ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

VI 
 
İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər kimi başlarını 
göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl otlaqlar üfüqə doğru uzanıb 
gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çölləri içində 
gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi, çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü. 
Ətrafımızdakı qorunan meşədə  ən kiçicik yarpaq belə  tərpənmirdi. Qədim zəmanələrin ilahələri 
buraları tərk edib getmiş olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşi də bu 
müqəddəs yerlə  əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı. 
Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə  mən kef çəkən 
gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr dolusu şərab, cürbəcür 
meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan 
səyyah aşıqlar oturmuşdular. Onların əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri, 
tara, diplipito. 
Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu mahnını ekzotik 
təsiri artırmaq üçün gürcülər arzu etmişdilər.  Əgər latın dili müəllimimiz burada olsaydı, məmləkət 
ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios aləmi” adlandırardı. Nəhayət oradakı 
kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı meşədə  təşkil olunmuş gecə ziyafətinə  dəvət edən 
Kipiani ailəsi gəlib çıxdı. 
Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq tamada rolunu ifa 
edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları var idi. Kipiani əlindəki qədəhi 
mənim şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda qədəhimi qaldırıb bir qurtum içdim. Başqa 
vaxt olsaydı içməzdim, amma məclisə tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə, 
içməmək nəzakətsizlik olardı. 
Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi və artıq 
yeməkdən də  zərrə  qədər narahatçılıq hissi etməzdi. Çünki İsa bulağının suyu da Qarabağın saysız-
hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun anasının profilini gördüm. Onun 
sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, onun gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar 
Medeyanın Arqono Yasonla tanış olduğu Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi. 
Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!” 
Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz qədəhini bir 
nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda ürəkdən nəşələnməyi 
sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və şəffaf qalırdı. 
Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına qərq 
olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef məclisləri səhər 
açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs meşəciyin bütləri xatırladan 
ağaclarının kölgəsi altında şənlənirdilər. 
Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi. Bu da adət və ənənənin bir 
əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət... 
Didiani dilləndi: 
- Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə  gələsiniz. Malikanəm Rion çayının 
qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl tozlarını yuduqları yer idi. 
Əli xan, siz də  gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik meşələrini və  qədim ağaclarını 
görərsiniz. 
- Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə görə gələrəm. 
- Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür. 
Nino söhbətə qarışdı: 


- Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur. 
- Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də bir o qədər 
çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu dünya vahimə, cin və 
şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin şüaları ağacların kölgəsində yox olur. 
Meşələrin qaranlıqları məni sıxır, budaqların xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə 
şeylərdən xoşlanıram: küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir. 
Meşələr isə Qordiy düyünü (1) kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam 
itirirəm, möhtərəm Didiani. 
 
- ---------------------------------- 
1. Dolaşıq, cəncəlli məsələ. Red. 
--------------------------------------- 
 
Didiani fikirli-fikirli mənə baxıb dedi: 
- Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır: insanları 
meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöllərdə 
isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada həyat sadə və problemsizdir. Meşələr isə min 
bir suallarla doludur. Çöl isə kimsədən bir şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd 
etməz. Lakin ruhun atəşi meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir 
üzü vardır. O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min 
bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə  də  Şərq və  Qərb 
arasındakı əsas fərq də elə budur. 
Adlı-sanlı erməni sülaləsindən olan gömbul Məlik Naçararyan:  
- Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə söhbətə qarışdı. Domba gözləri və 
qalın kol kimi qaşları olan bu adam filosofluq etməyə  və içkiyə artıq dərəcədə meyl göstərirdi. 
Naçararyan qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi: 
 
- Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs çöllərdən nə çıxır? 
- Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda çocuqcasına əl çaldı. 
Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər dəfələrlə dolub boşalırdı. Gürcü 
şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naçararyanla nəyi isə müzakirə edirdilər. Nino da 
fürsətdən istifadə edib sualedici baxışını mənə zillədi. Mən razılıq işarəsi olaraq başımı tərpətdim. 
Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş adamlar cinləri, ya da quldurları andırırdılar. Heç 
kim bizə fikir vermirdi. Ayağa durub yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu götürüb 
içdim. Bulaqdan su içmək adama çox xoş gəlirdi. Bir xeyli orada dayanıb suyun üstünə düşən 
ulduzların  əksini seyr etdim. Arxamda ayaq səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında 
şaqqıldadı... Əlimi uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin dərinliklərinə getdik.  
Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir hərəkət deyildi. Nino balaca 
bir çəmənlikdə oturdu. Sonra məni də özünə doğru çəkdi. Həmişə şən və şad olan Qarabağda da ciddi 
və  sərt adətlər var idi. Mustafa kişi mənə  dəhşət içində danışmışdı ki, on səkkiz il bundan qabaq 
Qarabağda bir ailədə  sədaqət pozulmuş və bunun nəticəsində  də o gündən bəri meyvə ağacları 
məhsullarını azaltmışlar. 
Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. “Prinses” deyə ona müraciət 
etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi dörd saat idi ki, o, prinses olmuşdur. Atasının knyaz 
rütbəsinə layiq olduğunu isbat edib, Peterburqdakı Çara qəbul etdirə bilməsi isə iyirmi dörd il 
çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına teleqram gəlmişdi. Ninonun atası itirdiyi 
anasını yenidən tapmış bir uşaq kimi sevinirdi. O, hamımızı gecə ziyafətinə dəvət etdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə