Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT


Abdullah ibn Şəddad ibn Had (Had – Üsamə ibn Əmr ibn Abdullah ibn Cabir ibn Bəşir ibn Ətvarə ibn Amir ibn Malik ibn Leysdir) Kufi Əbül-Vəlid



Yüklə 3,93 Mb.
səhifə8/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
48. Abdullah ibn Şəddad ibn Had (Had – Üsamə ibn Əmr ibn Abdullah ibn Cabir ibn Bəşir ibn Ətvarə ibn Amir ibn Malik ibn Leysdir) Kufi Əbül-Vəlid.

O, Əmirəl-mömininin (ə) əshabələrindəndir. Anası Səlma, Ümeys qızı, Xəsəmi Əsmanın bacısıdır. Deməli o, Abdullah ibn Cəfər və Məhəmməd ibn Bəkrin xalası oğlu və Həmzə ibn Əbdül-Müttəlibin qızı Əmarənin ana tərəfdən qardaşıdır.

İbn Səd onu Kufədə yaşayan elm və fiqh əhli olan tabeinlərdən hesab etmiş və “Təbəqat”ın altıncı cildinin 86-cı səhifəsində onun şərhi-halında deyir: Abdullah ibn Şəddad bir qrup “qürra” (qarilər) ilə Həccaca qarşı qiyam etmişdi. Bu, Əbdür-Rəhman Məhəmməd ibn Əşəsin zamanında olmuşdur.

Abdullah “düceyl” günü döyüşdə öldürüldü. O, etimadlı fəqih, çoxlu hədis bilən bir şəxs idi.

Mən deyirəm: Bu döyüş 81-ci ildə baş verdi. “Sihahi-Sittə”nin müəllifləri və sünnə əhlinin başqa imamları Abdullah ibn Şəddadın hədislərindən dəlil gətirmişlər. İbn İshaq Şeybani, Məbəd ibn Xalid və Səd ibn İbrahim ondan hədis nəql etmişlər. Bunların ondan nəql etdikləri hədisləri bütün “Sihah” və “Məsanid” kitablarında vardır. Buxari və Müslimin fikrincə o, Əlidən (ə), Meymunə və Ayişədən hədis eşitmiş və öyrənmişdir.
49. Abdullah ibn Ömər ibn Məhəmməd ibn Əban ibn Saleh ibn Ümeyr Qureyşi, ləqəbi Müşkdanə, Kufə əhlidir.

O, Müslim, Əbu Davud, Bəğəvi və bu təbəqədən olan başqa bir qrupla eyni vaxtda yaşayanların ustadıdır. Əbu Hatəm deyir: “Çox düzdanışandır və şiə olduğu nəql olunubdur.” Saleh ibn Məhəmməd Cəzrə deyir: “O, şiəlikdə ifrata varmışdır.” Eyni təriflə də Abdullah ibn Əhməd atasından nəql etmişdir ki, Müşkdanə etimadlıdır. Zəhəbi “Mizanül-Etidal”da demişdir: “Çox düzdanışandır və çoxlu hədisləri vardır.” İbn Mübarək, Dəravərdi və Təbəqədən hədis eşitmiş və Müslim, Əbu Davud, Bəğəvi və başqaları ondan hədis nəql etmişlər. O, adının yanında Əbu Davud rəmzini yazmaqla onun hədislərindən dəlil gətirmələrinə işarə etmiş, əvvəldə dediyimiz kimi, alimlərdən nəql etmişdir. Xatırlatmışdır ki, o, 239-cu ildə vəfat etmişdir.

Mən deyirəm: “Səhih-Müslim”də Əbdət ibn Süleyman, Abdullah ibn Mübarək, Əbdür-Rəhman ibn Süleyman, Əli ibn Haşim, Əbül-Əhvəs, Hüseyn ibn Əli Cöfi və Məhəmməd ibn Füzeyldən onun hədisləri vardır. Müslim “fitən” (fitnələr) fəslində heç bir vasitə olmadan ondan rəvayət nəql etmişdir. Əbül-Abbas Sərrac deyir: “O, 237, ya 238-ci ildə vəfat etmişdir.”
50. Abdullah ibn Ləhyəə ibn Üqbə Həzrəmi, hakim və Misir alimi.

İbn Qüteybə “Maarif” kitabında onu şiə şəxsiyyətlərindən hesab etmişdir. İbn Ədi (“Mizanül-Etidal”da Ləhyəənin şərhi-halında yazıldığı kimi) deyir: “O, şiəlikdə ifrata varmışdır.”

Əbu Yəla, Kamil ibn Təlhədən nəql edir: İbn Ləhyəə Həyy ibn Abdullah Məğafiridən, Əbu Əbdür-Rəhmən Həblidən, Abdullah ibn Əmrdən bizə hədis söyləmişdir ki, o hədisdə deyilir: Allahın rəsulu (s) xəstə olan vaxt buyurdu: “Qardaşımı çağırın, mənim yanıma gəlsin. Əbu Bəkri çağırdılar. Peyğəmbər (s) üzünü ondan döndərdi. Sonra Əliyə (ə) xəbər verdilər. Peyğəmbər (s) Əlini yatağının yanına çağırdı və üstünə salınmış örtüyün altından onu qucaqladı. İmam (ə) onun yanından çıxanda ondan soruşdular: Peyğəmbər sənə nə dedi? Cavab verdi: Min elm qapısını mənə öyrətdi ki, hər birindən min qapı açılır.”

Zəhəbi “Mizanül-Etidal”da adını çəkmiş və kənarında “D. T. Q.” hərflərini yazmaqla rəvayətlərini nəql edən “sünən” və “əxbar” yazanlara işarə etmişdir. Siz onun hədislərini “Səhih-Tirmizi”, “Səhih-Əbu Davud” və “sünən” əhlinin başqa kitablarında tapa bilərsiniz.

İbn Xəlləkan “Vəfayətül-Əyan” kitabında onu xatırlamış və tərifləmişdir. Müslimin fikrincə, İbn Vəhəb ondan hədis söyləmişdir. Onun Yəzid ibn Əbu Həbibdən nəql etdiyi hədis “Səhih-Müslim”də vardır.

İbn Qeysərani “Əl-cəm beynə kitabəy-Əbi Nəsr əl-Kilabazi və Əbi Bəkr əl-İsfahani” kitabında Buxari və Müslimin yazdıqları şəxsiyyətlər sırasında İbn Ləhyəənin də adını çəkmişdir.

O, Rəbiüs-sani ayının ortalarında bazar günü 174-cü ildə vəfat etmişdir.
51. Abdullah ibn Meymun Qəddah, Məkkə əhli, imam Cəfər Sadiqin (ə) səhabələrindəndir.

Tirmizi onun hədislərindən dəlillər gətirmişdir. Zəhəbi onu xatırlamış və Tirmizi rəmzini adının yanında yazmaqla ondan hədis nəql etmişdir və onun Cəfər ibn Məhəmməd və Təlhə ibn Əmrdən hədis nəql etdiyini nəzərə çatdırmışdır.


52. Əbdür-Rəhman ibn Saleh Əzdi Əbu Məhəmməd Kufi.

Dostu və şagirdi Abbas Duri onun haqqında demişdir: “O, şiə idi.” İbn Ədiy onu xatırlamış və demişdir: “Şiəliyinə görə odda yandırıldı.” Saleh Cəzrə onun haqqında demişdir: “O, Osmanın şəxsiyyətinə toxunurmuş (eyib tutub, təhqir edirmiş).” Əbu Davud deyir: “O, əshabələrin eyibləri və ziddiyətləri haqqında kitab yazmış və pis adamdır.” Bununla belə Abbas Duri, imam Bəğəvi ondan hədis nəql etmiş, Nisai hədislərini söyləmişdir. Zəhəbi “Mizanül-Etidal”da adını çəkmiş və “N.” (Nisai) rəmzini adının yanında yazmaqla hədislərindən dəlillər gətirdiyinə işarə etmişdir. O, əvvəldən işarə etdiyimiz sözləri də nəql etmiş və xatırlamışdır ki, İbn Müin onu etimadlı hesab etmişdir.

O, 235-ci ildə vəfat etmişdir. Siz onun Şərik və bu təbəqədən olan başqaları haqqındakı hədislərini “sünən” kitablarında mülahizə edə bilərsiniz.
53. Əbdür-Rəzzaq ibn Həmmam ibn Nafe Himyəri Sənani.

O, şiənin əyan və böyüklərindən və bu cəmiyyətin keçmişdəki ən layiqli və yaxşı şəxslərindən idi. İbn Qüteybə “Maarif” kitabında onu şiə adlandırmış və İbn Əsir onun vəfatını öz tarix kitabı “Əl-Kamil”də, 211-ci ilin hadisələrinin sonunda olduğunu yazmış1 və demişdir: “Əbdür-Rəzzaq ibn Həmmam Sənani bu il vəfat etdi. O, Əhmədin şeyx və ustadlarından olub, şiə məzhəbinə inanırdı.” Müttəqi Hindi “Kənzül-Ümmal” kitabındakı 5994-cü hədisdən bəhs edərkən ondan söz açmış və onun şiə olduğunu təsdiq etmişdir.2 Zəhəbi “Mizanül-Etidal” kitabında deyir: “Əbdür-Rəzzaq ibn Həmmam ibn Nafe imam Əbu Bəkr Himyəri Sənani böyükl və etimadlı kəslərdəndir.” Sonra şərhi-halını yazarkən deyir: “O, çoxlu əsərlər yazmışdır. Bilik xəzinələrindən biri olan “Əlcameül-Kəbir” onundur. Camaat elm öyrənmək üçün uzaqdan və yaxından onun yanına gələrdi. O cümlədən Əhməd, İshaq, Yəhya, Zühəli, Rəmadi və Əbdin adını çəkmək olar. Sonra Abbas ibn Əbdül-Əzimin onu təkzib edən kəlamının nəqlinə çatanda onu rədd edir və əlavə edir: “Bu elə bir məsələdir ki, heç bir müsəlman, hətta başqa hafizlər də Abbas ilə müvafiq deyildirlər və elm imamlarının hamısı Əbdür-Rəzzaqın hədislərindən dəlillər gətirirlər.” Sonra Təyalisidən bu kəlamı nəql etmişdir ki, İbn Müindən eşitdim deyirdi: “Bir gün Əbdür-Rəzzaqdan şiəliyini sübut edən bir söz eşitdim.” Ona dedim: “Sənin ustadların Müəmmər, Malik, ibn Cərih, Əbu Süfyan” və Üzaidir ki, onlardan elm öyrənmisən. Hamısı sünnə əhlindəndirlər. Sən bu məzhəbi (şiə məzhəbini) kimdən öyrəndin? Dedi: Cəfər ibn Süleyman Zəbi ilə bizim görüşümüz oldu. Mən onun fazil, əsil hidayətçi və yaxşı bir adam gördüm və bu məzhəbi ondan öyrəndim.”

Mən deyirəm: Əbdür-Rəzzaq bu sözü ilə şiəliyinə etiraf edir və onu Cəfər ibn Zəbidən öyrəndiyini bildirir. Amma Məhəmməd ibn Əbu Bəkr Müqəddəmi bu fikirdə idi ki, Cəfər ibn Zəbi Əbdür-Rəzzaqın vasitəsi ilə şiə olub (onun təsiri ilə) və həmişə Əbdür-Rəzzaqa bu işinə görə qarğış edirdi. “Mizanül-Etidal”da Cəfər ibn Zəbinin şərhi-halında yazıldığı kimi deyirdi: “Yox olsun Əbdür-Rəzzaq, ondan başqa Cəfəri heç kəs pozğun etmədi (yəni şiə məzhəbini ona öyrətdi).” İbn Müin Əbdür-Rəzzaqın sözlərindən çoxlu dəlillər gətirsə də, halbuki şiə olmasına etiraf etmişdir. Əhməd ibn Əbu Xeysəmə deyir1: İbn Müinə deyildi ki, Əhməd deyir: Abdullah ibn Musanın hədislərini qəbul etmək olmaz, çünki o şiədir. İbn Müin cavab verdi: And olsun o Allaha ki, Ondan başqa məbud yoxdur, Əbdür-Rəzzaq bu mənada Übeydullahdan yüz dəfə yüksəkdir və mən Əbdür-Rəzzaqdan Übeydullahdan eşitdiyimdən bir neçə dəfə artıq hədis öyrənmişəm.” Əbu Saleh ibn İsmail Zərari2 demişdir: Biz Sənada Əbdür-Rəzzaqın yanında idik. Bizə dedilər: “Əhməd, ibn Müin və başqaları Əbdür-Rəzzaqın hədislərini qəbul etmir, və ya bəyənmirlər, bu da onun şiəliyinə görədir. Bu xəbərdən çox qəmgin olduq. Öz-özümüzə dedik: Biz Əbdür-Rəzzaqdan elm və hədis öyrənmək üçün pul xərcləmişik, səfər əziyyəti çəkmişik, yorğunluqlara dözmüşük, axırda hamısı faydasız oldu. Sonra mən həcc zamanı hacılarla birlikdə Məkkəyə getdim, orada Yəhya ibn Müinlə görüşdüm. Bu məsələni ondan soruşdum. O, dedi: Ey Əbu Saleh, əgər Əbdür-Rəzzaq dinindən dönsə (mürtəd olsa) və İslamdan da çıxsa hədislərini rədd etməyəcəyəm.”

İbn Ədi demişdir3: “(Əhli-beytin) fəzilətləri haqqındakı hədislərinə görə heç kəs onunla razılaşmır4, (Əhli-beytdən) olmayanlara aid elə eyiblər və rəva olunmayan sözləri vardır ki, hamı onları inkar edir və onu şiə hesab edir.”5

Mən deyirəm: Bütün bunlara baxmayaraq Əhməd ibn Hənbələ belə deyildi1: “Hədisdə Əbdür-Rəzzaqdan yaxşısını görmüsənmi? Cavab verdi: Xeyr.”

İbn Qeysərani “Əl-Cəmu beynə ricalis-səhiheyn” kitabında, Əbdür-Rəzzaqın şərhi-halının sonunda imam Əhməddən sənəd əsasında yazır ki, Müəmmərin hədisinə görə camaat arasında ixtilaf düşəndə Əbdür-Rəzzaqın sözü üstün olurdu.

Məxləd Şəiri deyir: Mən Əbdür-Rəzzaqın yanında idim. Kimsə Müaviyədən söz açanda, Əbdür-Rəzzaq dedi2: Məclisimizi Əbu Süfyan oğlunun adını çəkməklə kəsafətli və üfunətli etmə.” Zeyd ibn Mübarək demişdir: “Əbdür-Rəzzaqın yanında idim. Bizim üçün İbn Hədsanın hədisini söyləyirdi. Ömərin Əli və Abbasa xitabən: “Sən (Abbas) qardaşın oğlunun mirasını istəyirsən və bu şəxs (Əli) arvadının atasının mirasını tələb etmək istəyir” – sözünə çatanda Əbdür-Rəzzaq (“Mizanül-Etidal”da onun şərhi-halında yazıldığı kimi) dedi: Bu axmağa baxın, deyir: “Qardaşın oğlu, atası.” Bir demir ki, Allahın rəsulu.”

Mən deyirəm: Bunlarla yanaşı sünnə əhlinin bütün alimləri ondan elm və hədis öyrənmişlər və onların hamısı istisnasız olaraq hədislərindən dəlil gətirmişlər. İbn Xəlləkanın “Vəfayətül-Əyan” kitabında onun şərhi-halında deyildiyi kimi, Allah rəsulundan sonra camaat elm və hədis öyrənmək üçün heç kəsin yanına Əbdür-Rəzzaqın yanına gedən qədər getməmişlər. “Vəfayətül-Əyan”da deyilir: “İslamın alim və rəhbərləri onun zamanında ondan rəvayət nəql ediblər, o cümlədən Süfyan ibn Üyəynəni göstərmək olar və Əbdür-Rəzzaq onun ustadlarından sayılır. Əhməd ibn Hənbəl və Yəhya ibn Müin və başqalarının da adını çəkmək olar.

Mən deyirəm: Onun hədislərini “Sihah” və “Məsanid” (rəvayətləri sənəd əsasında nəql olunan kitablar) kitablarının hamısında mülahizə edə bilərsiniz. Bu kitablar onun rəvayətləri ilə doludur.

O, 126-cı ildə doğulmuş, 20 yaşında təhsilə başlamış və 211-ci ilin Şəvval ayında vəfat etmişdir. Onun ömrünün 22 ili imam Sadiq (ə) dövrünə düşür.3 O, imam Cavadın (ə) dövründə o həzrətin şəhadətindən 9 il əvvəl vəfat etmişdir4. Allah onu Əhli-beyt imamlarına qovuşdursun, belə ki, həqiqətən onların vilayətinə xalis əqidəsi olmuşdur.



54. Əbdül-Məlik ibn Əyən, Zürarənin qardaşı.

Həmran, Bükeyr, Əbdür-Rəhman, Məlik, Musa, Zəris və Ümmül-Əsvəd – Əyənin övladlarının hamısı şiənin o dövrdəki layiqli və tanınmış adamlarından olmuşlar. Onlar xidmətlə dolu bir peymanə tək şəriəti qorumuş, atalarının məzhəb və yolu ilə gedən layiqli və səmərəli övladlar yetirmişlər.

Əbdül-Məlik haqda Zəhəbi “Mizanül-Etidal”da demişdir: Əbdül-Məlik ibn Əyən “X. M.” Əbu Vail və başqalarından hədis nəql etmişdir.” Əbu Hatəm demişdir: “Hədisdə səlahiyyətli adamdır.” İbn Müin deyir: “Mühüm adam deyil, sözlərinin əhəmiyyəti və dəyəri yoxdur.” Bir başqası demişdir: “O, düzdanışandır, lakin rafizidir.” İbn Üyeynə deyir: “Əbdül-Məlik bizə hədis nəql edərdi və rafizi idi.” Əbu Hatəm demişdir: “O, əsil şiələrdən idi, hədisi qəbul olunur.” Süfyan ibn Üyeynə və Süfyan Suri ondan hədis nəql etmiş və bir çoxları da öz kitablarında onun hədislərini yazmışlar.

Mən deyirəm: İbn Qeysərani “Cəmi beynə ricalis-səhiheyn” kitabında onu xatırlamış və demişdir: “Əbdül-Məlik ibn Əyən Həmranın qardaşı, Kufə əhli və şiədir. O, Əbu Vaildən, Buxarinin fikrincə, “tövhid” sahəsində və Müslimin fikrincə “İman” sahəsində hədis nəql etmişdir. Hər ikisinin fikrincə Süfyan ibn Üyəynə ondan hədis söyləmişlər.

O, imam Sadiqin (ə) zamanında vəfat etmişdir. İmam ona dua və Allahdan rəhmət tələb etmişdi. Əbu Cəfər ibn Babəveyh nəql etmişdir ki, imam Sadiq (ə) əshabələri ilə birlikdə Mədinədə onun qəbrini ziyarət etmişdir. Xoş halına və əldə etdiyi aqibət gözəlliklərinə.
55. Übeydullah ibn Musa Əbəsi Kufi, “Səhih” kitabında Buxarinin ustadı.

İbn Qüteybə “Maarif” kitabında onu hədis əshablarından hesab etmiş və şiə olduğunu deyərək “Maarif”in “əl-firəq” babında bir sıra şiə şəxsiyyətləri sırasında onun da adını çəkmişdir. İbn Səd “Təbəqat”ın altıncı cildində onun şərhi-halını yazmış və şiə olduğunu təsdiq edərək demişdir: “O, şiə məzhəbi və onun doğruluğu haqda hədislər nəql etmiş, buna görə də bir çoxları onu “zəif” saymış və hədislərini qəbul etməmişlər. Əlavə etmişdir ki, o, Qurana möhkəm bağlı idi, həmişə onu tilavət edərdi və ondan bəhrələnərdi.

İbn Əsir “Kamil” kitabının altıncı cildinin 139-cu səhifəsində onun vəfatını 213-cü ilin sonları hesab etmiş və demişdir: “Übeydullah ibn Musa Əbəsi” fəqih və şiə idi. O, “Səhih”də Buxarinin ustadı və şeyxlərindəndir.” Zəhəbi “Mizanül-Etidal” kitabında onun adını çəkmiş və demişdir: “Übeydullah ibn Musa Kufə əhli, Buxarinin ustadı və zatən etimadlı şəxsdir, lakin şiədir və yolunu azmışdır.” Əbu Hatəm və İbn Müin ona etimad göstərmişlər. O, əlavə edir: “Əbu Hatəm demişdir: Əbu Nəim ondan daha mötəbərdir və Übeydullah İsrailə nisbətən onlardan daha etimadlıdır (çünki İsrail, Übeydullahın yanına gələrdi və ondan Quran öyrənərdi).” Əhməd ibn Abdullah İcli deyir: “Übeydullah ibn Musa Quran sahəsində alim və olduqca agahlardan biridir. Heç vaxt onu başını qaldıran və gülən görmədim.” Əbu Davud deyir: “Übeydullah Əbəsi yolunu azmış şiə idi.” Zəhəbi “Mizanül-Etidal” kitabında Mətər ibn Meymunun şərhi-halının sonunda onun haqqında yazmış və demişdir: “Übeydullah etimadlı şiədir və İbn Müin, Übeydullah ibn Musa və Əbdür-Rəzzaqdan şiə olduqlarını bildiyinə baxmayaraq, hədis və elm öyrənmişdir.” Əhməd ibn Əbu Xeysəmə, Zəhəbinin “Mizanül-Etidal”ında Əbdür-Rəzzaqın şərhi-halında yazıldığı kimi, deyir: İbn Müindən soruşdum: Deyirlər Əhməd deyir ki, Übeydullah ibn Musa şiə olduğu üçün hədisləri qəbul olunmur. İbn Müin cavab verdi: Ondan savayı məbud olmayan Allaha and olsun Əbdür-Rəzzaq şiəlikdə ondan yüz dəfə yüksəkdir və mən Übeydullahdan öyrəndiyimdən bir neçə dəfə artıq Əbdür-Rəzzaqdan bilik və hədis öyrənmişəm.”

Mən deyirəm: Sünnə əhli “Sihah” kitablarında Übeydullahın hədislərindən dəlillər gətirmişlər. Siz “Səhih-Buxari” və “Səhih-Müslim”də onun Şeyban ibn Əbdür-Rəhmandan nəql etdiyi hədisi oxuya bilərsiniz. Onun Əməş, Hişam ibn Ürvə, İsmail ibn Xaliddən nəql etdiyi hədisləri “Səhih-Müslim”də vardır. “Səhih-Müslim”də İsrail, Həsən ibn Saleh və Üsamə ibn Zeyddən söylədiyi hədislər oxunmağa layiqdir. Buxari heç bir vasitə olmadan və İshaq ibn İbrahim, Əbu Bəkr ibn Əbu Şeybə, Əhməd ibn İshaq Buxari, Məhmud ibn Qilan, Əhməd ibn Sureyc, Məhəmməd ibn Həsən ibn Əşkab, Məhəmməd ibn Xalid Zühəli və Yusif ibn Musa Qəttan vasitəsilə ondan hədis nəql etmişdir. Müslim Həccac ibn Şair, Qasim ibn Zəkəriyya, Abdullah Darəmi, İshaq ibn Mənsur, İbn Əbu Şeybə, Əbd ibn Həmid, İbrahim ibn Dinar və İbn Numeyr vasitəsilə ondan rəvayət nəql etmişdir. Zəhəbi “Mizanül-Etidal” kitabında deyir: “O, 213-cü ildə vəfat etmişdir.” Əlavə edir: “O, hədisdə təqva, ibadət və pəhrizkarlığa malik idi.

Mən deyirəm: O, Zilqədə ayının əvvəlində vəfat etmişdir. Allah rəhmət eləsin və qəbrini pak və müqəddəs etsin.
56. Osman ibn Ümeyr Əbu Yəğzan Səqəfi Kufi Bəcəli. Ona Osman ibn Əbu Zərə, Osman ibn Qeys və Həmid də deyirlər.

Əbu Əhməd Zübeyri demişdir: O mömin idi və “rəcət”ə inanırdı. Əhməd ibn Hənbəl demişdir: “Əbu Yəğzan İbrahim ibn Abdullah ibn Həsənin qiyamında iştirak etmişdir.” İbn Ədi deyir: “Onun məzhəbi qəbul ediləsi deyil. O, “rəcət”ə inanırdı, lakin (hədisdə) “zəif” olmasına baxmayaraq, etimadlı şəxslər ondan hədis nəql etmişlər.”

Mən deyirəm: Onlar hər vaxt bir şiə hədisçisinə eyib tutmaq, onun məqam və qədrini azaltmaq istəyəndə “rəcət”ə etiqad məsələsini ona aid edirdilər. Buna görə də Osman ibn Ümeyri “zəif” bilmiş və İbn Müin də demişdir ki, onun sözünün dəyəri yoxdur. Lakin onun haqqında deyilənlər Əməş, Süfyan, Şöbə, Şərik və bu təbəqədən olan şəxslərin onun hədislərini öyrənməyinə mane olmamışdır. Əbu Davud, Tirmizi və başqaları hədislərini nəql etmiş və ondan dəlillər gətirmişlər. Onun Ənəs və başqalarından nəql etdiyi hədislərini oxuya bilərsiniz. Bu deyilənləri Zəhəbi “Mizanül-Etidal”da onun şərhi-halında yazmış və üləmanın onun haqqında dediklərini nəql edərkən adının yanında “D.T.Q.” rəmzlərini yazmaqla onun hədislərini nəql edən “sünən” yazıçılarına işarə etmişdir.
57. Ədi ibn Sabit Kufii.

İbn Müin deyir: “Şiədir. Şiəlikdə inadkar ifratçıdır.” Darü-Qütni deyir: “Rafizidir və rafizilikdə ifrata varmışdır və etimadlıdır.” Cüzcani demişdir: “Doğru yoldan (sünnə əhlinin getdiyi yoldan) azmışdır.” Məsudi deyir: “Şiə sözü və əqidələrində, aydın danışıq və iradə möhkəmliyində Ədi ibn Sabitdən savayı bir kəs görmədim.” Zəhəbi “Mizanül-Etidal”da onu yad etmiş və demişdir: “O, şiə alimi, onların doğru danışanı, qazi və məscidlərinin imamıdır. Əgər bütün şiələr onun kimi olsaydılar, şər və pislikləri az olardı.” Sonra şərhi-halını davam etdirərək adları çəkilən alimlərin sözlərini nəql edir və onun etimadlı olmasını Darü-Qütni, Əhməd Hənbəl, Əhməd İcli və Əhməd Nisaidən söyləyərək “Sihahi-Sittə”nin müəlliflərinin rəmzini adının yanında yazmış və hədisdə onunla həmfikir olduqlarına işarə etmişdir. Siz “Səhih-Buxari” və “Səhih-Müslim”də onun Bəra ibn Azibdən, anasının cəddi Abdullah ibn Yəziddən, Abdullah ibn Əbu Ovf, Süleyman ibn Sürəd və Səid ibn Cübeyrdən nəql etdiyi hədisləri mülahizə edə bilərsiniz. Amma Zərr ibn Həbiş və Əbu Hazim Əşcəidən söylədiyi hədis yalnız “Səhih-Müslim”dədir. (Yeri gəlmişkən qeyd etmək lazımdır ki,) Əməş, Müsər, Səid, Yəhya ibn Səid Ənsari, Zeyd ibn Əbu Ənisə və Füzeyl ibn Qəzvan ondan rəvayət nəql etmişlər.


58. Ətiyyə ibn Səd ibn Cənadə Ufi Əbül-Həsən Kufi, məşhur tabeinlərdəndir.

Zəhəbi “Mizanül-Etidal”da adını çəkmiş və Salim Muradidən nəql etmişdir ki, Ətiyy şiəliyə inanırdı. İbn Qüteybə “Maarif”də hədis səhabələrindən danışarkən onun nəvəsi Ufi Qazi, yəni Hüseyn ibn Həsən ibn Ətiyyədən bəhs edəndən sonra ondan söz açaraq demişdir: “Ətiyyə ibn Səd Həccacın zamanında din və şəriət bilənlərdən idi və şiəliyə inanırdı.” O, “Maarif” kitabının “firqələr” babında şiə şəxsiyyətləri sırasında, yenə Ətiyyə ibn Ufini onlardan hesab etmişdir. İbn Səd “Təbəqat”ın1 6-cı cildində onu şiəlikdə nüfuzlu və sabitqədəm kimi təqdim etmişdir. Atası Səd ibn Cənadə imam Əlinin (ə) əshabələrindən idi. Kufədə olan zaman imam Əlinin (ə) yanına gəldi və ərz etdi: Ey Əmirəl-möminin! Mənim bir oğlum olmuşdur, ona ad qoy. İmam buyurdu: “Bu Allah ətiyyəsidir (hədiyyəsidir).” Ona görə də Ətiyyə adlandı.

“Təbəqat”da İbn Səd deyir: “Ətiyyə, Əşəsin oğlu ilə birlikdə Həccaca qarşı mübarizəyə qalxdı. İbn Əşəsin orudusu məğlub olandan sonra Ətiyyə fars vilayətinə qaçdı. Həccac öz naibi Məhəmməd ibn Qasimə yazdı: Ətiyyəni çağır və ondan tələb et ki, Əliyə (ə) lənət etsin, əgər belə etməsə, onda ona dörd yüz qamçı vur və başını və saqqalını qırxdır. Həmin şəxs onu çağırdı və Həccacın məktubunu ona oxudu. Ətiyyə qulaq asmadı. Hakim ona dörd yüz qamçı vurdu, başını və saqqalını qırxdırdı.

Qüteybə Xorasanın valisi olan zaman Ətiyyə ora getdi. Ömər ibn Hübeyrə (İraqın valisi olan zaman) Ətiyyə ona məktub yazıb İraqa gəlməyə icazə istədi. O, icazə verdi. Ətiyyə Kufəyə gəldi və 111-ci ilə qədər Kufədə yaşadı.

İbn Səd deyir: “O, etimadlı şəxs idi və ondan qiymətli hədislər yadigar kimi qalmışdır.”

Mən deyirəm: Onun nəvələri vardır ki, hamısı Ali-Məhəmməd (s) şiələrindəndir. Onların arasında fazil, ağıllı, zirək və görkəmli şəxslər vardır. Məsələn, Həfsə ibn Qiyasdan sonra Şərqiyyənin (Misirin şəhərlərindən biri) rəhbərliyini və qazilik işlərini öhdəsinə alan1 Hüseyn ibn Həsən ibn Ətiyyəni göstərmək olar ki, sonra o, Mehdinin qoşununa köçürüldü və 201-ci ildə vəfat etdi. Həmçinin, Məhəmməd ibn Səd ibn Məhəmməd ibn Həsən ibn Ətiyyə Bağdadın2 qazisi və hədisçilərindən idi. O, atası Səddən və əmisi Hüseyn ibn Həsən Ətiyyədən hədis nəql etmişdir.

Ətiyyə Ufinin şərhi-halına qayıdaq. Əbu Davud, Tirmizi onun hədislərindən dəlillər gətirmişlər. Bu iki şəxsin “Səhih”ində İbn Abbas və İbn Ömərdən nəql etdiyi hədislər vardır.

O, Əli ibn Həsəndən, atasından və behişt qadınlarının seyyidəsi Zəhradan da hədis nəql etmişdir. Oğlu Həsən ibn Ətiyyə, Həccac ibn Ərtat, Müsər, Həsən ibn Üdvan və başqaları ondan hədis nəql etmişlər.


59. Əla ibn Saleh Teymi Kufi.

Əbu Hatəm onun adını çəkmiş (“Mizanül-Etidal”da şərhi-halında deyildiyi kimi) və onu xalis şiələrdən hesab etmişdir.

Mən deyirəm: Buna baxmayaraq Əbu Davud, Tirmizi onun hədislərindən dəlillər gətirmişlər və İbn Müin onu etimadlı saymışdır. Əbu Hatəm və Əbu Zərə deyiblər: “Hədislərinə əməl etməyin eybi yoxdur.” Siz onun Yəzid ibn Əbu Məryəm, Həkəm ibn Üteybədən nəql etdiyi hədislərini “Səhih-Tirmizi” və “Səhih-Əbu Davud” və sünnə əhlinin başqa hədis kitablarında mülahizə edə bilərsiniz. Əbu Nəim, Yəhya ibn Bəkir və bu təbəqədən digər bir qrup ondan hədis söyləmişlər. Və ibn Əla məkkəli şair Əla ibn Əbil-Abbas deyildir, belə ki, şair Əla Süfyan ibn Üyəynə və Süfyan Surinin şeyx və ustadlarından və Əbu Tüfeyldən rəvayətlər nəql etmişdir. Buna görə də o, Əla ibn Salehdən əvvəl yaşamışdır. Bundan əlavə, Əla ibn Saleh Kufə əhli, şair Əla isə Məkkə əhlidir. Zəhəbi “Mizanül-Etidal”da hər ikisinin adını çəkmiş və nəql etmişdir ki, hər ikisi şiə şəxsiyyətlərindəndir. Şair Əlanın Əmirəl-möminin (ə) haqqında mədhləri vardır ki, onlar haqqı aşkar etməkdə kəskin və parlaq dəlillərdir. Onun imam Hüseyn (ə) haqqında mərsiyələri də vardır... Allah, Peyğəmbər (s) və möminlər buna görə ona minnətdardırlar.
60. Əlqəmə ibn Qeys ibn Abdullah Nəxəi Əbu Şibl, Yəzidin oğulları Əsvəd və İbrahimin əmisi.

O, Ali-Məhəmmədin övliyalarından idi. Şəhristani “Miləl və Nihəl” kitabında onu şiə adlandırmışdır. O, elə hədis başçılarındandır ki, Əbu İshaq Cüzcani adlarını çəkmiş və demişdir: “Bir qrup Kufə əhli var idi ki, camaat onların məzhəbinə (şiə olduqlarına görə) sitayiş etmirdi. Onlar Kufə hədisçilərinin başçıları idilər.”

Əlqəmə və qardaşı Übeyy Əlinin (ə) əshabələrindən idilər və “Siffeyn” döyüşündə iştirak etmişdilər. Übeyy döyüşün qızğın çağında şəhid olmuşdur. Çox namaz qıldığı üçün ona “Übeyyüs-səlat” deyirdilər. Amma Əlqəmə qılıncını o zalım və üsyançıların qanı ilə sirab etdi. O həngamədə ayağı zədələndi. Deməli o, Allah yolu mücahidlərindən sayılır və son nəfəsə qədər Müaviyə ilə düşmən olaraq qaldı. Bir dəfə Əbu Bərdə, Əlqəmənin adını Müaviyənin hökmranlığı zamanında onun görüşünə gedəcək adamların sırasında yazdı. Əlqəmə razı olmayıb Əbu Bərdəyə məktub yazdı: “Adımı sil, adımı sil.” Bu məsələni İbn Səd “Təbəqat” kitabının 6-cı cildində (57-ci səh.-də) onun şərhi-halında yazmışdır.

Sünnə əhli –onun şiə olmasından agah olmalarına baxmayaraq– onu ədalətli və əzəmətli saymışdır. “Sihahi-Sittə” əshabələri və başçıları onun hədislərindən dəlil gətirmişlər. Siz onun “Səhih-Buxari” və “Səhih-Müslim”də ibn Məsud və Əbu Dərda və Ayişədən nəql etdiyi hədislərini mülahizə edə bilərsiniz. Amma Osman və İbn Məsuddan söylədiyi hədislərini “Səhih-Müslim”də oxuya bilərsiniz. Qardaşı oğlu İbrahim Nəxəi ondan hədis nəql etmişdir ki, “Səhih-Buxari” və “Səhih-Müslim”də vardır. Yenə Əbdür-Rəhman ibn Yəzid, İbrahim ibn Yəzid və Şəbi ondan rəvayət söyləmişlər ki, “Səhih-Müslim”də mövcuddur.

O, 62-ci il Kufədə vəfat etmişdir. Allah rəhmət eləsin.
61. Əli ibn Bədimə.

Zəhəbi “Mizanül-Etidal” kitabında adını çəkmiş və Əhməd ibn Hənbəldən nəql etmişdir ki, onun hədisləri yaxşı və onlara əməl olunmağa və dəlil gətirilməyə səlahiyyətlidir. O, şiə başçılarındandır. İbn Müindən nəql etmişdir ki, ona etimad bəsləmiş və demişdir ki, o, Əkrəmə və başqalarından hədis söyləmiş, Şöbə və Müəmmər ondan hədis nəql etmiş və adının yanında rəmz yazmaqla hədis kitablarını yazanların ondan hədis nəql etmələrinə işarə etmişdir.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə