Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

– Ah, Cim, nə olar, çox da ciddi olma! Sən lap o axmaq melodramların 
qəhrəmanlarına oxşayırsan; anamız da həmin tamaşalarda oynamağı xoşlayır. 
Lakin mən səninlə mübahisəyə girmək istəmirəm. Axı mən indicə onu gördüm! 
Onu görmək bilirsən nə deməkdir?! Xoşbəxtlikdir, xoşbəxtlik! Ah! Gəl mübahisə 
etməyək! Bilirəm, sən heç vaxt mənim sevdiyim adama xətər yetirməzsən, eləmi, 
Cim? 
– Nə qədər ki sən onu sevirsən, əlbəttə yox! – oğlan sərt cavab verdi. 
– Mən onu həmişə sevəcəyəm! – qız ucadan bildirdi. 
– Bəs o? 
– O da məni həmişə sevəcək! 
– Nə olar! Hünəri var sənə xəyanət etsin! 
Qız qardaşından aralandı. Lakin sonra güldü və qardaşının əlindən tutdu. Cim, 
doğrudan da, onun gözlərində hələ də uşaq, yeniyetmə bir sütül idi.  Mərmər 
Alaqapıya çatanda omnibusa mindilər; araba onları yaşadıqları miskin məhəlləyə, 
Eston küçəsindəki evlərinə gətirdi. Saat altıya işləmişdi və Sibilin tamaşadan 
əvvəl hələ iki saat istirahət eləmək üçün vaxtı vardı. Cim təkidlə dedi ki, qoy Sibil 
uzanıb istirahət etsin və əlavə etdi ki, qardaşı gəlib bacısının otağında onunla 
vidalaşacaq. O istəmir bu vidalaşmanı anası görsün, çünki anası mütləq bir 
ağlamalı səhnə göstərəcək; o isə belə səhnələri görmək istəmir.  
Bacı-qardaş Sibilin otağında görüşüb-ayrıldılar. Ceymsin qəlbində qısqanclıq 
qaynayırdı və ona elə gəlirdi ki, nifrət bəslədiyi həmin o yad adam qardaşla 
bacının arasında durub. Bununla belə, Sibil qardaşının boynuna sarılıb onu 
qucaqlayanda və barmaqlarını onun saçlarında gəzdirəndə  oğlan yumşaldı və 
bacısını səmimi zərifliklə öpdü. Cim pilləkənlərlə aşağı enəndə gözləri yaşla 
dolmuşdu. Anası aşağıda gözləyirdi. Ana gecikdiyinə görə oğlunu danladı. Cim 
susdu, oturub kasıb xörəyini yeməyə başladı. Stolun ətrafında milçəklər gah 
vızıldayır, gah da çirkli örtüyün üstünə qonub nəsə axtarırdılar. Omnibus və küçə 
faytonlarının təkər səsləri altında Cim usandırıcı deyingən sözlərə qulaq asırdı və 
bu sözlər evdəki son dəqiqələrini zəhərləyirdi. 
Bir azdan o, boşqabını itələdi və başını əlləri arasına aldı. Ceyms düşünürdü ki, 
onun ailə məsələlərini bilmək hüququ var. Gərək əvvəlcədən ona deyəydilər; əgər 
onun şübhələri doğrudursa, gərək bunu anası ona qabaqcadan deyəydi. Qorxudan 
büzüşmüş anası oğluna baxırdı. Sözlər qeyri-ixtiyari onun ağzından çıxırdı. 
Əlində krujevalı çirkli burun dəsmalını bürmələmişdi. Saat altını vuranda Cim 
durub qapıya doğru yeridi. Amma qapı ağzında dönüb anasına boylandı. Onların 
baxışları toqquşdu. Oğlan ananın baxışlarından aman üçün dəli bir yalvarış 
oxudu. Elə bil, odun üstünə yağ tökdülər.  
– Ana, sənə bir sual vermək istəyirəm, – Cim dedi. Ana susurdu, qadının gözləri 
ora-bura qaçırdı. – Mənə doğrusunu söylə, mən bunu bilməliyəm: sən mənim 
atamla rəsmi nikahda olmusan? 


Missis Veyn dərindən ah çəkdi. Sanki, yüngülləşdi. O, bu dəqiqəni, bu ağır 
dəqiqəni gecə-gündüz gözləmişdi, həftələrlə, aylarla həyəcanla gözləmişdi
nəhayət, bu an gəldi. Lakin o qorxmadı; əlbəttə, müəyyən dərəcədə bundan məyus 
oldu. Kobud sualın birbaşa ona tuşlanması dərhal da cavabını tələb edirdi. 
Hazırlıqsız, məşqsiz bir səhnə! Özü də qətiyyət tamaşası! Bu, rabitəsiz, hazırlıqsız 
bir səhnə idi, pis bir məşqi xatırladırdı. 
– Yox! – ana cavab verdi, sonra özü də təəccüb elədi ki, görəsən, doğrudanmı, 
həyatda hər şey bax beləcə sadə və kobuddur. 
– Deməli, o, əclaf olub! – gənc qışqırdı, yumruqlarını düyünlədi. Ana başını 
yellədi. 
– Yox, mən bilirdim ki, o, subay deyil. Lakin biz bir-birimizi möhkəm sevirdik. 
Əgər ölməsəydi, o, bizə baxacaqdı. Onu mühakimə etmə, oğul. O, sənin atan olub 
və centlmen idi. Əlbəttə, o, adlı-sanlı ailədən idi.  
Ceyms söyüş söydü. 
– Mənə nə var?! – qışqırdı, – amma bax sənə deyirəm, Sibillə eyni tarixçə baş 
verməsin! Axı Sibilə vurulan adam, daha doğrusu, özünü onu sevən kimi göstərən 
adam da, gərək ki, adlı-sanlı ailədəndir! 
Missis Veyni bir anlıq alçaldıcı duyğu bürüdü. Qadın utandı, başını aşağı salladı. 
O, titrək əlləri ilə gözlərini ovuşdurdu.  
– Sibilin anası var! – qadın pıçıldadı. – Mənim isə anam yox idi! 
Cim mütəəssir oldu. O, anasına yaxınlaşıb qarşısında diz çökdü və onu öpdü. 
– Bağışla, ana! – oğul dedi. – Atam barədə sorğularımla səni incitdiyimə görə 
bağışla məni! Özümü saxlaya bilmədim! İndi isə, xudahafiz. Mən getməliyəm! 
Unutma ki, indi sənin bir nömrəli vəzifən Sibili qorumaqdır. Mənə inana bilərsən, 
ana: əgər o adam Sibili, mənim bacımı aldatsa, ona zərər yetirsə, mən onu yerin 
deşiyində də olsa, axtarıb taparam və onu öldürərəm; onu it kimi gəbərdərəm! 
And içirəm! 
Bu melodramatik təsirli sözləri müşayiət edən ifrat hədəli coşqunluq və qızğın 
hərəkətlər, əslində, missis Veynin ürəyincə idi, qadın üçün həyatı daha əlvan 
edirdi. Şərait ona tanış idi; indi o, özünü daha yüngül hiss etməyə ürəkləndi; və bu 
neçə ay ərzində ilk dəfə olaraq qadın oğlu ilə fəxr etməyə başladı. Ana bu 
emosional səhnəni davam etdirmək istərdi, lakin oğlu söhbəti kəsdi. Çamadanları 
aşağı daşımaq lazım idi; yun şərfini də axtarıb tapmaq lazım idi. Yaşadıqları 
mənzilin xidmətçisi ora-bura vurnuxurdu. Sonra faytonçu ilə qiymət üstə xeyli 
sövdələşmə oldu... Vaxt getdi, bir yandan da vulqar sözlər, söyüşlər... və bundan 
sonra missis Veyn pəncərə önündə durub oğlunun dalınca çirkli burun dəsmalını 
yellətdi; oğlu faytonda gözdən itdi. Qadın anladı ki, gözəl bir fürsət əldən 
qaçırılıb! Sonradan bir qədər yüngülləşdi, qızına dedi ki, indi onun himayəsində 
bircə nəfər var: Sibil; lakin onun həyatında bundan sonra böyük bir boşluq 


yaranacaq. Bu sözlər Sibili toxtatdı və o, bunları heç vaxt unutmayacağı qənaətinə 
gəldi.  
Ana Ceymsin təhdidləri barədə susdu. Doğrudur, bu təhdid və hədələr çox 
emosional tərzdə və dramatik şəkildə söylənsə də, qadına ləzzət vermişdi; lakin 
yaxşısı budur, onları yada salmasın. Missis Veyn ümid edirdi ki, vaxt gələcək, 
onlar birlikdə, ailəvi bu təhdidlərə güləcəklər.  
 
ALTINCI FƏSİL 
 
– Bazil, təzə xəbəri eşitmisən? – lord Henri həmin gecə Bristol restoranında 
xidmətçinin müşayiəti ilə kiçik bir kabinetə girən Holvarddan soruşdu; burada 
üçnəfərlik yemək sifariş verilmişdi. 
– Yox, Harri, nə xəbərdir elə? – rəssam sualı sualla qarşıladı, palto və şlyapasını 
təzimlə gözləyən xidmətçiyə verib stul çəkdi. – Hər halda, siyasi xəbər deyil? 
Mən siyasətlə maraqlanmıram. Ümumilər Palatasında elə bir adam yoxdur ki, 
mənim fırçama layiq olsun. Düzdür, onlardan çoxunun ağartmaya ehtiyacı var. 
– Dorian Qrey evlənməyə hazırlaşır, – lord Henri dedi və müsahibini sınayıcı 
nəzərlərlə süzdü. 
–  Dorian?! Evlənir? – rəssam səksəkəli halda tutuldu. – Bu mümkün deyil! 
– Bu həqiqətdir. 
– Kiminlə evlənir? 
– Hansısa aktrisa ilə! 
– Mən buna inana bilmirəm! Dorian hələ uşaqdır. 
– Mənim əziz dostum Bazil! Dorian çox ağıllıdır və hətta o qədər ağıllıdır ki, 
vaxtaşırı səhvlər buraxmaqdan da qurtula bilmir. 
– Amma evlənmək o “ağılsız hərəkətlərdən” deyil ki, vaxtaşırı səhv edəsən
Harri! 
– Amerikada belə düşünmürlər, – lord Henri tənbəl-tənbəl etiraz etdi. – Hər halda, 
mən demədim ki, Dorian evlənib. Dedim ki, o, evlənmək istəyir. Bunlar ayrı-ayrı 
şeylərdir; məsələn, mən yaxşı xatırlayıram ki, evlənmişəm, amma evlənməyə 
hazırlaşdığım heç yadıma düşmür və düşünürəm ki, mənim heç əzəldən belə bir 
niyyətim də olmayıb.  
– Sən onun hansı ailədən çıxdığını da düşün bir: Dorian varlıdır; onun yüksək 
dairələrdə mövqeyi var! Belə bir qeyri-bərabər statuslu izdivac, sadəcə, 
ağılsızlıqdır! 
– Onun həmin qızla evlənməsini istəyirsənsə, onda mənə dediyin bu sözləri ona 
da söylə, Bazil! Güman edirəm ki, o, həmin aktrisaya mütləq evlənər! İnsan 
həmişə ən axmaq hərəkətlərini xeyirxah niyyətlə edir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə