Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə34/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   30   31   32   33   34   35   36   37   ...   71

inandırmağa çalışırdı ki, mən onun həyatını korlamışam. Qeyd etməliyəm ki, o, 
naharda öküz kimi yeyirdi və mən bundan heç də təəccüblənmədim. Amma baxın 
görün necə bir ədəbsizlikdir bu! O qadında zövq deyilən şey yox idi! Görürsünüz
keçmişin bütün gözəlliyi ondadır ki, o, keçmişdir! Qadınlar isə heç vaxt görmürlər 
ki, pərdələr artıq endirilib. Onlar həmişə altıncı hissəni gözləyir, tamaşa 
qurtardıqdan sonra da onun davamını istəyirlər; hətta tamaşaya maraq öləndə belə 
qadınlara elə gəlir ki, ardı olacaq. Əgər onlara imkan versən, hər bir komediya 
faciə ilə bitər və əksinə, hər faciənin də axırı komik olar. Həyatda qadınlar gözəl 
aktrisadırlar, lakin onların heç bir artistlik duyumu yoxdur. Dorian, siz məndən  
daha çox xoşbəxtsiniz; sizi inandırıram ki, mənim yaxın olduğum heç bir qadın 
mənə görə özünü öldürməzdi; amma Sibil Veyn sizə görə özünə qəsd etdi. Adi 
qadınlar hər zaman təskinlik tapırlar. Onlardan bəziləri sentimental xarakterlidir. 
Yaşına uyğun olmayan paltar, yəni mauve1 geyən, yaxud otuz beş yaşında 
çəhrayı lentləri sevən qadınlara heç vaxt inanmayın. Bu, o deməkdir ki, həmin 
qadınların keçmişi var. Bəzi qadınlar isə qəflətən öz qanuni ərlərində min cür 
müsbət keyfiyyət tapırlar və bu da onlara böyük təsəlli verir. Onlar özlərini elə 
göstərirlər ki, guya, onların xoşbəxt nikahı var, guya, bu nikah dünyada 
günahların ən yaxşısıdır. Bəziləri təsəllini dində tapır. Dinin sirləri onlar üçün ən 
gözəl eşqbazlıqdır; mənə bu barədə bir qadın danışdı və mən özüm də buna 
inanıram. Bundan başqa, zinakar qadına zinakar desən, qəbul etməz, lovğa və 
şöhrətpərəst desən, daha məmnun olar. Bizim hamımızı vicdan xudbin edir... Bəli, 
bəli, bizim zəmanədə qadınların təsəlli tapdığı şeylərin sayı-hesabı yoxdur. Mən 
hələ ən vacibini demədim... 
– Nəyi demədiniz, Harri? – Dorian dalğın halda soruşdu. 
– Ohhh... qadınlar üçün ən vacib təsəlli budur: öz məşuqlarını itirəndən sonra 
özgənin məşuqunu əlindən almaq! Mötəbər cəmiyyətdə bu, həmişə qadına bəraət 
qazandırır. Amma əslində, Dorian, Sibil Veyn o qadınlardan deyildi. O qız bizim 
həyatda rast gəldiyimiz qadınlara bənzəmirdi. Onun ölümündə nəsə heyrətamiz 
bir gözəllik var! Mən şadam ki, belə möcüzələrin baş verdiyi dövrdə yaşayıram. 
Bu hadisələr bizə sevginin var olduğunu, əsl məhəbbətin mövcudluğunu aşılayır. 
Bu hadisələr bizim istehza ilə baxdığımız sevginin, təmiz romantik duyğuların və 
hisslərin real olduğunu göstərir. 
– Mən ona qarşı çox kobud oldum. Siz bunu unudursunuz... 
– Düzünə qalsa, qadınlar kobudluğu, özü də açıq kobudluğu sevirlər. Qadınların 
heyrətamiz güclü ibtidai instinktləri olur. Biz onlara azadlıq vermişik, lakin buna 
baxmayaraq, onlar öz sahiblərini axtaran qul kimi qalıblar. Onlar itaət etməyi 
sevirlər... Mən inanıram ki, siz çox gözəl hərəkət etmisiniz. Mən sizi heç vaxt 
qəzəbli və hirsli görməmişəm; lakin təsəvvürümə gətirirəm ki, siz qəzəbli 
olduğunuz zaman necə maraqlı görünmüsünüz! Nəhayət... siz srağagün gecə 


mənə bir söz dediniz... elə bildim bu, sizin təxəyyülünüzün məhsulunuzdur... İndi 
başa düşürəm ki, siz tamamilə düz deyirmişsiniz... bax belə! 
– Mən nə demişdim, Harri? 
– Siz demişdiniz ki, Sibil Veyn sizin üçün bütün romantik qəhrəmanlar deməkdir; 
o, bir gün Dezdemona olur, bir gün Ofelya və bir gün də Cülyetta... bir də 
görürsən Cülyettadan sonra İmocin kimi səhnəyə çıxır. 
– O, bundan sonra daha səhnəyə çıxmayacaq... – Dorian pıçıldadı və əlləri ilə 
üzünü örtdü. 
– Əlbəttə, o, bir daha geri dönməz. O, öz sonuncu rolunu oynayıb getdi. Qoy o 
qızın miskin qrim otağındakı ölümü, sadəcə, sizə hansısa on yeddinci əsrin faciəvi 
bir tamaşasından, yaxud bir pyesdən qeyri-adi və kədərli bir səhnə təsəvvürü 
bağışlasın; yaxud Vebsterin, Fordun, ya da Siril Turnerin əsərlərindəki bir parçanı 
xatırlatsın. Bu qız, əslində, heç vaxt yaşamayıb və əslində, heç vaxt da ölməyib... 
Sizin üçün, əlbəttə, o qız Şekspirin pyeslərində görünən və onları daha da 
gözəlləşdirən bir yuxu, xəyal idi; o, bir ney idi – Şekspir təranələrini daha da 
zənginləşdirən, ona daha çox həyatsevərlik gətirən bir ney! O məsum qız real 
həyatda rast gəldiyi ilk toqquşmadaca yaralandı və həyatdan getdi. İstəyirsiniz 
Ofelya üçün ağlayın; Kordelianın boğulub öldürülməsinə görə başınıza kül tökün! 
Brabanitionun qızının ölümünə görə də göyləri qarğıyın! Lakin Sibil Veyn üçün 
nahaq yerə göz yaşı axıtmayın! O qız o birilərindən daha az real idi! 
Araya dərin sükut çökdü. Axşam düşmüşdü. Bağçada gümüşayaqlı kölgələr 
səssizcə gəzişirdi. Şeylərin rəngi də yavaş-yavaş solğunlaşırdı. 
Bir azdan Dorian Qrey başını qaldırdı, ah çəkərək dedi: 
– Harri, siz mənə özümü tanımaqda kömək etdiniz. Mən də elə beləcə 
düşünürdüm, amma qorxurdum. Qorxurdum ki, bunu özüm özümə izah edə 
bilməyəm. Siz məni necə yaxşı tanıyırsınız! Gəlin baş verən hadisə barədə bir 
daha danışmayaq! Bu, dəhşətli yaşantı idi, vəssalam! Bilmirəm həyatda mən bir 
daha belə ağlagəlməz şeylə rastlaşacağammı? 
– Sizin həyatınız hələ qabaqdadır, Dorian! Bu cür gözəllik ki sizdə var, sizin üçün 
aşılmaz sədd olmayacaq... 
– Birdən mən əldən düşmüş qoca, sifəti qırışıq basmış bir adam oldum? Onda 
necə olacaq, Harri? 
– Hə, onda... – lord Henri ayağa durdu, getməyə hazırlaşdı, – hə, bax onda, 
Dorian, əzizim, siz gərək hər qələbə üçün mübarizə aparasınız... İndi isə o 
qələbələr özü sizin ayağınıza gəlir. Əlbəttə, siz gərək öz gözəlliyinizi də 
qoruyasınız. O, bizə lazımdır. Bizim zamanda adamlar olduqca çox oxuyurlar; bu 
da onlara müdrik olmaqda maneçilik törədir. Bizim zəmanədə adamlar həm də 
çox düşünürlər, bu da onların gözəlliyinə mane olur. Yəni gözəl olmaq üçün az 
düşünmək lazımdır. Biz sizi qorumalıyıq. İndi isə geyinin, vaxtdır, gedək nahar 
eləyək. Onsuz da, gecikirik. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə