Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

götürdü, özünə baxdı. Axı onun dodaqlarında portretdəki kimi büküşlər yoxdur! 
Bu, nə olan şeydir? 
Dorian gözlərini ovuşdurdu; portretə daha da yaxın gəldi, yenə diqqətlə şəklə 
baxmağa başladı. Şübhəsiz, rənglər yerindəydi, şəklin ora-burasını da düzəldib-
eləməmişdilər. Lakin üz cizgiləri açıq-aşkar dəyişmişdi. Bu, onun əksi deyildi! 
Onun portreti qorxunc şəkildə dəyişmişdi! 
Dorian kresloya oturub fikrə getdi. Birdən yadına düşdü ki, portret hazır olan gün 
Bazil Holvardın studiyasında o nələri söyləmişdi. Bəli, o, çox gözəl xatırladı: o 
vaxt Dorian demişdi ki, çox istəyir özü yox, portret qocalsın; o özü əbədi gənc 
qalmaq istəyir. Qoy onun gözəlliyi itib getməsin, saralıb-solmasın; əvəzində 
bütün ağrı-acılar, həzz və iztirablar, günahlar portretin sifətində əks olunsun! Bəli, 
o, bunu istəmişdi, bunu arzulamışdı! İstəmişdi ki, həyatının bütün iztirab və ağrı 
izləri yalnız kətan parça üzərində görünsün; Dorian özü isə üzündə ilk dəfə dərk 
etdiyi gənclik çağının əbədi təravətini, sevinc və fərəhini, zərif əlvanlığını 
qoruyub saxlaya bilsin. Görəsən, doğrudanmı, onun istəkləri çin olub? Belə şeylər 
qeyri-mümkündür! Hətta bu barədə düşünmək belə adama dəhşətli gəlir! Bununla 
belə, onun qarşısındakı portretdə dodaqlarının qəddar büküşləri əmələ gəlib, o, 
bunu görür! 
Amansızlıq! Məgər o, amansızlıq edib? Günahkar qızın özü deyilmi? Onun nə 
günahı var ki? O, Sibili böyük aktrisa kimi görürdü və buna görə də ona 
vurulmuşdu. Qız onun ümidlərini puça çıxartdı, onu peşman etdi. Qız onun 
sevgisinə layiq olmayan dəyərsiz bir adam oldu! Lakin Dorian bu dəqiqələrdə 
qızın onun ayaqlarına düşüb uşaq kimi ağladığını, ona yalvardığını xatırladı; 
yadına düşdü ki, o, Dorian, çox sərt bir qəddarlıq göstərdi, qızı laqeydliklə seyr 
etdi. Görəsən, nə üçün belə etdi? Axı niyə onun ürəyi birdən-birə daşa döndü? 
Axı o da əzab çəkmişdi?! Tamaşa vaxtı, o dəhşətli üç saatı kim yaşamışdı? 
Dorian! O ağrılı və iztirablı saatlar ona bir əsr kimi görünmüşdü; o, bu əzabları 
yaşamışdı! Axı hər halda, onun həyatı da qızın həyatı kimi qiymətlidir, dəyərlidir! 
O, Sibilə əbədi yara vurdu, axı qız da Dorianı saatlarla incitmiş, onu peşman 
etmişdi! Qadınlar kişilərə nisbətən dərdi, ağrı-acını yüngül keçirirlər; onlar 
yaranışdan belədir! Qadınlar yalnız hisslərlə yaşayır, emosiyalara üstünlük 
verirlər! Qadınlar öz məşuqlarını da ona görə əldə saxlayırlar ki, öz emosiyalarını 
onların üstünə tökə bilsinlər. Bunu lord Henri demişdi ona; lord Henri, görünür, 
qadınları yaxşı tanıyır. Bəs Sibil Veyn nə üçün onu bu qədər narahat edir, hə? O 
qız Dorian üçün daha heç kmdir, heç kim! 
Bəs bu portret necə olsun? Bu nə məsələdir belə? Bu portret onun həyatının 
gizlinlərini özündə saxlayır; bu portret onun taleyidir. Portret ona sevməyi 
öyrətmişdi – öz gözəlliyinə vurulmağı anlatmışdı. Doğrudanmı, bu portret ona 
özünə, öz gözəlliyinə, qəlbinə nifrət bəsləməyi də öyrədəcək? Bu kətan parçadakı 
o portretə Dorian bundan sonra necə baxacaq, hə? 


Yox! Bu, olsa-olsa, qəlb çırpıntılarının törətdiyi aldadıcı hisslərdir! O, dəhşətli bir 
gecə yaşamışdı! Onun beynində qəflətən sirli qırmızı ləkə yaranmışdı – bu, adamı 
dəli edər! Şəkil heç dəyişməmişdi! Bu barədə düşünmək, sadəcə, dəlilik 
əlamətidir! 
Lakin portretdəki adam şəkli ona istehzayla baxırdı; şəklin füsunkar üzünə qəddar 
təbəssüm qonmuşdu. Onun qızılı saçlarını səhər günəşinin şəfəqləri yalayırdı. 
Mavi gözləri canlı Dorianın baxışları ilə toqquşdu. Dorianın qəlbində hədsiz 
mərhəmət oyandı; bu şəfqət özünə qarşı deyildi, portretdəki əksinə qarşı idi! 
Portretdəki adam dəyişmişdi və görünür, bundan sonra daha çox dəyişəcəkdi! 
Onun qızılı qıvrım saçları bozarıb çallaşacaq. Qırmızı və ağ qızılgüllər saralıb-
solacaq. Dorianın işlətdiyi hər bir günah bir ləkə kimi portretin üzünə vurulacaq 
və onun portret gözəlliyi beləcə korlanıb məhv olacaq... 
Lakin o, bir daha günah işlətməyəcək! Portret dəyişsin, ya heç dəyişməsin, dəxli 
yoxdur – bütün hallarda bu portret onun vicdanı olaraq qalacaq! Bu gündən 
etibarən yoldan çıxmayacaq, nəfsini boğacaq! O, bir daha lord Henrini 
görməyəcək! Onunla görüşməyəcək! Hər halda, onun incə zəhər kimi təhlükəli 
nəzəriyyələrinə qulaq asmayacaq! Bazilin bağında Henrini dinləyəndən sonra 
Dorian yoldan çıxdı; onda qeyri-mümkün şeylər üçün ehtiraslı meyillər oyandı. 
Dorian Sibil Veynin yanına qayıtmaq qərarına gəldi; o gedib günahlarını 
yuyacaq! Onunla evlənəcək, Sibili yenidən sevməyə çalışacaq! Bəli, bu, onun 
borcudur! Qız, görünür, ondan daha çox iztirab çəkib. Yazıq qızcığaz! Dorian nə 
qədər axmaq və amansız olub ona qarşı! Onun qıza olan məhəbbəti mütləq 
qayıtmalıdır! Onlar birlikdə xoşbəxt olacaqlar. Onun Sibillə birgə həyatı təmiz və 
gözəl olacaq! 
Dorian yerindən qalxdı; qarşısındakı portretə əsə-əsə bir də baxdı. 
– Necə qorxuncdur, aman Allah! – donquldanaraq pəncərəyə tərəf yeriyib onu 
açdı. 
Dorian yaşıl çəmənli bağçaya çıxdı, dərindən nəfəs alaraq təmiz sübh havasını 
uddu; bu sübh havası, sanki, başındakı qara-qura fikirləri də çıxarıb atdı; o yalnız 
Sibil barədə düşünməyə başladı. Onun əvvəlki məhəbbətinin məsum əks-sədası 
qəlbinə qayıtdı; Dorian qızın adını çəkdi, qəlbində Sibili təkrar-təkrar səslədi. Şeh 
basmış bağçada civildəşən quşlar gül-çiçəyə, sanki, Sibil barədə nəsə 
oxuyurdular. 
 
SƏKKİZİNCİ  FƏSİL 
 
Dorian yuxudan duranda günortadan xeyli keçmişdi. Xidmətçisi bu müddət 
ərzində bir neçə dəfə ayaqları ucunda onun yataq otağına girmiş, cavan sahibinin 
oyanıb-oyanmadığını yoxlamaq istəmişdi; o, sahibinin bu qədər yatmasına 
təəccüb eləmişdi. Nəhayət, yataq otağından zəng gəldi; Viktor əlində çay sinisi 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə