Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

qanlı döyüşlər olar, quldurlar zərərsizləşdirilər... Yox, yox, bəlkə də, heç qızıl 
axtarmaq lazım deyil... orada dəhşətli şeylər baş verir, adamlar qızıldan ötrü bir-
birini öldürür, zəhərləyirlər; barlarda atışmalar olur, insanlar bir-birinə pis-pis 
söyüşlər yağdırırlar. Yaxşısı budur, Ceyms dinc bir fermer olsun, qoyunlara 
baxsın; və günlərin bir günü axşam o, at belində evə qayıdanda görər ki, bir qara 
atlı quldur qənşərində gözəl və adlı-sanlı bir qızı qaçırdır; qardaşı da o qulduru 
qovacaq və gözəlçəni xilas edəcək. Əlbəttə, həmin gözəlçə də qardaşına 
vurulacaq, ikisi də bir-birini sevəcək, evlənəcəklər; sonra da Londona qayıdıb 
böyük bir evdə yaşayacaqlar. Bəli, Ceymsi çox maraqlı macəralar gözləyir. Lakin 
o da gərək ağıllı olsun, başını itirməsin, pullarını da hara gəldi xərcləməsin. 
Qız qardaşından bir yaş böyük idi; o, həyat barədə çox şey bilirdi. Qardaşını 
inandırmağa çalışırdı ki, bacısına hər gün məktub yazmalıdır, hər gün! Gecə 
yatmazdan qabaq dua etməlidir, hər gecə! Allah qadir Allahdır, qardaşını hifz 
edər! O da qardaşına dua edəcək! Çox keçməz ki, iki-üç ildən sonra qardaşı geri 
dönər, varlı və xoşbəxt olar! 
Ceyms bacısını sakitcə və qaşqabaqlı dinləyirdi. O, evdən nigaran gedirdi; 
qəlbində ağır bir yük qalmışdı. Onu ağrıdan və darıxdıran təkcə ayrılıq dərdi 
deyildi. Bütün naşılığına baxmayaraq, gənc oğlan ağrılı kədərlə hiss edirdi ki
bacısı Sibili təhlükə gözləyir. Bacısına eşq elan edən, ona hizmət göstərən o 
modabaz adamdan xeyir gəlməyəcək. O, zadəgan idi və elə buna görə də Ceyms 
ona nifrət edirdi; ona düşünmədən nifrət edirdi, sinfi instinkt idi nə idi, heç özü də 
bilmirdi bunu, amma ona həqarət hissi qəlbinə hakim kəsilmişdi. Ceyms anasının 
yüngül xasiyyətli və ucuz şöhrətə uyan bir qadın olduğunu bilərək fəhmlə 
duyurdu ki, bu işdən Sibil və onun xoşbəxtliyinə qorxunc təhlükə gələcək. Uşaq 
olanda biz valideynlərimizi sevirik. Böyüyəndə isə onları mühakimə edirik; biz 
onları nadir hallarda bağışlayırıq.  
Bəs Ceymsin anası? Çoxdan idi o, anasına bir sual vermək istəyirdi; bu sual ona 
neçə ay idi  əzab verirdi. Teatrda eşitdiyi təsadüfi bir söz onun beynini qızdırdı; 
bir dəfə axşam o, səhnənin arxa qapısı ağzında anasını gözləyirdi, pərdə 
arxasından istehzalı pıçıltılar eşitdi. Bunu xatırlayanda indi də özünə gələ bilmir, 
elə bil, üzünə şillə vururlar. O, qaşlarını çatdı; qaşları arasında dərin qırışlar 
yarandı. Üz-gözünü turşudub alt dodağını çeynədi. 
– Cim, sən, deyəsən, heç mənə qulaq asmırsan?! – birdən Sibil ucadan söyləndi. – 
Mən də burada ağzımı yorub sənin üçün gözəl gələcək planları düzüb-qoşuram. 
Bir şey desənə! 
– Nə deyim axı? 
– Heç olmasa, de ki, sən yaxşı oğlan olub bizi unutmayacaqsan, – qız gülümsədi. 
Oğlan çiyinlərini dartıb dedi: 
– Sibil, belə görürəm ki, sən məni unudacaqsan, mən səni yox! 
Sibil qızardı. 


– Nə üçün belə fikirləşirsən? 
– Deyirlər ki, sənin təzə bir tanış oğlanın peyda olub. O kimdir? Nə üçün sən 
onun barəsində mənə bir kəlmə belə deməmisən? Bu tanışlıq xeyir gətirməyəcək. 
– Bəsdir, Cim! – qız qışqırdı. – Onun barəsində pis danışma. Mən onu sevirəm. 
– Sən heç onun adını da bilmirsən! – Ceyms dedi. – O kimdir? Mənim bunu 
bilməyə haqqım var. 
– Adı “Gözəl şahzadə”dir. Nədir, xoşuna gəlmir? Ah! Sən lap səfehsən! Sən bu 
adı yadda saxlamalısan! Sən onu bircə dəfə görsən, deyərsən ki, yer üzündə ondan 
qəşəngi yoxdur! Avstraliyadan qayıdandan sonra onunla tanış olarsan, onda çox 
xoşuna gələcək! Onu hamı sevir və mən... də... mən də onu sevirəm! Kaş bu 
axşam sən teatra gələ biləydin! O da gələcək! Mən Cülyettanı oynayacağam. Ah! 
Mən rolumu necə oynayacağam, bilmirəm?! Təsəvvür et, Cim, vurulasan, özün də 
Cülyettanı oynayasan! Özü də sevdiyin adamın qabağında oynayasan! Onun üçün 
oynayasan! Hətta qorxuram oynaya bilməyəm; ya tamaşaçıları ürküdəcəyəm, ya 
da heyrətə gətirəcəyəm! Məhəbbət insanı ucaldır, özündən də yüksəklərə qaldırır! 
O miskin ifrit – mister İsaakı deyirəm – yenə barda içib keflənəcək, öz butulka 
dostlarına deyəcək ki, mən dahiyəm! O, mənə inanır və bu gün mənim üçün dua 
edəcək! Mən bunu duyuram! Bunu o edib – mənim gözəl şahzadəm edib! Mənim 
gözəl, qəşəng, füsunkar məhəbbətim edib! Gözəllik Allahı! Mən onun yanında 
gözəllikdə heç nəyəm! Heyhat! Bu nə deməkdir?  Deyirlər, kasıblıq sürünə-
sürünə qapıdan içəri girəndə, məhəbbət uça-uça pəncərədən çıxır. Bizim ataların 
məsəlini dəyişdirmək lazımdır. Atalarımız onu qışda deyib, indi isə yaydır... 
Mənim üçün isə yazdır, əməlli-başlı bayramdır, mavi səma altında gül bayramı. 
– O, adlı-sanlı adamdır, – Ceyms kədərlə dilləndi. 
– O şahzadədir! – qız coşdu. – Sənə daha nə lazımdır? 
– O, səni özünə qul etmək istəyir. 
– Mənsə azadlıq barədə düşünürəm. 
– İstəyirəm ki, ondan özünü gözləyəsən! 
– Onu kim görürsə, ona dua oxuyur; kim tanıyırsa, ona inanır. 
– Sibil, görürəm, sən onun eşqindən dəli olmusan! 
Sibil şaqqanaq çəkib güldü və qardaşının əlindən tutub dedi: 
– Cim, əzizim, sən lap yüz ilin qocası kimi danışırsan. Bir vaxt gələr, sən də 
sevərsən. Onda bilərsən məhəbbət nə olan şeydir. Acığın tutmasın! Sən gərək 
sevinəsən ki, məni beləcə məmnun halda görürsən; dərd-sərin olmayacaq, çünki 
mən heç vaxt belə bəxtiyar olmamışam! Bizim həyatımız çox ağır keçib, özün 
bilirsən; hətta dəhşətli günlərimiz olub! İndi isə hər şey başqa cür olacaq! Sən 
gedirsən ki, yeni dünyanı görəsən; mən isə yeni dünyanı, yeni həyatı burada 
tapmışam... Gəl orada oturaq, o skamyada; ötüb-keçən yaraşıqlı adamlara tamaşa 
edək. 


Bacı-qardaş oturub dincələn adamların arasında yerlərini tutdular. Küçə boyu gül 
ləklərində zanbaqlar alovun dili kimi alışıb-yanırdı. Havadan bəyaz toz 
sallanmışdı, elə bil, ətirli kirşan buludları burulurdu. İri bəzəkli kəpənəklər 
uçuşur, açan çiçəklərin çətirlərinin başına dolanırdılar. 
Qız qardaşını inadla sorğu-suala tutmuşdu; istəyirdi ki, qardaşı öz gələcək 
planları, arzuları barədə danışsın. Ceyms könülsüz və aramla danışırdı. Onlar 
arasında söz mübadiləsi, sanki, iki şahmatçı arasında oyun gedişlərini xatırladırdı. 
Sibil qardaşını öz sevincinə şərik edə bilmədiyi üçün əzab çəkirdi. Qızın 
Ceymsdən aldığı yeganə cavab oğlanın kədərli üzündə oyanan xəfif təbəssüm idi. 
Bir qədər sonra qız susdu, daha danışmadı. Birdən Sibil qarşısında ona tanış olan 
qızılı saçlar, gülümsər dodaqlar gördü; açıq faytonda Dorian Qrey iki xanımla 
yanaşı ötüb-keçdi. 
Sibil yerindən dik atılıb qışqırdı: 
– Odur! 
– Kim? – Cim soruşdu. 
– Gözəl şahzadə! – Sibil baxışları ilə faytonun dalınca baxdı. Cim də yerindən 
qalxdı və bacısının əllərini bərk-bərk sıxdı. 
– Hanı? Hansıdır? Göstər mənə! Mən onu görməliyəm! – Cim qışqırdı; lakin bu 
vaxt hersoq Bervikin dördtəkərli faytonu araya girdi və o, ötüb-keçəndən sonra isə 
Dorianın faytonu artıq parkdan uzaqlaşmışdı. 
– Getdi! – qız kədərlə pıçıldadı, – heyif, sən onu görə bilmədin! 
– Hə, çox heyif! Amma Allaha and olsun, əgər o, səni aldatsa, ya səni incitsə, 
harada olsa, onu tapıb öldürəcəyəm. 
Qız qardaşına təşvişlə baxdı. Ceyms sözlərini yenidən təkrar etdi. Onun sözləri 
havada xəncər kimi vıyıldadı; adamlar təəccüblə Ceymsə baxmağa başladı. 
Yaxında oturan xanım istehza ilə gülümsədi. 
– Gedək buradan, Cim! Dur gedək! – Sibil pıçıldadı. Qız izdihamı aralaya-aralaya 
gedir, Cim də ürəyini boşaltmış və bir qədər yüngülləşmiş adam kimi bacısının 
arxasınca addımlayırdı. 
Onlar Axillesin heykəlinə çatanda qız arxaya baxdı. Qardaşını təəssüf hissi ilə 
sezib başını buladı və dodaqları aralandı. Dedi: 
– Sən dəlisən-nəsən, Cim! Vallah, sənin başın xarab olub! Belə dəhşətli sözləri 
necə dilinə gətirirsən?! Uşaqsan? Sən heç nə danışdığını bilirsən? Sən, sadəcə, 
qısqanırsan və buna görə də ona qarşı ədalətsizlik edirsən! Ah! Kaş sən də 
məhəbbətə mübtəla olaydın! Onda bilərdin ki, məhəbbət insanı xeyirxah, 
mərhəmətli edir; sənin söylədiklərin pis sözlərdir, çox pis! 
– Mən uşaq deyiləm artıq, on altı yaşım var! – Cim cavab verdi. – Və bilirəm nə 
danışıram. Anamız sənə kömək edə bilməz. O heç bilmir ki, səni necə qorusun. 
Çox heyif! Mən Avstraliyaya gedirəm. Əgər müqavilə bağlamasaydım, heç 
getməzdim də, qalardım sənin yanında. Cəhənnəm olsun Avstraliya! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə