yazıları öz dillərinə uyğunlaşdırmış, işarələrin 

sayını azaltmışdılar. 




______________Milli Kitabxana_____________ 

 

9



Şərq tarixinin son dövründə  ən geniş yazı sistemi arami 

yazısı olmuşdu. Arami dili Şərqdə beynəlxalq dilə çevrilmişdi. 

Coğrafi baxımdan qədim Yunanıstan və Roma qərbdə, 

Avropa qitəsində yerləşirdi. Bunlardan şərqdə  və  cənub-şərqdə 

yerləşən ölkələr müvafiq surətdə Asiya və Afrika qitələrinə 

mənsub idilər. Hələ qədim zamanlarda Yunanıstan və Roma tarixi 

və publisist ədəbiyyatı Asiya əhalisini “Şərq xalqları” və 

“barbarlar”,  ərazisini isə  “Şərq ölkələri” adlandırırdı. “Şərq” 

anlayışı sadəcə olaraq coğrafi məfhum kimi işlədilirdi. Hazırda 

“Qədim Şərq” elmi anlayışı yunanların və romalıların tanış olduğu 

ərazidən daha geniş ölkələri özündə  cəmləşdirir və onlara ilk 

zamanlar məlum olmayan ən qədim dövlətlərin tarixini əhatə edir. 

Antik ölkələr Misir, Aralıq dənizinin şərq sahili, Anadolu (Kiçik 

Asiya), Ön Qafqaz, İkiçayarası (Mesopotamiya), Orta Asiyanın 

cənub və  qərbi, Hindistan ilə az-çox tanış idilər. Bəzi qədim 

Yunanıstan və Roma tarixçiləri adı  çəkilən ölkələrin tarixi, 

əhalisinin adət-ənənələri, mədəniyyəti və incəsənəti barədə 

müəyyən məlumatlar saxlamışlar. Lakin Çin və digər Uzaq Şərq 

ölkələri haqqında onların heç bir təsəvvürü olmamışdır.  

Bəşər tarixində Misir, Finikiya, Suriya, Fələstin, Het, 

Urartu, Mesopotamiyada - Şumer, Akkad, Babilistan, Assuriya, 

İranda-Aratta, Kuti, Lullubi, Elam, Manna, Midiya, Mada, 

Haxamaniş, Parfiya, Atropatena, Ön Qafqazda - Albaniya, 

İberiya, Orta və Uzaq Şərqdə - Hindistan, Koreya, Vyetnam, 

Yaponiya və  İndoneziya kimi ilk dövlətlər bu dövr ərzində 

meydana gəlmiş, sonra süquta uğramışlar. 

Qədim  Şərq ilk elmi biliklərin vətəni olmuşdur. Antik 

ölkələr qədim  Şərq mədəniyyətinin müəyyən təsirinə  məruz 

qalmışdı. 

İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü 

əhatə edir. Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində ilk 

dəfə insan əmələ  gəlmiş  və insan cəmiyyəti təşəkkül tapmağa 

başlamışdır.  İbtidai icma quruluşunun tarixi insanın heyvanlar 

aləmindən ayrılması ilə başlanır. Müasir insana yaxın olan ən 

qədim insan tipi “Cənub meymunları” (Avstralopitek) olmuşdur. 

Bu insan tipinə aid qalıqlar Afrikada (Keniya və Tanzaniyada) 




Yüklə 2,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə