ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   14   15   16   17   18   19   20   21   ...   59

Bu cavab yerinə düşdü. Bu cümləni mən bir ingilis yazıçısının romanında və ya başqa bir yerdə 
oxumuşdum.  Əgər bir alicənab lordun işi-gücü yoxdursa, deməli o, öz malikanəsini idarə etməklə 
məşğuldur. Bu cümləni işlətdiyim üçün knyaz ailəsinin rəğbətini qazandım. Bir neçə bu cür cümlələr 
işlədəndən sonra Kipianilər ailəsi mənə böyük bir nəzakət göstərərək o axşam Ninonu operaya 
aparmağa icazə verdilər. Mən yenə də Ninonun anasının əlini öpdüm, baş əydim və hətta “r” hərfini 
peterburqlular kimi tələffüz edə-edə danışdım. Axşam saat səkkizin yarısında gəlib Ninonu operaya 
aparacağıma söz verdim. 
Nino məni qapıya qədər ötürdü. Papağımı xidmətçi qızın əlindən aldığım zaman o, qızarıb başını aşağı 
dikdi, sonra Nino heyran edici bir şirinliklə pozuq Azərbaycan ləhcəsi ilə dedi: “Şəhərdə qaldığın üçün 
çox sevincək oldum Əli xan”, Sən doğrudanmı müharibəyə getməkdən qorxursan? Axı kişilər 
müharibədən xoşlanırlar. Sən müharibəyə gedib yaralansan da yaralarını belə sevəcəyəm”. 
Mən Ninonun əlini tutub sıxdım və sakit tərzdə dedim ki, “Mən heç nədən qorxmuram, bir gün 
gələcək sən mənim yaralarımı sarıyacaqsan. O günə kimi məni qorxaq hesab edə bilərsən”. Nino nə 
demək istədiyimi anlamadan çaşqın-çaşqın mənə baxdı. 
Ondan ayrılandan sonra evə getdim və hirsimdən köhnə bir kimya kitabını cırıq-cırıq edib yerə 
çırpdım. Bir az hirsim soyuyandan sonra bir fincan İran çayı içdim və operaya zəng edib bir loja sifariş 
etdim. 
 

 
- Tez gözlərini bağla, əllərinlə qulaqlarını tut və düşüncələrinə  qərq ol. Tehrandakı o gecəni 
xatırlayırsanmı? 
Daşdan tikilmiş böyük bir ziyafət salonu var idi, iri salonun giriş qapısı üzərində  Nəsrəddin Şahın 
şərəfli adı həkk edilmişdi. Salonun ortasındakı dördkünc səhnənin  ətrafında oturmuş, ayaq üstə 
durmuş və uzanmış vəziyyətdə olan ləyaqətli kişilər, dəcəl uşaqlar və vəcdə gəlmiş gənclərlə dolu idi. 
Onlar həzrəti Hüseynin Kərbəla müsibətini göstərən şəbehə tamaşa edirdilər. Salonda işıq çox zəif 
yanırdı. Səhnədə saqqallı bir mələk həzrəti Hüseynə  təsəlli verirdi. Zalım xəlifə Yezid, süvarilərini 
səhraya göndərir ki, həzrəti Hüseynin başını kəsib ona gətirsinlər. Nalə və şüvən səslərini qılıncların 
cingiltisi kəsir. Əli, Fatma və insanlığın ilk qadını olan Həvva səhnədə gəzişib uzun rübai düzümlərini 
oxuyurdular. Həzrəti Hüseynin başını qızıl bir sinidə gətirib Xəlifəyə verirlər. Tamaşaçılar titrəyir və 
ağlaşırlar. Bir imam cərgələri gəzib, ağlayan tamaşaçıların göz yaşlarını pambıqla balaca bir şüşəyə 
yığırdı. O, gözyaşlarında son dərəcə ovsunlu bir qüvvətin olduğuna inanırdı. Möminin inamı artdıqca 
şəbehin təsiri də güclənirdi. Enli bir taxta lövhəsi səhra dekorasiyası vəzifəsini görürdü. Sandıq 
xəlifənin ləl-cəvahirətlə bəzədilmiş taxtını, bir neçə ağac dirəklər cənnət bağını və saqqallı bir kişi də 
həzrəti Peyğəmbərin qızını təsvir edirdi. 
- İndi isə gözlərini aç, əllərini qulaqlarından götür və ətrafına bax! 
Saysız-hesabsız elektrik lampalarının kəskin və parlaq işığı göz qamaşdırırdı. Lojalar gipsdən 
düzəldilmiş və üzərində qızıl suyu çəkilmiş ilahə fiqurları ilə  bəzədilmişdi. Onların üstü qırmızı 
məxmərlə örtülmüşdü. Tamaşa salonundakı kişilərin daz başları gecələr göy qübbəsində görünən 
ulduzlar kimi parıldayırdı. Bəzi qadınların isə kürəkləri və qolları çılpaq olduğundan salonda həyəcan 
yaranırdı. Tamaşaçıları səhnədən qaranlıq bir uçurum ayırırdı. Bu qaranlıq uçurumda utancaq kimi 
görünən musiqiçilər oturub əllərindəki musiqi alətlərini kökləyirdilər. Teatrın salonunda pıçıltıların 
səsi, proqram vərəqlərinin xışıltısı və yelpiklərin tıqqıltıları bir-birinə qarışmışdı. Bir neçə dəqiqədən 
sonra Bakı şəhər opera teatrında “Yevgeni Onegin” tamaşası başlanmalı idi. 
Nino yanımda oturmuşdu. Onun zərif siması mənə  tərəf yönəlmişdi. Onun dodaqları nəm, gözləri 
quru idi. O qədər də danışqan deyildi. İşıqlar sönən kimi qolumu Ninonun çiyinlərinə qoydum. Nino 


başını yana çəkdi, elə bil ki, bütün fikri Çaykovskinin musiqisində idi. Yevgeni Onegin şahanə 
görünüşü olan kostyumu ilə səhnədə gəzir, Tatyana da ariyasını oxuyurdu. 
Mən operanı həmişə dram teatrından üstün tutardım. Çünki operadakı hadisələr, dramdakılara 
nisbətən bəsit idi və çoxu da əvvəlcədən bəlli idi. Dram teatrında isə səhnədəki hadisələri adam necə 
olsa da bilirdi. Musiqi gurultulu olmadığı zaman operaya heç bir etirazım yoxdu. Lakin dramda olub 
bitən qarmaqarışıq, qəribə hadisələri izləməyə çox zaman həddən artıq vaxt sərf edirdim. Salonda 
qaranlıqdır. Mən gözlərimi yumduğum zaman qonşularım ruhumun bir musiqi okeanının ovsunlu 
dərinliklərinə batdığını düşünürdülər. 
Bu dəfə gözlərimi yummadım. Ninonun zərif profili arxasında parterin birinci cərgələrində oturanları 
nəzərdən keçirirdim. Üçüncü cərgənin ortasında qoyun gözlü və filosof alınlı bir kök adam oturmuşdu. 
Bu, Şuşanın zadəgan ermənilərindən olan Məlik Naçararyan idi. 
Bax, Naçararyan oradadır – deyə Ninonun qulağına pıçıldadım. 
Ay barbar, səhnəyə bax, ətrafa yox, - deyə Nino pıçıltı ilə cavab verdi, amma buna baxmayaraq özü də 
göz ucu kök erməni tərəfə baxdı. 
Naçararyan oturduğu yerdə başını çevirib dostcasına salam verdi. Tənəffüsdə Ninoya şokolad almaq 
üçün bufetə getdim. Bufetin qarşısında Naçararyanla qarşılaşdım. Sonra tosqun bir az da keçəl olan 
Naçararyan lojamıza gəlib oturdu. “Naçararyan neçə yaşınız var”, - deyə ondan soruşdum. O, “otuz” 
deyə cavab verdi. 
Naçararyanın cavabı Ninonun diqqətini cəlb etdi və heyrətləndirdi: “Deməli, bundan sonra sizi 
şəhərdə görə bilməyəcəyik”. 
- Nəyə görə, prinses? 
- Çünki sizin yaşınız da olanları əsgərliyə çağırmışlar. 
Naçararyan bərkdən güldü, onun gözləri az qala hədəqəsindən çıxacaq idi və şişman qarnı atlana-
atlana dedi: 
- Təəssüflər olsun ki, prinses, mən müharibəyə gedə bilmərəm. Həkim məndə sağalmaz bir böyrək 
xəstəliyi tapıb, elə buna görə də mən əsgərliyə getməyib evdə qalmalıyam. 
Xəstəliyin adı qəribə səslənirdi. 
Nino təəccübdən gözlərini bərəltdi və ürəkyananlıqla soruşdu: 
- Bu xəstəlik təhlükəlidirmi? 
- Bu insanın özündən asılıdır. İşini bilən həkimin köməyi ilə heç bir xəstəlik təhlükəli ola bilməz. 
Nino heyrətlənmişdi və həm də qəzəblənmişdi.  
Məlik Naçararyan Qarabağın ən nüfuzlu ailəsinə mənsubdu. Onun atası general idi, özü də ayı kimi 
sağlam və zırpı idi. Üstəlik evli də deyildi. 
Pərdə qalxanda Nino başını çiynimə qoydu. Çaykovskinin məşhur valsı çalınmağa başlananda isə Nino 
gözlərini mənə dikib pıçıldadı: 
- Sən Naçararyanla müqayisədə az qala qəhrəmansan. Heç olmasa səndə adı dolaşıq olan xəstəlik 
yoxdur. 
Qəhrəman Lenski tenor səsiylə oxuya-oxuya Yevgeni Oneginin tapancasının lüləsi qabağına çıxıb, 
qabaqcadan proqramlaşdırılmış surətdə öldürülənə  qədər belə Nino başını mənim çiynimdən 
qaldırmadı. 
Naçararyan bizi operanın girişində gözləyirdi. Onun avtomobili var idi. Avtomobilə minib şəhərimizin 
qaranlıq dar küçələrindən, gimnaziyanın və litseyin qabağından keçdik. Gecələr bu iki təhsil ocağının 
görkəmi insana xoş təsir bağışlayırdı. Biz şəhər klubunun mərmər pilləkənləri qarşısında dayandıq. 
Ninonu buraya gətirmək olduqca təhlükəli idi, çünki o hələ litseydə oxuyurdu. Nino, Şirvanşir və 
Naçararyanadlı cənabların müşayiətindədirsə, deməli prinses Kipiani müqəddəs Kraliça Tamara 
litseyinin qaydalarını pozulmasında narahat olmaya bilərdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə