Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

Gecəyarı, birə qalmış evə qayıdanda lord Henri artırmadakı stolun üstündə bir 
teleqram gördü. Dorian Qrey bildirirdi ki, nişan mərasimi olacaq və o, Sibil 
Veynlə evlənəcək. 
 
BEŞİNCİ FƏSİL 
 
– Anacan, ana, mən necə də bəxtəvərəm! – qız üzünü yorğun, sifəti solmuş 
qadının dizlərinə qoyub pıçıldadı; qadın miskin və səliqəsiz qonaq otağındakı 
yeganə kresloda arxası işığa tərəf oturmuşdu. – Ah, mən necə də xoşbəxtəm, ana! 
– Sibil təkrar etdi, – sən də buna sevinməlisən! 
 
Missis Veyn həyəcan içində solmuş nazik əllərini qızının başına qoyub dedi: 
– Necə, nə dedin? Sevinmək?  Sibil, əzizim, mən yalnız səni səhnədə oynayan 
görəndə xoşbəxt oluram. Sən səhnədən başqa heç nə barədə düşünməməlisən! 
Mister İsaak bizə çox yaxşılıq edib və biz ona hələ pul da borcluyuq. 
Qız başını qaldırdı və üz-gözünü turşutdu. 
– Pul? Nə pul? – ucadan səsləndi. – Eh, ana, ana! Axı pul boş şeydir! Məhəbbət 
puldan daha qiymətlidir.  
– Mister İsaak qabaqcadan bizə avans vermişdi, əlli funt; o, bu pulu bizə 
borclarımızı ödəmək, Ceymsin yır-yığış edib gəlməsi üçün vermişdi. Yadından 
çıxıb? Sibil, əlli funt böyük məbləğdir. Mister İsaak da bizə qarşı çox 
diqqətcildir… 
– Ana, o axı centlmen deyil! Gör mənimlə nə cür danışır?! Mən ona nifrət edirəm! 
– qız qalxıb pəncərəyə sarı getdi. 
– Bilmirəm o olmasaydı, biz nə cür dolanardıq?! – yaşlı qadın donquldanaraq 
etirazını bildirdi. 
Sibil Veyn başını döndərib güldü. 
– Bundan sonra bizim ona ehtiyacımız yoxdur, ana! İndi bizim həyatımızda 
“Gözəl şahzadə” var – o, bizi idarə edir. 
Qız birdən susdu. Sanki, sifəti qan rəngində oldu, yanaqları allandı. Tez-tez nəfəs 
almağa başladı, qönçə dodaqları aralandı: onlar titrəyirdi. Ehtirasın mülayim 
cənub  küləyi əsdi və hətta qızın donunun xırda, nazik büküşləri arasında da hiss 
olundu. Sibil yumşaq səslə dedi: 
– Mən onu sevirəm! 
– Sarsaq uşaq! Ah, sarsaq uşaq! – anası tutuquşu kimi təkrar etdi. Qadın ucuz daş-
qaşlarla bəzənmiş, qıc olmuş barmaqlarını tərpətdi, sözlərinə qəribə bir ahəng 
qatdı. 
Qız yenə güldü. Onun gülüşü pərvazlanıb uçan quş sevincini xatırlatdı. Elə həmin 
sevinclə də gözləri işıq saçdı; və Sibil bir anlıq gözlərini yumdu, sanki, öz sirrini 


gizlətmək istəyirdi. Qız gözlərini yenidən açanda artıq hər yan onun xəyalları ilə  
dumanlanmışdı. 
Sısqa dodaqlı müdriklik nimdaş kreslodan boylanıb onunla danışırdı; o, qıza 
ağıllı-kamallı və ehtiyatlı olmaq moizəsini oxuyur, qorxaqlıq kitabından ibrətamiz 
sözlər gətirərək özünü sağlam düşüncə kimi qələmə verirdi. Sibil qulaq asmırdı. 
O, sevginin könüllü əsiri olmuşdu, bu dəqiqələrdə o, yalqız deyildi, “Gözəl 
şahzadə”si ilə birlikdəydi. Qız xəyalında onun obrazını canlandırmışdı, onu 
çağırırdı; qız qəlbini oğlanı axtarmağa göndərmişdi və qəlbi də oğlanı tutub 
gətirmişdi qızın yanına. Oğlanın öpüşləri hələ də qızın dodaqlarını alovlandırır, 
yanaqları nəfəsini isidirdi. Bununla belə, ağıl-kamal öz taktikasını dəyişdi və 
yoxlamanın, arayış toplamağın gərəkli olduğunu söylədi... Ola bilsin ki, bu cavan 
oğlan varlıdır. Əgər həqiqətən belədirsə, onda izdivac barədə düşünmək olar... 
Lakin Sibilin qulaqlarında məişət bicliklərinin dalğaları sınır, hiylə oxları yan 
keçirdi. Qız yalnız incə dodaqların titrəyişini görür və gülümsəyirdi. 
 
Birdən nəsə demək istədi, danışmaq ehtiyacı duydu. Dolğun sükut qızı 
incitdi və o çığırdı: 
– Ana, ay ana! Axı o, məni nə üçün belə çox sevir? Mən bilirəm onu nə üçün 
sevdiyimi! O çox füsunkardır, sevginin özü kimi gözəldir! Amma... bəs o, məndə 
nə görüb belə? Axı mən ona layiq deyiləm?! Hər halda, bilmirəm nə üçün? Mən 
ona layiq olmasam da, bundan utanmıram da... Mən öz məhəbbətimlə qürur 
duyuram! Mənim sevgim necə də vüqarlıdır! Ana, sən də mənim kimi sevmisən? 
De görüm, sən də mi  atamı mənim “Gözəl şahzadə”mi sevdiyim kimi sevmisən? 
Yaşlı qadının ucuz kirşanın qalın qatları altından görünən üzü ağarmış, quru 
dodaqları ağrıdan bürüşmüşdü. Sibil özünü anasının üstünə atdı, onu qucaqlayıb 
öpməyə başladı. 
– Ana, məni bağışla, – pıçıldadı, – Bilirəm, atamı xatırlamaq sənə ağır gəlir. 
Çünki sən onu qızğın məhəbbətlə sevirdin. Xahiş edirəm, belə kədərli durma! Bu 
gün mən xoşbəxtəm! Sən də bax iyirmi il əvvəl beləcə xoşbəxt idin! Ana, mənim 
xoşbəxtliyimə mane olma! Qoy mənim xoşbəxtliyim uzunömürlü olsun! 
– Qızım, sən hələ uşaqsan! Sevmək üçün hələ çox cavansan. Bundan başqa, sən o 
cavan oğlan barədə heç nə bilmirsən. Hətta onun adını belə bilmirsən. Bütün 
bunlar son dərəcə xoşagələn deyil. Belə bir vaxtda Ceyms də Avstraliyaya gedir 
və mənim də qayğılarım artır... Buna görə də gərək bir qədər nəzərə alasan 
bunları. Hər halda, dediyim kimi, əgər o oğlan varlı olsa... 
– Ah! Ana, xahiş edirəm, mənə mane olma! Mən xoşbəxt olmaq istəyirəm! 
Missis Veyn gözlərini Sibilə zillədi, sonra teatr səhnəsində nümayiş etdirdiyi 
yalançı aktyor hərəkətləriylə qızını qucaqlayıb bağrına basdı. Bu vaxt qapı 
aralandı və içəri iribədənli, bir qədər də biçimsiz gənc girdi; pırtlaşıq qara saçları, 
yekə əl-ayağı vardı. Onda zəriflik deyilən heç bir əlamət yox idi, bacısı ilə onun 


arasında yerlə göy qədər fərq vardı. Onların belə doğma bacı-qardaş olmasına 
adamın inanmağı gəlmirdi. 
Missis Veyn oğluna tərəf döndü, üzünün qırışığı açıldı, gülümsədi. Bu anlarda 
oğul tamaşaçı rolunu oynayırdı və qadın hiss etdi ki, onlar – ana və qızı maraqlı 
bir səhnə göstərirlər.  
– Sibil, öpüşlərdən mənə saxla, anamı mən də öpmək istəyirəm axı...  – oğlan 
zarafatla köks ötürdü. 
– Cim, sən ki öpüşməyi sevmirsən! – qız uca səslə dilləndi. – Sən qoca ayı kimi 
bir şeysən! 
Sibil yerindən qalxıb qardaşının boynuna sarıldı. Ceyms Veyn bacısını zərif 
baxışlarla süzüb dedi: 
– Sibil, yola çıxmazdan əvvəl gedək bir az gəzək. Yəqin, mən bir daha bu murdar 
Londona qayıtmayacağam və buna təəssüf də etmirəm. 
– Belə demə, oğlum, – missis Veyn donquldandı, – pis-pis sözlər danışma! – ana 
ah çəkdi, sonra hansısa səhnə paltarını çıxarıb başladı onu yamamağa. Qadın bir 
qədər narazı görünürdü; onun oğlu Ceyms bir az əvvəlki təsirli səhnədə iştirak 
etməmişdi, etsəydi, yəqin ki, o səhnə daha effektli olardı. 
– Ana, qoy danışsın da! Məgər düz demir? – qız söyləndi. 
– Oğlum, sən mənim ovqatımı təlx edirsən. Ümid edirəm ki, Avstraliyadan 
imkanlı adam kimi qayıdacaqsan. Müstəmləkələrdə yaxşı cəmiyyət tapa 
bilməzsən. Orada mötəbər cəmiyyət deyilən bir şey heç əzəldən də olmayıb... 
Buna görə də tüklənən kimi qayıt gəl evimizə, Londonda yurd sal, işə düzəl... 
– “Yaxşı cəmiyyət”! Yaxşı cəmiyyətə bax bir! – Ceyms mızıldandı. – Gözüm 
aydın! Mənə çox da lazımdır? Pul qazanım e, əsas budur! Pul qazanım ki, sən də, 
Sibil də teatrdan gedə biləsiniz! Mən səhnəyə nifrət edirəm! 
– Eeeeee.... Cim, bəsdir də! Çox danışırsan! – Sibil gülərək dedi. – Bəs deyirdin 
mənimlə gəzməyə çıxacaqsan? Pis olmazdı! Mən elə bilirdim sən dostlarınla 
vidalaşmağa getmək istəyirsən... Tom Hardiylə, bu lənətə gəlmiş trubkanı sənə 
bağışlayan o dostunla vidalaşmağa... Yox? Bəlkə, o Ned Lanqtonla, trubka 
çəkməyinə gülən o dostunla görüşəcəksən, hə? Yolqabağı mənimlə gəzməyə 
çıxmağın nə yaxşı olar! Hara gedək? Gəl parka gedək, yaxşı? 
– Yox, əynim pisdir, – Ceyms narazı halda etiraz etdi. – Parka yalnız imkanlı 
adamlar gedir. 
– Cim, fikir vermə! – qız qardaşının nimdaş paltosunun ətəklərini sığallayaraq 
pıçıldadı. Oğlan bir anlıq tərəddüd etdi. Nəhayət: 
– Yaxşı, gedək, – dedi. – Amma tez geyin. 
Sibil yüyürə-yüyürə sevincək yuxarı qalxdı və öz-özünə oxumağa başladı; onun 
balaca ayaqları yuxarı otağın döşəməsinə dəyir, oradan zərif tappıltılar eşidilirdi. 
Ceyms aşağıda var-gəl edirdi. Sonra kresloda hərəkətsiz oturmuş anasına tərəf 
dönüb soruşdu: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə