ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   6   7   8   9   10   11   12   13   ...   59

halda and-aman edib dedilər ki, “Ağa, bu at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə mənə bir 
maraqlı əhvalat söylədilər: 
“Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl şeylərindən 
biri də qarabağ atları idi. Qarabağın şöhrətli atını almaq üçün İran şahı Ağa Məhəmməd bütün 
hərəmxanasını bu atın əvəzinə verməyə hazır idi. Görəsən mənim dostlarım Ağa Məhəmməd şahın 
axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at deyilənə görə “Müqəddəs yaranmış bir at idi”. Bu 
möcüzəli at cinsini meydana gətirənə  qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və 
nəticədə yeni at cinsi – Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı 
Qarabağın qırmızı qızılı rəngli atı idi. 
Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl atların birini mənə göstərsinlər. 
Dostlarım qayğıkeş baxışlarla məni süzüb dedilər ki, “Sultanın hərəmxanasına girmək – Qarabağ 
atlarının tövləsinə girməkdən asandır. Qarabağda cəmi on iki belə kəhər atı vardır. Bu atların sahibləri 
ancaq müharibə olan zaman onları minirlər”. Bəxtim gətirməmişdi. Ona görə  də onların o əfsanəvi 
Qarabağ atları barədə söylədikləri ilə kifayətlənməli idim. 
İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına qulaq asa-asa Ninonu 
gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım. 
“Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız müharibələr aparmışlar, sən isə təhsilli, 
oxumuş bir adamsan. Elə ona görə  də gözəl sənətlər haqqında bəhs edilən söhbətlərdən başın çıxır. 
Farslar Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr edirlər. Uzaq Qərbdə də Göte adlı bir şair 
olub və o, şeytan haqqında şer yazıb”. 
Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- dedim. 
- Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz onlardan daha istedadlıdır. Onlar 
o qədər qürurlu idilər ki, şerlərini kağıza yazmadan əzbər oxuyurdular. 
- Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı? 
- Bəli, aşıqları nəzərdə tuturam – deyə Mustafa kişi mötəbər şəkildə cavab verdi. Onlar Şuşanın 
ətrafındakı kəndlərdə yaşayırlar. Sabah aşıqların dərviş qəhvəxanasında yarışları var. Gedib onları 
heyran-heyran dinləmək istəyirsənmi? 
- Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb Qafqaz aşıq sənətinin dayaq 
nöqtəsi sayılan Daş kəndə  gəldik. Demək olar ki, Qarabağın hər kəndində yerli aşıqlar vardı. Onlar 
qışda şer yazarlar, mahnılar və  dərvişlərin rəqs motivlərini bəstələyərlər, baharda isə klublar və 
saraylarda yeni şərqilərini və mahnılarını oxuyardılar. Qarabağda üç kənd vardı ki, orada ancaq sırf 
aşıqlar yaşayırdılar. Şərqin ta qədim zamandan şeriyyətə hörmət bəsləməsinin  əlaməti olaraq yerli 
feodallar onları vergidən azad etmişdilər. 
Bu kəndlərdən biri də Daş kənd idi. 
Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün onlara bircə dəfə baxmaq kifayət 
idi. Onların kişiləri uzun saç buraxırlar və ipək kaftanlar geyirlər. Qadınları isə  qəmgin baxışlarla 
kişilərinin dalınca gedib musiqi alətlərini daşıyardılar. Aşıqları heyran-heyran dinləmək üçün Daş kənd 
Şuşadan gəlmiş dövlətli müsəlmanlar və ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin  əsas 
meydançasında toplaşmışdı. Meydanın ortasında isə bir-birilə amansız döyüşə hazır olan iki igid aşıq 
dayanmışdı. Onlar burunlarını çəkərək – bir-birlərinə nifrətlə baxırdılar. Əsən külək onların saçlarını 
yellədirdi. Aşıqlardan biri qışqırıb dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz sifətinə 
bənzəyir, istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün haqqında təhqiramiz 
şer yazarsan”. 
O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi: 
- Sənin paltarın təlxək libasına bənzəyir, səsin də  xədimağanın səsini xatırladır. Mənim istedadım 
yoxdursa, sənin də şairliyin yoxdur. Sən ancaq mənim dolu süfrəmdən atılan törtöküntülərlə 
yaşayırsan. 


Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər. 
Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı yarışma üçün iki mövzu elan 
etdi: 
Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın ölümü” idi. 
Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar oxuyurdular ki, Ağa Məhəmməd şah 
kişilik gücünü yenidən qaytarmaq üçün Tiflisə, kükürdlü vannalar qəbul etmək üçün gedir. Ona 
kükürtlü vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-yeksan etmiş və bütün qadın və kişiləri 
vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında 
yatdığı yerdə  xəncərlə öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, hərb 
yürüşləri zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib yaşamışdı. O, saysız-hesabsız ölkələri 
fəth etmişdi, amma səhradakı dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağaMəhəmməd belə adam idi. 
Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən gözəl qadınların yaşadığı 
ölkədə  Xədimağanın işgəncələrinə  dəqiqliyi ilə  təsvir edir, o birisi isə bu qadınların edam səhnəsini 
təfərrüatı ilə təsvir edirdi. Tamaşaçılar məmnun olmuşdular. Aşıqların alınlarından muncuq iriliyində 
tər dənələri axırdı. Birdən mülayim səsi olan aşıq səsləndi: “Araz üzərindəki Ay kimə bənzəyir?” 
Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi. 
Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”. 
- Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir döyüşçünün qalxanına 
bənzəyir”.  
Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini taqətdən salırdılar. Sonra onların 
hər ikisi ayrı-ayrılıqda Ayın gözəlliyindən, düzənlikdə bir Bakirənin saç hörküsü kimi dolana-dolana 
əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan sevgililərdən şərqilər oxuyurdular. 
Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə  rəqibinin sazını mükafat 
olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər pullarla doldurularkən qaşqabağını sallayıb ətrafa baxırdı. 
- Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü və dedi: – Ağa, buna 
qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. Yüz il bundan qabaq belə yarışmaların sonunda 
qalib gələn məğlubun başını çapa bilərdi. O zamanlar sənətə hörmət böyük idi. İndi nazik ürəkli 
olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda etmir. 
- İndi sən bu diyarın ən yaxşı aşığısan. 
- Yox – dedi və onun gözlərində  dərin bir kədər göründü. - Mən ancaq bir sənətkaram.  Əsl aşıq 
deyiləm.  
Bəs əsl aşıq nə deməkdir? 
Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi deyirlər. Bu 
gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar xəzinələrin keşiyində durmurlar. 
Çəmənlərdə otların artdığını və ağacların danışdığını eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o 
gecədə dünyaya gələn adamlar alim və şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi 
olan İlyas peyğəmbəri çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib 
deyir: - Bu gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən. 
Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və  dənizlər onun 
səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü vardır. 
Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür ağlamağa başladı. 
 
- Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq lazım olduğunu 
artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb. 
Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda Qarabağın yaşıl cənnətini 
bir səhra canavarı kimi tərk etdi. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə