ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

Mənimlə birinci rəqsi kim edəcək? - deyə İlyas bəy səsləndi. Nino sual dolu gözləri ilə mənə baxdı. 
Başımla “rəqs et” deyə mən işarə etdim. Yaxşı rəqs edə bilmirdim. 
İlyas bəyə Ninonu etibar edə bilərdim. Çünki İlyas bəy ədəb ərkanı bilən bir dost idi. 
İlyas bəy musiqiçilərə səs elədi: 
Şamilin duasını çalın” 
Birdən çılğın bir melodiya yüksəldi. İlyas bəy salonun ortasına sıçradı. Xəncərini sıyırdı. Onun ayaqları 
Qafqazlıların dağ rəqsinin atəşli ritmiylə hərəkətə gəldi. Xəncərin tiyəsi onun əlində parlayırdı. Nino 
rəqs edə-edə ona yaxınlaşdı. O, kiçik ayaqları ilə balaca oyuncaqlara bənzəyirdi. “Şamilin duası” 
musiqisi çalınırdı. Biz əl vuraraq musiqinin tempini tutmağa çalışırdıq. Nino qaçırılmalı olan gəlin 
idi... İlyas xəncəri dişlərinin arasına aldı. İlyasın qolları yırtıcı quşun qanadları tək açılmış və qızın 
ətrafında dolaşırdı. Ninonun ayaqları da durmadan fırlanaraq salonun ətrafında oynayırdı. Onun 
titrəyən qollarının hərəkəti qaçırılacaq bir gəlinin qorxu, ümidsizlik və  fədakarlığını ifadə edirdi. Sol 
əlində bir cib dəsmalı tutmuşdu. Onun bütün bədəni əsirdi. Yalnız başlığındakı qızıl sikkələr cərgə ilə 
tərpənmədən qalmışdı. Belə də olmalı idi və rəqsdə ən çətin şey elə bu idi. Bu dərəcə çılğınlıqla salon 
boyunca rəqs etmək və başlığındakı qızıl sikkələrin birini də  tərpənməyə qoymamaq ancaq gürcü 
qızlarına məxsus idi. İlyas bəy, ona aman vermədən dairə boyunca Ninonun dalınca qaçırdı. İlyasın 
qolları ilə etdiyi işarələr, getdikcə daha amiranə olurdu. Ninonun da hücumu dəf etməyə çalışan 
hərəkətləri getdikcə incələşirdi. Nəhayət Nino yolu bir ovçu tərəfindən kəsilmiş maral kimi dayandı. 
İlyas bəyin onun ətrafında çızdığı dairə getdikcə daralırdı. Ninonun gözləri itaətkar idi. Onun əlləri 
əsirdi. 
Musiqinin kəskin səsi get-gedə yüksəlirdi. Nino sol əlini açdı. Onun əlindəki dəsmal dalğalanaraq yerə 
düşdü. Elə bu anda da İlyas bəyin xəncəri Ninonun ipək dəsmalına ilişdi və onu yerə mıxladı. 
Simvolik rəqs sona çatdı. 
Yeri gəlmişkən bir şeyi yada salmaq istəyirəm ki, rəqsdən qabaq mən öz xəncərimi İlyas bəyə 
vermişdim. Onun xəncərini də özümə götürmüşdüm. Deməli, Ninonun dəsmalını kəsən mənim 
xəncərimin tiyəsi idi. İşini daima pirli tutmaq lazımdır. Köhnə bir atalar sözündə deyilir ki, “Dəvəni 
Allahın əmanətinə tapşırmazdan əvvəl onun ipini kola sıx bağla”. 
 

 
“Ey xan, qüdrətli əcdadlarımız bir gün özlərinə böyük şərəf və ətrafı dəhşətə gətirən ad verəcəkləri bu 
diyara ilk dəfə ayaq basdıqları zaman “Qara bax!... orada qar var!” - deyə qışqırmışlar. Dağlara 
yaxınlaşıb, balta dəyməmiş meşələri gördükdə isə “Qara bağ!” deyə qışqırmışdılar. Doğrudan da 
dağların yamacları qara bir bağa oxşayırdı. Elə o zamandan bəri bu diyara Qarabağ deyilir. Əvvəllər ora 
Aqvar, sonralar isə Sünik deyərdilər. Ey xan, indi bil ki bizim diyar çox qədim və şöhrətli bir diyardır. 
Şuşada bir otağını kirayə götürdüyüm ev sahibim Mustafa kişi yenə məğrur səssizliyə qapandı. Sonra 
kiçik bir bardağdan Qarabağın meyvə arağından bir qədəh içib, hörüklərə bənzər qeyri adi pendirdən 
bir tikə  kəsdi və boşboğazlığına davam etdi: “Bizim dağlarımızda qaranlıq ruhlar məskən salıb və 
nəhəng xəzinələrin keşiyini çəkirlər. Bunu hamı bilir. Dağlarımızda müqəddəs daşlar vardır. 
Meşələrimizin içindən isə müqəddəs çaylar axır. Allaha şükür hər şeyimiz var. Şəhərdə bir gəzinib 
ətrafınıza baxın... heç qəmli, dərdli bir adam görərsinizmi? Qətiyyən yox. Ayıq adam görə bilərsinizmi? 
Yox. Ağa, bizim məmləkətimizdə çaşıb qalacaqsınız”. 
Mən bu diyarın şirin yalançılığına təəccüblənirdim. Öz balaca diyarlarını şöhrətləndirmək üçün 
onların uydurmadığı rəvayət qalmamışdı. Hələ dünən kök bir erməni mənə Şuşadakı Maraş kilsəsinin 
beş min il bundan əvvəl tikildiyini inandırmağa çalışırdı. Ona qayıdıb dedim ki: “Mənə belə yalançı 
uydurmaları danışma. Bütün xristianlığın yaşı heç iki min il deyildir. Axı xristian kilsəsi Xristosdan 
qabaq tikilə bilməzdi?!” 


Mənim dediyim sözlər həmin erməniyə  bərk toxunmuşdu. O, tənəli tərzdə dedi: “Əlbəttə, sən 
oxumuş, görmüş bir adamsan, sənə sözüm yoxdur. Amma icazə ver bu yaşlı kişi sənə bir neçə söz desin: 
“Bəlkə  də xristianlıq başqa ölkələrdə iki min il bundan qabaq yaranıb. Lakin Xristos işığını biz 
Qarabağlılara başqalarından üç min il qabaq göstərib. Beş dəqiqə sonra həmin adam, gözünü 
qırpmadan, mənə fransız generalı Muratın Şuşa ermənisi olduğunu söyləməyə başladı. Guyə o, 
Qarabağ adının şərəfini fransada yaymaq üçün uşaq yaşlarında Şuşadan Fransaya getmişdi. 
Mən Şuşada yol üstü bir daş körpünün üstündən faytonla keçərkən faytonçu körpünü mənə göstərib 
qürurla dedi ki, “Bax, bu körpünü Makedoniyalı İsgəndərİrana gedərkən tikdirmişdir. O, orada ölməz 
qəhrəmanlıqlar göstərmişdi”. 
Halbuki körpünün aşağı hissəsindəki daşın üstündə körpünün tikilmə ilinin tarixi “1897” il 
göstərilmişdi. Faytonçunun sözlərinin doğru olmadığını ona işarə edib həmin yazını ona göstərdim. O, 
da özünü o yerə qoymayıb cavab verdi: “Eh, ağa, ruslar bizim zəfərlərimizi qısqandıqları üçün o tarixi 
sonradan oraya həkk etmişlər”. 
Şuşa qəribə bir şəhərdir. Meşələr və çaylarla əhatə olunmuş bu şəhər dağların yüksəkliklərində, dəniz 
səviyyəsindən min beş yüz metr hündürlüklə tikilmişdir. Müsəlmanlarla Ermənilər orada barış içində 
gül kimi gün keçirib yaşayırdılar. Çünki Şuşa uzun illərdən bəri qafqaz, İran və Türkiyə ölkələri 
arasında körpü olmuşdur. Dağlarda və çay vadilərində çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. 
Yerli uşaqlar çox zaman bu komaları saray adlandırırdılar. Bu şəhər ətrafındakı komalarda müsəlman 
bəyləri ilə ağaları və erməni məlikləri yaşayırdılar. Bu adamlar evlərinin qapılarında saatlarla oturub 
qəlyanlarını çəkərək bir-birlərinə Rus imperatorluğunun məhv olmasının qarşısı dəfələrlə Qarabağ 
generalları tərəfindən alınmasından danışardılar və Qarabağlılar olmasaydı imperiyanın başına nələr 
gələ biləcəyindən durmadan bir-birlərini anlatmaqdan yorulmazdılar. 
Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ yollarından keçərək yeddi saatdan 
sonra Şuşaya çatdıq. Qoçuluqdağa çox quldurluğa meyl göstərən silahlı nökərlərin peşəsi idi. Təpədən 
dırnağa kimi silahlanmış bu adamlar qaradinməz olardılar. Onların hamısının da sifətlərində savaşçı 
cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu ki, yolda məni yad adamlardan qorusun. Qoçum 
etibarlı bir adam idi. Elə bil bir az da Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara 
ancaq şərqdə rast gəlmək olardı. 
Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu beş gündə yerlilərim mənə 
dünyanın bütün igidlərinin və şöhrətli adamlarının şuşalı olmaqlarından danışırdılar. 
Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr edirdim. Şuşa çox mömin şəhər 
idi. Oradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi. Üstəlik şəhər  ətrafında saysız-
hesabsız pirlər, birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli Saray bəyin iki ağacı dururdu. Elə ilk 
gündən şuşalılar məni bu yerlərə dartıb aparmışdılar. Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir 
saat aralı idi. Hər il bütün şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli paltarlar 
geymiş dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli Saray bəyin qəbrinə qədər olan yolu diz 
üstə sürünə-sürünə gedərdilər. Bu xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini xüsusilə  cəlb 
edirdi. Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara toxunmaq ən böyük günah 
sayılırdı. Kim ağacların bircə yarpağına toxunsaydı, elə yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy 
bax beləcə qüdrətli adam idi. 
Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə bilmədi. Bunun 
əvəzində isə camaat onun bir işində  təfərrüatı ilə  mənə danışdılar ki, guya o bir dəfə düşmənləri 
tərəfindən təqib olunarkən onun atı hələ bu gün də şuşanın yerləşdiyi dağın təpəsində çapır. Təqib 
edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub 
qeyb olmuşdu. Möminlər bu gün belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə 
bilirdilər. Bir atın o dərəcədə sıçramasının mümkün olduğuna şübhə etdiyimi bildirəndə onlar incimiş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə