ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   16   17   18   19   20   21   22   23   ...   59

 
XI 
 
Çomağın iki başı var. Bir başı yuxarı, o biri də aşağı başdır. Çomağın ortasından tutub çevirsən yuxarı 
baş aşağıda, aşağı baş da yuxarıda olur. Çomağın özündə isə heç bir şey dəyişmir. 
Mənim vəziyyətim də elə bu cür idi. Mən bir ay və yaxud bir il bundan qabaqki adam idim.  
Qoca dünyada eyni müharibə gedir, eyni generallar ya qalib gəlir, ya da məğlub olurdular. Amma bir az 
əvvəl mənə qorxaq deyənlər, indi mənimlə küçədə qarşılaşdıqları zaman xəcalət çəkdiklərindən 
gözlərini yerə zilləyirlər. Dostlarımla qohumlarım vaxtı ilə müharibəyə getməməyimə qərarımı verərək 
çox ağıllıca davranmış olduğumu söyləyirlər, atam da mənə iftixarla baxırdı. Lakin çomaqda heç bir şey 
dəyişməmişdi. 
Bir gün şəhərdə xəbər yayılır ki, Böyük Osmanlı İmperatorluğunun sultanı əlahəzrət Mehmət Rəşid 
kafirlər dünyasına qarşı müharibə elan etmək qərarına gəlib, Sultanın müzəffər qoşunları müsəlmanları 
Rusiyanın və İngiltərənin boyunduruğundan qurtarmaq üçün şərqə və qərbə irəliləyirdi. Bununla da 
Cihad – müqəddəs müharibə elan edilmiş və xəlifənin sarayının üstündə də Peyğəmbərin yaşıl bayrağı 
dalğalanırmış. Bu xəbər mənimqəhrəmana çevrilməyimə  səbəb oldu. Dostlarım gəlib mənim 
uzaqgörənliyimə səcdə edirdilər. Çünki, müharibəyə getməməkdə haqlı idim. Müsəlman heç bir vaxt 
Sultana qarşı vuruşmamalıdır. Türklər isə Bakıya gələcəklər və Türklərlə birləşdiyimiz zaman da 
xalqımız böyük bir müsəlman dövləti meydana gətirəcəkdi. 
Mən susurdum. Dostlarımın məni tərifləmələrinə cavab vermədən başımı aşağı salıb onları 
dinləyirdim. Ağlı başında olan adam tərifə  də, nifrətə  də soyuqqanlı olmalıdır. Dostlarım xəritələri 
açıb vəziyyəti müzakirə edirdilər. 
Türklərin şəhərin hansı tərəfindən Bakıya girəcəkləri barədə dostlarım biri-birilə mübahisə edirdilər. 
Mübahisəni saxlamaq üçün, dedim ki, türklər Bakıya hansı tərəfdən gəlirlərsə  gəlsinlər, ancaq onlar 
mütləq şəhərə Ermənikənd tərəfdən girəcəklər. Bu sözdən sonra dostlarım mənə heyranlıqla baxıb, bir 
daha zəkamı və uzaqgörənliyimi təriflədilər. İnsanların təbiəti bir gecə içində kökündən dəyişdi. O 
gündən sonra artıq heç bir müsəlman silaha sarılmağa qalxmadı. Zeynal ağa da böyük miqdarda pul 
qoyub birdən-birə döyüşmək həvəsini itirən İlyas bəyi Bakı qarnizonunda saxlaya bildi. İlyas bəy 
Osmanlı sultanı müharibə elan etməzdən bir az qabaq zabitlik imtahanından keçmişdi. Məmməd 
Heydər də imtahan verib zabit olmağa müvəffəq olmuşdu. İndi hər ikisi leytenant rütbəsiylə 
kazarmada oturub, çara sədaqət andını içməyən mənə qibtə edirdilər. Onların geriyə dönüş yolu artıq 
yox idi. Onları zabit olmağa heç kim məcbur etməmişdi. Onlar bunu könüllü etmişdilər və çara 
sədaqət andını içmişdilər. Əgər onlar bu andı pozsaydılar onlara arxa çevirən ilk insan elə mən özüm 
olacaqdım. 
O günlərdə  mən çox qaradinməz olmuşdum. Gecələr hərdənbir evdən çıxıb, iti addımlarla 
yaxınlıqdakı kiçik məscidə gedərdim. Məscidin yanında köhnə bir ev var idi. Bu evdə mənim köhnə 
məktəb yoldaşım Seyid Mustafa yaşayırdı. Seyid Mustafa Peyğəmbərin sadiq qulu idi. Onun balaca 
badamı gözləri və çopur sifəti var idi. O, mənsub olduğu rütbənin yaşıl qurşağını taxırdı. Onun atası 
balaca məscidin imamı idi. Babası isə müqəddəs Məşhəd şəhərində İmam Rzanın türbəsində tanınmış 
bir alim idi. Seyid Mustafa dindar idi. O, gündə üç dəfə namaz qılırdı. İsanın düşmənini ayaqları 
altında  əzmək məqsədilə allahsız xəlifə Yezidin adını pəncəsinə yazmışdı. Seyid Mustafa Məhərrəm 
ayının onuncu gününə düşən aşurada qan fışqırana qədər sinə vurardı. Nino onun din uğrunda ağlını 
itirmiş olduğunu hesab etdiyi üçün ona nifrət edirdi. Halbuki mən onun təmiz və açıq dünya 
görüşlərinə görə Seyid Mustafanı sevirdim. O, xeyri şərdən, haqqı da nahaqdan hamıdan yaxşı seçə 
bilirdi. 
Seyid Mustafa məni müdrik bir adamın şən gülüşü ilə qarşılayıb dedi: 


- Əli xan, eşitmisən? Dövlətli Yaqub oğlu on iki yeşik şampan şərabı alıb ki, onları şəhərə girən ilk türk 
zabiti ilə içsin. Əli xan, şampan şərabı anladınmı? Müsəlman Cihad döyüşçülərinin şərəfinə şampan 
şərabı! 
Çiyinlərimi dartıb dedim: 
- Niyə təəccüblənirsən, ay Seyid? İnsanlar ağıllarını itiriblər. 
Seyid acıqla dedi: 
- Allah qəzəbləndiyi adamı yolundan azdırar. 
Seyid yerindən atıldı. Onun dodaqları əsirdi: 
- Dünən səkkiz adam əsgərlikdən qaçıb ki, Sultanın ordusunda xidmət etsin. Səkkiz adam! Əli xan 
anlayırsanmı? De görüm, bu səkkiz nəfər nə etdiklərini başa düşürlərmi? 
- Hər halda quş beyinli adamlardır: - deyə ehtiyatla cavab verdim. Buna baxmayaraq, ürəyim  Ənvər 
Paşa ordularının şəhərimizə girəcəyi anı görmək istəyirdi. 
- Bir işə bax, Əli xan, dedi:  
- Şiələr sünni Xəlifənin tərəfində vuruşurlar. Məgər Yezid Peyğəmbər nəvəsinin qanını 
tökməmişdirmi? Məgər Müaviyə  həzrəti  Əlini qətlə yetirmədimi? Bəs Peyğəmbərin varisi kimdir? 
Xəlifəmi, yoxsa damarlarında Peyğəmbər qanı axan gözəgörünməz  əbədiyyət İmamı? Yüz illərdən 
bəridir ki, şiə kütləsi yas saxlayır, bizimlə kafirlərdən də betər olan bu dönüklər arasında qan axır. 
Burada şiə, orada sünni və onların arasında heç bir körpü yoxdur. 
Sultan Səlimin qırx min şiəni qılıncdan keçirdiyi gündən heç də çox keçməmişdir. Bəs indi? Şiələr 
Peyğəmbərin varisini məhv edən xəlifə üçün vuruşurlar. Məgər hər şey, möminlərin qanı, İmamların 
sirli ölümləri yaddan çıxmışdır? Burada şiə şəhərində insanlar oturub sünnilərin gəlməsini və dinimizi 
məhv etməsini həsrətlə gözləyirlər. Axı Türkiyə  nə istəyir?!  Ənvər Urmiyaya kimi irəliləmişdir. İran 
parçalanacaq, din məhv olacaq. Ya Əli, od saçan qılıncınla gəl! Gəl, ya Əli, bu dönüklərin cəzasını ver! 
Ya Əli, ya Əli...! 
Seyid Mustafanın yanaqlarından göz yaşları axırdı. O, yumruğu ilə sinəsinə vururdu. Mən sarsılmış 
halda ona baxırdım. Nəyin haqq və  nəyin isə nahaq olduğunu artıq bilmirdim. Düzdür, türklər 
sünnidirlər. Amma buna baxmayaraq, ürəyim,  Ənvər Paşanın ordusunun şəhərimizə girəcəyi anı 
görmək istəyirdi. 
Axı bu nə deməkdi? Şəhidlərimizin qanı məgər boş yerə axıb? 
Seyid, - dedim, - türklər də bizim tayfadandır. İkimiz eyni dildə danışırıq. İkimizin də damarlarında 
turan qanı axır. Bəlkə də ona görə Xəlifənin ayparalı bayrağının altında ölmək daha asandır. 
Seyid Mustafa gözlərini sildi. Sakit və qürurla dedi: 
- Mənim damarlarımda Məhəmməd Peyğəmbərin qanı axır. Turan qanımı deyirsən? Mənə elə  gəlir 
ki, məktəbdə öyrəndiklərini bir az unudursan. Get Altay dağlarına, hətta daha uzaqlara, get Sibir 
hüdudlarına kimi, bax gör orada kimlər yaşayır? Bizim dilimizdə danışan, bizim qanımızdan olan, 
bizim kimi türklər. Amma Allah onları yolundan azdırmış və onlar bütpərəst qalmışlar. Özləri də daşa, 
torpağa, bütlərə sitayiş edirlər. Su ilahiəsi sayılan Su-Tengriyə, səma ilahəsi olan Teb-Tengriyə səcdə 
edirlər.  Əgər günlərin birində oralarda yaşayan yakutlar və yaxud altaylılar qüvvətlənib bizə qarşı 
müharibə elan edərlərsə, onda biz şiələr, eyni qana malik olduğumuz üçün bu bütpərəstlərin 
qələbəsinə sevinməliyik? 
- Elə isə nə etməliyik, Seyid? - deyə soruşdum. - İranın qılıncı paslanıb. Türklərə qarşı vuruşsaq çara 
kömək etmiş olarıq. Məgər Məhəmməd Peyğəmbərin adı ilə biz çarın xaçını xəlifənin ayparalı 
bayrağına qarşı müdafiə etməliyik? Axı nə etməliyik, Seyid? 
Seyid Mustafa sonsuz bir kədərə bürünmüşdü. O, mənə baxıb dedi: 
- Əli xan, soruşursan ki, nə etməliyik? Bunu mən özüm də bilmirəm. 
Seyid Mustafa dəhşətli iztirab içində idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə