ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

Yolumuza davam etdik. Bir neçə addım atandan sonra bir daha Qolovinski prospektindəki “Mefistofel” 
kafesinin qabağına çıxdıq.  
– İçəri girək mi? – deyə  tərəddüdlə soruşdum. Əslində isə, nə etmək istədiyimi heç özüm də 
bilmirdim.  
– Yox, barışmağımızın şərəfinə gəl müqəddəs Davud dağındakı monastıra gedək.  
Yan küçəyə dönüb funikulyora tərəf getdik. Bir azdan sonra mindiyimiz qırmızı rəngli kiçik vaqon 
yavaş-yavaş Davud dağına qalxmağa başladı. Nino dağın təpəsindəki dillər  əzbəri olmuş məşhur 
monastırın yaranması tarixçəsini mənə danışmağa başladı: 
“Bir çox illər bundan qabaq bu dağda müqəddəs Davud yaşayırmış. Şəhərdə isə bir kral qızı varmış. O 
qız bir knyaz ilə eşqbazlıq edib, onunla günah iş tuturmuş. Bir gün knyaz qızı atır. Qız da hamilə imiş. 
Bu hadisədən xəbər tutmuş kral çox qəzəblənmiş və qızını başdan çıxaran adamın kimliyini 
soruşmuşdu. Qız sevgilisinin adını deməyə qorxduğuna görə onun yerinə müqəddəs Davudun adını 
çəkir. Hirsindən qəzəbə  gəlmiş kral əmr edir ki, Davudu onun sarayına gətirsinlər. Davudu saraya 
gətirəndən sonra kral öz qızını da oraya çağırtdırır. Kralın qızı atasının qabağında da dediklərini təkrar 
edir. Müqəddəs Davud də  əlindəki həsasını qızın qarnına toxundurur və o zaman birdən möcüzə 
yaranır. Qızın qarnındakı uşağın səsi gəlir və  səs  əsl günahkarın adını çəkir. O zaman müqəddəs 
Davud əllərin göyə qaldıraraq dua etmiş və qız övlad yerinə daş doğmuşdu. İndi həmin daşın dibindən 
müqəddəs Davud bulağının suyu fışqırmağa başlayıb. Uşağı olmayan qadınlar isə bu bulağın suyunda 
çimirlər ki, uşaqları olsun”. 
Nino düşüncəli tərzdə  əlavə etdi: “Əli xan, indi müqəddəs Davud ölmüş və onun sehrli əsası qeyb 
olmuşdu”.  
Nino monastırın yaranma tarixçəsini bitirdiyi vaxt, biz artıq dağın başına çatmışdıq.  
– Nino, bulaq başına getmək istəyirsənmi? – deyə soruşdum.  
– Xeyr, Əli xan, bir il də gözləsəm, hər halda yaxşı olar.  
Biz, monastırın ətrafını hər tərəfdən  əhatə etmiş divarlarının yanında durub, şəhərə baxırdıq. Kür 
çayının sahili mavi duman içində idi. Evlərin damlarından görünən kilsələrin qübbələri tənha adaları 
xatırladırdı. Şəhərin şərqində və qərbində tiflislilərin dincəldikləri bağlar uzanırdı. Uzaqlarda qapqara 
görünən Metex qalası ucalırdı. Bir zamanlar gürcü krallarına məskən olmuş bu qala, indi çar 
imperatorluğu siyasətinə qarışmaq cəsarətini göstərmiş Qafqazlıları bu qalada saxlayırlar. Nino başını 
yana tərəf çevirdi. Deyəsən bu məşhur işgəncə qalasını görən Ninoda çara olan sədaqət sarsılmışdı.  
– Sənin qohumlarından Metex qalasında yatan varmı, Nino? – deyə soruşdum.  
– Yox, amma sənin qohumlarından orada yatan olmalıdır. Əli xan, gedək.  
Hara gedək, Nino? 
– Qriboyedovun məzarını ziyarət edək.  
Monastır divarını dönüb, baxımsızlıq ucbatından köhnəlib pis vəziyyətə düşmüş bir məzar daşına 
yaxınlaşdıq. Onun üzərində “Sənin ağlın və  əməllərin unudulmazdır, amma nə üçün Ninonun 
məhəbbəti sənin ömründən uzun yaşadı?” sözləri həkk edilmişdi.  
Nino əyilib yerdən bir çınqıl götürdü. O, çınqılı qəbir daşına vurub əlini çəkdi. Çınqıl yerə düşdü və 
ayaqlarımızın altına yuvarlandı. Nino dərindən ah çəkdi. Bu köhnə Tiflisin xürafatı idi: əgər bir qız 
çınqılı nəm məzar daşına vurursa və çınqıl bir anlığa oraya yapışıb qalırsa, deməli həmin il qız ərə 
gedəcəkdir. Ninonun isə daşı yerə düşmüşdü.  
Ninonun pərt olmuş sifətinə baxıb güldüm: 
– “Görürsən də, evlənməyimizdən üç ay qabaq belə şey baş verir! Deməli, bizim Peyğəmbərimiz düz 
demişdir ki, “Ölü daşlara inam etmə”. 
Nino “haqlısan” deyib susdu. 
Biz yenidən funikulyor tərəfə getdik.  
– Müharibə sona yetəndən sonra nə edəcəyik? – deyə Nino soruşdu.  


Müharibə sona yetəndən sonra Bakının küçələrində  və meydanlarında gəzməyə çıxacağıq, 
dostlarımızın evlərinə qonaq gedəcəyik, Qarabağa səyahət edəcəyik, gələcək uşaqlarımızı böyüdəcəyik. 
Bundan yaxşı nə ola bilər.  
– Mən gedib Avropanı gəzmək istərdim. 
– Parisə, Berlinə, haraya istəsən, oraya da gedərik. Bir qış uzunu gəzərik xarici ölkələri. Nino, yoxsa, 
artıq bizim vətənimizi sevmirsən? İstəsən Tiflisdə də yaşaya bilərik. 
 -Təşəkkür edirəm, Əli xan, sən mənim qayğıma çox qalırsan. Biz elə Bakıda qalacağıq.  
-Nino məncə dünyada Bakıdan yaxşı yer yoxdur. 
 -Yəni, o qədər başqa şəhərlər görmüsən ki?  
-Xeyr, görməmişəm. Ancaq istəsən, səninlə birlikdə dünya gəzintisinə çıxıb bütün şəhərləri görərəm.  
– O zaman getdiyimiz hər yerdə yenə də Bakının köhnə divarlarını və Seyid Mustafa ilə söhbətlərini 
yada salaraq məmləkət həsrəti çəkəcəksən. Nə isə, bu söhbətlərin üstündən keçək. Çünki mən səni 
sevirəm.  
Haqlısan, Nino, mən öz vətənimizi, onun hər daşını, səhrasındakı hər qum dənəsini də sevirəm.  
– Bilirəm, Əli xan, burada qəribə bir şey yoxdur. Əcnəbilər üçün bizim şəhərimiz sadəcə isti, tozlu və 
neftə bulaşmış sıxıcı bir şəhərdir.  
– Bu əcnəbilər bizim şəhəri tanımadıqları üçün belə düşünürlər.  
– Nino əlini çiynimə qoydu. Onun dodaqları yanağıma toxundu:  
“Biz isə yad əcnəbilərdən deyilik və heç bir zaman da yad olmayacağıq. Məni daima sevəcəksənmi, Əli 
xan?” 
– Qiyamətədək, Nino.  
Maşınımız şəhərdəki duracağa çatmışdı. Yenə Qolovinski prospekti ilə gedirdik. Fəqət bu səfər bir-
birimizə sarılmışdıq. Sol tərəfimizdə nazik burma dəmir barmaqlıqlarla dairəyə alınmış böyük park 
uzanırdı. Parkın bağlı qapısının qabağında iki əsgər növbə  çəkirdi. Onlar daş heykəl kimi quruyub 
durmuşdular. Qapının üstündə rus çarlığını təmsil edən qızıl suyuna salınmış qartal asılmışdı. Bu park 
Qafqaz canişini, böyük knyaz Nikolay Nikolayeviçin sarayı idi. Nino birdən dayandı. “Buraya bax” – 
deyə parkı göstərdi. Parkın hər iki tərəfində hündür şam ağacları var idi. Orada uzun boylu, arıq, ağ 
saçlı bir kişi gəzişirdi. O üzünü çevirən kimi dəli baxışlı gözlərindən böyük knyazı tanıdım. Onun üzü 
uzunsov, dodaqları da qısılmışdı. Şam ağaclarının kölgəsində böyük knyaz vəhşi bir heyvana 
bənzəyirdi.  
– Əli xan, görəsən o nə düşünür? – hər halda çarın tacını, Nino.  
Tac onun çal saçlarına yaxşı yaraşar. Bəs o nə edəcəkdir?  
– Deyirlər ki, o çarı taxtından devirəcəkdir. 
– Gəl, Əli xan, buradan gedək mən qorxuram. 
Biz nazik dəmir burma barmaqlıqlarla dairəyə alınmış gözəl parkdan uzaqlaşdıq.  
–  Əli xan, – deyə Nino dilləndi, sən çarın və böyük knyazın əleyhinə o qədər də pis şeylər 
danışmamalısan, onlar bizi türklərdən qoruyurlar.  
– Sənin vətənin çəkiclə zindan arasındadır. 
– Mənim vətənim? Bəs sənin vətəninin vəziyyəti daha yaxşıdır? 
– Bizim vəziyyətimiz daha başqadır. Biz məngənədə deyilik.  
 
– Biz zindanın üstündə uzanmışıq, böyük knyaz də çəkici əlində tutub. Ona görə də ona nifrət edirik.  
– Siz Ənvər paşanı sevirsiniz. Bu ağılsız bir şeydir. Onun şəhərimizə  gəlişini heç bir vaxt 
görməyəcəksiniz. Böyük knyaz qələbə çalacaq.  
– Allah böyükdür və orasını ancaq allah bilir, – deyə ehtiyatlı cavab verdim.  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə