Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   16   17   18   19   20   21   22   23   ...   60
Ekologiya

 Növ strukturu
Biosenozun növ strukturu bir sıra faktorlardan asılı olaraq növlərin müxtəlifliyi və kəmiyyətcə nisbəti 
ilə xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrinin 
çatışmazlığı hesab olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar. Qütb arktik səhralarında və şimal 
tundrada istiliyin son dərəcə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su 
hövzələrində, bir və ya bir neçə mühit faktorunun həyat səviyyəsi üçün orta optimal səviyyədən kənara 
çıxması (sapması) ilə əlaqədar qruplaşmalar olduqca kasatlaşır, belə ki, çox az növlər belə olduqca 
əlverişsiz şəraitə uyğunlaşa bilirlər. Tez-tez fəlakətli təsirlərə (məsələn, çay daşqınları zamanı subasar 
yerlər, bitki örtüyü müntəzəm olaraq məhv edilən sahələr, herbisidlərdən istifadə və digər antropogen 
təsirlər) məruz qalan biosenozlarda növ spektri böyük olmur. Əksinə, həyat üçün abiotik mühit şəraiti 


optimuma yaxınlaşdıqda olduqca zəngin növlərə malik olan qruplaşmalar (biosenozlar) əmələ gəlir. 
Buna tropik meşələri, çoxmüxtəlif orqanizmlərlə zəngin olan mərcan rifləri, arid zonada çay vadilərini 
misal göstərmək olar. Tropik meşələrin biosenozları çox müxtəlif heyvanat aləmi və bitki növlərinə 
malik olub, hətta yan-yana eyni növdən olan ağaclara rast gəlinmir. Biosenozların növ tərkibi, həmçinin 
məskunlaşdığı yerdə yaşama müddətindən, hər biosenozun tarixindən də asılıdır. Təzə formalaşan cavan 
qruplaşmalar çoxdan formalaşan, yetişmiş qruplaşmalara nisbətən az növə malik olur. İnsan tərəfindən 
yaradılan biosenozlar (tarla, bağ, bostan) da analoji şəraitdəki təbii sistemlərə (meşə, bozqır, çəmən) 
nisbətən növlərlə kasat olur. Aqrosenozların kasıb növ tərkibini xüsusi mürəkkəb aqrotexniki tədbirlər 
sistemini (məs. alaqlarla və bitki zərərvericiləri ilə mübarizə) həyata keçirməklə insan özü nizamlayır.
Lakin, hətta ən kasat biosenozlarda da müxtəlif sistematik və ekoloji qruplara aid olan onlarla 
orqanizmlərə rast gəlmək olar. Məs., taxıl zəmisində və ya üzüm bağında taxıl və üzümdən başqa az da 
olsa, alaq otlarına, həşəratlara, zərərvericilərə, yırtıcılara, siçanabənzər gəmiricilərə, onurğasızlara-
torpaq qatı və torpaqüstü orqanizmlərə, rizosferin mikroskopik orqanizmlərinə, patogen göbələklərə və 
s. rast gəlinir. Demək olar ki, bütün yerüstü və əksəriyyət su biosenozlarının tərkibinə həm 
mikroorqanizmlər, həm bitki, həm də heyvan növləri daxil olur. Lakin bəzi şəraitlərdə formalaşan 
biosenozların tərkibində bitki olmur (məs. mağaralarda və su hövzələrinin fotik zonasından aşağıda), 
istisna hallarda isə biosenoz yalnız mikroorqanizmlərdən ibarət olur (məs. su hövzəsinin dibində 
anaerob mühitdə, çürüyən lillərdə, hidrogen-sulfid qaynaqlarında və s.). Biosenozun növ tərkibinin 
mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır. Növlərin ekoloji təsnifatına 
görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və faunaya malik olan biosenozlar formalaşır. 
Növlərin çoxluğunun məskunlaşmaq şəraiti əlverişli sayılan yer, qruplaşmalar arasındakı (sərhədindəki) 
«ekoton» adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə «sərhəd effekti» adlanır. 
Ekoton növlərlə zəngin olur, çünki bura hər iki sərhədyanı qruplaşmalardan növlər daxil olur. Bundan 
başqa ekoton sərhədyanı biosenozlarda rast gəlinməyən özünəməxsus xarakter növlərə də məxsusdur. 
Məs., Böyük Qafqazın cənub yamacında meşənin yuxarı sərhədinin subalp çəməninə keçid zonası orta 
dağ-meşə fıstıq qurşağına nisbətən flora və fauna ilə daha zəngindir. İki qonşu biotoplar bir-birindən nə 
qədər çox fərqlənərsə, onların sərhədlərində şərait bir o qədər müxtəlif və «sərhəd effekti» bir o qədər 
güclü olar. Meşə və ot bitkilərinin, həmçinin su və quru biosenozlarının kontaktında növ zənginliyi 
güclü artır. «Sərhəd effekti» birbirindən kəskin ayrılan təbii zonaların (meşətundra; meşə-bozqır; yüksək 
dağlıq meşəsi – subalp zonası) flora və faunası üçün daha səciyyəvidir. Mühitin müxtəlifliyi həm abiotik 
faktorlarla, həm də canlı orqanizmlərin özləri ilə yaradılır. Hər növ onunla trofik və topik cəhətdən 
əlaqəli digər növlərə biosenozda möhkəmlənmək üçün şərait yaradır. Məsələn, yeni məskən 
mənimsəyən sünbülqıran ora özünün yırtıcılarını cəlb edə bilər, həmçinin 50 növə qədər özünün 
parazitlərini və 100 növə qədər yuvada birgə yaşayan orqanizmləri gətirə bilər. Heyvanlar üçün mühitin 
əlavə müxtəlifliyini bitki örtüyü yaradır. Bitki örtüyü nə qədər güclü inkişaf edərsə, biosenozda bir o 
qədər çoxşaxəli mikroiqlim şəraiti yaranar və o, özündə daha çox növü cəmləşdirər. Başqa sözlə desək, 
biosenozda ekoloji sığınacaq çox olduqca, onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın 
növ müxtəlifliyi artdıqca ekoloji sığınacaq da çoxalır. Bir biosenozun tərkibində eyni ölçülü qrupa aid 
olan növlər sayına görə kəskin seçilir. Onlardan birinə seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu 
üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan yarımsəhrasında yovşan, çətiryarpaqlı 
fıstıq meşəsində çətiryarpaq ot növü. Hər bir qruplaşmada müəyyən ölçü qrupuna aid olan növlər 
üstünlük təşkil edir, məhz onlar arasında olan əlaqələr bütövlükdə biosenozun fəaliyyətini 
müəyyənləşdirir. Sayına görə üstünlük təşkil edən dominant növ, yaxud sadəcə olaraq həmin 
qruplaşmanın (biosenozun) dominantı adlanır. Məsələn, iberiya palıdı meşəsində iberiya palıdı, onun ot 
örtüyündə qırtıc, yaxud cil dominantlıq edir. Biosenozun heyvanat aləmində də dominantlıq edən növlər 
vardır. Dominant növlər qruplaşmanın «növ nüvəsini» təşkil edir. Lakin onların hamısı biosenoza təsir 
göstərmir. Onların arasında elə növlər vardır ki, onlar öz həyat fəaliyyəti ilə biosenoz üçün yüksək 
dərəcədə mühit yaradır və onlarsız digər növlərin mövcudluğu mümkün deyildir. Bu növlər 
qruplaşmanın bütövlüklə mikromühitini (mikroiqlimini) müəyyənləşdirir, ona görə onların aradan 
götürülməsi biosenozun tam parçalanması (məhv olması) təhlükəsini yaradır. Bu növlər edifikatorlar 
(latınca-qurucu) adlanır. Bizim meşələrimizin edifikatorlarından şərq fıstığı, şərq palıdı, iberiya palıdı, 


şabalıdyarpaq palıd, ağyarpaq qovaq növlərini, subalp və alp çəmənlərində qırtıc, topalotu, şehduranı, 
yarımsəhralarda yovşanı, dəvətikanını göstərmək olar. Lakin bəzi hallarda heyvanlar da edifikator ola 
bilər. Məsələn, marmotlar koloniyası məskunlaşan ərazi, onun eşici fəaliyyəti landşaftın xarakterini, 
mikroiqlimini və bitki örtüyünün bitmə şəraitini müəyyənləşdirir. Biosenozun tərkibinə az miqdarda 
dominantlarla yanaşı, adətən çoxlu miqdarda azsaylı və nadir növlər, formalar daxil olur. Azsaylı növlər 
ikinci dərəcəli növlər də adlanır. Biosenozun həyatında nadir və azsaylı növlər olduqca vacib sayıdır. 
Onlar növ zənginliyi yaradır, biosenotik əlaqələrdə müxtəlifliyi yüksəldir və dominantların yerini 
doldurmaq, yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür, yəni bisenozun davamlığını və müxtəlif 
şəraitdə onun fəaliyyətinin etibarlığını artırır. Biosenozda belə «ikinci dərəcəli» növlərin ehtiyatı çox 
olduqca mühitin istənilən dəyişkənliyində onların dominantlıq etmək ehtimalı da artar. Dominantlıq 
edən növlərin sayı ilə biosenozun ümumi növ zənginliyi arasında müəyyən əlaqə mövcuddur. Növlərin 
sayı azadlıqda ayrı-ayrı formaların bolluğu artır. Belə kasıb qruplaşmalarda biosenotik əlaqələr zəifləyir 
və rəqabətetmə qabiliyyəti güclü olan növlər maneəsiz çoxalma imkanı qazanır. Mühit şəraiti spesifik 
olduqca qruplaşmanın növ tərkibi kasatlaşır və ayrı-ayrı növlərin sayı çoxalır. Tundrada lemminqlər və 
ya aqrosenozda ziyanverici həşəratların kütləvi çoxalma «partlayışını» buna misal gətirmək olar. Daha 
zəngin biosenozlarda praktiki olaraq bütün növlərin sayı (miqdarı) az olur. Növ tərkibinin zənginliyi ilə 
fərqlənən tropik meşələrdə eyni cinsdən olan ağacların bir neçəsinin yan-yana bitdiyinə nadir halda rast 
gəlmək olar. Belə qruplaşmalarda ayrı-ayrı növlərin kütləvi çoxalması partlayışı baş vermir və 
biosenozlar yüksək sabitliyi (davamlılığı) ilə seçilir. Biosenozun müxtəlifliyi onun sabitliyi ilə sıx 
bağlıdır: növmüxtəlifliyi yüksəldikcə biosenoz bir o qədər sabit olur. İnsan fəaliyyəti təbii 
qruplaşmalarda növmüxtəlifliyini xeyli azaldır. Təbii sistemlərin sabitliyini saxlamaq üçün insan 
fəaliyyətinin neqativ nəticələrini qabaqcadan bilməli və ona qarşı mübarizə aparmalıdır. Biosenozun 
növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək üçün kəmiyyət uçotuna əsaslanan müxtəlif 
göstəricilərdən istifadə edilir. Növün bolluğu – vahid sahədə müəyyən növün fərdlərinin sayı və ya 
tutduğu sahədə həcmidir. Məs., su hövzəsində 1 dm3 suda xırda xərçəngkimilərin sayı və ya 1 km2 
bozqır sahəsində yuvaquran quşların sayı, yaxud 1 ha sahədə müxtəlif yaş siniflərində növlərin sayı və 
s. Rast gəlinmənin (qarşılaşma) təkrarlanması biosenozda növün biosenozda bərabər və qeyri-bərabər 
yayılmasını səciyyələndirir. O, həmin növün rast gəlindiyi nümunə və ya təcrübə sahələrinin ümumi 
nümunə və ya təcrübə sahələrinə nisbəti ilə hesablanır. Növün sayı və rast gəlinməsi bilavasitə əlaqəli 
deyildir. Belə ki, növün sayı çox, rastlaşma az və ya əksinə, növün sayı az, rastlaşma isə kifayət qədər 
ola bilər. Təbiidir ki, bütün biosenozlarda ən kiçik formalar – bakteriyalar və digər mikroorqanizmlər 
üstünlük təşkil edir. Odur ki, müxtəlif ölçülü növləri müqayisə etdikdə saya görə dominantlıq etmək 
qruplaşmanın xüsusiyyətlərini əks etdirə bilməz. Müxtəlif ölçülü formalar və növlər müxtəlif 
əlamətlərinə görə də ayrılır: sistematik (quşlar, həşəratlar, taxılkimilər, mürəkkəbçiçəklilər) ekoloji-
morfoloji (ağaclar, kollar, otlar), yaxud da bilavasitə ölçüyə görə (torpağın mikrofauna, mezofauna və 
makrofaunası bütünlükdə və s.). Daha kütləvi yayılan növlərin müxtəlif ölçülü qrupları daxilində 
müxtəlifliyi, say nisbəti, nadir formaların bolluğu və digər göstəricilərin ümumi xarakteristikasını 
müqayisə edərək biosenozların növ strukturunun spesifikası haqda qənaətləndirici təsəvvür almaq olar. 
Topik əlaqələr əsasında biosenoz daxilində xüsusi struktur birliyi –konsorsiumlar mövcuddur. 
Konsorsium müxtəlifcinsli orqanizmlər qrupu olub hər hansı bir növün fərdinin (konsorsiumun) mərkəzi 
üzvünün xaricində və daxilində yerləşir. Əksəriyyət hallarda bir konsorsiumun üzvü də müxtləif tropik 
əlaqələrlə bağlıdır. Konsorsiumlar faktiki olaraq digərinə mühitəmələgəlmə təsirinə malik olan istənilən 
növün nümayəndəsinin ətrafında formalaşır. Ayrı-ayrı konsorsiumlar müxtəlif mürəkkəblik dərəcəsində 
ola bilər. Biosenozun daxili mühitinin yaranmasında əsas rol oynayan bitkilər çoxçaylı konsorovtiv 
əlaqələri ilə seçilirlər (şəkil ). Konsorsiumun digər üzvləri də öz növbəsində daha kiçik konsorsiumlar, 
yəni birinci, ikinci, üçüncü və s. konsorsium sıraları yarada bilər. Ümumiyyətlə, konsorsiumların 
mərkəzi üzvləri çox vaxt bitkilər olur. Beləliklə, biosenoz növlər arasındakı sıx topik və tropik əlaqələr 
əsasında yaranan bir-birilə bağlı konsorsiumlar sistemindən ibarətdir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə