Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


Ş” İYİRMİ DOQQUZUNCU MƏKTUB



Yüklə 3,93 Mb.
səhifə11/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
Ş”

İYİRMİ DOQQUZUNCU MƏKTUB

20 Zilhiccə 1329

1. Hədisin sənədi haqqında deyilənlərin təsdiqi.

2. Hədisin ümumiliyinə şübhə.

3. Onun dəlilində şübhə.

1. “Mənzilət” hədisinin sübutu haqqında söylədiklərin həqiqətdir və onda heç bir şübhə yoxdur. Amidi burada səhv etmişdir. O, hədis elmi və hədis əhlindən çox uzaqdır, onun nəzəriyyəsi və əqidəsini xatırlatmaqla sizi əziyyətə saldıq və məcbur oldunuz ki, geniş izahat verəsiniz. Bu səhv üçün sizdən üzr istəyirik və xahiş edirik ki, bizi bağışlayasınız.

2. Eşitdiyimə görə Amididən başqa sizin bəzi müxalifləriniz güman ediblər ki, “Mənzilət” hədisi ümumi deyil (geniş mənalı), yalnız işləndiyi yerə aiddir (yəni, Əli Peyğəmbərin Təbuk döyüşündə xəlifəsi olub). Bu məsələni sübut etmək üçün belə dəlil gətirirlər ki, Peyğəmbər Təbuk döyüşünə gedən zaman Əlini (ə) Mədinədə öz yerinə qoyanda İmam Əli رضي الله عنه Peyğəmbərə ərz etdi: “Məni qadınlar və uşaqların arasındamı qoyursan?” Peyğəmbər ona buyurdu: “Razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Yalnız bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.” Guya Peyğəmbərin (s) fikri bu idi ki, Əlini özünə Harun kimi seçməyi Musanın (ə) Harunu öz yerinə qoyub Tur dağına gedən kimidir.

Beləliklə məqsəd budur: Sən yalnız Təbuk döyüşü əyyamında mənim üçün, (Musa olmayan vaxt) Harunun Musaya olan nisbəti kimisən.

3. Habelə deyə bilərlər: Bu hədis dəlil deyildir, doğrudur ki, hədis ümumidir, lakin xüsusiləşmişdir (çünki nübüvvət məqamı ondan istisna edilmişdir), beləliklə, xüsusiləşmiş ümumi dəlil artıq dəlil deyildir. Vəssalam.

S”

OTUZUNCU MƏKTUB

22 Zilhiccə 1329



1. Ərəb dillilər hədisin məfhumunun ümumi olduğunu hökm edirlər.

2. Onun müəyyən bir yerə aid olması sözünün doğru olmaması.

3. Onun, dəlil olmaması fikrinin batilliyi.

1. Biz hədisin ümumi olmaması fikrinin cavabını lüğət əhlinə və ərəb ürfünə tapşırırıq və sən özün sözsüz ərəb üçün dəlilsən. Heç fikirləşərsənmi ki, sənin millətin (ərəb dillilər) hədisdəki “mənzilət”in ümumiliyinə şübhə etsin? Heç vaxt və əsla! Heç vaxt mən inana bilmərəm ki, sənin kimi bir adam “ismi-cinsin izafi halda öz fərdlərinə şamil olması”nda şübhə etsin!

Məsələn, əgər siz: «مَنَحتُكم اِنصافي» “İnsafı sizə verdim!” – dedikdə, insafı yalnız bəzi hallaramı aid edirsiniz? Məgər bütün hallara aid deyildirmi? Allaha pənah aparıram ki, nəbada sən şübhə edəsən. Doğrusu, əgər müsəlman bir xəlifə dostlarından birinə: «جَعَلتُ لَكَ ولايتي عَلي الناس» “Mən camaat üzərində olan vilayətimi sənin ixtiyarına verdim”, yaxud: “Mənzilətimi, yaxud mənsəbimi, onların arasında olan rütbəmi və ya mülkümü sənə verdim” – desə, ümumilikdən savayı zehnə başqa bir şey gəlirmi? Bunun yalnız bəzi hal və vəzifələrə aid olduğunu iddia edən adama, inadkardan savayı başqa bir ad vermək olarmı?! Əgər bir xəlifə vəzirlərindən birinə “Sən mənim hakimiyyətim dövründə “Əbu Bəkrin” hakimiyyəti dövründəki Ömər kimisən, bu fərq ilə ki, sən Peyğəmbərin səhabələrindən deyilsən” – desə bu, ürf nöqteyi-nəzərindən bəzi məqamlaramı aiddir? Allaha and olsun ki, sən onu ümumi biləcəksən. Mən şübhə etmirəm ki, sən Peyğəmbərin (s) “Sən mənə nisbətdə Harunun Musaya olan nisbəti kimisən” – hədisində “mənzilətin” (məqamın) ümumiliyinə inanacaqsan. Çünki ürf də, lüğət də belə hallarda həmin məsələni deyir. Xüsusilə, “nübüvvət” məqamı istisna edildikdən sonra, çünki “nəss” onu ümuma aid edir. Özün ərəblərin arasındasan, bu barədə özün onlardan soruş!

2. Amma hədisdə müxalifin –“hədis müəyyən yerə aiddir”– sözü iki cəhətdən inkar olunur:

Birinci: Hədis, bildiyin kimi, öz-özlüyündə ümuma aiddir. Buna görə də onun işlənmə yeri (xüsusi olsa da belə) onu ümumiyyətdən çıxarmır, çünki “işlənmə yeri” sözün yalnız həmin yerə aid olmasına səbəb olmur. Belə ki, fiqh üsulu elmi mənbələrində bu, sübut olunmuşdur. Fərz edək ki, natəmiz (cünub) halında bir şəxs əlini “Ayətəl-Kürsi”yə vurarsa, sən ona “dəstəmazı və qüslü olmayan şəxs Quran ayələrinə əl vurmamalıdır” – desən, bu müəyyən bir məsələ deyildir. Əksinə, Quranın hər hansı bir yerinə əlini qoyarsa haram iş görmüş olur və dəstəmazı və qüslü olmayan heç bir şəxs ona əl vurmamalıdır. Güman etmirəm, elə bir adam tapılsın ki, bunu yalnız “Ayətəl-Kürsi”yə aid etsin. Əgər xurma yeyən xəstəyə həkim şirin şey yeməyi qadağan etsə və desə ki, “yemə” bu, ərəb ürfü baxımından müəyyən bir məsələyəmi aiddir (yəni yalnız xurma yemə)?! Yoxsa bütün şirniyyat növlərinə? Allaha and olsun, mən güman etmirəm bir nəfər tapılsın ki, onu yalnız müəyyən bir şeyə aid etsin. Buna yalnız o şəxs razı olar ki, üsul məsələlərindən kənarda, lüğət qaydalarından xəbərsiz, ürfi anlayışa tamamilə biganə olsun. Habelə “Mənzilət” hədisini işləndiyi yerə, yəni “Təbuk” döyüşü”nə aid edən şəxs bilməlidir ki, bu ikisinin arasında heç bir fərq yoxdur.

İkinci cəhət bundan ibarətdir ki, bu hədis Peyğəmbərin (s) mübarək dilindən yalnız Əlinin “Təbuk döyüşü”ndə olan xəlifəliyinə aid deyildir ki, müxaliflər bu hədisi “Təbuk döyüşü”nə aid etsinlər. Peyğəmbərin (s) Əhli-beytindən çatmış doğru xəbərlər sübut edir ki, bu şərəfli hədis başqa vaxtlarda da deyilmişdir. Tədqiqatçılar və elm əhli həmin məsələlərə müraciət etsinlər. Sünnə əhli rəvayətçiləri də bu həqiqətin şahididir.

Deməli, “hədis yalnız Təbuk döyüşünə aiddir” – sözü sübutsuzdur. Bu heç kəsə gizli deyildir.

3. “Ümuminin xüsusiləşmə zamanı dəlilliyini itirməsi” sözü açıq-aşkar rüsvayçı bir səhvdir. Məgər kimsə belə bir sözü bizim bəhs etdiyimiz misal haqqında deyə bilərmi? Xeyr, bunu işlərdə zorakılıq etmək istəyən şəxsdən savayı heç kəs deməz. Əgər desə də, belə bir şəxs bir növ huşsuzluq və dəlilik aləmindədir və kor ata minib, gecənin zülmətində məqsədə tərəf getmək istəyən şəxsə bənzəyir. Cəhalət və nadanlıqdan Allaha pənah aparır və bundan salamat qurtarmaq üçün Ona yalvarırıq. Ümumi xüsusiləşdikdə, “mücməl” olmadığı surətdə dəlillikdən xaric olmur. Xüsusilə, əgər xüsusiləşmiş ümumiyə bağlı olsa, dediyimiz kimi olur. Çünki, əgər ağa öz qulu və ya nökərinə “bu gün mənim görüşümə gələnlərə hörmət et, Zeyddən başqa” – desə və əgər nökər Zeyddən başqa şəxslərə də hörmət etməsə, camaatın ürfü baxımından günahkar sayılar, ağasının əmrinə əməl etməyən hesab olunar, ağıllılar onu məzəmmət edər və günahının miqdarı qədər cəzalandırılmasını lazım bilərlər. Bu cəza həm əqlə əsasən və həm də şəriətə görə düzdür... Burada heç bir ürf əhli onun sözünə inanmayacaq ki, bu xüsusiləşmiş ümumidir və daha dəlil deyildir. Əksinə bu cür üzr istəmək günahdan daha pisdir.

Siz yaxşı bilirsiniz ki, müsəlmanların və qeyri-müsəlmanların əxlaqi xüsusiyyətləri belədir ki, “xüsusiləşmiş ümumilərə” şəkk-şübhəsiz dəlil kimi gətirilir. Bu əxlaqi xüsusiyyətlər əvvəlki və keçmiş səhabələrdən, tabeinlərdən və onlardan sonra gələnlərdən başlamış və bu günə qədər davam edir. Əhli-beyt imamları və müsəlmanların başqa imamları da bu əxlaqi xüsusiyyətlərə malik idilər. Bu elə bir məsələdir ki, onda şübhə ola bilməz. Həmin dəlil xüsusiləşmiş ümuminin sübutu kimi sizin üçün kifayətdir. Əgər belə bir ümumi dəlil olmasaydı, “Ərbəə imamları”nın və müctəhidlərin üzünə elmin şəri və fəri əhkamlarının qapısı (dəlil qismində) bağlanardı. Çünki şəriət əhkamları ictihad məsələlərində, elm dəyirmanının əməl bünövrəsi üzərində ümumi qaydalara söykənir və elə bir ümumi qayda yoxdur ki, xüsusiləşmiş olmasın və əgər ümumi qaydalar ləğv olunsa, elm və biliyin qapısı bağlanacaqdır.

Ş”

OTUZ BİRİNCİ MƏKTUB

22 Zilhiccə 1329



Hədisin başqa yerlərdə işlənməsinə misal göstərilməsi xahişi.

Bu hədisin “Təbuk” döyüşündən əlavə, başqa yer və məqamlarda işlənməsinə dəlil göstərmədiniz. Ürəyim çox istəyir ki, o gözəl məqamlara da əlim çatsın. Məni o çeşmə başına çatdırmağa imkanınız varmı?

S”

OTUZ İKİNCİ MƏKTUB

24 Zilhiccə 1329

1.Ümmü-Süleym ilə görüş.

2. Həmzənin qızının əhvalatı.

3. Peyğəmbər Əliyə söykənən vaxt.

4. İlk qardaşlıq peymanı.

5. İkinci qardaşlıq peymanı.

6. Qapıların bağlanması zamanı.

7. Peyğəmbər Əli ilə Harunu iki aydın ulduz kimi təsvir edir.

1. Peyğəmbərin pak dilindən çıxan “mənzilət” hədisinin işləndiyi başqa bir vaxt isə onu Ümmü-Süleymə1 söyləyən gündür. Ümmü-Süleym İslama ilk qədəm qoyanlardan olub, ağıl və dərrakə sahibi idi. O, Peyğəmbər (s) yanında İslamın ilk qabaqcıllarından olduğuna, ixlas və xeyirxahlığına, İslam yolunda çətinliklərə dözməsinə görə yüksək məqam və mövqeyə malik idi.

Peyğəmbər (s) onun evinə gedər, ona hədis söyləyər və söhbət edərdi. Günlərin bir günü ona buyurdu: “Ümmi-Süleym! Əlinin (ə) əti mənim ətimdən, qanı mənim qanımdandır. Onun mənimlə nisbəti Harunun Musaya olan nisbəti kimidir.”2

Sizə gizli deyildir ki, bu hədisi Peyğəmbər xüsusi bir vaxtda buyursa da, yalnız vəzifəsini icra etmək, Allah yolunda “mənzilət”i bəyan etmək, özündən sonra vəliəhdlik məqamı və canişininə xatir buyurmuşdur. Deməli, bu sırf “Təbuk” döyüşünə aid ola bilməz.

2. Buna bənzər hədis Həmzənin qızının əhvalatıdır ki, Əli, Cəfər və Zeyd arasında onun haqqında söhbət gedən zaman Peyğəmbər (s) buyurdu: “Ey Əli, sən mənim üçün Harunun Musaya olan nisbəti kimisən...”1

3. Bir gün Əbu Bəkr, Ömər və Əbu Übeydə Cərrah Peyğəmbərin yanında idilər. O həzrət Əliyə söykənərək əlini onun çiyninə qoyub buyurdu: “Ey Əli, sən möminlərdən ilk iman gətirən və İslamı qəbul edən ilk şəxssən. Sənin mənə nisbətin Harunun Musaya nisbəti kimidir.”2

4. Məkkədə təşkil olunmuş “ilk qardaşlıq peymanı”ndakı hədislər də bu məsələni təsdiq edir. Bəli, Məkkədə hicrətdən əvvəl Peyğəmbər mühacirlər arasında qardaşlıq peymanı bağlayan zaman orada da bu mətləbi buyurmuşdur.

5. Mühacirətdən beş ay sonra Mədinədə “Qardaşlıq əqdi və ikinci qardaşlıq peymanı” keçirildi. Peyğəmbər mühacirlərlə ənsar arasında qardaşlıq bərqərar etdi və həmin hadisə yenə təkrar olundu. Bəli, hər iki dəfə də o həzrət Əlini öz qardaşı kimi seçdi və onu başqalarından üstün tutaraq ayrı heç kəsi özünə qardaş qəbul etmədi.3 Ona buyurdu: “Sən mənə Harunun Musaya olan nisbəti kimisən.”

Peyğəmbərin pak Əhli-beytinin təriqi ilə bu haqda ardıcıl xəbərlər vardır və başqa yollarla Zeyd ibn Əbu Ovfadan çatmış hədis sizə kifayət edər. Bu hədisi imam Əhməd Hənbəlin “Mənaqibi Əli” kitabında, ibn Əsakirin öz tarix kitabında4, Bəğəvi və Təbərani öz “Məcmə”lərində, Barudi “Əl-Məricət”də və İbn Ədi5 və başqaları söyləmişlər. Hədis uzundur. “Qardaşlıq peymanı”nda belə deyilir: “Əli dedi: Ey Allahın rəsulu, qəlbim sındı. Çünki, gördüm məndən başqa əshabələrinə qardaş seçdin, amma mənə yox. Əgər bu, mənə qarşı qəzəbin nəticəsidirsə, səndən bağışlanmağımı istəyirəm və sən kəramətli və əzəmətlisən. Peyğəmbər (s) buyurdu: Məni haqq üzrə peyğəmbərliyə qəbul edən kəsə and olsun ki, səni özüm üçün axıra saxlamışam. Sən mənə Harunun Musaya olan nisbəti kimisən, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur! Sən mənim qardaşım və varisimsən. Əli ərz etdi: Mən səndən nə irs ala bilərəm? Həzrət (s) buyurdu: Məndən əvvəlki peyğəmbərlərin qanunlarının irsi, Allahın kitabı və sünnəsi. Sən behiştdə qızım Fatimə ilə mənim qəsrimdəsən, sən mənim qardaşım və yoldaşımsan.” Sonra Peyğəmbər (s) ayənin bu hissəsini tilavət etdi: “Qardaşlardır ki, (behiştdə) taxt üstündə üzbəüz oturmuşlar.1” Yəni, o adamlar Allah xatirinə bir-birlərini sevənlərdir.

“İkinci qardaşlıq peymanı” haqqında Təbəraninin “Kəbir” kitabında İbn Abbasdan söylədiyi hədis sənə kifayət edər. Orada deyilir ki, Peyğəmbər (s) Əliyə buyurdu: “Mən mühacirlər və ənsar arasında qardaşlıq bərqərar edəndə, səni heç kəs ilə qardaş etmədiyim üçün məndən narahatmı oldun? Razı deyilsənmi mənə Harunun Musaya olan nisbəti kimi olasan, bu fərq ilə ki, məndən sonra peyğəmbər olmayacaqdır.”2

6. Əlinin qapısından başqa məscidə açılan bütün qapıların bağlanması haqqındakı hədisləri misal göstərmək olar. Bu haqda Cabir ibn Abdullahın3 hədisi kifayətdir. O deyir: Peyğəmbər (s) buyurdu: “Ey Əli, mənə məsciddə halal olan şey sənə də halaldır. Sənin mənə nisbətin Harunun Musaya olduğu kimidir, bu fərq ilə ki, məndən sonra peyğəmbər yoxdur.”

Hüzeyfə ibn Üseyd Qifaridən4 nəql olmuşdur ki, Peyğəmbər qapıları bağlayan gün ayağa durub, xütbə oxuduqdan sonra buyurdu: “Bəzilərinə elə gəlir ki, mən Əlini məsciddə məskunlaşdırmış, onları isə xaric etmişəm. Allaha and olsun ki, onları mən xaric etməmiş və Əlini mən məskunlaşdırmamışam. Əksinə, Allah onları xaric etmiş və Əliyə (ə) sükunət vermişdir. Allah Musaya və qardaşına vəhy etdi ki, öz qövmünüz üçün Misirdə evlər seçin və evinizi qiblə edin və namaz qılın. Əli də mənim üçün Harunun Musaya olduğu nisbəti kimidir. O mənim qardaşımdır...”

Bunun kimi misallar çoxdur. Bu kiçik imkanda onların hamısını toplamaq olmaz. “Mənzilət” hədisinin yalnız “Təbuk” döyüşünə aid olmamasını sübut etmək üçün dediklərimiz kifayətdir.

7. Peyğəmbərin (s) həyat tərzini mütaliə edən şəxs biləcəkdir ki, o həzrət Əli və Harunu “Fərəqdan” (eynilə bir-birinə oxşar iki ulduz adı) kimi eyni bilirdi, heç birini heç bir şeydə fərqləndirmirdi. Bunun özü hədisdə “Mənzilət”in ümuma aid olmasına dəlalət edir. Bundan əlavə, bəyan etdiyimiz kimi, mənzilətin ümumiliyi hədisin kənar qərinələrinə (nişanələr) baxmayaraq məzmunundan anlaşılır.

Ş”

OTUZ ÜÇÜNCÜ MƏKTUB

25 Zilhiccə 1329

Nə vaxt və harada Əli ilə Harun iki ulduz kimi təsvir olunmuşdur?

Bizim üçün sizin dediyiniz Peyğəmbərin (s) Əli və Harunu iki ulduz kimi təsvir etməsi və hər ikisinə eyni cür baxması aydın olmadı. Nə vaxt və harada onları belə təsvir etmişdir?

S”

OTUZ DÖRDÜNCÜ MƏKTUB

27 Zilhiccə 1329

1. “Şübbər”, “Şübeyr” və “Müşəbbir” günü.

2. Qardaşlıq əqdi günü.

3. Qapıların bağlanması günü.

Allah rəsulunun (s) yaşayış tərzini tədqiq et! Əli ilə Harunu göydə “Fərəqdan” ulduzlarına və bir qiyafədə iki gözə bənzətdiyini görəcəksən ki, birinin digərindən fərqi yoxdur.

1. Məgər Əlinin övladlarının adının Harunun övladlarının adından fərqli olmadığını mülahizə etmirsənmi? Həzrət (s) onları Həsən, Hüseyn və Möhsün adlandırdı.1 Onların adının Harunun övladlarının adlarına – Şübbər, Şübeyr və aralarındakı oxşarlığa təkid etmək və bu ikisinin arasındakı oxşarlığı hər yerdə, bütün sahələrdə ümumiləşdirmək nə deməkdir?

2. Bu səbəbdən də Əlini özünə qardaş seçdi və onu başqalarından üstün etdi ki, “iki Harun”un oxşarlığının ümumiliyi səhabələr üçün də qəti aydın olsun və çox istəyirdi ki, aralarında heç bir fərq olmasın! Halbuki, deyildiyi kimi, Həzrət (s) əshabələri arasında iki dəfə qardaşlıq peymanı bağladı. Birinci dəfədə Əbu Bəkrlə Ömər qardaş idilər və Osmanla Əbdür-Rəhman ibn Ovf. Amma ikinci dəfə Əbu Bəkrlə Xaric ibn Zeyd qardaş oldular və Ömərlə Ətban ibn Malik. Lakin Əli hər iki dəfədə, dediyim kimi, Allah rəsulunun qardaşı oldu və indi bütün bu deyilənlərin təriqlərinin doğru olmasını arayıb-axtarmağa vaxt yoxdur. İbn Abbas və İbn Ömər, Zeyd ibn Ərqəm, Zeyd ibn Əbu Ovfa, Ənəs ibn Malik, Hüzeyfə ibn Yəman, Məxdəc ibn Yəzid, Ömər ibn Xəttab, Bəra ibn Azib, Əli ibn Əbu Talib və başqaları tərəfindən çatmış hədislərə diqqət yetirilmişdir. (Bəli, onların hamısını saymaq çətindir). Peyğəmbər (s) ona buyurdu: «اَنْتَ اَخي فِي الدُّنْيا وَ الآخِرَةِ» “Sən həm bu dünyada, həm də axirətdə mənim qardaşımsan”.2

İyirminci məktubda nəql etdik ki, Peyğəmbər əlini Əlinin çiyninə qoydu və buyurdu: “Bu sizin aranızda mənim qardaşım, naibim və xəlifəmdir, ona qulaq asın və itaət edin.” Bir gün Peyğəmbər (s) şad halda səhabələrinin yanına gəldi. Əbdür-Rəhman ibn Ovf bu sevincin sirrini soruşdu. Həzrət cavabında dedi: “Səbəbi, məni yaradan tərəfindən qardaşım, əmim oğlu və qızım haqqında müjdədir. Allah Fatimə (s) ilə Əlinin evlənməsini buyurmuşdur...”3

Qadınların seyyidəsi ilə Əhli-beytin seyyidi və böyüyü evlənən zaman Peyğəmbər (s) Ümmi-Əymənə buyurdu: “Ey Ümmi-Əymən, qardaşımı çağır! Ümmi-Əymən dedi: O, sənin qardaşındır, qızını ona verirsən? Buyurdu: Bəli, ey Ümmi-Əymən! Ümmi-Əymən Əlini çağırdı. Əli gəldi...”1

Peyğəmbər (s) həmişə Əliyə işarə edər və buyurardı: «هذا اَخي، وَ ابْنُ عَمّي وَ صِهْري وَ اَبو وُلْدي» “Bu qardaşım, əmioğlum, kürəkənim və övladlarımın atasıdır.”2 Bir gün Peyğəmbər (s) Əli ilə söhbət edərkən buyurdu: «انت اخي و صاحـبي»3 “Sən qardaşım və yoldaşımsan.” Başqa bir vaxt ona buyurdu: “Sən qardaşım və behiştdə yoldaşımsan.”4 Başqa bir gün (Əlinin) qardaşı Cəfər və Zeyd ibn Harisə ilə söhbət zamanı Əliyə xitab edərək buyurdu: “Amma sən, ey Əli! Mənim qardaşım, övladlarımın atasısan, sən məndənsən, mənə tərəf qayıdacaqsan.”5 Bir gün ona iş tapşıran və vəsiyyət edən vaxt dedi: “Sən mənim qardaşım və vəzirimsən, borclarımı ödəyirsən, vədələrimə vəfa edirsən, boynumda olanları yerinə yetirirsən.”6 Və vəfat edəndə (atam, anam ona qurban olsun) “qardaşımı çağırın” – dedi. Əlini çağırdılar. Ona buyurdu: “Yanıma gəl!” Əli ona yaxınlaşdı. Həzrət (s) onu sinəsinə söykədi, pak ruhu sinəsindən xaric olana qədər onunla söhbət etdi və o həzrətin ağzının suyundan bir qədər onun bədəninə süzüldü.7 Həzrət (s) buyurdu: Behiştin qapısında yazılmışdır: «لا اِلهَ اِلاّ اللهُ مُحَمّدٌ رَسُولُ الله عَلِيٌّ اَخُو رَسَولِ الله»8

Allah “leylətül-məbit”də (Əlinin Peyğəmbərin yatağında yatan gecə) Cəbrail və Mikayıla vəhy etdi: “Mən sizin ikinizin aranızda qardaşlıq yaratdım və birinizin ömrünü o birisindən uzun etdim. Sizdən hansınız yoldaşınızın diri qalmasına razı olarsınız? Hər ikisi diri qalmağı seçdilər. Allah onlara vəhy etdi: Siz Əli ibn Əbu Talib kimi ola bilməzsinizmi? Mən onunla Məhəmməd (s) arasında qardaşlıq bərqərar etdim və o, özünü Peyğəmbərə fəda etmək və onun diri qalmasını istədiyi üçün Məhəmmədin (s) yatağına yatdı. Hər ikiniz yerə enin və Əlini düşmənlərdən qoruyun. O iki mələk nail oldu, Cəbrail başı üstündə və Mikayıl ayağı altında oturdular. Cəbrail deyirdi: Bəh-bəh, ey Əbu Talibin övladı! Allah səninlə mələklərə fəxr edir.” Və Allah bu ayəni bununla əlaqədar nazil etdi: وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər.”9

Əli (ə) həmişə deyirdi: “Mən Allahın qulu və Rəsulun qardaşı, Siddiqi-Əkbərəm (düzdanışan). Məndən başqa bu sözü yalnız yalançı deyər.”10 Və o həzrət buyurardı: “Allaha and olsun, mən Allah rəsulunun qardaşı, vəlisi, əmisi oğlu, elminin varisiyəm və məndən başqa bu ada kim daha ləyaqətlidir?”1 “Şura” günündə o, Osman, Əbdür-Rəhman və Səd və Zübeyrə dedi: “Sizi Allaha and verirəm, deyin görüm sizin aranızda məndən başqa elə bir adam var ki, Peyğəmbər (s) onunla qardaşlıq peymanı bağlamış olsun?” Dedilər: “Allah bilir ki, yox.”2 Əli “Bədr” döyüşü vaxtı Vəlid ilə üzləşəndə Vəlid ondan soruşdu: “Kimsən?” Əli buyurdu: “Mən Allahın qulu və Rəsulun qardaşıyam.” Yenə bir gün Əli (ə) Ömərin xilafəti vaxtında soruşdu: “Əgər Bəni-İsrail”dən sənin yanına bir dəstə gəlsə və onlardan biri “Mən Musanın (ə) əmisi oğluyam” – desə, sən onu başqalarından üstün tutarsanmı?” Ömər cavab verdi: “Bəli!” Əli (ə) buyurdu: “Mən ki, Allaha and olsun, Allah rəsulunun qardaşı və əmisi oğluyam.” Ömər əbasını yerə sərib dedi: “Allaha and olsun, nə qədər ki, bir yerdəyik, bu yerdən savayı başqa bir yerdə oturmamalısan.” Əli əbanın üstündə oturdu. Bu ehtiram və təvazökarlıq Allah rəsulunun qardaşı və əmisi oğlunun xətrinə görə idi.3

3. Qələm öz ixtiyarından çıxıb bizi başqa yerə apardı. İndi deyirəm ki, o həzrət (s) əshabələrinin məscidə tərəf açılan qapılarını bağlamağı (məscidi napaklıq və cünubdan təmizləmək məqsədi üçün) əmr etdi. Amma Əlinin qapısını açıq qoydu və Allah tərəfindən hətta məsciddə (Harun üçün olduğu kimi) ona cünub halında qalmağı rəva bildi. Bunun özü “iki Harun” arasındakı ümumi oxşarlığa dəlalət edir. İbn Abbas deyir: “Allah rəsulu (s) Əlinin qapısından savayı məscidə açılan bütün qapıları bağladı. Əli eləcə məscidə daxil olur və gediş-gəliş yolu oradan idi. Çünki başqa yolu da yox idi,cünub olsa da belə.”4

Ömər ibn Xəttab, Buxari və Müslimin hədisinə əsasən,5 deyir: Əli ibn Əbu Talibə üç şey verilmişdir, əgər onlardan biri məndə olsaydı, qırmızı tüklü dəvələrdən (ərəbin ən yaxşı sərvəti) mənim üçün daha yaxşı olardı. Arvadı Fatimə (ə) Peyğəmbər (s) qızı, məskəni (Allah rəsulu ilə birlikdə) məscid, Peyğəmbərə halal olan hər bir şey Əliyə də halal idi. Və bir də “Xeybər günü” bayraq onun əlində idi.” Yenə doğru hədisə əsasən, bir gün Səd ibn Malik Əlinin (ə) bəzi xüsusiyyətlərini nəql edərək dedi: “Peyğəmbər (s) əmisi Abbası və başqalarını məsciddən çıxartdığı vaxt, Abbas o həzrətə ərz etdi: Bizi çıxardırsan, Əlini orada qoyursan? Həzrət cavab verdi: Sizi mən çıxartmadım, Allah sizi çıxartdı və ona yer verdi.”6

Zeyd ibn Ərqəm deyir: “Allah rəsulu əshabələrinin bəzilərinin qapısı məscidə açılırdı və keçid yolları oradan idi. Peyğəmbər (s) buyurdu: Əlinin qapısından savayı başqa qapıları bağlayın. Bu barədə camaat arasında söz-söhbət oldu. Peyğəmbər (s) ayağa qalxıb, Allaha həmd və sitayiş edəndən sonra buyurdu: Deyirlər ki, mən Əlinin qapısından başqa bütün qapıları bağlamağı əmr etdim! Amma həqiqətdə mən heç nəyi bağlamamış və ya açmamışam, mən məmur olunmuşam və itaət etmişəm.” 1

Təbərani “Əl-Kəbir”də İbn Abbasdan nəql etmişdir ki, Allahın rəsulu (s) bir gün ayağa qalxıb buyurdu: “Mən sizi öz yanımdan (məsciddən) çıxarıb onu saxlamadım, Allah sizi çıxarıb onu saxlamışdır. Mən məmur olunmuş qulam, mənə verilmiş fərmana əməl edirəm. Mən vəhydən savayı heç nəyə itaət etmirəm.”2 Yenə Allahın rəsulu (s) buyurmuşdur: “Ey Əli, məndən və səndən başqa məsciddə cənabət heç kəs üçün halal deyildir.”3 Səd ibn Əbu Vəqqas, Bəra ibn Azib, İbn Abbas, İbn Ömər və Hüzeyfə ibn Üseyd, Qifari bütün bunların hamısını nəql edibdemişlər ki, Peyğəmbər (s) məscidə gəlib buyurdu: “Allah Musaya vəhy buyurdu: Mənim üçün pak bir məscid tik ki, səndən və Harundan başqa heç kəs orada məskən seçməsin. Allah mənə də vəhy buyurub ki, pak və təmiz bir məscid tikəm və məndən, bir də qardaşım Əlidən savayı heç kəs orada sakin olmasın.”4

Bizim yazdıqlarımız bu haqda sübut olunan bütün toplanmış “nəss”ləri özünə sığışdıra bilməz. İbn Abbasdan Əbu Səid Xidri, Zeyd ibn Ərqəm, “Xəsəm” qəbiləsindən səhabi bir şəxs, Əsma binti-Ümeys, Ümmi-Sələmə, Hüzeyfə ibn Üseyd, Səd ibn Əbi-Vəqqas, Bəra ibn Azib, Əli ibn Əbu Talib, Ömər, Əbuzər, Əbu Tüfeyl, Bureydə Əsləmi, Əbu Rafe (Rəsulullah tərəfindən azad olunmuş qul), Cabir ibn Abdullah və başqalarından çatmış açıq “nəss”ləri özündə sığışdıra bilməz.

Peyğəmbərdən çatmış duada belə oxuyuruq: “Pərvərdigara! Qardaşım Musa səndən xahiş edib dedi: Pərvərdigara! Mənə ürək genişliyi inayət et! İşimi asan et! Qüssə və düyünü dilimdən aç ki, camaat sözümü başa düşsünlər və mənim üçün ailəmdən (əhlimdən) vəzir təyin et! Harun qardaşımı və onun vasitəsilə arxamı möhkəmlət və onu işlərimə şərik et.” Sən ona vəhy etdin ki, “tezliklə qardaşın vasitəsilə qollarını möhkəmlədəcəyəm və sizə yüksək məqam və mövqe əta edəcəyəm. Ey böyük Yaradan! Mən sənin qulun və rəsulun Məhəmmədəm. Mənə ürək genişliyi ver! İşimi asan et! Ailəmdən mənə vəzir təyin et! Əli qardaşımı.”5

Bəzzar da buna oxşarını nəql etmişdir ki, Peyğəmbər (s) Əlinin əlini tutub dedi: “Musa Allahdan istədi ki, məscidini Harun üçün pak etsin, mən də Allahdan istədim ki, məscidimi sənin üçün pak və təmiz etsin. Sonra Əbu Bəkrə xəbər göndərdi ki, evinin qapısını bağlasın. O, əvvəl dedi: “İnna lillah və inna iləyhi raciun” və sonra dedi: “Eşitdik və itaət etdik.” Sonra Ömər və Abbasa xəbər göndərdi ki, evlərinin qapısını bağlasınlar. O vaxt buyurdu: “Evlərinizin qapısını mən bağlamamış və Əlinin qapısını mən açmamışam. Allah onun qapısını açmış və sizinkini bağlamışdır.”6

Bizim nəzərdə tutduğumuz Əlinin Haruna (mənzilət və məqamda) oxşamasının ümumiliyi haqqında bu qədər kifayətdir. Vəssalam.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə