Ekologiya imtahan Suallar


Orqanizmlərin həyatında suyun rolu



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə7/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   2   3   4   5   6   7   8   9   10   ...   60
Ekologiya

Orqanizmlərin həyatında suyun rolu
Suyun miqdarı kəskin dəyişməyə məruz qalarsa (qabarma, çəkilmə), çox duzlu sularda osmotik yolla 
orqanizmlər tərəfindən itirilirsə, ekoloji baxımdan, həm yerüstü, həm də su ərazilərində limitləşdirici 
faktor hesab olunur. Su canlı orqanizmlərin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi 
reaksiyalar üçün əsas mühit, protoplazmanın vacib tərkib hissəsidir. Qida maddələri orqanizmdə əsasən 
su məhlulu şəklində dövr edir, bu şəkildə də orqanizmdən dissimlyasiya məhsulu yüksək dərəcədə xaric 
edilir. Su bitki və heyvan orqanizmlərinin əsas kütləsini təşkil edir; toxumalarda onun nisbi miqdarı 50-
80%, bəzi növlərdə isə daha yüksək olur. Belə ki, meduzaların bədənində 95%-ə, bir çox molyuskların 
toxumalarında isə 92%-ə qədər su vardır. Hüceyrədaxili və hüceyrələrarası mübadilə, hidrobiontlarda 
isə xarici mühitlə osmotik qarşılıqlı əlaqə suyun və onun tərkibində həll olan duzların miqdarından çox 
asılıdır. Heyvanlarda qaz mübadiləsi yalnız rütubətli səthin mövcudluğu şəraitində mümkündür. Yerüstü 
orqanizmlərdən buxarlanma mühitlə istilik balansının formalaşmasında iştirak edir. Orqanizmin 
mühitlə su mübadiləsi bir-birinə əks olan iki prosesdən ibarətdir: orqanizmə suyun daxil olması və onun 
ətraf mühitə verilməsi. Ali bitkilərdə bu proses kök sistemi vasitəsilə torpaqdan suyun sorulması, onun 
həll olan maddələrlə birlikdə ayrı-ayrı orqanlara və hüceyrələrə aparılması və transpirasiya prosesi 
vasitəsilə xaric edilməsindən ibarətdir. Su mübadiləsində suyun yalnız 5%-ə qədəri fotosintezə, qalanı 
isə buxarlanmanın kompensasiyasına və turqorun saxlanmasına sərf olunur. Heyvanlar suyu içməklə 
qəbul edir, bu yolla suyun qəbul edilməsi hətta su heyvanlarına da xasdır. Suyun xaric edilməsi sidik, 
ifrazat (nəcis), həmçinin buxarlanma yolu ilə gedir. Bir çox orqanizmlər, xüsusən suda yaşayanlar suyu 
örtüyü ilə və ya sukeçirən toxumasının xüsusi hissəsi ilə alıb-qaytarmaq qabiliyyətinə malidkir. Bu 
yerüstü mühitin sakinlərinə də aiddir: rütubəti şeh, duman və yağış kimi mənbələrdən almaq bir çox 
bitkilər, onurğasız heyvanlar və amfibiya üçün xarakterikdir. Heyvanlar üçün mühüm su mənbəyi qida 
sayılır. Müxtəlif mühitlərdə, coğrafi regionlarda su ilə təmin olunma şəraitinin geniş dəyişməsi 
nəticəsində orqanizmlərdə geniş xüsusi adaptasiya evolyusiyası baş vermişdir. Suyun ekoloji əhəmiyyəti 
müxtəlif tipli su hövzələrində suyun toplanması ilə məhdudlaşmır. Yer səthində yağıntılar böyük 
əhəmiyyət daşıyaraq su hövzəsinin su rejimini, torpağın rütubətliliyini və havanın rütubətliliyini 
müəyyənləşdirir. Yağıntılar olduqca qeyri-bərabər paylanmışdır. Tropik meşələrdə yağıntıların illik 
miqdarı 1000 mm-dən artıq (1mm yağıntı=1m2-da 1 litr suya uyğundur), tropik qurşağın səhralarında 
200 mm-dən az (Saxara, Cənubi Koliforniya) yağıntı düşür. Respublikamızda da yağıntıların miqdar və 
rejimi müxtəlifdir. Yağıntıların orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) 
dəyişir. Yağıntılar mövsümə görə də kəskin dəyişir. Havanın rütubətliyi (nəmliyi) vahid həcmdə (1m3) 
havada olan su buxarının qramla miqdarı (mütləq rütubət) və nisbi rütubət - verilmiş temperaturda 
havada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş buxarın elastikliyinə (təzyiqinə) nisbətinin 
faizlə ifadəsidir. Havanın nəmliyi orqanizmə örtük vasitəsilə suyun daxil olması, həmçinin həmin yolla 
tənəffüs yolları ilə suyun xaric edilməsini müəyyənləşdirir. Tropik yağışlı meşələrin alt yaruslarında – 
100% nisbi rütubətlik şəraitində su itirməyə uyğunlaşan bitkilər var, səhrada isə hətta uzunsürməyən 
quraqlıq dövründə belə bəzi bitkilərin su balansı pozulmur. Bitkinin rütubətliyə adaptasiya üsullarından 
asılı olaraq bir neçə ekoloji qrup ayrılır: məsələn, hiqrofitlər – olduqca rütubətli torpaqlarda yüksək 
rütubətlilik şəraitində bitən bitkilər. Bu bitkilərin əsas xüsusiyyəti onlarda su sərfinin qarşısını alan 
uyğunlaşmaların olmasıdır. Su hövzələrində sərbəst üzən və ya kökləri ilə hövzənin dibinə bərkimiş, 
tamamilə suya batmış su bitkiləri, bəzən yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür). İti axan 
çaylarda yaşayan bitkilər reofitlər adlanır (məs. liloderma, su mamırı). Hiqrofitlər üçün katikula 
buxarlanması səciyyəvidir. Bura düyü (çəltik), papirusu misal çəkmək olar; mezofitlər – orta dərəcədə 
rütubətli torpaqlarda bitən bitkilər. Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. Mezofitlərə əsasən 
ağac və kollar, xüsusilə çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca, pişikquyruğu və s.), kənd 


təsərrüfatı bitkilərinin çoxu və alaqlar daxildir; Mezofit qruplaşmaları müxtəlif bitmə şəraitlərində 
müxtəlif həyati formalara malik olur. A.İ.Şennikov (1950) mezofitləri 5 qrupa ayırır. 1. Həmişəyaşıl 
mezofitlər – rütubətli tropiklərin ağac və kolları; 2. Qışı yaşıl ağac mezofitləri – tropik və subtropik 
növlər olub, quraqlıq dövründə yarpaqlarını tökür və qeyri-aktiv vəziyyətə keçir; 3. Yayda yaşıl ağac 
mezofitləri – mülayim zonanın ağac və kolları. Qış vaxtları yarpaqlarını tökür və donmuş hala keçir; 4. 
Yayda yaşıl ot bitkiləri. Qışa yaxın bərpa tumurcuqlarından başqa yerüstü hissələri quruyur; 5. 
Efemerlər və efemeroidlər – arid zonada məskunlaşır, qısa rütubətli dövr müddətində vegetasiya keçirir.
Mezofitlər məhdud su ilə təmin olunmağa və havanın temperaturunun dəyişkənliyinə uyğunlaşır. 
Onlarda hüceyrə şirəsinin osmotik təzyiqi kifayət qədər yüksək olduğundan kök sisteminin sorucu 
gücünü təmin edir. Bunun sayəsində turqor vəziyyətini saxlamaq və fotosintez prosesinin getməsi üçün 
kifayət qədər su olur. İlin əlverişsiz mövsümlərində qeyri-aktiv vəziyyətə («sakitliyə») keçməsi 
mezofitlərin kompleks faktorlara adaptasiya olunmasıdır, bu faktorlardan aparıcı yeri su balansının 
saxlanması tutur. Kserofitlər – bir sıra uyğunlaşdırıcı əlamət və xassələrin köməyi ilə istiyə və susuzluğa 
dözüb, quraq yerdə yaşayan bitkilərdir, 2050% su itirildikdə solmağa dözür. Kserofitlər əsasən aşağıdakı 
ekoloji-fizioloji qrupları əhatə edir. Sukkulentlər – ətli yarpaq (aqava, aloye), yaxud gövdəsi (kaktuslar), 
kökü üst qatdan yayılan, istiyə davamlı, lakin susuzluğa dözumsuz bitkilər; hemikserofitlər – kök sistemi 
qrunt suyuna çatan, quraqlığa davamlı, lakin uzun müddət susuzluğa dözməyən, transpirasiya və 
maddələr mübadiləsi intensiv gedən bitkilər. Bura çöldə (bozqırda) bitən istiyə davamsız (məs. sürvə) 
və səhrada bitən istiyə davamlı (məs. dəvətikanı) bitkilər daxildir; Evkserofitlər – kök sistemi yaxşı 
budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa və istiyə davamlı, maddələr mübadiləsi 
yavaş gedən bitkilər; Noykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) anabioz hala 
düşən, lakin tənəffüs tam mühafizə olduğu üçün hüceyrə təşkili pozulmayan bitkilər; Sklerofitlər – 
morfoloji əlamətlərinə və su balansını saxlamaq prinsipinə görə sukkulentlərə ziddir. Onlar orqan və 
toxumalarında su ehtiyatı toplamaq qabiliyyətinə malik deyil, əksinə azsulu olub xarici görünüşündən 
quru, sərt, şirəsiz görünür. Sklerofitlər dehidratasiyaya qarşı möhkəm toxumalarının olması ilə seçilir, 
onlar 25% su itirdikdə belə heç bir patoloji nəticəyə məruz qalmır. Bu dərəcədə susuzlaşma şəraitində 
onların sitoplazması öz xassələrini saxlayır, digər bitkilərdə belə hal məhvedici təsir göstərir. 
Sklerofitlərin mühüm uyğunlaşması onların köklərinin sorma gücü ilə bağlıdır, onun hüceyrə şirəsinin 
osmotik təzyiqi 60 atmosferə çatır. Bu rütubət az olduqda da torpaqdan suyu çəkməyə imkan yaradır. 
Sklerofitlər yüksək transpirasiya etmək qabiliyyətinə malikdir, lakin su ilə yüksək təmin olunduqda bu 
xassəyə malik olur. Su defisiti artdıqda isə transpirasiya aktiv surətdə tormozlanır. Bu isə quraq şəraitdə 
sudan istifadəni azaldır. Sklerofitlər sərt yarpaqlara, bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. 
Bura sklerohiqrofitlər (məs. mantar palıdı, daş palıd), bir çox sklerokserofitlər (məs. saqqızağac), 
xüsusilə yarımkollar (məs. boyalıcı ebelek) aiddir. Halofitlər – duzlu bitmə şəraitinə, xlorlu, kükürdlü 
duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə uyğunlaşan bitkilərdir. Bunlardan bir hissəsi ətli-
şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir sıra şorangələr) olub səhra və 
yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər hissəsi sukkulent olmayan 
bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə bitən bitkilərdir 
(məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır. Bəzi halofitlər 
xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə şirəsinin osmotik qatılığını 
tənzimləyir (yulğun, dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz onlara 
ziyan yetirmir. Bütün halofitlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab olunur. Bir çox 
halofitlər (sirkan növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem 
bitkiləridir. Suya olan münasibətinə görə heyvanlar da ekoloji qruplara ayrılır: hiqrofillər 
(rütubətsevənlər); kserofillər – quraq mühitə, xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan 
heyvanlar. Kserofillərin bədən səthindən, tənəffüs orqanları qişasından və mübadilə məhsulları ilə su 
itkisi olduqca azdır. Kserofillər metobolik sudan (dəvə, ərəb dovşanı, həşəratlar), sidik kisəsində 
topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud qida ilə aldığı sudan istifadə etməklə (kərtənkələ, 
ilan, tısbağa, dovdaq və s.) uzun müddət yaşaya bilir. Metabolik südan istifadə edən heyvanlar (məs. 
dəvə, qoyun, it) uyğun olaraq 27, 23 və 17% su itirdikdə dözür. Lakin insan 10% su itirdikdə ölür. 
Peykiloterm heyvanlar istisevər heyvanlar kimi sudan bədənini sərinləşdirmək üçün istifadə 


etmədiyindən daha dözümlüdürlər. Kserofillərin çoxunda yay yuxusu, mövsümi diapauza, axşam-gecə 
fəallığı suyun qənaətlə sərf edilməsinə səbəb olur. Kserofillər susuzluğa dözümlü olsalar da, su içmək 
üçün uzaq məsafələr qət edirlər (qulan, büldürük). 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə