ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

Mən pərt halda susdum. Seyidin otağındakı balaca neft lampası his eləyərək yanırdı. Lampanın sarımtıl 
zəif işığı namaz xalçasının rəngarəng naxışlarını işıqlandırırdı. Bu namaz xalçası qatlanıb yola götürülə 
biləcək qəribə bir boxçanı xatırladırdı. Seyid Mustafa da bu dünyaya bir səyahət dolayısıyla gəlmiş 
kimiydi. Zatən başqalarının günahlarını pisləmək Seyid üçün çox asan idi. On il, iyirmi il keçəcək və 
Məşhəddə gözə görünmədən və hiss edilmədən İranın taleyini idarə edən müdriklərin biri İmam 
Rzanın türbəsində imamlıq edəcəkdir. Onun gözləri artıq indidən qocaldığından xəbərdar olan bir 
qocanın gözlərini xatırladırdı. Əgər o, İranın yenidən böyük və qüdrətli bir dövlət olmasına gətirib 
çıxartsaydı da, yenə haqq və din məsələlərində  zərrə  qədər güzəştə getməzdi. O, günaha batıb 
dünyanın nemətlərindən həzz almaqdansa, məhv olmağın doğru olduğuna inanırdı. Seyid ona görə 
susur və  nə edəcəyini bilmirdi. Həqiqi haqq və din astanasında tənha keşikçi olan Seyid Mustafanı 
mən elə buna görə çox istəyirdim. 
Söhbətin mövzusunu dəyişdirmək üçün dedim: 
- Seyid, talehimiz cənabi Allahın əlindədir. Qoy Allah bizi doğru yoldan ayırmasın. Ancaq mən bu gün 
səninlə o mövzuda deyil, bam-başqa şey haqqında danışmaq istəyirəm. 
Seyid Mustafa xınalı əllərinə baxdı. O, kəhrəba təsbehini çevirməklə  məşğul idi. Başını qaldırıb 
gülümsədi. Onun çopur sifəti elə bil bir az da enliləşdi: “Dərdini bilirəm,  Əli xan. Evlənmək 
istəyirsən” - dedi. Özümü itirmiş bir halda yerimdən sıçradım. Mən Seyid Mustafa ilə şiə hərbi-siyasi 
gənclik təşkilatı qurmaq məsələsini müzakirə etmək niyyətində idim. Amma Seyid, artıq indidən 
mənim nikahımı kəsməyə hazır olan molla kimi danışırdı. 
- Axı, sən mənim evlənmək istədiyimi haradan bilirsən? Bir də ki, evlənmək istəməyimin sənə nə dəxli 
var? 
- Sənin niyyətini gözlərindən oxuyuram. Sən mənim dostum olduğun üçün də evlənmək istəyinin bir 
az da olsa mənə dəxli var. Sən məndən xoşu gəlməyən xristian Nino ilə evlənmək istəyirsən? Elədir 
mi? 
- Düzdür, Mustafa. Bəs sən nə deyirsən buna? 
Seyid Mustafa iti və ağıllı baxışlarını mənə dikib dedi: 
- Mən sənə “hə” deyirəm, Əli xan. Kişi evlənib yuva qurmalıdır. Özü də ən vacib odur ki, bəyəndiyin 
qızla evlənəsən. Qadının kişidən xoşu gəlməsi vacib deyildir. Ağıllı kişi qadının iltifatını qazanmağa səy 
göstərməz. 
Qadın bir tarladır, kişi də əkinçi. Məgər tarlanın hökmən əkinçini sevməsinə lüzum varmı? Yox, çünki 
əkinçinin torpağı, tarlanı sevməsi kifayətdir. Evlən. Amma heç bir zaman yaddan çıxartma ki, qadın 
yalnız vəyalnız sadəcə bir tarladır. 
- Deməli, sən belə fikirdəsən ki, qadının ruhu da, zəkası da yoxdur? - deyə ondan soruşdum. 
Seyid Mustafa canıyananlıqla mənə baxıb dedi: 
- Bunu hələ soruşursan da, Əli xan? Təbii ki, bunların heç biri onlarda yoxdur. Bunlar axı ona nəyə 
lazımdır? Qadının bakirə olması və çoxlu uşaq doğması ona yetər. 
Şəriət deyir ki, bir kişinin şahidliyi üç qadının şahidliyindən daha məqbuldur. Bunu yaddan çıxartma, 
Əli xan. Mən həyəcanla oturub gözləyirdim ki, dindar Seyid Mustafa zəhləsi gedən bir xristian qızı ilə 
evlənmək istədiyimə görə mənə lənətlər yağdırmağa başlayacaq. Lakin onun cavabı məni sakitləşdirdi. 
Bu cavab onun açıq və ağıllı insan olduğunu bir daha isbat edirdi. 
Yavaşca ondan soruşdum: 
- Deməli Ninonun xristian olmasına etirazın yoxdur? Bəlkə müsəlman olması şərtdir? 
- Niyə şərt olsun? - deyə Seyid Mustafa soruşdu. Zəkası və ruhu olmayan bir məxluğun dini, imanı da 
olmaz. Qadın qisminə  nə  cənnətdə, nə  də  cəhənnəmdə yer var. Qadın qismi öləndən sonra dağılıb 
heçə dönür. Unutma ki, ondan olan oğlanlar, əlbəttə şiə olmalıdırlar. 
Başımı razı halda yırğaladım. 


Seyid Mustafa ayağa durub kitab rəfinə yaxınlaşdı. Onun meymun əllərinə  bənzəyən uzun əlləri 
üstünü toz basmış bir kitabı rəfdən götürdü. Kitabın cildinə  nəzər saldım. Orada farsca “Çeynabi 
Təvarix əl səlcuq” sözləri yazılmışdı. Yəni Səlcuq sülaləsinin tarixi. 
Seyid kitabı açdı və dedi: 
- Budur, səhifə 207. 
Sonra yüksək səslə oxumağa başladı. 
- Hicri 637-ci ildə Sultan Ələddin Keyqubad Qəbadiyyə sarayında vəfat etdi. Onun yerinə  Səlcuq 
taxtına Qiyasəddin Keyxosrov keçdi. Çox keçmədən Qiyasəddin Keyxosrov bir gürcü prinsesi ilə 
evləndi. Onun gürcü qızına məhəbbəti o qədər güclü idi ki, sikkələrin üzərində öz şəkli ilə yanaşı, 
arvadının da şəklini vurmağı əmr etdi. Bir gün alimlərlə din xadimləri sultanın yanına gəlib deyirlər: 
“Sultanın şəriətə qarşı çıxması düzgün deyildir. Onun bu əməli günah işlətməkdən ibarətdir”. 
Qüdrətli hökmdar Qiyasəddin bu sözləri eşidib qəzəblə cavab verdi: “Cənabi Allah məni sizə hökmdar 
təyin edib. Sizin vəzifəniz də itaət etməkdir”. Alimlərlə din xadimləri hökmdarın sözlərindən sonra 
gedib kədərə  qərq oldular. Lakin Allah sultan Qiyasəddin Keyxosrovun gözlərini açdı və o, alimləri 
yanına çağırtdırıb onlara başa saldı ki, - ”Mən müqəddəs qanunları pozmaq istəmirəm, çünki onlara 
riayət etmək vəzifəsini Allah mənim boynuma qoyub. Elə buna görə də əmr edirəm: uzun yalı olan və 
sağ pəncəsində qılınc tutan aslan mənəm. Başımın üzərində parıldayan günəş də çox sevdiyim 
qadındır. Dediklərim də sizin üçün qanundur”. O zamandan bəri aslan və günəş İranın simvoludur. 
Ağıllı kişilər isə deyirlər ki, “gürcü qadınlarından gözəl qadın yoxdur”. 
Seyid Mustafa kitabı bağladı və üzümə baxıb gülümsədi. Görürsən də, vaxtı ilə Keyxosrovun etdiyini 
indi sən edirsən. Heç bir qanun bunu qadağan etmir. Gürcü qadınları da Peyğəmbərin dindar 
möminlərinə vəd etdiyi qənimətin bir hissəsidir. Peyğəmbər Quranda deyir: “Gedin onları alın”. 
Seyid Mustafanın dərdli sifəti birdən-birə yumşaldı. Onun muncuq kimi balaca gözləri işıqlandı. O, 
iyirminci əsrin balaca bir tərəddüdünü müqəddəs Qurani Kərimin kəlamı vasitəsilə aradan qaldırdığı 
üçün özünü xoşbəxt sayırdı. Onun bütün vücudu bəyan edib deyirdi: qoy, kafirlər  əsl tərəqqinin 
harada olduğunu bilsinlər! 
Onun otağından çıxıb, evə tərəf getdim. Qaranlıq küçələrdə mətin addımlarla addımlayırdım. Çünki 
arxam-müqəddəs Qurani Kərim, Sultan Qiyasəddin Keyxosrov və bilikli Seyid Mustafa idi. 
 
XII 
 
Çöl sirli və anlaşılmaz bir dünyanın darvazasına bənzəyir. Atımın nallarının altından toz və xırdaca 
daşlar ətrafa səpələnirdi. Altımdakı Terek kazaklarının yəhəri yumşaq idi, elə bil onun içini yonqarla 
doldurmuşdular. Terek kazakları bu yəhərin üstündə yatır, uzanır, və  həm də ayaq üstündə 
dayanırdılar. Kazakın varı da, yoxu da bu yəhərdən asılan heybənin içində olur: – bir kömbə çörək, bir 
şüşə arağ və Qabardin kəndlərindən oğurladığı qızıl sikkələr. Mənim isə heybəm boş idi. Çöl 
küləyinin vıyıltısı içində atımı çapırdım. Güclü küləyin qopardığı tozanaqdan göz-gözü görmürdü. 
Çiynimdəki yumşaq Qabardin yapıncısı məni küləkdən qoruyurdu. Quldurlar və  cəngavərlər bu 
geyim növünü soyğunçuluq və  gəzinti üçün ixtira etmişdilər. Yapıncıdan nə gün işıqları və  nə  də 
yağmır damcıları keçəbilirdi. Bu qarayapıncını bir an içərisində çadıra çevirmək və onu büküb basqın 
zamanı oğurlanmış şeyləri onun qatları içində gizlətmək də mümkündür. Qaçırılmış qızlar isə 
tutuquşu qəfəsdə oturan kimi yapıncının içində büzüşüb dinməz oturardılar.  
Mən atımı qurd darvazasına doğru sürdüm. Bakı yaxınlığındakı çöllüyün tam ortasında yerləşən bu 
darvazanı lap qədim zamanların bahadırları düzəltmişlər. Bu darvaza, qum okeanının ortasında ucalan 
küləkdən kobudlaşmış iki boz qayadan ibarət idi. Türklərin əcdadı sayılan Boz qurd o zaman Osmanlı 
türklərinin qabağına düşərək, onları bu darvazadan keçirdib, Anadolunun yaşıl yamaclarına aparmışlar.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə