ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   27   28   29   30   31   32   33   34   ...   59

Amma, çar getsə də, ölkəmizdə çoxlu rus qalacaq. Qardaşım, onların sayı azala da bilər.  
– Onların hamısını qırıb tökmək olmaz, Əli.  
Sonra qocalıb taqətdən düşmüş Zeynal ağa söz alıb donuq bir səslə danışmağa başladı:  
– Kitabda yazılanı heç kim bilmir. Böyük knyaz İstanbulu alsa belə, onun qələbəsi qələbə sayıla 
bilməz. Çünki bizim xoşbəxtliyimizin açarı İstanbulda deyil, açar Qərbdədir. Qərb cəbhəsində isə 
türklər qalib gələcəklər. Ruslar Trabzonu, türklər də Varşavanı alıblar. Ruslardan danışırsınız? Onlarda 
heç rusluq qalıbdımı? Eşitmişəm ki, Rasputin adında bir kəndli çara hökmranlıq edir, onun qızlarını 
sığallayır, çarın arvadına da “Mama” deyir. Çarı taxtından yıxmaq istəyən knyazlar da vardır. Hətta 
üsyan eləməyə hazırlaşanlar da vardır. Müharibədən sonra hər şey kökündən dəyişəcək. Heç bir şey 
köhnədəki kimi olmayacaq.  
Uzun bığları və parıldayan gözləri olan bir kök adam söz alıb dedi: “Bəli, bu müharibədən sonra 
həqiqətən hər şey kökündən dəyişəcək”.  
Bunları söyləyən, peşəsi vəkil olan, Xoylu Fətəli xan idi. Biz onun daima xalq işinin qayğısını və 
qeyrətini çəkən bir adam olduğunu bilirdik.  
Fətəli xan ciddiləşib sözünə davam etdi:  
– Hər şeyin dəyişəcəyi üçün biz heç kimdən lütfkarlıq diləməli deyilik. Bu müharibədə kim qalib 
gəlirsə-gəlsin, onun döyüşlərdə aldığı yaralar çox olacaq və o zəifləyəcək. Biz isə  zəif düşməyəcəyik, 
yaralılarımız olmayacaq, dilənmək ehtiyacını duymayacağıq və gur səslə  tələb etmək gücünə sahib 
olacağıq. Bizim ölkəmiz müsəlman ölkəsidir. Biz Osmanlılardan nə gözləyiriksə, Romanovlardan da 
eyni şeyi tələb edirik. Bizi hər sahədə maraqlandıran müstəqillikdir. Müharibədən sonra bu güclü 
dövlətlər nə  qədər zəif düşsələr, biz o qədər azadlığa yaxınlaşacağıq. Bu azadlıq bizə itirilmiş 
qüdrətimizdən, pulumuzdan və neftimizdən gələcək. Elə buna görə də unutmayın ki, bizim dünyaya 
yox, dünyanın bizə ehtiyacı olacaqdır. 
Zalda bir milyard manat toplamış qonaqlarımızı bu sözlər son dərəcə məmnun etmişdi. İndi gözləmək 
və kimin qalib gələcəyini görmək lazımdır: ruslarınmı, yoxsa türklərinmi? Bizim neftimiz vardı, 
müharibədən qalib çıxan da bizə yalvarıb lütfkarlıq diləyəcək. Bəs o vaxta qədər biz nə etməliyik? 
Xəstəxanalar, uşaq bağçaları, korlara məxsus klinikalar tikdirməliyik. Haqq Dini uğrunda vuruşanlara 
sığınacaq verməliyik. Elə etməliyik ki. bizi əqidəsizlikdə günahlandırmasınlar.  
Mən isə dinməz-söyləməz bir küncdə oturmuşdum. Əli  Əsədulla zalın o başından gəlib yanımda 
oturdu: “Bu barədə siz nə fikirdəsiniz,  Əli xan?” – deyə  məndən soruşdu. Əli  Əsədulla mənim 
cavabımı gözləmədən başını mənə  tərəf  əyib, pıçıltı ilə danışmağa başladı: “Ölkəmizdəkirusların 
hamısını təmizləmək yaxşı olmazdımı? Təkcə rusları yox, bizim dilimizdə danışmayan, bizim 
dinimizdən olmayan, və bizdən fərqli düşünən bütün əcnəbiləri təmizləsək daha yaxşı olmazdımı? 
Əslində biz hamımız bunu istəyirik, amma bu düşüncəni açıq söyləməyə  cəsarət tapan tək mənəm. 
Bəs bundan sonra nə olacaq? Mənə sual verirsinizsə, şəxsən mən  Ənvər Paşaya üstünlük verərdim. 
Amma ölkəmizi Fətəli xan da idarə edə bilər. Başlıca məsələ isə odur ki, ölkəmizdən  əcnəbiləri 
təmizləməliyik.  
O, “təmizləməliyik” sözünü elə  nəzakətlə  və yumşaq bir tonla dedi ki, elə bil eşq elan edirdi. O, 
hiyləgərcəsinə gülümsəyirdi. Mən ona cavab vermədim.  
İndi növbə  Bəhai Ağa Musa Nağının idi. O danışmağa başlayanda onun balaca, içəri batmış gözləri 
parıldayırdı:  
– Mən yaşlı bir adamam, – deyə sözə başladı. – Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. 
Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can 
atırlar. İndi biz də ölkəmizdən rusları təmizləməyə çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. 
Biz Zeynal ağanın, Mirzə Əsədullanın, Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini 
dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə 
qayğısına qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədrik edilirsə, o məktəb 


kimə  və  nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır? 
Bizim ruhumuz tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus bir tanrısı olduğuna 
inanır. Lakin mənim fikrimcə keçmiş neçə-neçə uluların diliylə desək, özünü bizə tanıtmış olan Allah 
birdir. Buna görə də mən eyni zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də 
Məhəmməd Peyğəmbərə inanıram. Biz hamımız bir Allahdan törənmişik və Bab* yoluyla onun yanına 
dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə  də ağ. Çünki qarada ağ, ağda da qara 
vardır. Ona görə  də  məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada kimsəyə  zərər dəysin. 
Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da bizim bir parçamızdır.  
Biz pərt halda oturmuşduq. Deməli Babın kafir ideyası bu imiş. Yanımda kiminsə bərkdən hıçqırdığını 
eşitdim. Başımı çevirib baxdım və təəccübləndiyimdən quruyub qaldım:  
Əli Əsədullanın sifətindən göz yaşları sel kimi axırdı.  
 
- ----------------------------------------------- 
*Burada XIX əsrin 40-cı illərində şiəlik əsasında yaranmış dini təriqətin banisi Bab nəzərdə tutulur. 
----------------------------------------------------- 
 
Əli Əsədulla hıçqıra-hıçqıra dedi:  
 – Ah, nə qədər siz haqlısınız! Sizə qulaq asmaq böyük xoşbəxtlikdir. Ey ulu Tanrım Ağa Musa, bütün 
insanlar bu qədər dərin biliyə malik olsaydılar, dərdimiz olmazdı? 
Sonra o göz yaşlarını silib, dərin bir köks ötürdü və sakitləşmiş bir şəkildə söhbətinə davam etdi:  
- Ey dərin hörmət bəslədiyimiz dostum! Heç bir şübhə yoxdur ki, Tanrının qolu hamımızın qolundan 
qüvvətli və qüdrətlidir. Lakin ey, müdriklik dəryası olan dostum, bu da həqiqətdir ki, insan Küll-
İxtiyarın iltifat ruhuna həmişə bel bağlaya bilməz və bel də bağlamamalıdır. Biz hamımız insanıq, biz 
gərək özümüz bütün çətinliklərimizi aradan qaldırmaq yollarını axtarıb tapaq.  
Əli Əsədullanın ustalıqla söylədiyi kəlmələr, çox ağıllı kəlmələr idi. Onun göz yaşları axıtması da ağıllı 
bir oyun idi. Mən Əlinin qardaşı Mirzəyə baxdım. Mirzə mat-məəttəl, iftixar hissilə qardaşına baxırdı.  
Nəhayət qonaqlar ayağa durdular. Mehribancasına bir-birlərinə “Salamat qalın, dodaqlarınızdan 
təbəssüm əskik olmasın” deyib ayrıldılar.  
Toplantı sona çatdı. Hərə öz evinə getdi. Saat on birin yarısı idi. Evimizin qonaq zalı, boş idi və adama 
ağır təsir bağışlayırdı. Məni tənhalıq hissi bürüdü. Xidmətçiyə: “Mən kazarmaya gedirəm. İlyas bəy bu 
gecə növbətçidir” deyib evdən çıxdım.  
Ninogilin evinin yanından keçib dəniz kənarı ilə böyük kazarmayatərəf yollandım. Kazarmanın 
növbətçi otağının pəncərəsindən işıq gəlirdi. İlyas bəylə Məmməd Heydər nərd oynayırdılar. Növbətçi 
otağına girdim. Onlar səslərini çıxartmadan başları ilə mənə salam verdilər. Nəhayət, nərd oyunu başa 
çatdı. İlyas bəy nərdin zərini küncə atdı və yaxasını düymələdi. Sonra “toplantı necə keçdi?” deyə 
soruşdu.  
– Əli Əsədulla ölkəmizdən bütün rusları təmizləyəcəyinə yenə and içdimi?  
– Bəli, təxminən elə dedi. Bəs sizdə müharibədən nə xəbər var?  
İlyas bəy, müharibədən təngə gəlmiş bir adam kimi cavab verdi:  
– Müharibəni deyirsən? Almanlar Polşanı tutublar. Böyük knyaz deyilənə görə qarlı yollarda batıb 
qalıb və ya da Bağdadı zəbt edib. Türklər də  bəlkə Misiri tutdular. Kim bilir? Bu dünya yaman can 
sıxıcı olub.  
Məmməd Heydər saçları azca kəsilmiş başını qaldırıb dedi:  
– Heç də can sıxıcı deyil. Bizim atlarımız və əsgərlərimiz var, silah işlətməyi də bilirik. Kişiyə bundan 
başqa nə lazımdır. Bəzən istəyirəm ki, dağları aşım, səngərlərdə oturub qabağımda düşmən görüm. 
Düşmən dediyinin güclü əzələləri olmalıdır, bədəni də tər qoxumalıdır. 
– Onda nə üçün cəbhəyə könüllü getmirsən? – deyə soruşdum.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə