ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   15   16   17   18   19   20   21   22   ...   59

Biz gur işıqlı geniş balkona keçdik. Klubun balkonu gecə qaranlığına qərq olmuş Qubernator bağına 
çıxırdı. Mən ulduzları, işıq saçan dənizi və Nargin adasının mayaklarını seyr etdim. 
Qədəhlərin cingiltili səsi gəldi. Nino və Naçararyan şampan şərabı içirdilər. Çünki dünyada heç bir 
şey, hətta Ninonun gözləri belə məni öz doğma şəhərimdə camaatın gözü qabağında spirtli içki içməyə 
məcbur edə bilməzdi. Elə bu səbəbdən də  mən həmişə olduğu kimi portağal suyu içirdim. Altı 
nəfərdən ibarət olan orkestr nəhayət fasilə edən vaxt, Naçararyan ciddi və düşüncəli bir tərzdə dedi: 
- Budur, Qafqazın üç böyük xalqının nümayəndələri olan biz bir yerdə oturmuşuq: Bir gürcü qızı, bir 
müsəlman və bir də erməni. Üçümüz də eyni səma altında doğulmuş, eyni torpaq üstündə yaşayırıq. 
Aramızda fərq vardır, amma yenə  də eyni, Məryəm, həzrəti İsa və  Cəbrail üçlüyü kimi birik. Eyni 
zamanda biz avropalıyıq və həm də asiyalı. Qərbdən də alırıq, Şərqdən də. Amma hər ikisinə də mal-
dövlət veririk. 
Nino sözə başladı: 
- Mən həmişə elə zənn edirdim ki, Qafqazlıların ən vacib xüsusiyyətləri dava etməkdir. Lakin indi mən 
heç bir döyüşmək istəməyən iki qafqazlının arasında oturmuşam. 
Naçararyan xoş sifətlə ona baxıb dedi: 
- Xeyr, Əslində hər ikimiz də döyüşmək istəyirik, prinses, amma biri-birimizə qarşı yox. Bizi ruslardan 
sıldırım bir dağ ayırır. Bu dağ Qafqaz dağlarıdır. Əgər bu müharibədə ruslar qalib gələrlərsə, ölkəmiz 
tam mənada ruslaşacaq. Biz ibadətxanalarımızdan, dilimizdən və milli xüsusiyyələrimizdən məhrum 
olacağıq. Biz Avropa və Asiya arasında körpü rolunu oynamaq əvəzində, hər ikisinin mələzi olacağıq. 
Yox, kim çar üçün vuruşarsa, o Qafqazlılara qarşı vuruşur deməkdir. 
Nino müqəddəs Tamara litseyində dərsliklərdən öyrəndiyini təkrarladı: “İranlılar və türklər ölkəmizi 
çapıb talayırlar. Şah şərqi yerlə-yeksan etmişdir, Sultan da qərbi. Nə  qədər qız qul edilərək uzaq 
diyarların hərəmxanalarına aparıldı. Ruslar isə buraya öz razılıqları ilə  gəlməmişlər. Biz onları 
çağırmışıq. Gürcü kralı XII Georgiy könüllü olaraq çara təslim olub. Məgər çarın dediyi sözlərlə tanış 
deyilsinizmi: “Biz gürcü krallığının müdafiəsini onsuz da ucsuz-bucaqsız olan imperiyamızı böyütmək 
üçün üzərimizə götürmürük”. 
Əlbəttə, biz bu sözləri eşitmişdik. Çar birinci Aleksandrın yüz il bundan qabaq haqqımızda çıxartdığı 
manifesti düz səkkiz il oxuduğumuz məktəbdə başımıza yeritməyə çalışmışlar. “Biz gürcü krallığının 
müdafiəsini onsuz da ucsuz-bucaqsız olan imperiyamızı daha artıq böyütmək üçün...” sözləri Tiflisin 
mərkəzi küçəsində vurulan bürünc bir lövhənin üzərində həkk edilmişdi. 
Nino haqsız deyildi. O zamanlar Şərq hərəmxanaları müharibələrdə yaxalanmış Qafqaz qadınları ilə, 
Qafqaz şəhərlərinin küçələri isə xristian cəsədləri ilə dolu idi. Mən Ninoya cavab verib deyə bilərdim 
ki, “Mən müsəlmanam, siz isə xristian. Allah da sizi bizə qənimət bəxş edib”. Lakin susmağa üstünlük 
verdim və Naçararyanın cavabını gözlədim. 
O dedi: 
- Baxın, prinses, siyasi düşüncəsi olan adamın bəzən haqsızlıq, hətta ədalətsizlik edəcək qədər cəsarət 
göstərməsi də lazımdır. Bəli razıyam, ölkəmizə sülh ruslarla birlikdə  gəldi. Lakin biz Qafqazlılar bu 
sülhü indi rusların köməyi olmadan da qoruyub saxlaya bilərik. Ruslar bizi biri-birimizdən 
qorumalarının gərəkliyini irəli sürərək buraya rus hərbi hissələri, rus çinovnikləri və rus qubernatoru 
göndəriblər. İndi, prinses, özünüz deyin, siz özünüzü məndən qorumalısınızmı? Mənim də Əli xandan 
qorunmam lazımdırmı? Bu yaxın keçmişdə biz Şuşanın yaxınlığındakı İsa bulağının başında əlvan 
xalçaların üstündə oturub dostcasına söhbət etmirdikmi? İran artıq bizimlə düşmən deyildir ki, Qafqaz 
xalqları ondan qorxmalı olsunlar. İndi düşmənimiz şimalda oturub və bizi inandırmağa çalışır ki, biz 
biri-birimizdən müdafiə olunmalı uşaqlarıq. Ancaq bizlər artıq çoxdandır ki, uşaqlığı arxada qoyub, 
uşaqlıq yaşından çıxmışıq. 
- Deməli ona görə müharibəyə getmirsiniz? - deyə Nino soruşdu. 


Naçararyan həddən artıq şampan şərabı içmişdi. “Yox, səbəb təkcə buna görə deyil” - deyə söz başladı. 
Mən həm də  tənbələm, özü də rahat yaşamağı sevirəm. Erməni kilsəsinin  əmlakını ruslar müsadirə 
etdikləri üçün onlardan küsmüşəm. Sonra da ki, klubun balkonunda oturmaq, atəş xəttindəki 
səngərlərdə çürüməkdən yaxşıdır. Bizim ailəmiz məşhurlaşmaq üçün kifayət qədər çalışıb vuruşmuşdu. 
Mən özüm isə kef əhliyəm. 
- Mən bu mövzuya tamam başqa nöqtəyi nəzərlə baxıram, - dedim. Mən kef əhli deyiləm, 
müharibədən də xoşum gəlir. Amma məhz bu müharibədən xoşum gəlmir. 
Naçararyan şərab içə-içə mənə baxıb dedi: 
“Siz hələ gəncsiniz, dostum, ona görə” - dedi və şampan badəsini təkrar qaldırıb söhbətinə davam etdi. 
Biz durub evə getməyə hazırlaşanda Nino artıq deyəsən Naçararyanın haqlı olduğuna təxminən 
inanmışdı. Naçararyanın avtomobilinə mindik. Yolda Naçararyan yenə də dilləndi:  
- Bu qeyri adi şəhər Avropanın darvazasıdır. Əgər Rusiya belə geridə qalmasaydı, ölkəmiz çoxdan 
Avropa ölkəsinə çevrilərdi. 
- Mən coğrafiya dərslərindəki xoş günləri yada salıb ürəkdən qəhqəhə  çəkdim. Çünki coğrafiya 
müəllimimiz də şəhərimizi Avropaya daxil etmək istəyirdi. 
O gün çox xoş bir axşam keçirdik. Vidalaşanda mən Ninonun gözlərindən və  əllərindən öpdüm. 
Naçararyan isə başını dənizə tərəf çevirib dənizi seyr edirdi. Sonra da Naçararyan məni avtomobili ilə 
Sisianaşvili darvazasına tərəf apardı. Avtomobil oradan daha irəliyə gedə bilməzdi. Çünki qala 
divarlarının arxa tərəfi Asiya idi. 
Naçararyan mənim ilə vidalaşan zaman soruşdu: 
- Nino ilə evlənəcəksinizmi? 
- İnşallah, qismət olsa. 
- Dostum, onunla evlənmək üçün bir çox çətinliklərin öhdəsindən gəlməli olacaqsan. Əgər köməyə 
ehtiyacınız olsa, qulluğunuzda hazıram. Mən istəyirəm ki, siz başqa-başqa dinlərə  mənsub olsanız da 
xalqımızı qohumluq əlaqələri ilə bağlayan ilk ailəni qurasınız. Mən belə evlənmələrə ürəkdən 
tərəfdaram. Biz əl-ələ verib mövqelərimizi müdafiə etməliyik. Birləşməliyik və bir olmalıyıq. 
Səmimiyyətlə onun əlini sıxdım. Deməli həqiqətən də ləyaqətli və vicdanlı ermənilər də var imiş. Kəşf 
etdiyim bu yenilik son dərəcə insanı düşünməyə məcbur edirdi. 
Yorğun halda evə  gəldim. Xidmətçi yerdə bardaş qurub kitab oxuyurdu. Əlindəki kitaba bir nəzər 
saldım: Qurani Kərimin səhifələri incə yazılarla dolu idi. Xildmətçi ayağa qalxaraq məni salamladı. 
Əlindəki müqəddəs kitabı onun əlindən alıb oxumağa başladım: “Ey möminlər, unutmayın ki, şərab 
içmək, qumar oynamaq və canlının rəsmini çəkmək qadağan edilmişdir və bunlar şeytan əməlləridir. 
Bunlardan uzaq qaçın ki, bəlkə xoşbəxtliyə nail olasanız. Şeytan sizi Allahın düşüncəsindən və 
ibadətindən döndərmək istəyir”. 
Quranın səhifələrindən ətrafa xoş bir qoxu gəlirdi. İncə sarımtıl rəngli vərəqlər xışıldayırdı. Allahın iki 
dəri örtüklü cild arasına alınmış kəlamları ciddi və öyüdverici idi. Quranı xidmətçinin özünə 
qaytardım, sonra yuxarı otağıma qalxdım. Divan geniş və yumşaq idi. Həmişəki adətim üzrə  dərin 
düşünmək və hər şeyi yaxşı görmək üçün gözlərimi yumdum. Şampan şərabı, bal səhnəsindəki Yevgeni 
Onegin, Naçararyanın açıq rəngli qoyun gözləri, Ninonun zərif dodaqları və  şəhərimizi zəbt etmək 
üçün dağ tərəfindən şəhər divarlarını aşan saysız-hesabsız düşmən dəstələri gözümün qabağında 
canlandı. 
Küçədən bir mahnı səsi gəldi. Bu, aşiq olmuş Haşım kişi idi. O, çox yaşlı idi və heç kim onun hansı eşq 
üçün kədərləndiyini bilmirdi. Camaat ona “məcnun” - eşq xəstəsi adını vermişdi. Gecələr şəhərin 
qaranlıq küçələrində  sərgərdan dolaşır, dalanların birində yerə oturur və  səhər açılana qədər ağlaya-
ağlaya öz eşqindən şərqilər oxuyardı. 
Onun oxuduqları ahəngli adama yuxu gətirirdi. Üzümü divara çevirib dərin yuxuya getdim. 
Həyat hələ də çox gözəl idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə