ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

Nino kürsünün önündə xaç çəkib, başını qaldırdı və yuxarıda asılmış müqəddəs himayəçinin rəsminə 
baxdı. Sonra o, “müqəddəs Nino, məni bağışla” – deyə pıçıldadı.  
Kilsə pəncərələrindən içəri düşən işıqda mən onun gözlərinin yaşlı olduğunu gördüm.  
– Gəl buradan gedək, – dedim. Nino itaətkarcasına kilsədən çıxdı. Dinməz-söyləməz küçələri gəzdik. 
Nəhayət mən dilləndim: 
– De görüm, müqəddəs Nino sənin hansı günahlarını bağışlamalıdır? 
– Səni, Əli xan.  
Onun səsi qəmgin və yorğun idi. Tiflis küçələrində Nino ilə birlikdə gəzmək xatalı bir hərəkət idi.  
– Nə üçün? 
Biz artıq meydana çatmışdıq. Gürcülərkafelərdə, elə küçənin ortasında oturmuşdular. Haradansa zurna 
səsi gəlirdi. Lap aşağılarda isə Kür çayı köpüklənə-köpüklənə axırdı. Nino çox uzaqlara baxırdı. Elə bil 
ki, o, uzaqlarda öz keçmişini axtarırdı.  
– Nə düşünürsən, – deyə soruşdum. 
– Səni və bütün olub keçənləri, – deyə Nino cavab verdi.  
Mən onun nə demək istədiyini başa düşdüm. Lakin yenə də ondan soruşdum: 
– Nə dedin? 
Nino dayanıb sözə başladı: 
– Get Tiflisi gəz və şəhərə diqqətlə bax. Bu şəhərdə heç çadralı qadın görəcəksənmi? Yox. Burada heç 
Asiya şəhərlərinin havası duyulurmu? Yox, bu şəhər başqa bir dünyadır. Küçələri enli, insanları isə açıq 
qəlblidir.  Əli xan mən Tiflisdə olduğum zamanlar özümü ağıllı bir insan kimi hiss edirəm. Çünki 
burada Seyid Mustafa kimi sarsaqlara və  Məmməd Heydər kimi başıboşlara rast gələ bilməzsən. 
Burada həyat rahat və şəndir.  
Lakin bu ölkə çəkiclə zindan arasındadır, Nino.  
Nino balaca ayaqları ilə daş döşəmənin üzərində atlana-atlana yeriyərək söhbətinə davam etdi: “Bax elə 
səbəb də budur. Topal Teymur Tiflisi yeddi dəfə yerlə-yeksan edib, sonra isə türklər, iranlılar, ərəblər 
və monqollar da ölkəmizə yürüşlər etmişlər. Onlar Gürcüstanı xarabaxanaya çevirmişlər, insanları qətlə 
yetirmişdilər, lakin heç bir zaman ona sahib ola bilməmişdilər. Müqəddəs Nino buraya üzüm 
tənəklərini Qərbdən gətirmişdi. Deməli biz də Qərbə mənsubuq. Bizim ölkə Asiyaya aid deyil, biz də 
Asiyalı deyilik. Biz Avropanın şərqində yerləşən bir ölkəyik. Məgər sən burada bunu hiss etmirsən?” 
Ninonun qaşları çatılmış və addımlarını tez-tez atmağa başlamışdı. Onun uşaq alnı büzüşmüşdü: 
“Bilirsən, sənin Ninon nəyə görə bu gün burdadır? Gəl sənə başa salım: ona görə ki, biz Topal 
Teymura, Çingiz xana, Şah Təhmasibə  və Şah İsmayıla mətanətlə müqavimət göstərmişik. Bax elə 
buna görə də mən varam. İndi isə sən qılıncların, hər şeyi əzib keçən fillərin, ətrafında cəngavərlərin 
olmadan Tiflisə gəlmisən. Halbuki sən əlləri qana bulaşmış şahların nəslindənsən. Gələcəkdə mənim 
qızlarım çadra örtəcəklər və İranın qılıncı yenə də iti olan zaman mənim oğullarım və nəvələrim Tiflisi 
bəlkə  də yüzüncü dəfə yerlə-yeksan edəcəklər. Ah, Əli xan, biz gərək ikimiz də  Qərbə  mənsub 
olaydıq”. 
Onun əlini əlimə aldım: “Nino, sənin üçün nə istəyirsən, edim?” 
– Eh, Əli xan, – mən çox axmaq qızam, – deyə Nino cavab verdi.  
Mən istəyirəm ki, sən enli küçələri, geniş bulvarları olan və yaşıl meşələri sevəsən. Mən istəyirəm ki, 
sən Asiyanın çürük divarlarına yapışıb qalmayasan, həyatı yaxşı başa düşəsən. Mən qorxuram ki, on 
ildən sonra sən möminləşib, hiyləgər bir adama çevriləsən. Sonra da Gilandakı malikanəndə oturub 
günlərin bir günü mənə deyəsən ki: “Nino, sən yalnız bir tarlasan”. İndi de görüm, məni nə üçün 
sevirsən? 
Tiflis Ninonu çaşdırmışdı. Nino elə bil Kürün sahilinin nəmli havasında sərxoş olmuşdu.  
– Deyirsən səni nə üçün sevirəm, Nino? Mən sənin gözlərini, sənin səsini, sənin ətrini və sənin yerişini 
sevirəm. Daha bundan artıq nə istəyirsən? Sevdiyim ancaq sənsən. Başa düş ki, məhəbbət deyilən şey 


Gürcüstanda necədirsə, elə İranda da o cürdür. Sizin böyük şairiniz Rustaveli min il bundan qabaq 
bizim durduğumuz yerdə kraliça Tamaraya məhəbbət şerlərini oxuyurdu. Onun şerləri İran rübailərinə 
bənzəyir. 
Nino düşünərək dedi: 
– Bizim durduğumuz yerdə deyirsən? Bəlkə  də elə böyük məhəbbət şairi Sayat Nova da bu yerdə 
dayanmışdı? Amma gürcülərin məhəbbətini şerlərində  tərənnüm etdiyi üçün şah onun başını 
vurdurtmuşdu.  
Bu gün mənim Ninomun kefi yox idi. Çünki o, vətəni ilə vidalaşırdı. Nino vətəninə olan dərin eşqini 
əvvəlki vaxtlardan daha çox hiss edirdi. O, ah çəkib sözə başladı:  
– Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən, lakin sən bir şeyi yaddan çıxarırsan. O 
da mənim ruhumdu. İndi de görək, sən mənim ruhumu da sevirsənmi?  
Mən yorğun halda cavab verdim ki, bəli, mən sənin ruhunu da sevirəm. Qəribədir: Seyid Mustafa 
deyəndə ki, “qadınlarda ruh yoxdur” mən ona gülürdüm. Amma indi Nino onun ruhunu sevdiyimi 
bildirməyi məndən tələb edir. Axı bu qadın ruhu nə deyilən şeydir? Qadın sevinməlidir ki, kişi onun 
ruhunun dərinliyində olanları bilmək istəmir.  
Bəs sən məni nə üçün sevirsən, Nino? 
Nino birdən-birə, elə küçənin ortasında ağlamağa başladı. Yanaqlarından süzülən iri yaş damlaları onu 
balaca bir uşağa döndərmişdi.  
–  Əli xan, bağışla məni. Mən səni sevirəm, sadəcə  səni, olduğun kimi. Amma sənin yaşadığın aləm 
məni qorxudur. Əli xan, mən dəliyəm. Sən işə bax ki, küçənin ortasında nişanlımla dayanıb, Çingiz 
xanın bütün hərbi yürüşlərinin günahını sənin üstünə atıram. Öz Ninonu bağışla, Əli xan. Çingiz 
xanın hərbi yürüşlərində gürcülərin müsəlmanlar tərəfindən öldürülməsinin məsuliyyətini sənin 
üstünə atmaq da axmaqlıqdır. Ancaq başa düş ki, mən sənin Ninon, nifrət etdiyin Avropanın kiçicik 
bir parçasıyam və bunu burada, Tiflisdə  əvvəlki vaxtlardan daha çox hiss edirəm. Mən səni sevirəm, 
sən də  məni sevirsən. Lakin mən meşələri və  çəmənlikləri sevirəm, sən isə dağları, daşları və çölləri 
sevirsən. Çünki sən çöl övladısan. Ona görə də sənin məhəbbətindən, sənin aləmindən qorxuram.  
Çaşıb qalmışdım, onun sözlərini başa düşmürdüm:  
“Hə, sonra?” – deyə soruşdum.  
“Sonra” – deyə Nino gözlərinin yaşını silib, yenə gülməyə başladı və başını yan tərəfə  əyib dedi: 
“Sonra nə olacaq? Üç aydan sonra evlənməliyik, daha bundan artıq nə istəyirsən ki?” 
Nino ağlamağı da, gülməyi də, sevməyi və nifrət etməyi də bacarırdı.  
O, Çingiz xanın bütün yürüşlərini mənə bağışladı və yenə  də  məni sevməyində davam etdi. Nino 
əlimdən tutaraq məni darta-darta “Veri” körpüsündən keçirdib, bazarın əyri-üyrü dar küçələrinə 
apardı. Bu Ninosayağı üzr istəmək idi. Bu bazar Tiflisin Avropa formasında olan yeganə  Şərq bazarı 
idi. Xalı tacirlərindən ermənilər və farslar orada İran xəzinəsinin rəngarəng ziynətlərini camaatın 
qabağına tökmüşdülər. Üstündə müdrik sözlər həkk edilmiş mis və bürünc əşyalar dükanların rəflərini 
doldururdu. Mavi gözlü bir kürd qızı fala baxırdı. Hər kiçik çayxananın qabağında Tiflisin saysız-
hesabsız avara və  tənbəlləri yığışıb dünya məsələləri barədə boş-boş söhbətlər edirdilər. Şəhərdə 
müxtəlif dildə danışanların səsi qulaqlarımızda cingildəyirdi. Ninonun kədəri bazarın min bir rəngli 
qarmaqarışıqlığında itib getmişdi. İranlı aşpazlar, erməni səyyar satıcıları, kürd falçıları, osetin keşişləri, 
azərbaycanlılar, ruslar, ərəblər, inquşlar, hindlilər – Asiyanın bütün xalqları Tiflis bazarının dar 
yollarında görüşürdülər. Tacirlər bir çəmbər təşkil edərək dayanmışdılar. Bir Assuriyalı, bir yəhudi ilə 
mübahisə edirdi. Biz yalnız bu sözləri eşidə bildik: “Mənim  əcdadlarım sənin  əcdadlarını Babil 
əsarətinə aparanda...” 
Ətrafda duranlardan qəhqəhə qopdu. Nino da yəhudilərə, assuriyalılara, qarmaqarışıq bazara, Tiflisin 
daş küçələrinə tökdüyü göz yaşlarına gülürdü.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə