ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

Qalan şeylər artıq su kimi axıb gedərdi. Eşq atəşinə düşmüş cavan oğlan mahnılar oxuyaraq ətrafı 
dolaşmağa başlardı. Oğlanın yaxın qohumları isə qız evi ilə başlıq məsələsini götür-qoy edərdilər. 
Müdriklər də təzə evlənmək istəyənləri neçə cəngavər dünyaya gətirəcəklərini hesablayardılar. Hər şey 
qabaqcadan hazırlanıb qərarlaşdırılardı. 
Bəs mənim bulağım harada qaldı? Hanı Ninonun üzündəki örpək? Qəribədir. Qadını örpək altından 
görmək mümkün deyil, amma tanımaq olur: onların vərdişini, düşüncəsini, arzularını bilmək olurdu. 
Örpək qızların gözlərini, burnunu və ağzını bağlayır, qəlbini, ruhunu isə yox. Şərq qadınlarının qəlbi 
çadrasız qadınların qəlbindən fərqli idi. Çünki, çadrasız qadınların gözlərini, burunlarını, dodaqlarını 
görmək olur. Amma bu gözlərin ardından keçənləri heç bir zaman bilə bilməzsiniz. Hətta onu çox 
yaxşı tanıdığınızı zənn etsəniz belə.  
Mən Ninonu sevirəm, amma o yenə də məni çaşdırır, heyrətə və şübhəyə salırdı. Küçədə özgə kişilər 
ona baxdıqları zaman o bundan xoşlanırdı. Halbuki, yetişmiş bir şərqli qızı belə şeylərdən diksinərdi. 
O məni öpürdü. Mən də onun qıçlarını sığallayırdım. Halbuki biz hələ heç nişanlı da deyildik. Nino 
eşq və məhəbbət haqqında olan kitabları oxuduğu zaman adəti üzrə xülyalara dalırdı və həsrətlə için-
için yanırdı. Ondan soruşanda ki, axı sən nəyin həsrətini çəkirsən. O, başını aşağı salıb “heç özüm də 
bilmirəm” deyə cavab verirdi. Zənnimcə, Ninodakı bu xasiyyət onun əvvəllər Rusiyada olmasından 
irəli gəlir. Atası Ninonu həmişə özü ilə Peterburqa aparardı. Rus qadınlarının necə çılğın olduqlarını 
hamı bilir. Onların gözləri ehtirasla dolu olur, ərlərinə vəfasızlıq edib, başqaları ilə gəzirlər. Ona görə 
də çox nadir hallarda onların ikidən artıq uşaqları olardı. Tanrı onları da belə cəzalandırırdı. Bununla 
belə  mən Ninonu yenə  də sevirdim. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə  tərzini 
sevirdim. Mən onunla evlənəcəyəm. Onun xəyalpərəst olmağına baxmayaraq, o da bütün gürcü 
qadınları kimi yaxşı bir həyat yoldaşı olacaq. İnşallah. 
Divanın üzərində o biri tərəfə çevrildim. Bütün bu düşüncələr məni yorurdu. Gözlərimi yumub 
gələcəyi, yəni Ninonu xəyalımda düşünmək mənə daha xoş idi. Çünki bizim gələcəyimiz, toy 
günümüzdən, Nino mənim arvadım olan gündən başlayacaqdı. 
O gün çox həyəcanlı bir gün olacaq. O gün mənə Ninonu görməyə icazə verməyəcəklər. Deyilənə 
görə toy günü bəylə  gəlinin birlikdə gözə görünməsindən pis şey yoxdur. Təpədən dırnağa qədər 
silahlanmış dostlarım atlara minib Ninonu evlərindən aparacaqlar. Onun üzündə örpək olacaq. O, 
yalnız bircə gün şərqin adətinə baş əyməli olacaq. 
İmam suallar verəcək, mənim dostlarım da salonun bir küncündə dayanıb imamın suallarını 
gözləyəcəklər. İmam verdiyi sualların cavablarını soruşarkən dostlarım and-aman edəcəklər ki, mən 
iqtidarsız deyiləm. Adət və  ənənələr bunu tələb edirdi. Çünki hər bir adamın düşmənləri var. Bu 
düşmənlər toy günü xəncərlərini qınlarından sıyırır, üzlərini gün batan tərəfə yönəldib “Anisani, 
banisani, mamaverli, kaniani” deyə pıçıldayardılar. Yəni, “o bu işi eləməz, o, bu işi eləməz”. 
Amma, Allaha şükür ki, yaxşı dostlarım vardı. İlyas bəy də insanı bu cür cadugərlərdən qoruyan 
duaların hamısını yaxşı bilirdi. 
Toydan sonra biz dərhal ayrılmalıyıq. Nino öz rəfiqələrinin, mən də öz dostlarımın yanına gedəcəyəm. 
Gəncliyimizin vida gününü hər ikimiz ayrı-ayrılıqda qeyd edirik. 
Bəs sonra? 
Gözlərimi bir anlığa açıb, damdakı divanı və bağdakı ağacları görürəm. Gözlərimi təkrarən yumuram 
ki, ondan sonra nələr olacağını daha yaxşı görə bilim. Çünki toy günü insanın həyatında ən vacib və 
lazımlı bir gündürsə, eyni zamanda da həmin gün çox ağır və  çətin bir gündür. Toy gecəsində  gəlin 
otağına girmək asan iş deyildi. Uzun koridora açılan hər qapının ağzında üzlərinə maska keçirmiş 
adamlar dururlar. Ancaq onların ovuclarına pul qoyulduqdan sonra onlar yoldan çəkilirlər. Xoş niyyətli 
dostlar da gəlin otağına bir xoruz, bir pişik və yaxud başqa bir gözlənilməz şeylər qoyub gedərdilər. 
Otağa girdiyin zaman mütləq otağın hər tərəfinə  nəzər salmaq lazım idi. Çünki, bəzi hallarda 
çarpayının altında ifritə bir qadın gizlənirdi. O da pul qoparmadan gəlin otağını tərk etməzdi. 


Nəhayət otaqda tək qalıram. Qapı açılır, Nino içəri girir. İndi toyun ən güclü hissəsi başlayır. Nino 
gülümsəyərək, dəvət edici baxışlarla mənə baxır. O, bədəninə keçi dərisindən tikilmiş çox dar bir 
korset geyinmişdi. Korset qabaq tərəfdən iç-içə tikilmiş bağlarla düyünlənmişdir. Korsetin düyünləri 
çox mürəkkəb düyünlərdir. O düyünlərin hamısını mən özüm açmalıyam. Ninonun bu işdə  mənə 
kömək etməsinə izn verilmirdi.. Korsetin düyünləri həqiqətən son dərəcədə mürəkkəbdir, lakin onları 
xəncərimlə kəsib açmaq mənə böyük şərəfsizlik gətirərdi. Kişi gərək özünə sahib olduğunu göstərsin. 
Çünki səhəri gün onun rəfiqələri gəlib açılmamış düyünləri görmək istəyirlər. Vay o bədbəxtin halına 
ki, düymələri öz əlləri ilə açdığını sübut edə bilmir. -Bu səbəb gülüş mövzusuna çevrilirdi və bütün 
şəhər ondan danışırdı. 
Toy gecəsində, toy evi qarışqa yuvasına bənzəyirdi. Dostlar və qohumlar koridorlarda, damda və hətta 
küçədə durub düyünlərin açılmasını gözləyirdilər. Düyünlərin açılmasının uzun vaxt aparması onlarda 
səbirsizlik yaradırdı. Onlar gəlin otağının qapısını döyürlər, pişik kimi miyoldayırlar və  nəhayət 
düyünlərin açılmış olduğunu eşidən dostlar sevincdən elə o dəqiqə havaya atəş açmağa başlayırlar. 
Onlar eşiyə çıxıb qaravul çəkməyə başlayırlar ki, mənimlə Ninonu yalnız istədikləri vaxt evdən buraxa 
bilsinlər. 
Bəli, bu toy qeyri adi toy olacaqdır. Ata-babalarımızın adət və ənənələri əsasında. 
Divanda uzandığım yerdə yatıb yuxuya qalmışam. Gözlərimi açanda gördüm ki, qoçum yerdə oturub
uzun xəncəri ilə dırnaqlarını təmizləyir. Onun gəlişindən heç xəbərim olmamışdı. 
Tənbəl-tənbəl əsnəyərək soruşdum:  
- Təzə nə xəbərlər var, qardaş? 
Qoçu da zəhlə tökən səsi ilə cavab verdi: 
- Elə bir şey olmayıb, ağa. Qonşuluqda qadınlar dalaşıblar, bir eşşək də qorxuya düşüb ipini qoparıb 
çaya qaçıb, hələ də oradadır... 
Qoçu bir az susdu, xəncəri qınına soxdu və laqeydliklə sözünə davam etdi: 
- Çar bir çox Avropa krallarına qarşı müharibə elan etdi. 
Nə? Nə müharibə?  
Mən yerimdən sıçradım və başımı qaldırıb gözlərimi ona zillədim. Təmamilə adi bir müharibə. Sən nə 
danışırsan? Çar kimlərə müharibə elan edib? 
- Avropanın bir çox krallarına qarşı onlar o qədərdilər ki, adları yadımda qalmayıb. Amma Mustafa kişi 
onların hamısının adlarını qeyd edib. 
- Tez onu bura çağır! 
Mənim bu məsələ ilə bu qədər maraqlanmağıma təəccüb edən qoçum başını yırğaladı və otaqdan çıxıb 
getdi. Bir az keçəndən sonra o ev sahibi ilə birlikdə geri qayıtdı. 
Mustafa kişi o anda özünü daha çox bilən bir insan gördüyü üçün istehza ilə gülürdü. Həqiqətən çar 
müharibə elan etmişdi. Bunu bütün şəhər bilirdi. Yalnız mən yatıb yuxuya qaldığım üçün hər şeydən 
bixəbər idim. Hər halda, çar müdrikliyini nümayiş etdirib belə hərəkətə qərar vermişdi. 
- Axı, çar kimə qarşı müharibə elan edib? - deyə bağırdım. Mustafa kişi əlini cibinə saldı və cibindən 
bir  əzik kağız parçasıçıxartdı. O, boğazını arıtladı və son dərəcə qürurla, lakin çox böyük çətinliklə 
oxumağa başladı: “Çar, Alman Kayzerinə, Avstriya imperatoruna, Bavariya Kralına, Prussiya Kralına, 
Saksoniya Kralına, Macarıstan Kralına və daha bir çox lordlara, prinslərə müharibə elan edib. 
- Ağa, axı, sənə  əvvəlcədən demişdim ki, adları və ünvanları yadda saxlamaq olmur – deyə qoçum 
utancaq halda dilləndi. Mustafa kişi də kağız parçasını qatladı və danışmağa davam etdi: 
- Bütün bunların əksinə olaraq “Böyük Osmanlı dövlətinin Xəlifə  və  Əlahəzrət Sultanı beşinci 
Məhməd Rəşid, eləcə də İran şahənşahı həzrətləri Sultan Əhmədşah bəyan ediblər ki, onlar bundan 
sonrakı açıqlamaya qədər bu müharibəyə qatılmayacaqlar. Beləliklə bu müharibə kafirlərin öz 
aralarında olacaq müharibədir. Məhəmməd  Əli məscidinin imamı belə fikirdədir ki, müharibədə 
almanlar qalib gələcəklər...” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə